Bağırovu qəzəbləndirən
Xan Əmi güllələnməkdən
necə qurtuldu? – 10 MARAQLI FAKT
Azmarka.az "Həmişəyaşar"
layihəsində bu dəfə Azərbaycanın böyük
xanəndəsi, əfsanəvi sənətkar, "Xan
Əmi" kimi də məşhurlaşmış Xan
Şuşinski (20 avqust 1901, Şuşa, Yelizavetpol quberniyası
– 18 mart 1979, Bakı) barədə bir-birindən maraqlı
faktları təqdim edir.
1
Xan Şuşinskinin oğlu Aslan Cavanşirovun yazdığına görə, böyük xanəndəmiz gənc yaşlarından papiros çəksə də sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdir: "Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməmişdir. Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı varmış. Onun gözəl nərd oynamaq qabilyyəti olmuşdur. Nərd oynamağı sevər və çox nadir hallarda uduzarmış".
2
Xan Şuşinski ilk dəfə qadın ifaçı ilə birgə duet ifasının təşəbbüskarı, duet (deyişmə) mahnıların ilk müəllifi və ilk ifaçısı olmuşdur.
3
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq yaradıcılığından, milli muğamlarımızdan bəhrələnən bir nəğməkar olduğu üçün Xan Şuşinski daim təqiblərə məruz qalırdı. Belə ki, özünün bəstələdiyi və sevə-sevə oxuduğu “Şuşanın dağları” mahnısında "başı dumanlı" kəlməsində nəyə eyham etdiyi, "mavi duman", "qırmızı qofta", "yaşıl tuman" ifadələrindəki rənglərlə Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağınamı işarə elədiyi barədə sorğu-sual olunur, dəfələrlə inzibati orqanlara çağırılaraq izahat vermək məcburiyyətində qalır.
Nəticədə Xan Şuşinski xüsusi senzura komissiyasını həmin mahnı mətninin "Şuşanın dağları başı dumanlı" misrasını "Şuşanın dağları deyil dumanlı" dəyişdirməyə razı salır.
4
Xan
Əminin başını ağrıdan daha bir mahnı olub.
Yenə oğlu Aslan Cavanşirovun bildirdiyinə görə,
1920-ci illərin əvvəllərində çox məşhur
olan İzmir marşı (“Yaşa, yaşa, min yaşa, Mustafa
Kamal Paşa”) bir çox xanəndələr kimi Xanın da
repertuarında yer aldığından Xan Şuşinski tərəfindən
tez-tez oxunarmış. Lakin sonradan mahnı çox
sifarişli olduğundan sovet hökumətinin yerlərdəki
məmurları tərəfindən həmin mahnının
ifasına ciddi qadağa qoyulmuş və digər
ifaçılar kimi Xan Şuşinski də bu mahnıya
görə dəfələrlə xüsusi xidmət
orqanlarının tənqidinə məruz qalmışdı.
5
Öz
yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə
geniş yer ayırdığına görə 1937-ci ildə
hökumət nümayəndələrinin qəzəbinə
tuş gəlir. Kütləvi yerlərdə, el şənliklərində
və rəsmi tədbirlərdə oxumasına qadağa
qoyulur. 1938-ci ildə Moskva şəhərində keçirilən
Azərbaycan Ədəbiyyatı və İncəsənəti
ongünlüyünün iştirakçıları
siyahısından kənarlaşdırlır. Azərbaycan
SSR-nin o vaxtkı rəhbəri Mir Cəfər Bağırov
Xan Şuşinskinin tədbirlərə
qatılmamasının səbəbini soruşduqda, ona görkəmli
xanəndənin bundan imtina etdiyi söylənir. Bağırov
qəzəblənir və Xan Əminin cəzalandırılmasına
göstəriş verir. Lakin məsələ
araşdırıldıqda əsl həqiqət ortaya
çıxır və o cəzadan, bəlkə də
dövrün bir çox görkəmli ədəbiyyat və
mədəniyyətləri kimi güllələnmədən
qurtulur. Bundan başqa, Bağırov tapşırır ki, həmin
vaxt Ağdamda yaşayan Xan Əmi 24 saat ərzində Bakı
şəhərinə köçürülsün və
filarmoniyada işlə təmin olunsun.
6
1943-cü
ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup
musiqişünas-alim heyəti Bakıya gəlir. Məşhur
müğənni Bülbül həmin vaxt Xan
Şuşinskini dəvət edib, onlar üçün “Mahur
hindi” muğamını oxumağı xahiş edir.
Qonaqlar
Xanı ardıcıl olaraq bir neçə dəfə
oxutdurub, dinlədikdən sonra bu səsin gücünə
heyran qaldıqlarını gizlətmədən, icazə istəyib,
Xanın ağzına və boğazına diqqətlə
baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir.
Bülbül deyir: "Xan bunlar elə bilirlər, sən
boğazında nə isə səs gücləndirici bir vasitə
gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər
geniş diapazonlu, güclü səs ola bilər".
7
1934-cü
ilin payızında Bakıda görkəmli rus şairi
Lermontovun 120 illik yubileyi qeyd olunurmuş. Xan Şuşinski də
həmin yubileydə çıxış etmək
üçün dəvət edilir.
Tədbirə
Azərbaycanın o vaxtkı dövlət və hökumət
rəhbərləri ilə yanaşı Rusiyadan dəvət
olunmuş məşhur ədəbiyyat xadimləri də
qatılmışdılar.
Xan
çıxış üçün adəti üzrə
öz repertuarından bir şey ifa etməyə
hazırlaşarkən, tədbirin təşkilatçılarından
göstəriş gəlir ki, xanəndə muğam üstə
mütləq Lermontovun şeirlərindən oxumalıdır
ki, qonaqlar görsün ki, bizim muğam
ifaçılarımız da gökəmli rus şairinin
seirinin vurğunudurlar.
Çətin
vəziyyətlərdə çıxış yolu tapmağa
vərdiş etmiş təcrübəli xanəndə
Lermontovun şeirlərindən birini cəld kağız
parçasına köçürüb qavalın içərisinə
pərçimləyir və muğam üstündə birtəhər
ifa edib başa çatdırır.
Tədbirdən
sonra Mir Cəfər Bağırov musiqiçilərə
yaxınlaşıb, razılığını bildirərkən
Xan Əmiyə zarafatla deyir: "Həmişəki kimi
yaxşı oxudun, amma bu dəfə qavalın içinə
yaman boylanırdın"...
8
İndi
isə araşdırıcı Sevda İsmayıllının
həm də duzlu-məzəli sözləriylə diqqət
çəkən hazırcavab Xan Əmi ilə bağlı
topladığı əhvalatlardan bir neçəsini təqdim
edirik.
Bu əhvalatı
Xan Əmiyə həsr etdiyi kitabında musiqişünas
Firudin Şuşinski qələmə alıb. Olay 30-cu illərin
Şuşasında yaşanıb. Əmisi qızı
Fatmanın toyunda balaca Firudin ilk dəfə Xan
Şuşinskini görüb...
...O
vaxtlar Şuşada "Qəşəngi" havası
çox dəbdəymiş. Toylarda, özəlliklə də
Xanın qatıldığı toylarda qız-gəlinlər
bu havaya oynamaqdan doymazlarmış. Hə, Firudin bəy
xatırlayır ki: "əmim qızının Köçərli
məhəlləsində keçirilən toy məclisində
qonşumuz şirniçi Yunusun qızı Qəməri
oynatdılar...".
Qəmər
"Qəşəngi" oynamaqda birinci olduğu kimi, gözəllikdə
də Qarabağda birinci sayılarmış.
Firudin bəy
xatırlayır ki, elə 35 yaşlı Xan da son dərəcə
gözəl kişi idi...
"Qəşəngi"
havasına oynayanda, Qəmərin gözəlliyindən, onun
şirin-şirin süzməsindən ruhlanan Xan bədahətən
Qarabağ gözəlinə bu sözləri qoşub "Qəşəngi"
havasının üstündə oxuyur:
Saçın
ucun hörməzlər,
Səni mənə
verməzlər.
Əyil
üzündən öpüm,
Qaranlıqdır
görməzlər.
Ay Qəmərim,
Qəmərim,
Gözəl
Qəmərim, Qəmərim...
Xanın
gözəl səsindən və şirin sözlərindən
coşub-daşan Qəmər özünün bütün məharətini
göstərməyə çalışır.
Mağardakılar bu möhtəşəm mənzərəyə
heyranlıqla baxırlar.
Qarabağın
ən gözəl qızı ən gözəl səsli,
üstəlik, ən yaraşıqlı kişisi ilə sanki,
yarışa giribmiş...
Eyvah!
Gözəllər gözəli Qəmər bu
yarışmadan məğlub çıxır.
Qəşş
edib bayılır...
Bu hadisə
balaca Firudinin yaddaşına yazılır, 50 il sonra
yazdığı "Xan Şuşinski" kitabında da əbədiləşir.
Aradan
uzun-uzun illər ötür...
Bir dəfə
Bakıda olan Qəmər artıq adı dillərdə gəzən
həmin xanəndəyə – Xan Əmiyə telefon
açır və hal-əhvaldan sonra soruşur:
–
Yadındadırmı, cavanlıqda səni görüb,
oxumağını eşidib necə qəşş edib
yıxılmışdım?
Artıq
ixtiyar çağlarını yaşayan ustad sənətkar
bir az duruxub cavab verir:
– Ay
canım... onda sən qəşş edib
yıxılmışdın, indi də mən gözəl
qızları görəndə qəşş edib
yıxılıram...
9
Xan
Əmi Qarabağ xanlığının banisi Pənahəli
Xanın nəvəsi Məhəmməd bəy Cavanşirin nəticəsi
Aslan ağa Cavanşirin ailəsində ilk övlad olub.
Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin
bir qolu olan Behbud bəyin nəslindənmiş.
Aslan
ağanın Şuşada evi, Xan Bağı
yaxınlığındakı Ballıca kəndində
böyük mülkü, qoyun sürüləri, at
ilxısı, geniş otlaqları, un dəyirmanı və
meyvə bağları varmış. Açıqfikirli ailə
evlərində tez-tez musiqi məclisləri keçirərmiş.
Aslan ağa oğlunun gözəl səsi olduğunu
görüb onu məşhur xanəndə İslam Abdullayevə
şagirdliyə verir. Aslan ağa özü də tarda
çalıb, zümzümə etməyi xoşlarmış.
Gənc İsfəndiyar hətta Cümhuriyyət ordusuna da
yazılıb. Ordunun əsgəri olub. 1919-cu ildə Gəncədə
hərbi təlim keçib. Sonradan onu tanıyan hərbçi
məmur, öz sənəti ilə yenicə yaranmış
müstəqil respublikaya daha çox xeyir verə biləcəyini
söyləyərək İsfəndiyarı hərbi xidmətdən
azad edir...
Və...19
yaşlı gəncin həyatında birdən-birə hər
şey dəyişir. Bolşeviklər yenicə
yaradılmış cümhuriyyəti devirirlər. Ailə pərən-pərən
düşür. Dayıları-əmiləri İrana,
Türkiyəyə mühacirətə gedir. Bütün
var-dövlətini itirən Aslan ağa Ağdama köçməyə
məcbur qalır. Xanı səsi qoruyur. O qədər
güclü səsi olur ki, xanlara-bəylərə divan tutulan
vaxt o öz Xan adını saxlaya bilir. Amma Cavanşir
soyadından əl çəkməyə məcbur olur...
Hələ
təzə oxuduğu vaxtlarda İsfəndiyarın səsi
hamını heyran qoyurmuş. Bir dəfə Ağdamın
Novruzlu kəndində keçirilən bir toy mərasiminə
ustadı İslam Abdullayevlə İsfəndiyar da
qatılıbmış. Birdən İslam Abdullayevin diqqətini
toy evindəki qrammofon çəkir. Ev sahibindən soruşur
ki, hansı vallarınız var? Cavab gəlir ki, Cabbarın
"Mahur"u, Seyidin "Çahargah"ı, Malıbəyli
Həmidin "Rast"ı və bir də iranlı Xanın
- Əbülhəsən Xan İqbal Azər Soltanın
"Kürdü-Şahnaz"ı... Əbülhəsən
Xanı seçib dinləyirlər. Dinləmə sürəsində
İsfəndiyarın həyəcanı İslam Abdullayevin
gözündən qaçmır. Val çalınıb
qurtarandan sonra soruşur ki, İsfəndiyar, sən də belə
oxuya bilərsənmi?
İsfəndiyar
qayıdır ki, vala bir də qulaq assam, oxuyaram!
Hamını
maraq bürüyür. Valı bir də səsləndirirlər
və İsfəndiyar eynən Əbülhəsən xan kimi
"Kürdü-Şahnazı" oxuyur...
Məclisdəkilər
heyrətlənirlər:
–
Əşi, bu əsl Xandır ki?!
O vaxtdan gənc
İsfəndiyarın adı dönüb olur Xan
Şuşinski...
Xatırlatma:
Əbülhəsən Xan İqbal Azər Soltan İran
şahının saray xanəndəsi olub. Əllərini
döşünə qoyub ayaqüstü oxuyarmış.
Çox güclü səsi varmış. Deyilənə
görə, İran hökmdarı Əhməd Şah səsinə
o qədər vurulub ki, ona böyük mülk, torpaq sahələri
bəxş edir, Xan titulu verib. Təbriz valisi təyin edib.
Əbülhəsən Xan İqbal Azər Soltan 1914-cü ildə
Avropa qastroluna çıxarkən yolüstü Tiflisdə
konsert verib. Hətta "Molla Nəsrəddin"
jurnalının redaksiyasında olub, Mirzə Cəlillə
görüşüb.
10
Sovetlər
dönəmində Xan Əmi bir gün Filarmoniyaya gəlir,
görür hamını qəzetlərə abunə
yazırlar. "Pravda", "Komsomolskaya pravda", "Kommunist",
"Bakinski raboçiy", "Vışka"...
Seçim
qarşısında çaşıb qalan Xan Əmidən
soruşurlar:
– Səni
hansı qəzetə yazaq, Xan Əmi?
Xan
Əmi əyilib abunə yazan adama deyir:
–
Qardaş, məni də "İqbal"a yaz!!!
Xatırlatma:
"İqbal" qəzeti ("Yeni iqbal") - gündәlik ictimai, iqtisadi vә siyasi qәzet olub. 1915-1917-ci illәrdә Bakıda çıxıb. Qəzetin
redaktoru və sahibi Üzeyir bəy Hacıbəyli idi...
Hazırladı:
Elçin ŞAHMURAD
Paralel.- 2021.- 1 iyul.- S.15.