Qardaşı savaşda itkin düşdü, həyat yoldaşı özünü güllələdi, qızı isə...

 

10 HÜZNLÜ FAKT

 

Azmarka.az "Həmişəyaşar" layihəsində bu dəfə Azərbaycanın böyük sənətkarı Şövkət Ələkbərovanın (20 oktyabr 1922, Bakı – 7 fevral 1993, Bakı) misilsiz uğurlarla zəngin həyat yolundakı ağrı-acılara işıq tutur.

Şövkət xanım ölümündən (7 fevral 1993-cü il) bir qədər öncə verdiyi son müsahibədə həyatında bir çox narahatlıqlar yaşasa da, özünü çox xoşbəxt insan adlandırmışdı.

Bəs böyük sənətkarımızın nəzərdə tutduğu narahatlıqlar nələr idi?

Əslində söhbət hansısa narahatlıqlardan daha çox faciəvi hadisələrdən gedə bilər.

 

1

Şövkət Ələkbərova iki dəfə ailə qurub. İlk həyat yoldaşı həkim olub. O, II Dünya müharibəsində ön cəbhəyə gedibgeri qayıtmayıb. Bu evlilikdən Şövkət xanımın Natella adlı qızı qalıb.

Onu da deyək ki, Şövkət xanım ilk həyat yoldaşından o müharibəyə getməmişdən əvvəl boşanıb. Boşanmaya isə ərinin onu hədsiz qısqanmasının səbəb olduğu deyilir.

 

2

Şövkət xanımın qardaşı Mirələkbər də II Dünya müharibəsindən qayıtmayıb. O, itkin düşüb. Bu itkidən sarsılan böyük sənətkar sanki birdən-birə xeyli yaşlanıb, 20-21 yaşlarında olmasına baxmayaraq saçlarına düşməyə başlayıb.

Çox keçmədən Mirələkbərin həyat yoldaşı da dünyasını dəyişib.

Şövkət xanım qardaşının atasız-anasız qalan qızını bir müddət öz yanında saxlayıb.

 

3

Şövkət xanım ikinci dəfə tanınmış rejissorumuz, 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilən və beləcə kinomuzun ilk uşaq aktyoru ünvanını qazanan Lətif Səfərovla ailə qurub. Lakin sonradan Lətif Səfərov intihar edib.

Böyük sənətkarın bu evlilikdən Bəşir adlı oğlu dünyaya gəlib.

 

4

Şövkət xanımın tələbəsi, müğənni Aybəniz Haşımovanın dediyinə görə, Lətif Səfərov ağır xəstə imiş, vərəmdən əziyyət çəkirmiş: " Şövkət xanım danışırdı ki, o, oğlunu qorxa-qorxa, elə uzaqdan bağrına basırdı. Ehtiyat edirdi ki, birdən xəstəliyi keçər kiməsə.... Sevdiyi insana toxuna bilməmək bilirsiz nə deməkdi? Təsəvvür edin, uşaq xəstəliyə yoluxmasın deyə, özündən uzaqlaşdırıb – yollayıb Bərdəyə oxumağa. Şövkət xanıma deyirmiş ki, mən yediyim qablarda yemə sən..."

Aybəniz xanım deyib ki, vərəmdən əziyyət çəkməsi azmış kimi, sənət dostları da L.Səfərova xəyanət ediblər: "Öz əziyyəti ilə qurduğu Birlikdən uzaqlaşdırıblar onu. Onun adından Moskvaya məktub yazıblar. Ən yaxın rejissor dostları edib. Təsəvvür edin, ssenari yazılıb, hər şey hazırdı, son məqamda deyirlər ki, bu filmi başqası çəkəcək. Necə olar adam? Elə bil, min bir əziyyətlə ev tikmisən, hazırdı, gəlib deyirlər ki, sən bu evdə yaşamayacaqsan. Bir sənətkar üçün, özü də aşırı həssas insan üçün çox çətindi. Bu barədə məktub yazıb. İntihardan əvvəl. Səbəbini də yazıb. Bir dostların xəyanəti, bir də xəstəlik. Arxadan zərbəyə dözə bilməyib..."

 

5

İntihardan öncəki həmin məktubda L.Səfərov həyat yoldaşına – Şövkət xanıma xitabla isə atdığı bu addıma görə onu bağışlamasını istəyib.

 

6

Aybəniz xanım həyat yoldaşının intiharında Şövkət xanımın da günahının olduğu barədə bəzi ağzıgöyçəklərin söylədiklərinə isə belə reaksiya verib: " yalandır. Məktubu var..."

Bəs əslində hadisə necə olub?

A.Haşımovanın dediklərindən: "Lətif müəllim həmin gün sübhdən Şövkət xanıma deyib ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən... Yəni əvvəlcədən planlaşdırıb. Fikri özünə qəsd etmək imiş. Ona görə də Şövkət xanıma anası Hökümə xanımı çağırmağı xahiş edib, istəməyib evdə tək olsun. Şövkət xanım deyir, qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi..."

 

7

Şövkət xanımın ilk evliliyindən dünyaya gələn qızı Natellanın da həyatı faciəvi olub. O, gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu itki böyük sənətkara ağır təsir edib, onu bərk sarsıdıb.

 

8

Şövkət xanım qızının ölümündən sonra sənətlə vidalaşıb. O, bir daha mahnı oxumayıb.

Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarovanın dediklərindən: "Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı".

 

9

Şövkət xanım haqqında məqalələrin birində deyilir ki, o, qızı ilə bağlı kədərini yenicə doğulmuş qız nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyarmış. Bunu isə belə ifadə edirmiş: "Mənim ömrümə çox az qalıb. Qoyun, doyunca lay-lay deyim balama".

 

10

Şövkət xanım ömrünün son günlərində yanında ailə üzvlərindən başqa heç kimi istəməyib.

Gəlini Gülayə xanımın bu barədə söylədiklərindən: "Şövkət xanım çox ağır xəstə idiheç kimin onu elə görməsini istəmirdi. O, özünə qapanmışdı və eləcə də rəhmətə getdi"...

 

Elçin ŞAHMURAD,

 

Paralel.- 2021.- 15 iyul.- S.15.