Şirvanın şair oğlu
(Şair dostum Əli Vahid
Çaylının anadan olmasının 65 illiyi münasibətilə)
... Dost var, çətin anda axtarar səni,
Qovar yollarından dumanı, çəni.
Səpər tarlasına
buğdanı, dəni, -
Həyat zəmisində gəzməyə
hazır.
Ə.V.Çaylı
Ölkəmizin
Şirvan bölgəsi dünyaya çoxlu sayda
tanınmış şairlər bəxş edib. Onların
sırasında Fələki Şirvani, Əfzələddin
Xaqani, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə
Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd
Hadi və başqalarının adlarını çəkmək
olar. Ulu Şirvanın Azərbaycan xalqına bəxş etdiyi
bu dahilər bizim üçün həmişə əziz
olmuşdur. Müasir Azərbaycan poeziyasının
tanınmış simalarından biri də Ulu Şirvanın
Azərbaycanımıza bəxş etdiyi istedadlı şair,
qələm dostum Əli Vahid Çaylıdır. Bu il aprelin
1-də onun 65 yaşı tamam olur.
Əli
Vahid Çaylı 1 aprel 1956-cı il tarixdə Şirvan
mahalının Şamaxı rayonunun Çaylı kəndində
anadan olmuşdur. 1980-ci illərdən başlayaraq
respublikamızın müxtəlif mətbuat orqanlarında
lirik şeirləri ilə müntəzəm çap
olunmaqdadır. Onu 20 ildir ki, tanıyıram.
Şamaxının Çaylı kəndindən olduğu
üçün özünə "Çaylı" təxəllüsünü
götürmüşdür. 2008-ci ildə onun "Şirvan
sorağında" adlı şeirlər kitabı çap
edilmişdi. Onun ardınca isə isə "Söz qibləgahım",
"Müqəddəs hissin daşıyıcısı",
"Ürəyimin səsi", "Könül nəğmələri"
adlı kitabları ilə sevimli oxucularının, pərəstişkarlarını
görüşünə gəlmişdir. Əli Vahid
Çaylı zəngin söz ehtiyatına malik olan bir
şairdir. Onun poeziyası sanki qıjov axan dağ selidir.
Hansı mövzudan yazırsa, ürəklə, həvəslə
yazır.
... Arzular
içində seyrə çıxmışam,
Gecəli-gündüzlü
səfərdəyəm mən.
Gah
ulağ belində yük daşııyıram,
Gah
qızıl yəhərli kəhərdəyəm mən.
O, əsasən
cəmiyyəti narahat edən mövzulara üstünlük
verir. Xeyirxah bir insan olan Əli Vahid Çaylı həm də
yaşadığımız dünyanın şairi
olduğundan onun yüksək bədii zövqlü şeirləri
də əsasən müasir gəncliyə ünvanlanır.
Onun şeirləri gəncləri milli ruhda böyüməyə
səsləyir, müasir gəncliyi həyata, cəmiyyətə
diqqətlə, qayğı ilə yanaşmağa, mərhəmətli,
dəyanətli olmağa sövq edir:
Kişinin
qəlbində dəyanət olsa,
Tez qoyar
yerinə, nə hacət olsa.
Allahdan zərrəcə
mərhəmət olsa,
Gül də
çiçək açar daşın içində.
Əli
Vahid Çaylı yaşadığı şair
ömrünün acılı-şirinli poetik ovqatına, onun
yaşam tərzinə bir güzgü tutur. Onun həyat fəlsəfəsinin
süzgəcindən keçən poeziyasında həyat
üçün götürülməli olan ideyalar, fikirlər
çoxdur. Şeirlərindən də görünür ki, kəşməkəşli
uzun bir yolda dağ seli kimi axan odlu ilhamı ona daim yoldaş,
qardaş və dost olmuşdur. Şair taleyinin, dəyərli
bir insan həyatının dolanbac yollarının kövrək
və unudulmaz duyğu ləçəkləri olan bu şeirlər
adamı düşündürür.
Cahanda
hamının vardır mərəzi,
Bədbəxt
o kəsdir ki, çoxdur qərəzi.
Haqq ilə
qurulur mizan-tərəzi, -
Halallar
haramdan seçilər bir gün.
65
yaşın kürəyini yerə vuran Əli Vahid
Çaylı 45 ildir ki, yazır, yaradır. Poeziyanın
müqəddəs yolunda qələm sınayan şairin
özünəməxsus deyim tərzi, orijinal ifadə
üsulu, bənzərsiz qafiyə və təşbehləri
vardır. Şeirlərindən görünür ki, şairin
həyatını, taleyini,
yaradıcılığını, duyğularını,
şəxsiyyətini Vətənsiz təsəvvür etmək
qeyri-mümkündür:
Şamaxı
şəhəri - köksümün başı,
Qədimdən
qədimdir Şirvanın yaşı.
Səhhətin
gözləri, Hadinin qaşı,
Dahi
ustadların içində yatır.
Və
yaxud:
Mənə
səcdəgahdır Vətən bucağı,
Ata nəvazişi,
ana qucağı.
Dostlar,
onu bilin, yanan ocağı
Yaş ha
çalışsa da, quru yandırır.
Dərindən
düşünsək, bu qənaətə gələrik ki, hər
bir insanın müqəddəs Vətən, Ana
qarşısında bir mənəvi borcu olmalıdır. Bu
borc Vətənə layiqli övlad olmaqdan, valideynlərə
hörmətdən, həqiqətə sədaqətdən
ibarətdir. Əli Vahid Çaylının
yaşadığı kəşməkəşli tale, yurd, Vətən
həsrətindən dolayı dərdli bir şair taleyidir. Vətən
mövzusu onun poeziyasının qırmızı xəttidir.
Onun dərd yükündən yoğurulan kədərli
misraları bəzən insanı göz yaşlarına qərq
edir. Şairin dərdli könül
pıçıltıları Vətən həsrətli
el-obanı qisasa haraylayır, intiqam savaşına səsləyir.
Onun Vətənə aid olan şeirlərinin əksəriyyətində
"Vətən" məfhumu məhz Azərbaycan kimi mənalandırılır:
Arzu dolu
ürəyimdir,
Axar
qanımdır - Vətənim.
Dilimdən
heç vaxt düşməyən, -
Şirin
canımdır - Vətənim.
Əli
Vahid Çaylı hər bir şeirində sözün qədrini
bilir, onu necə işlətməyi bacarır, fikri
özünəməxsus şəkildə, obrazlı deməyə
çalışır və buna nail olur. O, ruhunu sözə
kökləyərək, zamanın diqtəsindən, taleyin qəzəbli
olaylarından pəhsinməyib, inam duyğusu ilə söz
silahını işə salır. Bu mənada şair müxtəlif
fəndlərlə oxucunu müəyyən ovqata kökləməyi
bacarır. Onun şeirləri oxucunu düşündürən,
heyrətləndirən, ürəyini riqqətə gətirən
dərin məna elementləri ilə zəngindir.
Zəmanə
korlanıb, dadı dəyişib, -
Dostumu
yaxından seçə bilmirəm.
Könlümə
süzülüb axan sulardan
Etibar eyləyib
içə bilmirəm.
Müəllifin
sözün ruhundan doğan, dünyamıza, ona münasibətə
həsr olunan onlarla şeiri bu qəbildəndir. Ümumiyyətlə,
özünün dediyi kimi, bəzən həyatda "kükrəyib-daşan",
hərdən də "təntiyib-çaşan"
şairin istənilən şeirinin misralarında məna dərinliyi
çox aydın və qabarıq verilir:
Kükrəyən
çaylar tək bəzən daşıram,
Hərdən
təntiyirəm, hərdən çaşıram.
Düzlər
dolanıram, dağlar aşıram,
Bilmirəm
kənddə, ya şəhərdəyəm mən...
Düşünmək,
anlamaq dərdi bəşər övladının taleyinə
yazılan bir dərddir. Bəzən bu ucsuz-bucaqsız
dünyanın özü də nədənsə insana dar gəlir.
Amma burası da var ki, İnsan da düşündükcə,
anladıqca İNSAN olur. Əli Vahid Çaylı şeirləri
adama dar gələn bu dünyada İnsanı
düşündürür, ona anlamaq dərdini anladır.
İstedadlı qələm sahibi olan şairin dərd,
ağrı, düşüncə, qəzəb dolu poeziyası
özünəməxsusluğu ilə seçilir, diqqəti
cəlb edir, məhz sadə, adi deyimliyi ilə yadda qalır.
Şairin ürək ağrısı ilə
yazdığı İnsan mövzulu şeirlərində
xoşbəxtliyin, səadətin ünvanı var. Şair
Oxucu-İnsanı şeir dili ilə dərin düşüncəyə
daldırır, şeytana uyub yolunu azmaqdan çəkindirir:
Başın
bəla çəkər yolundan azsan, -
Şeytana
qoşulub quyular qazsan.
El-oba
içində baş olammazsan,
Əgər
damarında təmiz qan yoxsa.
Adətən
şairlər dünya mövzusunda daha çox
yazıb-yaradırlar. Dünya mövzusu həmişə
şairləri düşündürüb. Əksər
şairlər dünya haqqında, onun vəfasızlığı,
haqsızlığı, "beşgünlüyü" və
s. haqqında çoxlu şeirlər yazıb. Əli Vahid
Çaylı da bu mövzuda çoxlu sayda
düşündürücü şeirlər
yazmışdır. Onlardan birində deiyilir:
Kiminin
bağında bəhərdir, bardır,
Kiminə
genişdir, kiminə dardır.
Kiminə
əbədi şaxtadır, qardır,
Kiminə
bahardır, yaydır bu dünya.
Kimi
ömrü boyu yasa bələndi,
Kiminin
başına güllər ələndi.
Kim
zindanda öldü, kim güllələndi, -
Kiminə
şadlıqdır, toydur bu dünya.
Bir məsələni
də vurğulamaq istərdim. Bəllidir ki, sirli melodiyaya malik
olan Azərbaycan muğamlarının hər biri
özlüyündə sehrli bir aləmdir. Azərbaycan
muğamları keçmiş dövrlərdən bəri
Şərqin klassik musiqi yaradıcılıq nümunəsi
hesab edilir. Qədim dövrlərdən zaman-zaman
süzülüb gələn muğamlarımızın əks-sədası
indinin özündə də dünyanın bütün musiqi
bilicilərini heyrətləndirməkdədir. Muğam sirlərlə
dolu olan bu həyatı dərk etməkdə sanki bizim ən
yaxın yardımçımızdır. Muğamı poeziya
ilə bağlayan qatlar çoxdur. Onun inkişafında klassik
poeziyanın, divan ədəbiyyatının, müxtəlif
motivli qəzəl və qoşmaların rolu
danılmazdır. Ədəbiyyata nəzər saldıqda
görürük ki, orta əsrlərdən başlayaraq
muğam mövzusu həmişə şairlərin diqqət mərkəzində
olmuşdur. Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələri bu mövzuda
biri-birindən gözəl əsərlər
yaratmışlar. Dəfələrlə şahidi olmuşam
ki, Əli Vahid Çaylı da muğamı sevir, ona hörmətlə
yanaşır. Muğamata hədsiz marağı, sevgisi olan,
muğamın ecazkar qüdrətindən duyğulanan şair
Azərbaycan muğamına və bu muğamları ifa edən
xanəndələrə çoxlu sayda şeirlər həsr
etmişdir. Onları oxuduqda hiss olunur ki, bu şeirlər
muğamın möcüzələrindən təsirlənərək
qələmə alınmışdır. Muğamı qəlbən
sevən şair: "Muğamı sevdirək bütün aləmə"
- deyir.
Hər
bir Azərbaycan türkünün ağır dərd
yükü olan Qarabağ problemi Əli Vahid Çaylı
poeziyasında daha qabarıq görünür. Murdar
yağıların ayaqları altında tapdalanıb inləyən
Qarabağın bu gün düşmən əsarətində
olması vətənpərvər şairi ağrıdır,
sarsıdır, sıxır. Şeirlərindən də
görürük ki, müəllif canında qövr eyləyən
Qarabağ dərdini yaşadır:
Qarabağım,
Qarabağım,
Sərv
ağacım, tər yarpağım,
Cənnət
yurdum, gül torpağım...
Keçmişə,
tarixə baxsaq, görərik ki, bütün zamanlarda söz
adamlarını düşündürən ən
böyük mövzulardan biri də məhəbbət
mövzusu olmuşdur. Əli Vahid də bu bəşəri
hissi kövrək ürəyinin lirik duyğusuna qulaq asaraq qələmə
alır. Onun yeni nəslə, gəncliyə
ünvanladığı yüksək bədii zövqə
malik olan lirik şeirləri gəncləri
düşündürür və onları milli ruhda
böyüməyə səsləyir. Şairin ülvi məhəbbəti,
sevgini vəsf etdiyi şeirləri sanki bir inci kimi sapa
düzülərək, onun ruhunda ilham çeşməsi kimi
qaynayır və öz nağılvarı axını ilə
oxucuları ovsunlayır. Böyük həyat
görmüş təcrübəli şair məhəbbətlə
zarafat edənlərdən üzülür, narahat olur:
Dostum, məhəbbətlə
zarafat etmə,
Düşdüyü
torpağı, yeri yandırar.
Eşq də,
məhəbbət də bir cüt mələkdir, -
Birisi
söndürər, biri yandırar.
Şair
şeirlərində məhəbbət oduna yanan, sevən
ürək sahibini təmiz sevgiyə, qaynar həyata səsləyir:
Təmiz
sevgi, qaynar həyat,
Ömür
dünya, memar həyat.
Əli
Vahid deyər heyhat
Duyan insan
qanan ola.
Bəli,
65 yaş arxada qalır. Ömrün ötən
çağında şairin həyatının uzun illərinin,
gərgin əməyinin nəticəsi kimi araya-ərsəyə
gətirdiyi kitabları çağdaş poeziyamıza, ədəbiyyatımıza,
bütövlükdə mədəniyyətimizə xidmətinin
nəticəsidir. Ümidvaram ki, Əli Vahid Çaylı
bundan sonra da öz gözəl şeirləri ilə
oxucuların ruhunu oxşayacaq, onları sevindirəcəkdir.
Əlivahidəm,
sərt qışım var,
Dağ
üstə nağıl daşım var.
Nə az,
nə çox - yüz yaşım var,
Sən
ağlama, ağlama, yar...
Poetik
istedadına, ilhamlı təfəkkürünə,
obrazlı təxəyyülünə, yaradıcı qələminə
böyük hörmət bəslədiyim şair dostumu 65
yaşının tamam olması münasibətilə ürəkdən
təbrik edir, ona həyatda möhkəm
cansağlığı, yeni-yeni yaradıcılıq
uğurları arzulayıram. Səni 100 yaşa, şair!
Nazim Tapdıqoğlu (Vəlişov)
tədqiqatçı,
tarixçi, şair, publisist,
"Qızıl
Qələm" mükafatı laureatı
Paralel.- 2021.- 21 oktyabr.- S.15.