Vətənpərvər gəncliyin

yetişməsində ailə institutunun rolu

 

44 günlük Vətən müharibəsi Azərbaycanın ailə institutunun formalaşdırdığı gəncliyin şah əsəridir

 

Yeniləşən dünyada gedən qloballaşma prosesi, ciddi ekoloji problemlər, elm və texnologiyanın sürətli inkişafı Azərbaycanın sosial-iqtisadi həyatına istər-istəməz öz təsirini müxtəlif formada göstərir. Sürətlə gedən bütün bu dəyişikliklər ölkədə böyüəyən gənc nəslin tərbiyəsinə fərqli nöqteyi-nəzərdən yanaşmanı tələb edir. Cəmiyyətdə fiziki, psixi, mənəvi cəhətdən sağlam və yaradıcı təfəkkürə malik Azərbaycan vətəndaşının formalaşmasına nail olmaq üçün bu gün təlim, tərbiyə və təhsil sistemində əsaslı yeniliklərə xüsusi önəm verilməsi zamanın tələbinə çevrilib.

Quruluşundan və formasiyasından asılı olmayaraq istənilən dövlət öz gələcəyini təmin etmək üçün savadlı, geniş dünyagörüşünə malik, vətənpərvər ruhlu gəncliyin yetişməsinə çalışır. Lakin milli dövlətlərin arzuladıqları gəncliyə əlavə etdiyi dəyər isə milli-mənəvi dəyərlərə sadiqliyidir. Azərbaycanın milli-mənəvi dəyərləri isə əsasən dünyanın humanizm dəyərləri ilə demək olar ki, üst-üstə düşür. Azərbaycanın milli mənəvi dəyərlərinin özəyini valideyinə, müəlimlərə (ustada), vətənə, dövlətə hörmət və sədaqət təşkil edir. Gənclərimizin bu ruhda tərbiyəsi Azərbaycanda məhz, ailədən başlayır, ailə Azərbaycan cəmiyyəti üçün ibtidai insanlıq, vətəndaşlıq məktəbidir. Cəmiyyət üçün yetişdirilən gənc ilk tərbiyəni ailədə alır və o, burada milli dəyərlərlə yüklənməyə başlayır. Əslində, milli mənsubiyyət genetik xüsusiyyət deyil, milli xüsusiyyətlər insandan insana genlə ötürülmür. Yəni, yeni doğulan körpə heç bir millətə mənsub deyil, o, hansı mühitdə, hansı millətin əhatəsində böyüyürsə, həmin millətə aid fərdə çevrilir. Bu baxımdan hər bir Azərbaycan ailəsini azərbaycanlı yetişdirən tərbiyə ocağı adlandırmaq olar. Azərbaycanda vətəndaş yetişdirən ibtidai məktəb – ailə institutu dünyanın ən mükəmməl təbii institutlarından biri, bəlkə də birincisidir. Məhz buna görə də, Azərbaycana qarşı olan qüvvələr həmişə ailə institutunu hədəfə alır. Məsələn, Azərbaycanda bir vaxtlar əlçatmaz dəyər kimi təqdim edilən "Avropa mədəniyyəti"ni və Avropanın bir çox hərəkatlarını ölkəmizdə çiçəkləndirmək istəyənlərin birinci hədəfi də ailə institutları oldu. Son zamanlar Azərbaycanda geniş təbliğ edilən "Feminist" qadın hərəkatının da başlıca hədəfi Azərbaycandakı ailə institutunun darmadağın edilməsidir. Hər bir millətin və dövlətin, hətta regionun milli-psixoloji mentaliteti və ondan doğan xüsusiyyətləri var. Həmin millət və ya region öz milli-psixoloji xüsusiyytləri çərçivəsində inkişaf etməlidir. Yəni, Azərbaycan gəncinin inkişaf etməsi üçün o, mütləq "Feminist" hərəkatına qoşulmağı hədəfləməlidir? Azərbaycan gənci bu hərəkatsız daha rəvan inkişaf yolu tuta bilər. Çünki bu hərəkat bizim milli mentalitetimizə uyğun gəlmir. Azərbaycanda ailənin ağsaqqalı mənəvi baxımdan, yaşından asılı olmayaraq ailə üzvlərinin hərəkətlərinə görə bu və ya digər şəkildə cavabdeh sayılır. Lakin Avropada və digər ölkələrdə belə deyil, ailə üzvlərinin yaşı 18-i keçibsə, həmin ailə üzvü öz hərəkətlərinə görə, yalnız özü məsuliyyət daşıyır. Bu isə azadlıqdan daha çox özbaşınalığa gətirib çıxarır ki, o da cəmiyyətin formalaşmasında öz fəsadlarını göstərir. Ailə institutu cəmiyyətin formalaşmasında məsuliyyəti artıraraq, ictimai qınaq sisteminin güclənməsinə və möhkəmlənməsinə şərait yaradır. Buna bənzər sistemlər müxtəlif xalqlarda, əsasən də türksoylu xalqlarda bəzi fərqlərlə mövcuddur.

Başlanmasının birinci il dönümünü bir neçə gün əvvəl qeyd etdiyimiz, bütün dünyanı heyrətə salan, hərbi ekspertlərin hələ də araşdırma obyekti olan 44 günlük Vətən müharibəsi Azərbaycanın ailə institutunun formalaşdırdığı gəncliyin şah əsəri sayıla bilər. Bu gün "Vətən sağ olsun!" deyə Azərbaycan bayrağını öpüb gözləri üstünə qoyan şəhid valideyinlərinin bu hərəkəti çağdaş Azərbaycan gəncliyinə yeni bir dərs oldu. Ailə başçıları, ata və ya ana «mənim oğlum niyə həlak oldu demir», deyir ki, «mənim oğlum Vətən uğrunda şəhid oldu, oğulları Vətəni qorumaq» üçün böyütmüşük, bəsləmişik! «Bəli, budur Azərbaycanın mükəmməl təməllər üzərində qurulan ailə institutunun müasir gəncliyə verdiyi mesaj.

Azərbaycanda formalaşan ailə institutu və onun yetişdirdiyi vətənpərvər gəncliyinin daha da inkişaf etdirilməsi üçün ən yaxşı vasitə onlara dövlət dəstəyidir. Bu gün gənclərə dövlət dəstəyi elə səviyyəyə çatdırılmalıdır ki, hər bir gənc dövləti öz arxası, dayağı saysın. Bu müasir gənclər üçün ən mükəmməl vətənpərvərlik təbliğatı olardı. Avropa ölkələrində ailə institutu olmasa da, gənclərə və bütün vətəndaşlara dövlət dəstəyi yüksək səviyyədədir. Məhz, avropalıların vətənpərvərlik hissinin əsas hərəkətverici qüvvəsi də, dövlətin vətəndaşlara yaxından dəstək göstərməsi, onun bütün həyatı vacib qayğılarını qarşılamasıdır. Başqa sözlə desək, avropalıların vətənpərvərlik hisslərinin əsasında yalnız dövlətin onlara göstərdiyi qayğı dayanır. Azərbaycanda isə bu hiss daha çox mənəvi dayaqlara söykənir, buraya maddi dəstək də əlavə edilsə, güc birə-beş arta bilər.

Bu gün bütün dünyanın hərbi ekspertləri İkinci Qarabağ savaşının hərb tarixində etdiyi çevrilişin səbəblərini və hərəkətverici qüvvələrini araşdırarkən ailə institutu və onun yetişdirdiyi cəsur gənclik diqqət mərkəzindədir. Dostlarımız araşdırarkən fəxr edir, düşmənlərimiz isə vahiməyə düşərək, Azərbaycan gənciyinin vətənpərvərlik ruhunu sındırmaq üçün yollar axtarır. Atalar yaxşı deyib, "axtaran tapar". Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdikləri sücaətdən vahiməyə düşən düşmənlərimiz gənclərimizin döyüş əzmini sındırmaq üçün ölkədə narkomaniyanın genişlənməsinə hər cür rəvac verirlər. Bu gün ölkədə əsasən gənclər və yeniyetmələr arasında yayılan narkomaniyanın genişlənməsinin əsas səbəbi də, məhz budur. Azərbaycan gəncliyinin bəlasına çevrilən narkomaniyanı durdurmaq üçün xüsusi hibrid institutlar yaradılmalıdır. Həmin institutlarda vətəndaş cəmiyyəti ilə dövlət orqanları birgə kompleks layihələr həyata keçirməli, narkomaniyaya qarşı mübarizənin metodları üzərində işləməlidirlər. Müasir mərhələdə funksionlaşan cəmiyyətlə birtərəfli qaydada işləmək olduqca çətindir. Ona görə də, bunun üçün xüsusi proqramlar hazırlanmalı, bu istiqamətdə çalışan qurumlar koordinasiyalı şəkldə fəaliyyət göstərməlidir. Yalnız bu halda məkirli düşmənlərimizin çirkin planlarının qarşısını ala bilərik.

 

Akif Nəsirli

 

Yazı  Azərbaycan

Respublikasının Medianın

İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

Paralel.- 2021.- 30 sentyabr.- S.10.