Vətən sevdalısının xatirə abidəsi

Vətən müharibəsində  haqq savaşımızda son nəfəsinə qədər döyüşüb  şəhidlik zirvəsinə ucalan igidlərdən biri  Tural Rövşən oğlu Hümmətovdur. O,  20 may 1998-ci ildə Lənkəran rayonu, Tat-ova kəndində  dünyaya göz açmışdı. Xalqımızın qəhrəmanlıq tarixində öz yeri olan Tural müharibədən əvvəl Lənkəran şəhər Mədəniyyət Mərkəzində çalışırdı. Burada  ona  xatirə abidəsi qoyuldu.  Mərasimdə bir dəqiqəlik sükutla şəhidin əziz xatirəsi yad olundu. Sonra  çıxış edən  Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov dedi:-Vətən yolunda şəhid olan Turalın adı heç vaxt dillərdən düşməz.  Kompüter sahəsində bilgi hazırlığı nəzərə alınaraq 2018-ci ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar Kompüter mərkəzində inzibatçı vəzifəsinə işə qəbul edilmişdi. İşinə məsuliyyətlə yanaşır, bu sahədə biliyini  uşaq gənclərə həvəslə öyrədirdi. Qəhrəman Vətən oğlu hərbi xidmət zamanı artilleriya bölməsində qulluq etmişdi. 2020-ci il sentyabrın əvvəllərində qısamüddətli xüsusi təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yola düşür.

Tural topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib.  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin bir çox kəndlərin işğaldan azad etməsində   rəşadət göstərib.   Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları yaxın dostları Turalın keçdiyi  şərəfli döyüş yolundan, göstərdiyi igidlik şücaətdən, onunla bağlı  keçmiş xatirələrdən söz açdılar.   Tədbirin bədii hissəsində məktəblilərin  ifasında vətənpərvərlik haqqında şerlər səsləndi.  Axırda  şəhidin büstü önünə  gül çələngi qoyuldu xatirə şəkilləri çəkildi.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Paralel.-2022.-10 fevral.-S.8.