Sonuncu dayanacaq
Hekayə
Əjdər çoxdandır ki, gecə növbəsinə
qalmırdı. Bu sabah iş yoldaşı
Kamranı əvəz
edib növbəni təhvil vermək istəyirdi. Axı onlar çoxdanın sadiq və səmimi
dostları idilər. Həm də taksi sürücüsü
kimi Kamran dostu Əjdərə daha çox güvənib inanırdı.
Günorta saat üçə yaxınlaşırdı ki,
şəhərin mərkəzi
küçələrindən birinə taksi sifariş edildi. Əjdər maşını
işə salıb şəhərin o başından
bu başına gedəcəyini bir anlıq düşündü.
Hava da bir
az çiskinli idi. Yağış ara-sıra yağırdı.
Əjdər düşüncələrdən
bir anlıq ayrılıb, nəzər-diqqətini
yola yönəltdi.Yollarda
sıxlıq olmadığı
üçün maşınlar
bir-birinin ardınca səliqə ilə şütüyürdü. Əjdər
göstərilən ünvana
çatıb, taksini deyilən binanın qarşısında, göstərilən
ünvünü lap yaxın yerdə saxladı. Artıq 20 dəqiqə idi ki, binanın önündə gözləyirdi.
Birdən ağlına
gəldi ki, düşüb ünvanda
göstərilən mənzilə
getsin. Şəhərin
qədim tikiliyə məxsus bir binada yerləşən mənzilin qapısının
zəngini vurdu. Araya bir xeyli
sakitlik çökməsinə
baxmayaraq, nəhayət,
qapını qoca – yaşı 75-80-nə yaxın
olan bir qadın açdı:
- Gəl
oğlum, gəl, xoş gəlmisən. Səni mən xahiş etdim, sifarişlə bura gəlib məni dediyim ünvana aparasan. Nə yaxşı ki, gəldin.
Əjdər qadının səmimiyyətindən
bir qədər duruxdu. Evə keçməyə ehtiyat edib, qadından izn istədi:
- Xanım,
taksi artıq 20 dəqiqədir ki, sizi gözləyir. Biz hər zaman
müştərilərə kömək və xidmət etməyə hazırıq. Buyurun, nə kömək lazımdır?
Əjdər bu sözləri deyib, evdəki ab-havaya nəzər saldı. Mənzilin görkəmi illərlə
qapısı açılmayan,
tənhalıq qoxusu gələn bir məkanı xatırladırdı.
Evin mebelləri və əşyaları isə ağ mələfələrlə örtülü
idi. İçəridə
ürək dağlayan
niskil və hicran duyulurdu. Birdən qoca qarının titrək səsi yenə sükutu pozdu:
- Oğlum,
bu çamadanı aşağı düşürməyə
mənə kömək
edə bilərsən?
Əjdər tərəddüd etmədən
dərhal dilləndi:
- Əlbəttə
xanım, borcumuzdur, - deyib cəld çamadanı götürüb
aşağı düşmək
istəyəndə qarı
onu səslədi:
- Dayan,
mənim balam, məni aşağı düşməkdə müşayiət
etsən, şad olaram. Çünki, tək oilləkənləri
düşməkdə çətinlik
çəkirəm.
- Yaxşı,
- deyə Əjdər
dilləndi və qarının qoluna girib pilləkənləri
aşağıya doğru
düşməkdə ona
ehmalca yardım etdi.
- Köhnə
monolit binada qırx ildən artıq ömür sürən Sitarə xanım uzun illərdir ki, Xoreoqrafiya məktəbində
müəllim kimi çalışırdı. Ömrünün
ən gözəl çağlarını sənətinə,
işinə, sevdiyi tələbələrinə vermişdi.
Çoxdan idi ki, təqaüdə çıxmışdı. Evdən
də çox vaxt az hallarda
bayıra – hava almağa çıxardı.
Artıq həyatdan usanıb yorulmuşdu. Yeganə övladı – Aygün də artıq anasına baş çəkməyə
gəlmirdi. Təbii ki, bəhanəsi də ailəsi, həyat yoldaşı və uşaqları idi. Sevib-seçdiyi həyat yoldaşı İlhamda qaynanasına baş çəkməyə
çoxdandır ki, gəlmirdi. Bir sözlə, hər ikisi qoca qarını
unudub, taleyin ümidinə buraxmışdılar.
Hər ikisi Layihə institutunda mühəndis kimi daha “vacib” işlərlə
məşğul idilər.
Ana öz doğmalarına yük olmasın deyə, özünü Qocalar evində daha rahat hiss
edəcəyini aylardır
ki, düşünüb-daşınırdı.
Nəhayət, bir gün bu fikirdə
olduğunu qızına
dedi:
- Qızım,
sizin heç bir günahınız yoxdur. Bu qərarı
mən özüm vermişəm. Artıq neçə vaxtdır ki, götür-qoy edirəm. Qərarım qətidir...
- Ana,
axı el-oba bizə nə deyər? Əminsən ki, bu doğru
seçimdir? Sən bizim fikrimizi soruşmadan qərar vermisən...
- Qızım,
bu seçim ən doğrusudur. Siz də rahat
olarsız, mən də...
Sitarə xanım, bu sözləri deyəndə, içindəki
hayqırtını kimsə
duymasın deyə, üzünü yana çevirdi ki, qəfil gilələnən
göz yaşlarını
kimsə görməsin.
***
Əjdər Sitarə xanıma taksinin arxa oturacağına əyləşməyə kömək
etdi. Qadın yerini nizamlayıb Əjdərə dedi:
- Oğlum, məni əvvəlcə sənə dediyim ünvanlardan kemirib, sonuncu dayanacağım yerə apararsan. Vaxtin varmı?
- Əlbəttə
var. Hara desəniz, apararam.
Qoca
qarı dərindən
ah çəkdi. Taksi
yollardan şütüyüb
keçirdi. Birdən
Sitarə xanım:
- Bax, görürsən
bu küçəni?
Onun qutaracağındakı
orta məktəbdə
1-ci sinfə getmişəm...
İlahi, necə də sevincli idim o anlarda!.. O hissi hələ
də duyuram... Oğlum, qarşıdakı
küçədən sola dönərsən, zəhmət
deyilsə...
- Bir xeyli
keçmiş Əjdər
sual dolu nəzərlərlə qarıya
tərəf baxdı.
Sitarə xanım taksi sürücüsünün
nə demək istədiyini dərhal duydu:
- Bax, bu
möhtəşəm binanı
görürsən? Burda
gəncliyimin ən gözəl anlarını
keçirib, ilk dəfə
sevib-sevilmişəm. Gələcək
həyat yoldaşımla
hər ikimiz eyni kursda oxuyub,
Xoreoqrafiya məktəbini
fərqlənmə ilə
bitirmişik. Onun da mənim qədər arzuları gözəl və həyat dolu idi. Artıq
on ildir ki, həyatdan köçüb...
Araya sükut çökür. Əjdər
qoca qarının danışdığı həyat
hekayəsindən təsirlənir,
sanki dili-ağzı quruyur, matı-qutu çəkilir. Birdən qarı dillənir:
- Mən elə bitiridiyim Xoreoqrafiya məktəbində
də uzun illər pedaqoji fəaliyyətdə olub, neçə-neçə uğurli
tələbələr yetişdirmişəm.
Onların hamısı
ilə qürur duyuram. Hamısı da mənim xətrimi əziz tutur, zəhmətimi dəyərləndirirlər...
Bu sözləri deyib, Sitarə xanım bir anlıq taksinin pəncərəsindən bayıra
baxdı:
- Hava da bu gün çiskindir...
Görünür, mənim
Qocalar evinə getməyimə o da kədərlənir...
Əjdər fikirlərdən qəfil ayılan kimi soruşdu:
- Bizim gedəcəyimiz
son ünvan Qocalar evidir... Xanım, bəlkə fikrinizi dəyişəsiz, ora getməyəsiz?
Qarı bir qədər
susqunluqdan sonra ah çəkərək dilləndi:
- Yox oğlum,
qərarım qətidir.
Geriyə yol yoxdur. Budur bax,
deyəsən çatmağımıza
da az qalıb.
Əjdər yolun nə
zaman başa çatdığını
hiss etmədi. Qoca qarının danışdığı
həyat hekayəsi onu təsirləndirmişdi:
- Buyurun xanım, çatdıq ünvana.
Sitarə xanım ağır addımlarla taksidən düşüb
Qocalar evinin qapısına yaxınlaşanda
çantasına əl
atıb soruşdu:
- Oğlum, sizə borcum nə qədərdir?
- Xanım, heç nə lazım deyil. Halal xoşunuz olsun.
Əjdər bu sözləri
deyib uzaqlaşarkən,
Qocalar evinin qəfil çırpılıb
örtülən qapılarına
diksinən kimi oldu.
Daha
bir ömür tarixçəsi bu bağlı qapılar arxasında sona yetdi.
Səadət Sultan
Paralel.-2022.-10
fevral.-S.11.