Ürəklərdə yeri olan Vətən sevdalısı 

 

Qardaşxan Elxan oğlu Əhmədli İkinci Qarabağ müharibəsində  haqq  savaşımızda qəhrəmanlıq göstərib ad qoymuşdur.  Lənkəran rayonunda dünyaya  göz açan, 24 yaşında canını Vətənə fəda  edən igid indi bütün Azərbaycanın qürur yeridir. Qardaşxan  Aprel döyüşlərin iştirakçı olur. Müharibə meydanında yağını əzməklə Vətənə sevgisini bildirir. Daha sonra İkinci Qarabağ müharibəsi başlanan gündən müqəddəs Vətən torpaqların azadlığı naminə odun-alovun içinə atılır. Köksündə əsl qəhrəman ürəyi döyünən Qardaşxan Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə yağıya qan qusdurur. Azərbaycanın üçrəngli aylı-ulduzlu qələbə bayrağı hər dəfə Vətən torpaqlarında dalğalananda ürəyi dağa dönür, qollarına yeni güc gəlir. Təəssüf  ki, Xocavənddə özünü yağı gülləsindən qoruya bilmir. Əbədiyyət adlı dünyasına qovuşandan sonra Bakıya gətirilir, Binə qəsəbəsində  yerləşən  Şəhidlər xiyabanında torpağa tapşırılır. Şəhidimizdən bir qız övladı bizə yadigar qalıb.

Xalq indi öz igid oğlunu ürəyində yaşadır. Dövlət tərəfindən isə müharibə zamanı şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülür.

Bu günlər Suraxanı ictimaiyyəti tərəfindən Vətən sevdalı qalib şəhidimiz Qardaşxan Əhmədlinin doğum günü qeyd edilibdir. Yaşasaydı, indi  şərəfli ömrünün 26-cı ilinə qədəm qoyacaqdı. Tədbirə gələnlər onun ruhuna ehtiram  əlaməti olaraq  məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Çıxışçılar Qardaşxanın Vətəninə, xalqına olan sevgisindən danışıb, eləcə də azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən bütün Vətən şəhidləri hər zaman mənən qəlbimizdə əbədi yaşayacağını  deyiblər .

Qardaşxan Elxan oğlunun doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon İcra Hakimiyyəti  başçısının müavinləri və şöbə müdirləri, Şəhid ailələri, doğmaları, rayon sakinləri iştirak edib.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Paralel.- 2022.- 17 mart.- S.8.