Heç vaxt unudulmayan qəhrəmanlıq
İkinci Qarabağ müharibəsində düşmənə qarşı döyüşlərdə hünər göstərib adını tarixə yazan Vətən oğullardan biri də Masallı rayonunun Tatyanoba kəndində boya-başa çatan şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifovdur. Orta məktəb illərində hərbi sənətinə maraq göstərən Rəşid Vətən qarşısında öz əsgəri borcunu ləyaqətlə yerinə yetirdikdən sonra özünü həmişəlik bu şərəfli peşəyə bağlamaq qərarı verir. MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrində davam edir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayanda Rəşid bir çox igid oğlanlara qoşulub ön cəbhəyə yollanır. Düşmənlə ölüm-dirim savaşına Füzulidə atılır. Neçə-neçə döyüşdən zəfərlə çıxır. Qələbəyə böyük ümid bəsləyir, tezliklə Vətən torpaqların azad olmasına inanir.
Rəşid Murovdağ istiqamətində gedən ağır müharibədə də mərdliklə vuruşur. Və hər dəfə əlinə silah alanda son nəfəsə qədər murdar niyyətli erməni dığalarına qarşı amansız olacağına and içir. Şəhid olduğu sonuncu döyüşdə düşmənin çoxlu sayda qüvvəsini məhv edir. Beləcə ömrünün ən gözəl cağında canını Vətənə qurban verməklə yaşının çərçivəsinə sığmayan qəhrəmanlığı dillərdə dastana dönür. 20 illik ömür yolu isə milyonların ürəyində özünə əbədi məkan qurur.
44 gündə Azərbaycanın yeni, şanlı tarixini yazan Milli Ordumuzun qəhrəman oğlu Rəşid Lətifov ölümündən sonra Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülür.
Qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Rəşid indi bütün masallıların iftixar, qürur yeridir. Onlar şəhidlik zirvəsinə ucalmaqla Vətən səmasının parlaq günəşinə çevrilən oğlunu bir an belə unutmurlar. Bu günlər yığışıb onun doğum gününü qeyd etdilər. Ziyarətçilər İgid Rəşidin ailəsinə baş çəkərək ev muzeyində oldular . Onun şərəfli ömür yoluna nəzər saldılar, şagirdlər Vətənə və Vətən naminə canından keçən şəhidlərə həsr olunmuş şerlər söylədilər. Daha sonra məzarı üzərinə gül dəstələri düzdülər.
Zəfər
Orucoğlu,
Azərbaycan
Jurnalistlər
Birliyinin üzvü
Paralel.- 2022.- 27 yanvar.- S.6.