Odla oynayan Xəlil Rza
Əvvəli ötən
sayımızda
Xəlil
Rzanı “tərbiyə” etmək üçün Mərkəzi
Komitə “Ədəbiyyat və incəsənət” qəzetinə
tapşırıq verdi ki, Xəlil
Rzanın “Ana dili” və digər “zərərli” hesab edilən
əsərlərinin əleyhinə tənqidi məqalə dərc
etsin. Qəzet bu tapşırığı bir
müddət süründürsə də,
Yazıçılar İttifaqının rəhbərliyi tənqidi
məqalənin dərcində israr etdi. Nəhayət,
1962-ci ilin iyunun 9-da tənqidçi İslam İbrahimovun Xəlil
Rzanın əleyhinə yazdığı “İdeya
saflığı uğrunda” adlı məqalə qəzetdə
çıxdı. Məqalədə
göstərilirdi ki, Xəlil Rza coşqun həyatımızı,
kommunizm quran xalqımızın böyük işlərini
şeirlərinin obyekti etmək əvəzinə yaxşı
öyrənib bilmədiyi mövzulara əl atır. Buna nümunə kimi İslam İbrahimov onun Cənubi
Azərbaycan mövzusundan yazmağını gətirir, “mənim
Araz boyda, Savalan boyda dərdim var, yaram var” misralarını
hay-küyçülük və mövzu möhtəkirliyi
adlandırırdı.
1962-ci ilin iyul ayının 11-də Mərkəzi Komitənin
Təbliğat və təşviqat şöbəsi
müdirinin müavini Səlvər Aslanov respublikada
ayrı-ayrı yazıçıların səhvləri
haqqında Azərbaycan KP MK-ya geniş bir arayış
hazırladı. O, qeyd edirdi ki, Xəlil Rzanın “Ana dili” şeirində
və Qlavlit tərəfindən nəşrinə icazə
verilməyən “Məftilə sarınmış yaralar”
poemasında ciddi ideya qüsurları var. Qlavlit onun ideya cəhətdən
qüsurlu olan bu əsərlərinin çap edilməsi əleyhinə
Mərkəzi Komitəyə xəbərdarlıq etsə də,
“Azərbaycan ədəbiyyatının irəliyə doğru
hərəkətinə sırf arxaik mövqedən”
yanaşan “Azərbaycan” jurnalı Xəlil Rzanın ideya cəhətdən
qüsurlu şeirlərini dərc edib. Görünür
jurnalın baş redaktoru Əbülhəsənə töhmət
verməsini yumşaq cəza olub.
Bu
arayışı əsas götürərək Azərbaycan
KP MK Bürosu iyulun 17-də “Respublikanın ayrı-ayrı
yazıçılarının səhvləri haqqında” məsələni
müzakirə edib 7 bənddən ibarət qərar qəbul
etdi. Qərarın ikinci bəndində yazılırdı:
“Bizim partiyanın siyasətinə və yüksək proletar
beynəlmiləlçiliyi prinsipinə zidd olan milli məhdudluq
və lovğalıq kimi yanlış mövqeyə
yuvarlanmış şair Xəlil Rzanın və tənqidçilər
Məsud Əlioğlunun, Qulu Xəlilovun davranışı
pislənilsin. Mətbuatda səhv
çıxışına görə Məsud Əlioğlu
“Azərbaycan” jurnalının redaksiya heyətinin tərkibindən
çıxarılsın.” Qərarın
üçüncü bəndində deyilirdi: “İdeyaca
qüsurlu və bədii cəhətdən zəif materiallar dərc
etdiklərinə görə “Azərbaycan” jurnalının
redaktoru Əbülhəsən Ələkbərzadəyə
və “Ədəbiyyat və incəsənət” qəzetinin
redaktoru Qasım Qasımzadəyə töhmət verilsin.”
Bu qərardan sonra Mərkəzi Komitənin 1962-ci ilin
avqust ayında keçirilən plenumunda Vəli Axundov
Yazıçılar İttifaqını Mərkəzi Komitənin
1961-ci ilin fevralında ədəbiyyat haqqında qəbul
etdiyi qərarı ləng yerinə yetirmək üstündə
tənqid etdi.
Buna misal olaraq o, Xəlil Rzanın “Ana dili” və
“Məftillə sarınmış yaralar” əsərlərinin
üzərində dayandı. Axundov dedi:
“Yazıçılar İttifaqının partiya təşkilatı
və xüsusilə mətbuat orqanları ədəbi gəncliyi
kommunizm işinə hədsiz sədaqət ruhunda, milli məhdudluğun
hər cür təzahürlərinə qarşı tərbiyə
etməli olan “Azərbaycan” jurnalının bu ilki
üçüncü nömrəsi xüsusilə
xarakterikdir. Həmin nömrədə Xəlil
Rzanın şeirləri ilə yanaşı Qulu Xəlilovun bir
məqaləsi dərc edilmişdir ki, həmin məqalənin
müəllifi də milli lovğalığa
qapılmışdır.”
Axundovdan
sonra çıxış edən Yazıçılar
İttifaqının birinci katibi Mehdi Hüseyn birinci katibin tənqidi
mülahizələrinə haqq qazandırdı, məruzədə
adı çəkilən İttifaq üzvlərinin,
xüsusilə Xəlil Rzanın düz yolda
olmadıqlarını dedi. O, qeyd etdi ki, “mən “Ana dili”
şeirinin hər sətrində düşünülməmiş,
sağlam mühakimədən keçirilməmiş, sovet məfkurəsi
ilə əlaqəsi olmayan kəmsavad fikirlərin necə qaba
ifadə olunduğunu sübut üçün vaxt və enerji
sərf etməyi lazım görmürəm. Bu şeir
yalnız müəllifin dünyagörüşündəki
naqisliyə, dar düşüncəliliyə və ən nəhayət
sovet poeziyasının bədii prinsiplərini yaxşı dərk
eləmədiyinə və adi sənətkarlıq tələblərini
unutduğuna bir misal ola bilər... Xəlil
Rza gəncdir, təcrübəsizdir, görünür bir az da şöhrətpərəstdir. Etiraf etməliyəm ki, gənclərin tərbiyəsinə
o qədər də ciddi fikir verməmişik.” Mehdi
Hüseyn plenuma məlumat verdi ki, Xəlil
Rzanın bu şeiri onun öz iştirakı ilə
Yazıçılar İttifaqının Rəyasət Heyətində
mühakimə olunmuş və bu şeirə öz səhifəsində
yer vermiş “Azərbaycan” jurnalı kəskin tənqid
edilmişdir.
Vəli Axundov plenumdakı yekun sözündə bir daha
bu məsələlərə döndü, Abbas Zamanovu tənbeh,
Xəlil Rza və Məsud Əlioğlunu tərbiyə etməyin
zəruriliyini bildirdi. O, bütün bunları burjua mədəniyyətinin
kommunist cəmiyyətinə təsiri ilə izah etməyə
çalışdı. Axundov məşhur bir
rus deyimini – “müqəddəs yer boş qalmır” deyimini
misal çəkib ideoloji cəbhədə təbliğat
işlərinin gücləndirilməsinin vacibliyini
vurğuladı. O, açıqca dedi ki, beynəlmiləlçilik,
xalqlar dostluğu Azərbaycan cəmiyyətinin böyük
nailiyyətidir, “əgər Abbas Zamanov və Xəlil Rza
bunlara əl qaldırırlarsa, deməli bizim
üçün, kommunistlər üçün, sovet
adamları üçün ən müqəddəs olan
şeylərə əl qaldırırlar. Ona
görə belə adamlar partiya orqanlarından aman gözləməməlidir”.
Azərbaycan KP MK plenumundan sonra Yazıçılar
İttifaqı ilk partiya təşkilatının
açıq partiya iclası keçirildi. İclasın
gündəliyində başlıca məsələ MK
plenumunda Yazıçılar İttifaqının
ünvanına deyilmiş sərt tənqidin müzakirəsi,
Xəlil Rza, Qulu Xəlilov və Məsud Əlioğlunun millətçi
hərəkətlərinin pislənməsindən ibarət
idi. Toplantıya Azərbaycan KP MK-nın Təbliğat
və Təşviqat şöbəsinin müdiri Səlvər
Aslanov, onun müavini Əziz Mirəhmədov və digərləri
də dəvət edilmişdilər. Toplantıda
izahat verən Xəlil Rza bildirdi ki, onun yazdığı bir
sıra “əsərlərdə bir sıra kamala yetməmiş
və tam bədii şəkil almamış motivlər
vardır.” Böyük mübahisələrə
səbəb olmuş “Ana dili” şeirinə gəldikdə isə
əlavə etdi ki, o, bu şeri Moskvada oxuyarkən yazıb və
bölmə rəhbəri Yaroslavski də onu bəyənib.
Müzakirələr başa çatdıqdan
sonra partiya toplantısı 8 bənddən ibarət qərar qəbul
etdi. Qərarda göstərilirdi: “Azərbaycan KP
MK-nın qərarlarında, Vəli Axundov yoldaşın V
plenumda etdiyi məruzədə haqlı olaraq qeyd edilir ki, Xəlil
Rzanın “Ana dili” və “Məftillə sarınmış
yaralar” şeirləri milli məhdudluq ruhunda
yazılmışdır”.
Ədəbiyyat və sənətdəki “əyintilər”
60-cı illərin əvvəllərində Sovet rəhbərliyini
də ciddi narahat etməyə başlamışdı. Manej
meydanında rəssamların sərgisinə baxarkən Nikita
Xruşşov bərk əsəbləşmişdi və bir
sıra rəssamların mücərrəd tablolarına
baxanda demişdi ki, bunları çəkmək
üçün rəssam olmağa ehtiyac yoxdur, belə
tabloları eşşəyin quyruğu ilə də çəkmək
olar. 1963-cü ilin martin 7-8-də o,
bütün Sovet yaradıcı elitasını öz
bağına yığıb “yolun azanları” hədələmişdi.
Nikita Xruşşov Ernest Neizvestni, İlya Erenburq, Robert
Rojdestvenski, Yevgeni Yevtuşenko, Vasili Aksyonov, Boris Jutovski, Andrey
Voznesenski, Viktor Nekrasov, Konstantin Paustovski, Valentin Katayev və
digər sovet yazıçı, şair və rəssamların
müşavirədə "kuzkina mat"
söyüşü ilə hədələdi. Respublika
KP MK-nın ideoloji məsələlər üzrə katibi
Xasay Vəzirov başda olmaqla Azərbaycan nümayəndə
heyəti də orada iştirak etmişdi. Xasay
müəllim tədbirdən qayıdandan sonra martın 21-də
respublika yaradıcı ziyalılarının geniş
müşavirəsini keçirdi. O, müşavirəsində
dedi: allaha şükür olsun ki, (o vaxt hələ Allah
sözü kiçik hərflə yazılırdı)
Xruşşov yoldaşın yuxarıda adını çəkdiyi
"pozucu" ünsürlərdən bizdə yoxdur. Amma son
vaxtlar zəif, ideyasız, “orta səviyyəli” əsərlərin
çoxalmasından, sənətkarların bir hissəsinin
bilik və istedad səviyyəsinin aşağı
olmasından şikayətlənərək dedi: “bir çox
şeir kitablarını oxuyub öz-özünə
düşünürsən ki, bəs hanı həyatımızın
təsviri, hanı kommunizm quran insanlarımız, onların
hissləri, həyəcanları, düşüncələri,
arzuları? Niyə müasir varlığın
təsviri bu qədər soyuq və sönükdür? Nə üçün şairlər əsrin
böyük hadisələrini qoyub, çox zaman xırda, əhəmiyyətsiz
mövzularla məşğul olurlar? Bəzi əsərlərdə
hiss olunan məyusluq, ah-zar, xəstə, sentimental ruh haradan gəlmişdir?
Öz fikrinin təsdiqi kimi o, dedi ki, “Xəlil Rza yoldaş “Dəli
dağ” adlı simvolik bir şeir yazıb, özünü “ildırımın
qızıl nizələrinə” sinə gərmiş bir
dağa bənzətmişdir ki, bu
açıqdan-açığa tərslikdir, yolunu
azmaqdır. Ən pisi budur ki, bu şeir Bakı mətbuatında
rədd edilmiş, lakin müəllif guya “qoçaqlıq” eyləyib,
onu gizlincə “Muğan pambıqçısı” qəzetində
buraxdırmışdır. Bu tamamilə
biabırçı bir faktdır.”
Müşavirədən sonra Mehdi Hüseynin Mərkəzi
Komitəyə yazdığı ikinci arayışda “Ədəbiyyat
və incəsənət” qəzetini sərt tənqid
etmişdi. Qəzet haqqında yazdığı arayışda
Mehdi Hüseyn göstərirdi ki, qəzet siyasi və mədəni
hadisələrin işıqlandırılmasında bir qayda
olaraq gecikmələrə və səhvlərə yol verir.
O, yazırdı: “Gənc şair Xəlil Rzanın şeirlərində
milli məhdudluğu və lovğalığı təsvir edən
kiçik bir yazıdan sonra redaksiya oktyabr ayında
çıxan bayram nömrəsində baş məqalə əvəzinə
həmin müəllifin zəif şeirlərini vermişdir”. Qəribədir 60-cı illərdə Xəlil Rza
haqqında yazılan arayışları ötən əsrin
80-ci illərinin sonunda onun haqqında yazıaln
arayışlarla müqayisə etdikdə onun ardıcıl
olaraq komminist rejimi tərəfindən təqib edildiyi
aydın olur. Bu baxımdan Respublika “Bilik” Cəmiyyəti
İdarə Heyəti sədrinin birinci müavini Qeysər Xəlilovun
1988-ci ilin avqust ayının 31-də birinci katib Əbdürrəhman
Vəzirova yazdığı məktub çox səciyyəvidir...
Cəmil Həsənli
Paralel.- 2023.- 27
aprel.- S.14.