Əti sənin, sümüyü mənim

 

Zorakı nizam-intizam uşaqlara qorxu aşılayır, onlara şəxsi təşəbbüslərindən istifadə etməyi öyrətmir

 

Bu gün çox zaman qadın zorakılığından danışılır, problemin həlli üçün mühüm addımların atılmasından bəhs edilir. Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqındaqanunun müzakirə olunması da qadınları bu problemdən uzaqlaşdırmağa yönəldilib. Amma qadınlar daha çox ailələrdə, məişətdə bu kimi zorakılığa məruz qalırlarsa, uşaqların   demək olar ki, hər addım başı zorakılığa məruz qalmaq ehtimalları var.

Qeyd edək ki, BMT Baş Məclisi uşaqlara qarşı zorakılığın rəsmi tədqiqatını aparmaq üçün 2001-ci ildə baş katibə müraciət edib. Tədqiqat dünyada uşaqlara qarşı zorakılıq problemini və bununla bağlı ideyaları nəzərdən keçirib və  uşaqların zorakılıqdan qorunmaq hüququna əsaslanıb. Bu hüquq bir çox dünya dövlətlərinin imzaladığı və yerinə yetirmək üçün öhdəlik götürdüyü beynəlxalq saziş olan BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasınn 19-cu maddəsində göstərilib. Evdə  əsasən bu zorakılıq növləri baş verir. Körpə uşaqlara qarşı zorakılıq- bu uzunmüddətli səhhət probleminə, hətta ölümə səbəb ola bilər. Məsələn, körpə uşağı silkələmək beyin zədələnməsinə yaxud ölümə səbəb ola bilər. Fiziki zorakılıq- uşaqlara qarşı bir çox fiziki zorakılıqlar ölümə, yaxud uzunmüddətli zədəyə də  səbəb ola bilir.  Bu adətən uşaqların davranışını düzəltmək  üçün istifadə edilir. Lakin uşaqlar bildirirlər ki, fiziki və alçaldıcı cəzalarsız da onlar kifayət qədər intizamlı olurlar. Yalnız 16 ölkənin qanunu evdə uşağa qarşı fiziki cəzanı qadağan edir. Təhqir, söyüş, hədələmə, uşağı rədd və ya inkar etmək bunlar da zorakılıq formalarıdır. Etinasızlıq-  bu o demədir ki, ailələr uşaqların təhlükəsiz və sağlam böyüməsi üçün lazım olan hər şeyi edə onları təhlükədən təmin edə bilmirlər. Qızlar və əlil uşaqlar etinasızlıq təhlükəsi ilə daim üzzədirlər. Cinsi zorakılıq-  uşaqlar çox vaxt ailədəki kişilər və oğlanlar tərəfindən cinsi əlaqəyə məcbur edilir, döyülür və ya narahatlıq doğuran toxunmalara məruz qalır. Qızlar və oğlanlar ailənin kişi üzvü tərəfindən evdə cinsi təhqirə məruz qalır. 15 yaşına çatmayan qızların 1-21 faizi cinsi təhqirə məruz qalır. Dünyada 82 milyon qız 18 yaşına çatmamış ailə qurub.

Zərərli adət ənənələr- uşaqlara qarşı zorakılığı özündə cəmləşdirən bir neçə ənənəvi adətlər mövcuddur. Məsələn  qadınların cinsi mutilasiyası (cinsi orqanların kəsilməsi)  dünyada 100-140 milyon qadın və qız cinsi mutilasiyaya məruz qalıblar. Bədəni bəzəmək üçün çapıq, damğa, yandırma kimi ağrılı vasitələr, zorakı ayinlərin tətbiqi: yetkin yaşa çatmamış oğlan və qızları zorakı vasitələrə məcbur etmək, yaxud onlara qarşı zorakı vasitələri tətbiq etmək, “şərəfli qətllər” - kişilərin qızları ailənin “şərəfi “ üçün öldürməsi də zorakılığın növlərindəndir. Evdəki zorakılığa şahidlik-  dünyada 133-275 milyon uşaq evdə zorakılığın şahidi olur. Adətən valideynlərin öz aralarında olduğu zorakılıq halları uşaqların həyatı boyu hissiyatına, inkişafına və digər insanlarla əlaqə qurmasına təsir edir.  Zorakılıq varlı, yaxud kasıb, hansı etnik qrupa mənsub olmasından və yaşından asılı olmayaraq hər bir uşağa qarşı baş verə bilər. Ümumiyyətlə, dünyada ən geniş yayılmş zorakılıq forması fiziki zorakılıqdır. Uşaqlar kimi körpə və südəmərlər də öz valideynləri, yaxud onların qayğısına qalan insanlar tərəfindən döyülə bilər.

Daha bir təəssüf doğuracaq məqam isə uşaqların təhsil ocaqlarında, məktəblərdə zorakılığa məruz qalmasıdır.  BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının 28-ci maddəsi bildirilir ki, “bütün uşaqlar təhsil hüququna malikdir və məktəblərdəki nizam-intizam uşaqların ləyaqətinə hörmət etməlidir. Təhlükəsiz olmayan məktəb təhsil üçün yaxşı yer deyil.” Uşaqların evdən sonra ən çox vaxt keçirdiyi yer məktəbdir. Uşaqların zoraklıqdan mühafizə olunmasında məktəb mühüm rol oyanıyr. Lakin bir çox ölkələrdə fiziki cəza məktəb həyatının bir hissəsinə çevrilir. Burada müəllimlər kobud ola uşaqları alçalda, fiziki təhqirə məruz qoyaə, hətta cinsi zorakılıqdan istifadə edə bilirlər. Müəllimlər uşaqları daha yaxşı işləməyə vadar etmək, yaxud uşaqlar üzərində hakimiyyətini göstərmək üçün onlara qarşı belə davranırlar. Zorakı nizam intizam uşaqlara qorxunu aşılayır, onlara şəxsi təşəbbüslərindən istifadə etməyi öyrətmir. Bu şagirdlərə münaqişlərin həllində zorakılığın ən yaxşı yol olduğunu aşılayır, onlara səbr və ədalət kimi dəyərləri öyrətmir.

Uşaqların zorakılıqdan mühafizəsinə yardım edən digər beynəlxalq konvernsiyaları diqqətinizə çatdırırıq: 1. Qadınlara Qarşı Ayrıseçkiliklərin Bütün formalarının Qaldırılması Konvensiyası-qadın və qızları ədalətsiz davranış və zorakılıqdan mühafizə edir. 2. İki xüsusi beynəlxalq qanunlar (Beynəlxaq Əmək Təşkilatı, 138  və 182-ci Konvensiyalar) 18 yaşına qədər olan uşaqların işləməsini (xüsusilə təhlükəli şəraitdə) qadağan edən qanunların hazırlanmasına yardım edir. 3.İnsan, xüsusilə Qadın və Uşaq Alverinin Qarşısını Almaq, Aradan Qaldırmaq və Cəzalandırmaq məqsədi ilə Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyası və onun Protokolu- azmaaşlı işlərdə istifadə edilmək, fahişəlik və nigaha məcbur edilmək üçün ailələrindən alınan uşaqları müdafiə edir. 4. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu- Uşaqlara qarşı zorakılıq törədən hər kəsin (hətta cinayəti öz ölkəsindən kənarda törətsə belə) cəzalandırılacağını təmin edir.

Göründüyü kimi, uşaqlara qarşı zorakılıq dünya səviyyəsində olan problem kimi qəbul edilir. Azərbaycanda da bununla bağlı vəziyyət qənaətbəxş deyil. Uşaq Hüquqları Klinikasının sədri Nazir Quliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda bu halı daha acınacaqlı edən bir məqam isə belə uşaqlara keyfiyyətli xidmətin göstərilməməsidir: “İnkişaf etmiş ölkələrdə əgər uşaq zorakılığa məruz qalırsa ona xidmət edən mərkəzlər vardır. 2009-cu ildə Avropa Şurası ona üzv olan ölkələri uşaqlara qarşı zorakılığa qadağan edilməsi ilə bağlı qanunların qəbul edilməsinə çağırdı. Bəzi üzv ölkələrdə belə xüsusi qanunlar qəbul edilib, amma Azərbaycanda uşaqlara qarşı zorakılığı qadağan edən belə bir qanun yoxdur. Ümumiyyətlə, bizim qanunvericilikdə bununla bağlı sərt maddələr və xüsusi qanun yoxdur.  İnsanlar zorakılıq dedikdə fiziki zorakılıq başa düşür, əslində  uşaqların psixi inkişafına təsir edən, onu aqressivliyə  məcbur edən bütün hərəkətlər zorakılıq sayılır.”

Qeyd edək ki,  zorakılığın çoxusu gizli, məlumat verilməyən zorakılıqdır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) 2002-ci ildə dünya üzrə təxminən 53 min uşağın qətlə yetirildiyini bildirib. Bir sıra ölkələrdə aparılan araşdırmalara görə məktəbyaşlı uşaqların 20-65%-i verbal və fiziki hədə qorxuya məruz qalıb. ÜST 2002-ci ildə yaşı 18-dən az olan 150 milyon qız və 73 milyon oğlan məcburi cinsi əlaqəyə və cinsi zorakılığın digər formalarına məruz qaldığını bildirib.Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən 2004-ci ildə 218 milyon uşaq işçi qüvvəsi kimi istifadə edilib, bunlardan 126 milyonunun gördüyü iş təhlükəli olub. BƏT 5,7 milyon uşağın işə məcbur edildiyini, bunlardan 1,8 milyonunun fahişəlik və pornoqrafiya ilə məşğul olduğunu, 1,2 milyon uşağın isə insan alverinin qurbanı olduğu bildirir. Həmsöhbətimiz də bildirdi ki, Azərbaycanda ilk dəfə bununla bağlı qaynar xəttin yaradılması isə uşaqlara öz problemləri barədə məlumat vermələri üçün imkan yaradıb:  “Çox zaman uşaq əgər zorakılığa məruz qalırsa hara müraciət edəcəklərini bilmirlər.  Azərbaycanda bununla bağlı ilk dəfə ötən ilin fevralında  qaynar xətt yaradıldı. Həmin qaynar xəttə uşaqlar daha çox valideynləri tərəfindən və yaşıdları tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məlumatlar verirlər. Qaynar xətdə isə anonimlik tam qorunur”.

Uşaqların bu sahədə maarifləndirilməsinin vacib olduğunu deyən N. Quliyev televiziyalarda sosial reklamların olmasını, eləcə də orta məktəblərdə psixoloqların fəaliyyətində ciddi dönüşün olmasının problemin həllində rolu olacağını deyir: “Araşdırmalar, sorğular sübut edir ki, şagirdlər heç məktəb psixoloqları ilə ümumilikdə psixoloqlarla ünsiyyətdə olmurlar. Məktəb psixoloqları uşaqlarla fərdi və birgə iş aparmaqla onların problemləri ilə tanış olaraq  onlara kömək etmiş olarlar. Amma təəsssüf ki bu gün bu belə deyil.”

N.Quliyev həmçinin hesab edir ki, qanunvericilik bu sahədə yenidən təkmilləşməlidir: “Ailə Məcəlləsində valideynlik hüququndan məhrum edilməklə bağlı normaya  görə övladına  amansız davrandıqda valideynlik hüququndan məhrum edilə bilər. Bunun üçün gərək ona ağır zərbələr vursun, şikəst etmiş olsun.   Lakin unutmaq olmaz ki, ən cüzi psixoloji gərginliyin  özü də uşaq üçün zorakılıq hesab olunur. Hesab edirəm ki, qanunvericiliyin yeni təklif və tövsiyələr əsasında təkmilləşməsinə ehtiyac var.   Ən pisi isə biz də zorakılığa məruz qalan uşaqlara xidmət göstərən  yer yoxdur. Uşaq ailələrdə valideynlər tərəfindən zorakılığa məruz qalır, hüquq mühafizə orqanlarının əməkdaşları gələrək faktı təsdiqləyir, lakin  reabilitasiya mərkəzi olmadığı üçün həmin uşaq  ailədə yenidən qalmalı olur.”

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə çox zaman uşaqlara qarşı zorakılığın onların intiharı ilə nəticələndiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda son dövrlərdə uşaqların intiharlarının sayının artması  daha çox uşaqlara qarşı zorakılığın kütləvi hala çevrilməsi ilə bağlıdır: “Uşaqlara qarşı zorakılıq Azərbaycan cəmiyyətinin bütün təbəqələrində özünü açıq şəkildə büruzə verir. Uşaqlar ailə, məktəb və dövlət tərəfindən zorakılığa məruz qalırlar. İnternat məktəblərində müəllimlərin vaxtaşırıaşırı zorakılığı nəticəsində uşaqların özünə qəsd etməsi adi hal alıb. Elə ailədə valideynlərin, orta məktəbdə müəllimlərin də uşaqlarla davranışları ağlasığmazdır. Söhbət uşağın təkcə fiziki zorakılığa məruz qalmasından getmir. Müəllimin və ya valideynin söz və hərəkətləri ilə uşağı alçaltmasının onsuz da kövrək psixoloji mərhələ yaşayan şagirdləri intihara vadar etməsi riski xeyli yüksəkdir.”

Y.Bəkirov hesab edir ki,  Azərbaycanda sosial-iqtisadi durum da uşaqlara qarşı zorakılığa, intihara gətirə bilir: “Bu amil də uşaqların intihara meylliliyini artırır. Bilirsiniz, sosial durumun ağırlığı artdıqca, uşaqlara qarşı zorakılıqlar da artır. Sosial vəziyyətin gərginliyi valideyni də, müəllimi də psixoloji sarsıntıya salır. Bütün bunların faciəli sonluğu isə uşaqların üzərində hiss olunur. Dövlət bildirir ki, acından ölməmək üçün bir ayda bir insan üçün 80 manat lazımdır, amma bir nəfər üçün yardım paketini 65 manat müəyyənləşdirir. Belə vəziyyətdə cəmiyyətdəki gərginlik anormal şəkildə yüksəlir”.

Mütəxəssislər isə hesab edir ki, zorakılığın uşaqlara uzun illərdən sonra da hiss olunacaq qədər çox təsiri var. Bu təsirlərə beynin inkişafında dəyişikliklər, xəsarət almalar, qançırlar və sınıqlar kimi fiziki sağlamlıq problemləri, digər insanlarla münasibət qurmaqda çətinliklər, öyrənmə problemi, öz hisslərini digər insanların başa düşəcəyi tərzdə ifadə etməkdə çətinliklər, həyəcan, depressiya, aqressiya, yaxud özünə və ya digərinə qəsd etməyi istəmək kimi emosional sağlamlıq problemləri, narkotik maddələrdən istifadə və erkən yaşlarda cinsini əlaqədə olmaq kimi təhlükəli işlərə meyllənmək özünü göstərir.Valideynləri və ya ailə üzvlərinin yanında təhlükədən uzaq olduğunu və onlar tərəfindən sevildiyini hiss etdikdə, dostları tərəfindən onlara dəstək təklif olunanda cinayət törətməyə və narkotik maddə kimi təhlükəli şeylərə şirnikləndirilmədikdə zorakılığın uşaqlar üçün yaratdığı uzunmüddətli problemlər daha az olur.

 

 

G. BÜNYADZADƏ

 

Paritet.- 2010.- 1-2 aprel.- S. 10.