Ombudsmanın illik hesabatı dinlənildi

 

Millət vəkilləri jurnalist məhbusların adlarının hesabata salınmasına və “Diffamasiya haqqında” qanuna qarşı çıxdılar

 

Dünən Milli Məclisin plenar iclası keçirildi.  İclası giriş sözü ilə açan  parlament sədri Oqtay Əsədov  Kəlbəcərin işğalından 17 il ötdüyünə diqqəti çəkdi və bildirdi ki,  Kəlbəcərin işğalından sonra BMT ilk dəfə olaraq 822 nömrəli qətnamə qəbul edib: “Bu qətnaməyə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Prezidentin yürütdüyü siyasət elə bir yerə gətirib çıxarıb ki, bunun bizim Kəlbəcəri son anmamız olacağına ümid edirik”. O.Əsədov auditoriyada hərkəsi Kəlbəcərin işğalı zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı.

 

Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi təklif olundu

 

Daha sonra millət vəkilləri bir sıra cari məsələlərlə bağlı çıxışlar etdilər. Fazil Mustafa  Mərkəzi  Seçki Komissiyasının fəaliyyətindən narazı olduğunu bildirərək qeyd etdi ki, MSK-da parlamentdə azlıq təşkil edən partiyaların yerinin boş saxlanması heç bir məntiqə uyğun deyil. Fazil Mustafa bildirib ki, MSK-nın 18 nəfər üzvü olmalıdır, lakin hazırda 15 nəfər üzvü var: “MSK formalaşdırılan zaman əvvəldən iki yer boş qalıb, bir müddət əvvəl isə MSK katibi Svetlana Qasımova dünyasını dəyişib. Qanunla iki boş yer azlıqda olan partiyalarındır. MSK-nın yalnız Yeni Azərbaycan Partiyasının payına düşən hissəsi tam tərkibdə fəaliyyət göstərir. Azlıqda olan partiyalar dedikdə nə nəzərdə tutulduğu qanunda yazılıb və məlum olur ki, digər iki yer Müsavat Partiyasınındır. Lakin Müsavat Partiyası MSK-ya nümayəndə göndərməkdən imtina edir. Nəyə görə azlıqda olan partiya dedikdə Müsavat nəzərdə tutulmalıdır? Parlamentdə azlıqda olan digər partiyalar da var. Parlament seçkisi yaxınlaşır və MSK-nın tərkibinin formalaşdırılmaması məsələsi beynəlxalq təşkilatların, ATƏT-in, Avropa Şurasının gündəminə çıxarılacaq. Ona görə Milli Məclis tezliklə bu məsələyə baxmalıdır. Biz azlıqda olan partiyalar MSK-ya təmsilçi göndərməyə hazırıq”. Millət vəkili ikinci olaraq  Bakının daşnak-bolşevik erməni zülmündən xilas edən   Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsini təklifi ilə çıxış etdi.

Deputat  Qüdrət Həsənquliyev də öz çıxışında həmkarı Fazil Mustafanın MSK ilə bağlı söylədiklərini dəstəkləyərək    boş qalan yerlərin parlamentdə azlıqda qalan digər partiyalara verilməsi təklifini təkrarladı.  O, həmçinin Rusiyada baş verən terror hadisəsini xatırladaraq Bakı şəhərində kütləvi yerlərdə kameralar quraşdırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini təklif etdi.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov azlıqda olan partiyaları MSK-ya üzv göndərmək üçün yenidən parlamentə müraciət etməyə çağırıb: “Əgər Müsavat Partiyası nümayəndə göndərmək istəsə, göndərsin. Əks halda digər azlıqda olan partiyalar öz nümayəndələrini irəli sürərlər və MSK tam formalaşaraq Azərbaycanda tam demokratik, şəffaf seçki keçirər”.

Spiker Oqtay Əsədov da bu məsələyə baxılmağının zəruri olduğunu bildirib: “MSK formalaşdırılan zaman azlıqda olan partiyaların ora nümayəndə göndərməsi partiyalar arasında razılaşdırılmışdı. Lakin təəssüflər olsun ki, Müsavat Partiyası öz nümayəndələrini göndərməkdən imtina etdi. Mən də hesab edirəm ki, seçki ərəfəsində MSK tam formalaşdırılmalıdır”.

 

 “Müxalifət ağacəkmə kampaniyasına  qoşulsun

 

Müsavatçə deputat   Arzu Səmədbəyli  Müsavat Partiyasının mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də,  istənilən cavabın alımadığından şikayətini bildirdi.    YAP-çı deputat Siyavuş Novruzov isə müxalifətin mitinq keçirmək istəyinə münasibət bildirərək öz kəskin təklifi ilə yadda qaldı: “Bu il ekologiya ili elan  edilib. Yaxşı olar ki, müxalifət mitinq keçirmək əvəzinə, ölkədə geniş vüsət alan ağacəkmə kampaniyasına qoşulsun. Amerikanın ayırdığı zəfəran suyunun iyi burnunuza dəyən kimi başlayırsınız mitinq keçirmək ideyasına düşməyə.  Bakı İcra Hakimiyyəti düz edir ki, bu kimi mitinqlərə yol vermir. Hələ bilmək olmaz bəlkə də müxalifət hansısa terror təşkilatına xidmət edir”.

S. Novruzovun bu çıxışı müxalifət deputatlarının etirazına səbəb olduğuna görə Milli Məclisdə qalmaqal yaşandı. P.Hüseyn öz etirazını bildirdi: “Bu, çox ağır ittihamdır. Xahiş edirəm ki, onun dedikləri olduğu kimi stenoqrama daxil edilsin”. Spiker də yerindən danışdığına görə ona etiraz etdi: “Bir dəfə səni cəzalandırmışıq, sən yenə də yerindən danışırsan”.

 

Ombudsman illik məruzə ilə çıxış etdi

 

Daha sonra İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın illik məruzəsi dinlənildi. Bildirildi ki, ölkənin inkişafı Azərbaycan Respublikanın Konstitutsiyasında qeyd edildiyi kimi dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə böyük imkanlar yaradır. Bununla belə ayrı-ayrı vətəndaşların müəyyən əhali qruplarının  öz hüquq və azadlıqlarının  qanunvericiliklə müəyyən edilmiş  qaydada həyata keçirilməsində  hələ də bir sıra maneələr var. Vətəndaşların dövlət orqanlarına müraciətlərinin cavablandırılmamasına, məmurların öz səlahiyyətlərindən sui istifadə hallarının qarşısının alınmasına onların vətəndaşları müntəzəm qəbul etmək və onlarla düzgün davranmasına  və ayrıseçkiliyə yol vermədən  problemin qanun çərçivəsində həll edilməsinə diqqətiçəkən müvəkkil bu dövrdə insan hüquqlarının  pozulması hallarında müvafiq tədbirlər görmüş  aidiyyatı dövlət qurumlarına müraciətlər edərək  onların qarşısında müəyyən tələblər qoyub. Müvəkkil fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51, 060, o cümlədən 2009-cu ildə 8.800 müraciət daxil olub. Qeyd edilən müraciətlərdən 83,7 %-i şikayətlərdən, 16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarət olub.

 Müvəkkilin Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ayrı-ayrı faktlar istisna olmaqla vətəndaşların şəxsiyyət vəsiqəsi ilə vaxtında təmin edilməsində demək olar ki, ciddi problemlər aradan qaldırılıb: “Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşayış vəsiqələrinin verilməsində və müddətinin uzadılmasında xarici pasportaların və onu əvəz edən sənədlərin qeydə alınmasında və ya qeydə alınması müddətinin uzadılması ilə bağlı bir sıra problemlər aradan qaldırılıb.”

E.Süleymanovanın sözlərində görə, il ərzində fikir və söz azadlığına da mühüm əhəmiyyət verilib: “2010-cu il dövlət büdcəsindən KİV nin inkişafına dövlət tərəfindən dəstəklənməsi məqsədi ilə müvafiq məbləğdə maliyyə vəsaitinin ayrılması mühüm tədbirlərdən olub.Ötən dövrdə məhkum habelə təqsirləndiriləın şəxs qismində təcridxanalarda saxlanılan jurnalistlərin o cümlədən Sakit Zahidovun, Eynulla Fətullayevin, Müşfiq Hüseynovun, Qənimət  Zahidin Novruzəli Məmmədovun vəziyyəti  daim diqqətdə saxlanılıb.”

 Məruzədə həmçinin  qeyd olundu ki,  ötən dövrdə əmək hüquqlarının pozulması o cümlədən əmək müqaviləsinin bağlanması əmək müqaviləsi şərtlərinin  yerinə yetirilməsi, əmək haqqının düzgün hesablanması və pozulmuş hüquqların bərpa olunması istiqamətində tədbirlər görülüb. Məlumata əsasən dövlət əmək müfəttişliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti və vətəndaşların müraciətlərinin nəticəsində 9,124 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması aşkar edilib. Belə ki, iş və xidmətin yerinə yetirilməsinə qeyri qanuni cəlb edilmiş 7,048 fiziki şəxslə əmək müqaviləsinin bağlanması təmin edilib.Törədilmiş inzibati xətaya görə 162 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 553,870 manat məbləğində cərimə tətbiq edilib.  Sağlamlığın qorunması hüququna gəlidikdə Müvəkkil bildirdi ki, ötən dövrdə bununla  bağlı 329 şikayət   daxil olub.Həmin şikayətlərlə bağlı səhiyyə ocaqlarına 174 sorğu və müraciət göndərilib və nəticəsində pozulmuş hüquqların bərpasına nail olunub.

 Sonda deputatlar hesabatla bağlı fikirlərini bölüşdülər. Millət vəkili Zahid Oruc həbsdə olan jurnalistlərin adının bura salınmasından narazı olduğunu bildirdi: “Həbsxanada olan ayrı-ayrı şəxslərin adlarının qabardılmasına nə ehtyiac var? Hesab edirəm ki, bu məhkumlar arasında ayrı-seçkilik salmaq kimi bir şeydir. Məsələn ,burada Eynulla Fətullayevin adı qabardılıb. Bu hal imkan verir ki, beynəlxalq təşkilatlar Azərbaycanın üzərinə gəlsinlər”. Məhkəmələrin fəaliyyətinə toxunan deputat Ombudsmanı bu sahədəki problemlərin həllində diqqətli olamağa çağırdı.

İlyas İsmayılov isə “Diffamasiya haqqında” qanunun qəbuluna qarşı çıxdı: “Hər gün nə qədər yol-nəqliyyat hadisələri baş verir. Bu hadisələrin qarşısını almaq üçün maşınları ləğv etməliyik? Biz çalışmalıyıq ki, böhtan və təhqir insan münasibətlərindən çıxarılsın. Cinayət  Məcəlləsindən bu maddə çıxarılmamalıdır”.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, “Diffamasiya haqqında” qanunun qəbul olunması cəmiyyətdə xaos yaradacaq: “Bu qanunun qəbul edilməsini bizə sırımaq istəyən ölkələr bunu özləri qəbul eləmir. Qoy, birinci özləri qəbul etsinlər”.

Deputat Fəzail Ağamalı isə Ombudsmanın məruzəsində jurnalistlərlə bağlı məsələlərə xüsusi yer ayrılmasına etiraz edib: “Məruzədə Nazim Quliyev, Eynulla Fətullayevin adları çəkilir. Namus üstündə yatanların birinin də adı yoxdur orada. Niyə Ombudsman bir qadın məhkumdan bəhs etmir?”

Fazil Mustafa isə çıxışında Ombudsmanın hesabatını hökumətin hesabatına bənzətdi. Onun sözlərinə görə, bu hesabat məruzəsi Nazirlər Kabinetinin hesabatlarından fərqlənməlidir. Vətəndaşların sosial hüquqlarının təmini sahəsində vəziyyətin yaxşı olmadığını deyən deputatın sözlərinə görə, müvəkkil bu sahədə problemlərə ciddi yanaşmalıdır: “Ünvanlı sosial yardımların verilməsində bu gün nə qədər çatışmamazlıq var. Gərək bu məsələlərə ciddi diqqət yetirilsin”.

 Millət vəkili Cəmil Həsənli ondan qabaq çıxış edən deputatların jurnalistlərlə bağlı fikirlərinə etirazını bildirdi.  C.Həsənli həmçinin, Ombudsmanı ünvanlı sosial yardımların verilməsi zamanı qanunsuzluqlarla üzləşən vətəndaşların şikayətlərinə diqqətlə yanaşmağa çağırdı: “Mənə və həmkarlarıma yüzlərlə şikayətlər gəlir ki, buna hüquqlarının olmasına baxmayaraq, sosial yardımları ala bilmirlər”. Millət vəkili daha sonra ölkədə sahibkarlıq vəziyyətinin də dözülməz olduğunu iddia etdi.  Xatırladaq ki, C. Həsənli iqtisadi cinayətlərə görə həbs olunmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumu və onu müdafiə komitəsinin üzvüdür.

 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilib

 

Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub. Sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, təklif edilən əlavə və dəyişiklik vəkillik institutunun daha da möhkəmlənməsinə xidmət edir: “Əlavə və dəyişikliklərin bir hissəsi qanunda olan boşluqların aradan qaldırılmasına xidmət edir. Vəkillik institutunun formalaşması mürəkkəb bir prosesdir. Hazırda bir sıra peşəkar vəkillər hakim testlərini uğula verirlər və hakim olurlar. Dövlət başçısı tərəfindən təqdim olunan bu əlavə və dəyişiklik mühüm qiymətləndirilməlidir”.

Fazil Mustafa deyib ki, Azərbaycan vəkillərin adambaşına düşən sayına görə dünyada ən sonuncu yerlərdən birini tutur: “Vəkil olmaq üçün qoyulan maneələr həddən artıq çoxdur. Bu sistem sadələşdirilməlidir”.

Pənah Hüseyn Azərbaycanda hər 100 min nəfərə 6 vəkilin düşdüyünü, bu halın vətəndaşların hüquqlarını keyfiyyətli şəkildə qorumağa imkan vermədiyini söyləyib. Onun fikrincə, təklif edilən əlavə və dəyişiklik vəkil olmağın yollarını daha da çətinləşdirir: “Bu ilin yanvarından Azərbaycanda vəkillərə dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə hər iş saatı üçün 2 manat ödənilməsi haqda qərar çıxarılıb. Ötən ilə qədər bu məbləğ 99 qəpik idi. Bu, biabırçılıqdır. Vəkil hər gün səkkiz saat işləsə belə, ayda 350 manatdan artıq ala bilmir” .

Müzakirələrdən sonra sənədə təklif olunan əlavə və dəyişiklik təsdiqlənib.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna dəyişiklik də müzakirə olunaraq qəbul edilib.

 

Dəvəçi rayonunun adı dəyişdirilib

 

Sənəd haqqında parlamentin Regional komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Onun sözlərinə görə, Dəvəçi rayonunun adının dəyişdirilməsi həm Milli Məclisin komitəsində, həm də yerli səviyyədə ətraflı müzakirə olunub. A. Rəhimzadə Şabranın Azərbaycanın qədim şəhərlərindən olduğunu, onun yaranma tarixinin V əsrə gedib çıxdığını deyib. Onun sözlərinə görə, Şabran şəhəri müxtəlif vaxtlarda Sabiran, Şəbiran və digər formalarda adlandırılıb.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib. O da qərara alınıb ki, Dəvəçinin də adı saxlansın və rayon mərkəzində müəyyən bir ərazi Dəvəçi adlansın.

Deputatlar “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanununa əlavələr edilməsi barədə məsələyə də münasibət bildiriblər. Qeyd olunub ki, sözügedən qanunlara təklif olunan əlavəyə əsasən yeni tikilən yaşayış binalarının elektrik, qaz və su xətləri ilə təchiz edildikdən sonra dövlət komissiyası tərəfindən qəbuluna icazə verilir. Qanunlara təklif olunan əlavə müzakirələrdən sonra qəbul edilib.

İclasda, həmçinin “Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi” haqqında məsələ də təsdiqlənib.

 

 

G.BÜNYADZADƏ

 

Paritet.- 2010.- 3-5 aprel.- S. 1; 5.