Laçın rayonun işğaldan azad olunması ehtimal olunan 13 kəndi hansılardır?

 

Xəbər verdiyimiz kimi, ötən ay xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipi ilə həll variantının detallarını açıqlayarkən   bildirmişdi  ki, Praqa prosesi münaqişənin mərhələli həllini nəzərdə tutur: “Bütün mərhələlər sənəddə göstərilib. İlk növbədə Ermənistan qoşunları işğal altında olan 5 rayondan və Laçın rayonunun 13 kəndindən çıxmalıdır. Bundan sonra bütün kommunikasiyalar açılır, donor konfransı elan olunur, bərpa işləri aparılır, məcburi köçkünlər geri qayıdır”.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun “Paritet”ə verdiyi açıqlamaya görə,  işğaldan azad olunma ehtimalı Laçın rayonunun Xocavənd və Qubadlı rayonları ilə həmsərhəd olan ərazilərinin payına düşür. Bəs onda belə bir sual yaranır Laçın rayonun işğaldan azad olunması ehtimal olunan 13 kəndi hansılardır?:”   İşğaldan azad olunma ehtimalı Laçın rayonunun Xocavənd və Qubadlı rayonları ilə həmsərhəd olan ərazilərinin payına düşür. Laçının cənub ərazilərində irili xırdalı 19 kəndi bir qəsəbəsi vardır. Bu kəndlərin 6-sı və Qayğı qəsəbəsi Laçın şəhərinə yaxın olduğundan onların birinci mərhələdə azad olunma ehtimalı sıfıra bərabərdir. Görünür azadlığın ilk sevinci Cicimli, Cağazür, Dəhyan, Güləbird, Malxələf, Səfiyan, Suarası, Fərəcan, Aşağı Fərəcan, Alıcan, Köhnəkənd, İrçan və Fətəlipəyə kəndlərinin payına düşəcək”.

Xatırladaq ki,  Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir.

Laçın rayonunun iqtisadiyyatı və təbii sərvətləri öz zənginliyi ilə həmişə diqqət çəkərək onu 1918-1920-ci illərdə düşmən qüvvələrin manevr meydanına çevirərək, 1992-ci ildə işğal altına salıb.

 

İqtisadiyyatı

 

Laçının iqtisadiyyatının əsasını heyvandarlıq təşkil etsə də sənaye və kənd təsərrüfatının digər sahələri də geniş inkişaf etmişdi. İqtisadi inkişaf isə yoldan başlanırdı. Şose yolu Laçına 1950-ci illərin əvvəllərində çəkilməyə başlamışdı. Paytaxt Bakı ilə Laçının ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km idi. Laçın - Gorus yolu 54 km, Laçın - Şuşa yolu isə 40 km idi. Laçını Qubadlıdan isə 77 km məsafə ayırırdı. Rayon üzrə cəmi 2130 km uzunluğunda Respublika və yerli əhəmiyyətli yol fəaliyyət göstərirdi.

Mərkəzləşdirilmiş su təhcizatı sisteminin bir gündə 4800 kub su, qaz şəbəkəsindən 173000 kub qaz ümumiyyətlə 985000 kq qaz istehlak olunurdu. Laçın rayonunun elektirikləşməsi və radiolaşması işlərinə 1962-ci ildən başlanmışdı.

1992-ci ilə qədər şəhər və kəndlər xeyli abadlaşdırılmış, şəhərdə 1000 nömrəlik avtomat-telefon, televiziya ötürücü stansiyaları qurulmuş, bütün kəndlər başdan-başa telefonlaşdırılmış, radiolaşdırılmış, elektrikləşdirilmiş, şəhərə və rayonun 53 kəndinə təbii qaz çəkilmişdi. Rayonda təhsil, mədəniyyət,  məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdi. Kəndlərə şose yollar çəkilmiş, Laçın-Şuşa yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, Əhəng, pemoskol, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Aluminum və maşınqayırma zavodlarının, Bakı 1¹-li tibb texnikumunun filalları açılmış, mərmər yataqları istifadəyə verilmiş,   ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və komunnal xidmətlərinin şəbəkələri xeyli genişləndirilmişdi.

Rayonda 133 idarə və müəsisə, o cümlədən 23 tikinti və 16 sənaye müəsisələri, asfalt-beton zavodu, fəaliyyət göstərirdi. Yevlax - Naxçıvan avtomobil yolu rayonun ərazisindən keçirdi.

Laçında bir avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km elektrik hava xətləri, 498 km, qaz kəməri, 10200 km radio-telefon komunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər mövcud olmuşdur.

Rayonda məktəbəqədər müəsisədə xeyli sayda uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta məktəbdə 14652 uşaq təhsil alırdı. Rayonda 54 klub müəsisəsi, 67 kitabxana, 34 kinoqurğu fəaliyyət göstərirdi. Laçında 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitar-epidomoloji stansiya, 52 həkim 287 orta tibb işçisi var idi.

 

Təsərrüfatı

 

Laçın  rayonun iqtisadiyyatının əsasını isə heyvandarlıq və əkinçilik təşkil edirdi.

Rayonda ermənilərin işğalına qədər 23 sovxoz var idi. Kənd təsərrüfatına yararlı sahə 76 min hektardır; Bunun 11,1 hektarı şum yeri, 0,3 min hektarı çoxillik bitkilər, 5,2 min hektarı biçənəklər, 56,7 min hektarı otlaqlardır. 10 min hektar əkin sahəsinin 33%-də dənli və paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilirdi. Rayonun ərazisində 46,2 min qara mal, 205,9 min baş davar bəslənirdi. Bir kökəltmə birliyi yaradılmışdı. Laçında Yağ-pendir, məişət xidməti kombinatları, çörək, süd zavodları, Respublikanın Dövlət Kənd Təsərrüfatı İstehsal - Texniki Təminat Komitəsinin rayon şöbəsi var idi.

Rayonun cəmi torpaq sahəsi 166488 hektar olmuşdur ki, ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeri idi. Həmin torpaqlardan 1515 hektarı sututar torpaqlardan ibarət idi. Rayon ərazisinin 927 hektarını həyətyanı, 33205 hektarını meşə, 72000 hektarını yaylaq sahələri təşkil edirdi.  Laçın rayonunda əhalinin sıxlığı hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvkm sahə düşür.

Rayonda şəhər, qəsəbə və 125 kəndin bazasında 48 şəhər, qəsəbə və kənd inzibati-ərazi vahidləri üzrə nümayəndəliklər fəaliyyət göstərirdi.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmir ağac, qırmızı palıd, eldar şamı meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, boyaq və müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri var idi.

 

Mədənləri

 

Laçın rayonunda ümumi civə ehtiyatı 1124, Oton olan üç Nazranlı, Çilgəzçay, Sarıbulaq mədənləri, ehtiyatı 2533 min m3 olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatı 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 Ağoğlan və Əhmədli tuf mədəni, təbii ehtiyatı 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı; ehtiyatı 998 min m3 olan və kərpic - kirəmid istehsalına yararlı Novruzlu gil yatağı, ehtiyatı 2144 min m3 olan Quşçu Rmza mədəni, ehtiyatı 15794 min m3 olan  Yuxarı Həkəriçay qumm - çınqıl qarışığı yatağı, ümumi ehtiyatı 10449 min ton otan üç vulkan külü, istismar ehtiyatları 4300 min m3/gün olan Minkənd mineral su yataqları vardır.

Laçın rayonunun Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan suxurları yararaq üzə çıxan maqmatik suxurlara Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tığik, Turş-Tığik, Nurəddin kənd əraziləri malikdir. Nağdalı, Mirik, Əhmədli, Hacıxanlı, Minkənd  ərazilərində isə narzan tipli müalicə əhəmiyyətli bulaqlar mövcuddur. İpək uran yataqları ilk dəfə 1974-cü ildə Sovet arxeoloqları tərəfindən kəşf edilmişdi.

Bütün bu təbii sərvətlərdən əl çəkə bilməyən ermənilər, Laçın rayonunu nəyin bahasına olursa - olsun özünün işğalı altında saxlamaq istəyir. Lakin son zamanlar Azərbaycanın apardığı uğurlu xarici siyasəti nəticəsində dalana dirənən ermənilər, birinci mərhələdə işğal etdikləri beş rayonla bərabər Laçının 13 kəndinin də azad etmələri məcburiyyətində qalıblar.

 

 

Səbuhi Şəldiyev

 

Paritet.- 2010.- 6-7 aprel.- S. 7.