Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

 

Ötən həftə sonu  Ə.Əliyev adına   Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda Səhiyyə Nazirliyinin hamilə və zahılara ixtisaslaşdırılmış yardımın təkmilləşdirilməsi məsələlərinə həsr edilmiş kollegiyası keçirilib. İclasın məqsədi son kvartal ərzində doğuşa yardım işinin təşkili məsələlərini, bu sahədə görülmüş işlər, habelə olan nöqsanları üzə çıxarmaq və aradan qaldırılması üçün görüləcək tədbirlər müzakirə etmək olub.

Nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Soltan Əliyev bildirib ki, son illər keçirilən tədbirlər nəticəsində doğuşa yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı ilə təchizatı nəticəsində ölkədə doğuşa yardım işinin təşkili yaxşılaşdırılsa da, bəzi nöqsanlar hələ ki var.

İstər hamiləlikdən qabaq, istər hamiləlik vaxtı, yaxud da doğuş zamanı rast gəlinən bir çox problemlər və gələcəkdə xoşagəlməz halların təkrarlanmaması üçün görülən işlər haqqında kollegiya iştirakçılarına məlumat verilib. İclasın sonunda səhiyyə naziri Oqtay Şirəliyev doğuşa yardım işinin yüksək səviyyədə təşkili, tibb müəssisələrində sanitar gigiyenik qaydalara ciddi riayət olunması və bir sıra bu kimi məsələlərə dair öz tapşırıqlarını verib.

 

 

G.RAMIZQIZI

 

Paritet.- 2010.-6-7 aprel.- S. 8.