Abşeron gölləri bərpa olunur

 

Göllərin ətrafında yaşıllıqların və istirahət parklarının yaradılması planlaşdırılır

 

Azərbaycan böyük su ehtiyatlarına malikdir. Onun da bir hissəsi göllərin payına düşür. Göllər ölkəmizin ərazisində qeyri-bərabər paylanıb. Abşeron yarımadasında göllərin sayı daha çoxdur. Burada 200-dən çox göl var ki, onların da əksəriyyəti kiçik ölçülü olub ilin isti dövründə quruyur. Göllər yarımadada iqlim şəraitinin və su balansının qərarlaşmasına və bütövlükdə ölkənin əhalisi sıx olan bu ərazisində ekoloji şəraitə ciddi təsir göstərir. Vaxtilə Abşeron gölləri öz təbiətinə görə nadir göllər olub.

Bu göllərin ehtiyatlarından uzun müddətdir ki, əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin bir sıra təsərrüfat və sosial-iqtisadi ehtiyaclarını ödəmək üçün istifadə olunur. Belə ki, qədim zamanlardan Abşeron göllərindən istehsal olunan xörək duzundan məişətdə, onun dib çöküntülərindən isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Hətta bəzi göllərdən balıq da tutulub.

 

Göllər kəskin çirklənməyə məruz qalıb

 

 Lakin son vaxtlar sənayenin, xüsusilə də neft istehsalının və kənd təsərrüfatının intensiv inkaşafı ilə əlaqədar olaraq göllərə axıdılan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirklənməsinə, sahələrinin böyüməsinə və yeni göllərin yaranmasına səbəb olub. Suların tərkibində neft məhsullarının, fenolların, ağır metalların və digər zərərli maddələrin miqdarı dəfələrlə çoxalıb. Abşeron yarımadasında  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması  və istismarı ilə əlaqədar olaraq yaranan süni göllərin əksəriyyəti isə neftlə birgə çıxan lay sularının təmizlənmədən uzun müddət ətraf mühitə atılması nəticəsində əmələ gəlib.

 Xəzər dənizinin səviyyəsinin dəyişməsi də göllərin ekoloji şəraitinə və hidroloji rejiminə təsir göstərir. Belə ki, dənizin səviyyəsi qalxdıqca qrunt sularının səviyyəsi də yuxarı qalxır və bunun nəticəsində göllərdə suyun miqdarı artır. Dənizin səviyyəsi azaldıqca isə əks proses baş verir. Onu da unutmaq olmaz ki, çirklənmiş göllər ətraf mühit üçün də təhlükə və xəstəlik mənbəyidir. Uşaqların göllərin ətrafında oynaması və yaxud da heyvanların çirklənmiş göllərdən su içməsi onların sağlamlığı üçün olduqca təhlükəlidir.

Problemin yaranma səbəblərindən biri də Abşeronda sənayenin sürətli inkişafı ilə əlaqədar burada əhalinin sayının artması nəticəsində yeni yaşayış məskənlərinin tikilməsidir. Evlər tikilən qəsəbələrdə isə vahid kanalizasiya sistemləri tikilmədiyinə görə onların kommunal-məişət tullantı suları yaxınlıqda olan göllərə və ətraf ərazilərə axıdılır. Nəticədə isə həmin su hövzələri zərərli maddələrlə çirklənərək antropogen təsirlərə məruz qalır.

Ekoloqlar da belə hesab edirlər ki, Abşeron göllərinin çirklənməsinə başlıca səbəb yarımadada vahid kanalizasiya sisteminin olmaması və yeni tikilən yaşayış məntəqələrinin və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən yaxınlıqdakı göllərə axıdılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunu pozan şəxslərə qarşı ciddi cəza tədbirlərinin görülməsinə baxmayaraq, problemin qarşısını tamamilə almaq mümkün olmadığından göllərin çirkləndirilməsi davam edir. Bir vaxtlar relikt göllər hesab edilən göllərin çirkab suların axıdıldığı saxlanc yerinə çevrilməsindən isə ancaq təəssüflənmək olar.

Ekspertlərin fikrincə, məsələnin həlli üçün yeni yaşayış massivlərinin salınmasına icazə verən səlahiyyətli dövlət məmurları həmin ərazidə kanalizasiya sisteminin də yaradılmasını qarşıya tələb kimi qoymalıdırlar.

 

Böyük Şorun səviyyəsi xeyli aşağı düşüb

 

 Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göl Böyük-Şor gölüdür. Yarımadanın mərkəzində yerləşən və uzunluğu 10 km-ə çatan göl əsasən yeraltı və yağıntı suları hesabına qidalanır. Son dövrlər gölün suyu kəskin çirklənməyə məruz qalıb. Bunun da əsas səbəbi yaxınlıqda yerləşən sənaye müəssisələrindən və yaşayış qəsəbələrindən gölə heç bir təmizləmə aparılmadan tullantı suların- istehsalat və məişət sularının axıdılmasıdır. Gölün çirklənməsinin əsas səbəbi isə keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdən neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olub. Hazırda gölə gün ərzində 49 mənbədən 18 min m3 sənaye və məişət suları axıdılır. Bunun da nəticəsində göl həddindən artıq çirklənib və minerallaşıb.

Yaranmış digər bir problem isə gölün sahəsinin durmadan genişlənməsi və səviyyəsinin qalxması ilə bağlıdır. Lakin son zamanlar bu sahədə görülən tədbirlər öz müsbət nəticələrini verməyə başlayıb. Belə ki, Böyük Şor gölünə axıdılan çirkli su mənbələrinin, o cümlədən lay sularının böyük bir qismi Hövsan kanalına axıdıldığından gölün səviyyəsi xeyli aşağı düşüb. Əgər 5 il bundan qabaq Böyük Şora bir sutkada axıdılan çirkab suların miqdarı 30-35 min m3 təşkil edirdisə, hazırda bu rəqəm 18 min m3-ə qədər azaldılıb. Buna baxmayaraq su hövzəsində ekoloji təhlükənin artması davam etməkdədir.

Qırmızı göl də ekoloji baxımdan gərgin vəziyyətdədir. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunub. Hazırda isə gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət-çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölün suyu neft və neft məhsulları, eləcə də asılı hissəciklərlə kəskin çirkləndirildiyindən sudakı zərərli maddələrin miqdarı normadan dəfələrlə çoxdur. Çirklənmə və digər neqativ təsirlər nəticəsində gölün geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri də deqradasiyaya məruz qalıb.

Xatırladaq ki, bir neçə il bundan əvvəl göldə su səviyyəsinin qalxması Sahil qəsəbəsini Lökbatan qəsəbəsi ilə birləşdirən yolayrıcı hissəsinin su altında qalmasına və həmin ərazidəki 15-dən artıq neft quyusunun sıradan çıxmasına səbəb olmuşdu. Gərəkli tədbirlər görülməsə bu kimi hallar gələcəkdə də təkrarlana bilər.

Hədsiz çirklənməyə məruz qalan və səthinə məişət və sənaye sularının axıdılması nəticəsində sahəsi genişlənən göllərdən biri də Qanlı göldür. Son illərdə gölün ərazisinin xeyli böyüməsi nəticəsində ətraf ərazilərin bir hissəsi suyun altında qalıb. Analoji vəziyyət Bülbülə gölündə də müşahidə edilir. Məişət tullantı sularının gölə axıdılması nəticəsində göl hədsiz çirklənməyə məruz qalmaqla yanaşı, sahillərində evtrofikasiya (mamır bağlaması) proseslərinin inkişafı müşahidə edilir.

Kürdəxanı gölündə də ekoloji vəziyyət xeyli gərgindir. Bura ətraf qəsəbələrin məişət-təsərrüfat çirkab suların axıdılması nəticəsində suda minerallaşma normadan bir neçə dəfə yüksəkdir və bu göstəriciyə gölə Kürdəxanı gölü şortəhər göllər qrupuna aiddir. Bu göldə də evtrofikasiya prosesi müşahidə edilir. Onu da nəzərinizə çatdıraq ki, su hövzəsinə çirkli məişət və təsərrüfat sularının axadalması Kürdəxanı qəsəbəsində kanalizasiya sisteminin və Pirşağı zonasına çıxış drenaj sistemlərinin olmaması ilə əlaqədardır.

 

Masazır gölündən yığılan duz təmizlənmədən satılır

 

 Masazır gölündə də vəziyyət ürəkaçan deyil. Bura əsasən Masazır, Saray, Digah və Novxanı qəsəbələrinin məişət-kommunal suları axıdılır. Bu səbəbdən də göldə çirkləndirici maddələrin miqdarı normadan dəfələrlə artıqdır.

Onu da nəzərinizə çatdıraq ki, kifayət qədər yüksək çirklənməyə məruz qalmış Masazır gölü uzun illərdir ki, xörək duzu mənbəyi kimi tanınır. Gölün digər göllərdən daha əlverişli yerdə yerləşməsi, həmin göldən duz istehsalının daha intensiv aparılmasına səbəb olub. Gölün çirklənməsinin əsas səbəbi isə yuxarıda da qeyd etdiyimiz kimi ora məişət və tullantı sularının axıdılmasıdır.

Qəsəbə sakini Vahid Hüseynovun dediyinə görə, ətraf ərazilərdə tikilən evlərdən məişət suları borular vasitəsilə Masazır gölünə axıdılır ki, bu da gölün hədsiz çirklənməsinə səbəb olur. Dağ Masızır deyilən yerdə vəziyyətin daha kritik olduğunu deyən həmsöhbətim  həmin ərazilərdə heç boru kanalların olmadığını söylədi. O, göllərdən yığılan duzun heç bir ekspertiza və təmizləmədən keçirilmədən torbalara yığılaraq satıldığını, bunun da əhali arasında müxtəlif xəstəliklərin yayılmasına səbəb ola biləcəyini də qeyd etdi.

Vəziyyəti kritik olan göllərdən biri də Xocahəsən gölüdür. Son illər gölün ətrafında yeni yaşayış massivlərinin salınması nəticəsində gölün suyu kəskin çirklənməyə məruz qalıb, səviyyəsi isə artıb. Gölə atılan çirkab suların 80 faizə qədəri kommunal-məişət mənbəli tullantılardır.

Sevindirici haldır ki, heç də Abşerondakı bütün göllər ciddi çirklənməyə məruz qalmayıb. Misal olaraq Yasamal-1 gölünü göstərmək olar. Son illər ərzində gölün ətrafında abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması, eləcə də gölə axıdılan məişət-çirkab suların qarşısının alınması nəticəsində gölün ekoloji vəziyyəti xeyli yaxşılaşıb.

 

Göllərin çirkləndirilməsi fauna və floraya da mənfi təsir göstərir

 

 Göründüyü kimi, Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyəti olduqca acınacaqlıdır. Bunun da başlıca səbəbi yuxarıda da qeyd etdiyimiz kimi yarımadada vahid kanalizasiya sisteminin olmaması və gölün yaxınlığında yerləşən yaşayış məntəqələrinin və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən həmin göllərə axıdılmasıdır.

Odur ki, göllərin əksəriyyəti, hətta demək olar ki, hamısı kəskin çirklənməyə məruz qalıb, sahələri isə durmadan genişlənir. Göllərdəki çirkli sular fauna və floraya da mənfi təsir göstərir. Hazırda göllərdəki suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün (çimərlik, su turizmi və s.), hətta texniki ehtiyacı ödəmək məqsədilə istifadəsi üçün də yararlı deyil. Yaxın gələcəkdə neft sənayesinin planlaşdırılmış intensiv inkişafı, mədənlərin, terminalların və s. obyektlərin axıntılarının bu göllərə axıdılması nəticəsində Abşeron göllərinin ekoloji vəziyyəti daha da gərginləşə bilər. Buna yol verməmək üçünsə göllərdəki çirklənmənin və onların səviyyələrinin kəskin dəyişməsinin qarşısını almaq, onları rekonstruksiya etmək və yarımadadakı ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün gərəkli tədbirlər görülməli, bu işə ictimai təşkilatlar və vətəndaşlar da cəlb edilməlidir.

Görüləcək işlər sırasına sənaye və məişət çirkab sularının göllərə axıdılmasının qarşısını almaq məqsədilə bütün sənaye və kommunal müəssisələrdə təmizləyici qurğuların yaradılması, gölətrafı qəsəbələrin kanalizasiya şəbəkələri ilə təmin olunması, kəskin çirklənmiş və yenidən əmələ gəlmiş göllərin qurudulması, qurudulmuş ərazilərin torpaq qatı ilə örtülməsi və yaşıllıqların salınması, yarımadada suvarma şəbəkələrini tam bərpa etmək və kənd təsərrüfatı bitkilərinin suvarılmasının daha proqressiv üsullarla aparılması, drenaj sistemi yaratmaq yolu ilə qrunt sularının səviyyəsini aşağı salınması və quyulardan istifadə edilməsi, göllərin su səviyyəsinin artmasının qarşısını almaq üçün mövcud nasos stansiyalarının gücündən tam istifadə olunması, neftlə çirklənmiş torpaqların rekultivasiyası və s. tədbirlər daxil edilə bilər.

 

Dünya Bankı göllərimizin bərpasına yardım edəcək

 

Əminliklə qeyd etmək olar ki, bütün bu işlərin reallaşması elə də uzaqda deyil. Belə ki, prezident İlham Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması ilə əlaqədar Abşeronda yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bərpası da gündəlikdə olan məsələlərdəndir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova qəzetimizə müsahibəsində bildirib ki, artıq bu istiqamətdə işlərin görülməsinə başlanıb. Belə ki, Dünya Bankının maliyyə dəstəyi ilə Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı layihə hazırlanıb. Layihə çərçivəsində Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və onlardan təbii obyektlər kimi istifadə  olunması da nəzərdə tutulub. Layihəyə əsasən, qapalı göllərə daxil olan çirkab suların və tullantıların qarşısının alınması, ətrafında qoruyucu zolaqların-yaşıllıqların və istirahət parklarının yaradılması planlaşdırılır.

 

 

B.Cahandarov

 

Paritet.- 2010.- 8-9 aprel.- S. 16.