Səməndər Rzayev anılıb
Sənətkar haqda yazılmış
“Nağıl dünyamızın
nağıl şahzadəsi”
adlı kitabın təqdimatı olub
Son zamanlar müxtəlif təşkilatların təşəbbüsü ilə Azərbaycanın
sənət tarixində ifası, kino və teatrda
yaratdığı obrazlar
qalereyası ilə iz qoymuş sənətkarların silsiləvi olaraq yaradıcılıq gecələri
keçirilir. Belə
ki, qısa ömür yaşamasına
baxmayaraq, milli kino və teatr
tariximizdə silinməz
iz qoymuş, yaraşıqlı, ciddi, eyni zamanda gülərüzlü
bir görkəmə malik olan, ən əsası oynadığı
obrazları ilə hər kəsin qəlbinə əbədi həkk olunan görkəmli sənətkarımız Səməndər
Rzayevin anadan olmasının 65 illiyi münasibətilə xatirə
gecəsi keçirilib.
“Məlhəm” Humanist Qadınlar
İctimai Birliyinin təşəbbüsü
ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşən xatirə gecəsinə S.Rzayevi sevənlər, sənət
dostları toplaşmışdılar.
Gecəni giriş sözü ilə açan “Məlhəm” Humanist Qadınlar
İctimai Birliyinin sədri Xədicə Murad bildirdi ki, Azərbaycanın sənət tarixində oynadığı obrazlarla
işıq və nur saçan Səməndər Rzayev haqda belə bir gecənin təşkil etməkdən
və onun haqqında yazılan kitabın müəllifi olmaqdan qürur duyur:” Bugünkü gecə sənətsevərlərə
bir hədiyyə olacaq. Çünki uşaqdan böyüyə
qədər hər kəsin sevimlisi olan S.Rzayevin keçdiyi enişli- yoxuşlu, eyni zamanda maraqlı sənət yoluna bir daha nəzər salınacaq. Eyni zamanda S.Rzayevin sənət dostları onunla bağlı maraqlı xatirələrini bizlərlə
bölüşəcəklər, dəyərli poeziya və musiqi nömrələri
səsləndiriləcək”.
Tədbirdə aparıcılıq edən
əməkdar artist Ağalar
Bayramov qəlbləri
riqqətə gətirən
və titrədən səsinin gücü ilə poeziya nümunələrini səslədirdi
və S.Rzayevin nəinki oynadığı obrazları
ilə, səsinin məlahəti və gücü ilə də hadisələrin rəsmini
təsvir etdiyini dedi.
Tədbirdə çıxış edən xalq şairi Musa Yaqub mərhum aktyorun həyat və yaradıcılığına
nəzər salaraq, maraqlı məqamları xatırladaraq bildirdi ki, S.Rzayev çox
böyük sənətkar
idi:” Amma təəssüf
ki, bulaq kimi səsi coşub -çağlayan və oynadığı obrazlarla sənətdə
hər kəsə nümunə olan sənətkar aramızdan tez getdi və biz Səməndərsiz qaldıq...”.
“Mən
bu gecənin təşkilinə həm
sevinirəm və həm də kədərlənirəm. Sevinirəm
ona görə ki, biz S.Rzayevin maraqlı sənət dünyasına
yenidən nəzər
salacağıq və
onu xatırlayacağıq.
Kədərlənirəm ona
görə ki, bu gün o, bizlər arasında yoxdur”-deyən xalq artisti Rasim Balayev
Səməndər Rzayevin
az ömür yaşamasına baxmayaraq, Azərbaycan mədəniyyəti
üçün çox
işlər gördüyünü
söylədi:”Mən S.Rzayevlə
dost idim. Onun bu gün həyatda
və sənətdə
olmamasını kədərlə
xatırlayıram. O, mənim sənətdə əlimdən
tutub. Həm kino, həm teatr və həm
də televiziya tamaşalarının aktyoru
kimi əvəzolunmaz bir sənətkar idi. Çox gözəl səsli aktyorlar olub, ancaq Səməndərin səsi doğrudan da möcüzə idi. Səməndər ecazkar səsi və peşəkar ifası ilə hamını valeh edirdi”.
Tədbirdə aktyorun rol aldığı
film və tamaşalardan
fraqmentlər nümayiş
olunmaqla yanaşı,
onun sənət və həyat yaşantılarını özündə
əks etdirən kitabın da təqdimatı oldu. Dövlət mükafatı
laureatı, görkəmli
aktyor Səməndər Rzayevin anadan olmasının 65 illiyi münasibəti ilə yazılmış “Nağıl
dünyamızın nağıl
şahzadəsi” adlı
kitabın müəllifi filologiya elmləri üzrə fəlsəfə
doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda
böyük elmi işçi vəzifəsində
çalışan, Yazıçılar
Birliyinin üzvü,
“Məlhəm” Humanist Qadınlar
İctimai Birliyinin təsisçisi və sədri Xədicə Muraddır. Redaktoru AMEA-nın müxbir üzvü Teymur Kərimli, rəyçilər filologiya
elmləri doktoru,
professor Məhərrəm Qasımlı
və doktor, dosent Asif Rüstəmli olan kitabda Səməndər
Rzayevin keçdiyi şərəfli, parlaq sənət və həyat yolundan söhbət açılır,
sənət dostlarının
xatirələri, illərin
söz yaddaşından
üzü bu günə kimi sənətkar haqqında söylənilən
və dərc olunan fikirlərin toplumu öz əksini tapıb.
Tədbir ecazkar muğam musiqisinin sədaları altında davam etdiridi.
GÜNAY
Paritet.-
2010.- 8-9 aprel.- S. 12.