“Niyyət” filmi tamaşaçılara təqdim edilib

 

Nizami kinoteatrında təmir bitəndən sonra “Azərbaycanfilm” kinostudiyasında əsaslı təmir başlayacaq

 

 Heydər Əliyev Sarayında “Azərbaycan kino həftəsi”nin təntənəli açılış mərasimi keçirilib. Sözügedən tədbirdə  milli  kino salnaməmizi özündə kompakt halda birləşdirən  video-çarx nümayiş olunub.

Ölkəmizdə ilk dəfə olaraq gerçəkləşən  “Azərbaycan kino həftəsi”nin başlaması münasibəti ilə  hər kəsi təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir həftə davam edəcək kino həftəsinin  kino işçiləri üçün əsil bayrama çevriləcəyini qeyd edib. O, bildirib ki,  bu bir həftə ərzində bütün Azərbaycan tamaşaçıları nümayiş olunan filmləri izləyib zövq alacaqlar: ”Bundan sonra Bakının görkəmli yerlərində çəkilən filmlərin sayı daha da çoxalacaq. Dövlət tərəfindən milli kinomuzun inkişafına  xüsusi diqqət göstərilir.  Çox sevindirici haldır ki, artıq neçə illərdir hər il  Azərbaycan kinosuna 6 milyon manata qədər vəsait ayrılır. Uzun illər bu bizim arzumuz olsa da, bu gün  artıq,  bu gerçəklikdir”.

Nazir bu gün inkişafla yanaşı,  milli  kino sahəsində  müəyyən çatışmazlıqların olduğunu  deyib və bildirib ki, hazırda kino yayımı və  kino nümayiş sistemi istənilən  səviyyədə deyil:”  Milli kino sahəsindəki çatışmamazlıqları  aradan qaldırmaq üçün nazirlik olaraq müəyyən layihələr həyata keçiririk. Azərbaycanda kino həftəsinin keçirilməsi də bu istiqamətdə təşkil olunan layihələrdən biridir”.

Tədbirin davamında “Vətən and yerimizdir” devizi altında vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə I yerə “Mən evimə qayıdıram” ssenarisinə görə müəllif İsmayıl Səfərəliyev, II yerə “Böyüyən övladlar” ssenarisinə görə müəllif Səidə Vəliyeva (1500 manat) və III yerə isə “Qarabağ. Dörd gün” ssenarisinə görə müəllif Leyla Tarıverdiyeva (1000) layiq görülüblər.

 Onu da qeyd edək ki, tədbirdə film nümayişinə keçməmişdən əvvəl “Mozalan” satirik - jurnalının növbəti buraxılışı da tamaşaçılara təqdim olunub. Və nəhayət, “Azərbaycan kino həftəsi”nə  Samir Kərimoğlunun rejissoru olduğu və “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Niyyət” filminin nümayişi  ilə start verilib.  Özünəməxsus süjet xətti və bu gün üçün aktual olan mövzusu ilə  diqqətçəkən film tamaşaçıların alqışlarıyla müşayiət olunub.

Nazir jurnalistlərə açıqlamasında  deyib ki, “Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının əsaslı təmiri olduqca böyük maliyyə tələb edən bir layihədir. Ancaq biz bu işi gələcək üçün planlaşdırırıq”. Kinostudiyanın əsaslı təmirinə “Nizami” kinoteatrının əsaslı təmiri başa çatdıqdan sonra başlanılması nəzərdə tutulur: “Hazırda Azərbaycanın ən böyük kino mərkəzi olan “Nizami” kinoteatrı bərpa olunur. İlin sonu üçün sözügedən kinoteatrı beynəlxalq səviyyədə kinofestival kompleksinə çevrilməsinə nail olacağıq. Bu da Azərbaycan kinosu üçün böyük töhfə olacaq. Hesab edirəm ki, “Nizami” kinoteatrı təhfil verildikdən sonra dövlətin maliyyəsi artıq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmirinə yönələcək. Artıq kinostudiyada bir sıra xırda işlər görülüb. Ancaq istəyimiz odur ki, kinostudiya ən müasir formada təmir olunsun və ən mükəmməl texnologiya ilə təmin olunsun. Elə edəcəyik ki, burada çəkilən filmlər heç də dünya ölkələrində çəkilən ən qabaqcıl filmlərdən geri qalmasın”.

 

 

GÜNAY

 

Paritet.-2010.- 8-9 aprel.- S. 12.