Erməni vandalizmi

 

Tarixi və maddi-mədəniyyət abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə məhv edilir

 

Ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürüb torpaqlarımızı zaman-zaman işğal edən erməni şovinistləri işğalçılıq əməllərinə haqq qazandırmaq, yeni təcavüzkarlıq planlarını tarixi nöqteyi-nəzərdən əsaslandırmaq və ictimai fikri çaşdırmaq məqsədilə Qərbi Azərbaycan ərazisində mövcud olan bütün tarixi və mədəniyyət abidələrini, Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Hətta özlərinin belə inanmadığı yalanlara başqalarını inandırmaq üçün işğal etdikləri torpaqlarda daşdan xaç abidələr ucaldırlar. Onlar “Böyük Ermənistan” imperiyası barədə uydurma əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin “tarixi torpaqları” hesab edirlər.

 

Dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242 abidəmiz ermənilər tərəfindən məhv edilib

 

Qeyd edək ki, ötən əsrin 60-cı illərində Ermənistan katolikosunun keçmiş SSRİ-nin dövlət rəhbərlərinə müraciətlərindən sonra Dağlıq Qarabağ və Culfa qəbiristanlığından xeyli sayda xaç abidəsi çıxarılaraq Ermənistana aparılıb. Bundan əlavə Qazax, Tovuz, Gədəbəy, Qubadlı və Laçın rayonlarının ərazilərindən müxtəlif dövrlərdə Qafqaz Albaniyasına aid xaç abidələri də oğurlanaraq Ermənistana aparılıb. 1988-ci ildən Azərbaycan torpaqlarına ermənilər tərəfindən edilən təcavüz nəticəsində xalqımızın çoxəsrlik tarixini, şərəfli keçmişini əks etdirən dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242 və yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsi ermənilər tərəfindən məhv edilib. Bundan başqa, işğal zamanı 808 klub, 927 kitabxana, eksponatları ilə 22 muzey və onların filialları, 85 uşaq musiqi məktəbi və filialları, 4 teatr, fondunda 100 min qiymətli eksponat olan 4 şəkil qalereyası, 2 konsert müəssisəsi, 1892 mədəniyyət və incəsənət müəssisəsinin binası dağıdılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan paleolit dövrünə aid Azıx mağara düşərgəsi, e.ə. VII-VI əsrlərə aid və insan sivilizasiyasını öyrənmək üçün indi də aktuallığı ilə fərqlənən eneolit dövrünə aid Xantəpə, Kültəpə və Şomutəpə abidələri, Azərbaycanın Alban xristianlıq dövrünə aid Gəncəsar məbədi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalı rayonundakı Əskəran qalası, Amaras məbədi, Kəlbəcər tarix muzeyinin unikal eksponatları, eramızdan 3000 il əvvəlki dövrə təsadüf edən qızıl və gümüş əşyaları ilə zəngin Laçın rayonunun tarix muzeyi, onun qədim pul-sikkə kolleksiyası, dünyada analoqu olmayan Ağdam çörəki muzeyi və Zəngilan rayonundakı daş monumental muzey, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, minə yaxın eksponatı olan Qarabağ dövlət tarix muzeyi talan edilib. Bu sərvətlərin mühafizəsi “Silahlı münaqişələr zamanı maddi dəyərlərin qorunması haqqında” və “Maddi dəyərlərin qeyri-qanuni olaraq ölkəyə daxil olması və ölkədən çıxarılması qadağası” haqqında beynəlxalq konvensiyalarla (Haaqa, Paris) tənzimlənməli olsa da, erməni barbarları YUNESKO və digər beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayaraq öz təcavüzkar siyasətini bu gün də davam etdirirlər.

 

Tarixi faktlar, sübutlar

 

Ermənilər Qərbi Azərbaycandakı və Qarabağdakı bir çox maddi-mədəniyyət abidələrini öz abidələri elan etsələr də, həmin abidələr Azərbaycan xalqının mədəni irsinə aiddir. Bunu tarixi faktlar da sübut edir.

Antik müəlliflərdən Klavdi Ptolomeyin və digər çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, Azərbaycan ərazisində təşəkkül tapmış Qafqaz Albaniyası dövlətinin ərazisi eramızın əvvəllərindən VII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək bir sahəni əhatə edib. Bu yerlərdə qədim zamanlardan maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşayıblar. Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabon isə Albaniya ərazisində müxtəlif dillərdə danışan 26 tayfanın olduğunu qeyd edir. Bu tayfalardan saklar, qarqarlar, hunlar, türklər, muğlar, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil ediblər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Herodot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaradıblar. Bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir. Ermənilərə gəldikdə isə, adlarını çəkdiyim sonuncu iki müəllif- həm Herodot, həm də Strabon öz əsərlərində onların Qafqaza gəlmə xalq olduqlarını yazırlar

 

Daş kitabələr türk yazılarının daha qədim olduğunu sübut edir

 

Ermənilərin yalanlarını ifşa edən daha bir fakt- Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olub: Aran, Aray, Ərbaq, Dalak, Huray və s.

Azərbaycanlıların Qafqazın ən qədim türk xalqlarından olmasını başqa faktlar da təsdiq edir. Belə ki, respublikamızın müxtəlif ərazilərində aşkar edilən arxeoloji tapıntılar, xüsusilə arxeoloqlar R.Vahidovun, F.Osmanovun, A.Nuriyevin və T.Əliyevin aşkar etdikləri qədim türk kitabələri sübut edir ki, bu ərazidə qədim türk yazıları gürcü, erməni və alban yazılarından xeyli əvvəl mövcud olub. Bu əlifbaların hər üçü, xüsusilə də alban əlifbası qədim türk əlifbası əsasında tərtib edilib.

Qeyd edək ki, Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar alimlərimiz tərəfindən müəyyən işlər görülüb. Onların araşdırmaları nəticəsində müəyyən olunub ki, Qərbi Azərbaycan ərazisində hələ xristianlıqdan əvvəl müxtəlif alban məbədləri mövcud olub. Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilib, əksər hissəsi isə İslam dininin yayıldığı dövrdə dağıdılıb.

 

Albaniyada xristian məbədlərinin tikintisi geniş vüsət alıb

 

Nəzərinizə çatdıraq ki, eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlayıb. Alban tarixçisi Moisey Kalankatuklunun “Ağvan tarixi” əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar var. Bu məlumatlardan məlum olur ki, Albaniya çarı III Vaçaqanın, ölkənin din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aquen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almağa başlayıb. III Vaçaqanın hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilib. VII əsrin ortalarına yaxın ölkədə ixtiyarlarında kəndlər və torpaq sahələri olan 30-dan artıq monastr olub.

Tədqiqatçı alimlərin fikrincə, ərəb işğalından sonra Albaniyanın Sisakan-Sünik vilayətində xristian memarlıq məktəbi IX-X əsrlərdə güclü inkişaf edib. Ərəb xilafətindən asılı olan Sisakan xristian vilayətində özünəməxsus memarlıq planlaşdırma xüsusiyyətləri olan xristian məbədləri inşa edilmişdi. Zəngəzurda tikilmiş və zəmanəmizə qədər gəlib çatmış məşhur Tatev monastr kompleksi bu abidələr içərisində orijinal memarlıq kompozisiyası baxımından seçilir. Lakin təəssüflər olsun ki, yuxarıda da qeyd etdiyimiz kimi alban xristian məbədlərinin çoxu sonradan məhv edilib. Belə ki, ərəb işğalçılarına qarşı baş verən üsyanlardan təşvişə düşən Xilafət ölkədəki şəhərlərin qala divarlarını, güclü qalaları, məbədləri dağıtdığından, həmin abidələrin çoxu dövrümüzə qədər gəlib çıxmayıb.

 

Ermənilər alban kitabələrini saxta erməni kitabələri ilə əvəz ediblər

 

Bununla belə hazırda Azərbaycan ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastr var. Lakin ermənilər tərəfindən müxtəlif dövrlərdə bu abidələrin kitabələri pozularaq məbədlərin ermənilərə aid olduğunu göstərən yeni saxta kitabələrlə əvəz olunub. Zəngəzurdakı Tatev monastr kompleksi (IX-XII əsrlər), İcevandakı Ağarçin monastr kompleksi (IX-XII əsrlər), Kecəris monastr kompleksi (XI əsr), Karkor məbədi (X əsr), Qoşavənd kilsəsi (XIII əsr) və s. belələrindəndir.

Eyni zamanda Qafqaz Albaniyasında vaxtilə çoxlu atəşpərəstlik məbədləri də mövcud olub. Bu məbədlərin tikilməsi eramızdan əvvəl VII əsrdə zərdüştiliyin yayılması ilə əlaqədar idi. Bu məbədlərin qalıqlarına Qərbi Azərbaycanda indi də rast gəlinir.

 

Abidələrimizin ermənilər tərəfindən dağıdılması bu gün də davam edir

 

XX əsrin sonlarında yenidən Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən, beynəlxalq hüquq normalarını pozaraq hərbi təcavüz yolu ilə torpaqlarımızı işğal edən ermənilər milli-mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. İşğal zonalarında maddi-mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı arxeoloji qazıntı işləri aparır, abidələrimizi dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan tarixi və maddi-mədəniyyət abidələrimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması beynəlxalq əhəmiyyət kəsb edən bir problem olmaqla yanaşı, erməni şovinistlərinin bütün bəşəriyyətə qarşı törətdikləri cinayətdir. Lakin nədənsə dünya ictimaiyyəti, xüsusən də Qərb xristian qardaşlığı mövqeyindən çıxış edərək bütün bunlara göz yumur. Ermənilərin Naxçıvanda yerləşən “erməni” abidələrinin azərbaycanlılar tərəfindən dağıdılması kimi sərsəm iddialarına tez bir zamanda reaksiya göstərən Qərb dövlətləri, tək bizim deyil, bütün dünyanın mədəni irsi hesab edilən, qədim dövrlərin bu günə qədər gəlib çatmış tarixi yadigarları olan minlərlə Azərbaycan abidələrinin erməni vandalları tərəfindən vəhşicəsinə talan edilərək dağıdılmasına isə biganə qalırlar.

 

Babək Cahandarov

 

Paritet.- 2010.- 13-14 aprel.- S. 9.