Dövlət proqramının icrası turizmin inkişafına öz töhfəsini verəcək

 

Bahadur Bilalov: ”Turizm sektorunda çoxlu sayda əcnəbi çalışır. Gələcəkdə elə etmək lazımdır ki, həmin əcnəbilər Azərbaycan vətəndaşları ilə əvəz olunsunlar“

 

Xəbər verildiyi kimi, ölkə başçısı  İlham Əliyev “2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramı”nı təsdiq edib.  Sözügedən proqramda ölkəmizdə turizm sahəsinin yüksək səviyyədə inkişafına təkan verə biləcək bəndlər yer alıb.  Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası  kafedrasının müdiri Bahadur Bilalov  bizimlə söhbətə bu proqramın əhəmiyyətindən danışmaqla başladı.

 

 Turizmlə bağlı problemləri həll etmək üçün dövlət qurumları arasında əlaqələndirici şuraya ehtiyac var

 

 -Ümumilikdə qəbul olunmuş bu tipli dövlət proqramları aid olduğu sahələrin inkişafına təkan verir. Çoxdan biz belə bir proqramın təsdiqini gözləyirdik . Hələ ümummilli lider Heydər Əliyev tərəfindən “2002-2005-ci illərdə turizmin inkişafına dair” dövlət proqramı təsdiq olunmuşdu.  2005-ci ildən sonra keçən müddətdə  ABŞ-nın qrantı ilə proqramın konturları cızılmış və belə bir proqram təsdiq olunmuşdu. Bir turizm mütəxəssisi kimi bu proqramı təsdiq etdiyi üçün ölkə başçısı hörmətli İlham Əliyev cənablarına öz təşəkkürümü bildirirəm. Proqramla tanış olanda orda bir neçə məsələnin qabardılması diqqətimizi cəlb edir. Məsələn, proqramda dörd vəzifə qarşıya qoyulub : ölkə turizminin  dünya standartları səviyyəsinə çatdırılması və beynəlxalq standartların ölkəyə gətirilməsi, bu işə daxili və xarici investorların cəlb olunması. Turizm elə bir sahədir ki, orda əlavə  investisiyalar olmadan, yalnız dövlətin maliyyəsi ilə bu işləri yerinə yetirmək mümkün deyil. Ona görə də mütləq əlavə investisiyalara ehtiyac var.

Bundan başqa dövlət tənzimlənməsinin yeni mexanizmlərinin  hazırlanması, bu çox vacib məsələdir. Mədəniyyət və turizm nazirinin başçılığı ilə digər əlaqədar nazirliklərin, komitələrin, birinci müavinlərinin daxil olduğu bir turizm şurası yaradılsın. Yəni turizm geniş bir sahə olduğundan, bir çox  nazirliklərin, komitələrin sahəsinə daxil olan  məsələlərə toxunduğundan bu məsələləri operativ həll etmək üçün bu şuraya ehtiyac var. Ayda bir dəfədən gec olmayaraq həmin  şura toplantı keçirməli və orda bu və ya digər məsələnin həlli üçün nələri etmək  lazım olması haqda operativ qərar  qəbul olunmalıdır. Düşünürəm ki, bu məsələdə  dövlət proqramı çərçivəsində  öz həllini tapacaq. Nəhayət, sonuncu bir məsələ  ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Bunun üçün yenə də  dövlət proqramı ilə tanışlıqdan sonra məlum olur ki,  12 istiqamət müəyyənləşib. Və bu istiqamətlərin içərisində kadr təminatına da xüsusi diqqət ayrılıb. Məlumdur ki, kadr olmadan bütün bu işləri yerinə yetirmək mümkün deyil. Bu gün dünya standartlarına cavab verən xidmətlər göstərə bilən kadrlara ehtiyac var. Azərbaycanda müxtəlif ali məktəblərdə turizm yönümlü kadrlar hazırlanır və proqramda da qeyd olunduğu kimi Turizm İnstitutu fəaliyyət göstərir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, digər ali məktəblər də öz işlərini  Turizm İnstitutundakı kimi qurmalıdır. Məsələn, bu təhsil ocağı beynəlxalq standartları  bura gətirib. Biz Avstriyanın Krems Universitetinin lisenziyası əsasında  menecmentlik sahəsində  proqram həyata keçiririk. Bu layihədə oxuyan uşaqlar iki -həm Azərbaycan və həm də Avstriyanın diplomunu alacaqlar. Gələcək  tələbələr artıq dünya praktikasını öyrənəcəklər. Digər ali məktəblərdə də  bu cür işin tətbiq  edilməsi vacibdir. Bundan əlavə, biz praktiki semestr müəyyən etmişik. Çünki dünya mütəxəssisləri də etiraf edirlər ki, gələcək turizm mütəxəssisləri uzun müddət praktikada olmalıdırlar. Ona görə ki, auditoriya səviyyəsində gələcəyin mütəxəssislərinə hər şeyi başa salmaq mümkün deyil. Onlar gedib bunları gələcək iş yerlərində özləri görməlidirlər. Biz də 22 həftəlik praktika müəyyən etmişik. Biz çalışırıq ki, tələbələrimiz ölkədə fəaliyyət göstərən qabaqcıl turizm obyektlərində, eyni zamanda dünya praktikasını öyrənmək üçün xarici  ölkələrdə təcrübə keçsinlər. Bizim bu yaxınlarda doqquz tələbəmiz İsraildə praktika keçəcək. Əvvəlki illərdə isə  tələbələrimiz Yunanıstanda , Türkiyədə, Kiprdə və s. ölkələrdə  praktika keçiblər.

 

ATİ-nin hazırladığı  mütəxəssislər yerli turizm obyektlərində tələb olunan  standartlara  cavab verəcəklər

 

-ATİ-nun bitirən tələbələrin  diplom alması istiqamətində vəziyyət necədir?

-İndiyə qədər Azərbaycan təhsil sistemində belə bir  fikir  formalaşmışdı ki, nə qədər tələbə universitetə qəbul olunursa, onların hamısı diplom almalıdır. Amma bu gün ölkə artıq Baloniya prosesinə qoşulub. Bu prosesdə də əsas şərt deyil ki,  universitetə  qəbul olunan bütün tələbələr  bakalavr pilləsini başa vurduqdan sonra  diplom alsın. Burda əsas məsələ kreditlərdir. Hər bir fənnin  özünün krediti olur. Baloniya prosesində, sovet təhsil sistemindən fərqli olaraq kursda qalmaq yoxdur. Tələbə hər hansı bir fənnin kreditini toplamayıbsa, növbəti ildə o, mütləq o fənni yenidən dinləməli və krediti yığmalıdır. Bu gün 4-cü kursda oxuyan elə tələbələrimiz var ki, 1-ci və 2-ci kursdan kredit borcları qalır. O borcları  nə qədər ki, ödəməyiblər onlara diplom verə bilməyəcəyik. Tələbənin borcudur ki, oxuyub kreditləri toplasın. Yekunda da Dövlət Attestasiya Komissiyası qərar verəcək ki, bu tələbəyə diplom verilsin və ya verilməsin. Bizdə doğrudan da 4-cü kursda oxuyan elə tələbələr var  ki, onların müəyyən bir qisminin kredit borcu var. Bu səbəbdən də bu illəri diplom almayacaqlar. Ancaq bu o demək deyil ki, onlar diplomsuz qalacaqlar, bu tələbələr gələn il həmin kreditləri toplayıb borclarını ödəyib diplom alacaqlar.

-Bu gün  ölkəmizdə fəaliyyət göstərən hotellərdəki  xidmətin səviyyəsi sizi qane edirmi?

 -  Azərbaycan turizm sektorunda, o cümlədən hotelçilikdə xidmətlərin səviyyəsi lazımi standartlara cavab vermir. Bu nöqteyi -nəzərdən də dövlət proqramında dünya standartlarının ölkəyə gətirilməsi məsələsi kəskin qoyulub.  Biz düşünürük ki, hazırladığımız mütəxəssislər gedib xarici təcrübəni görür. Təsəvvür edin  tələbələrin bir qismi  gedib xarici hotellərdə işləyir. Bizim hazırladığımız mütəxəssislər diplom alanda yerli hotellərdə,  digər turizm obyektlərində tələb olunan standartlara  cavab verəcəklər. Mədəniyyət və turizm   nazirinin bir fikri də var ki,  bu gün  ölkədə turizm sektorunda və  mehmanxana sənayesində bu gün  çoxlu sayda əcnəbilər çalışır. Gələcəkdə elə etmək lazımdır ki, həmin əcnəbilər  Azərbaycan vətəndaşları ilə əvəz olunsunlar. Bu  məsələ də bizim qarşımızda bir vəzifə kimi qoyulub və işimizi bu istiqamətə yönəldirik.

 

Azərbaycanda 6 mindən çox  tarix memarlıq abidəsi var

 

-Tarix mədəniyyət abidələrinin, qədim  arxitekturaya malik binaların turizm məqsədi üçün istifadə olunmasına münasibətiniz bilmək maraqlı olardı.

-Tarix mədəniyyət abidələrinin, qədim  arxitekturaya malik binaların turizm məqsədi üçün istifadə olunması proqramda ayrıca bir bəndlə verilib. Turizm mütəxəssisləri çox gözəl bilirlər ki, Azərbaycanda 6 mindən çox  tarix memarlıq abidəsi mövcuddur. Amma  bu gün turizm məqsədi üçün onların çox az bir qismi cəlb olunub. Bizdə  tədris prosesinəTarixi Mədəni Turizmadlı  xüsusi bir ixtisas fənni salmışıq. Tələbələrə ölkədə mövcud olan tarixi memarlıq abidələri haqqında məlumat çatdırılır ki, gələcəkdə onlar həmin tarixi memarlıq abidələri haqqında bilgilərindən istifadə edib, yeni  turizm marşurtları işləyib hazırlasınlar. Çünki obyekt haqqında heç bir məlumat bilmədən turistləri cəlb etmək mümkün deyil.

-Sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı əhalinin, uşaq   tələbələrin  sosial turizmdən istifadəsinin təmin edilməsi istiqamətində ölkədə vəziyyət necədir?

-Bu, çox maraqlı bir məsələdir.  Çox sevindirici haldır ki, dövlət başçısının imzaladığı bu dövlət proqramında aztəminatlı ailələr üçün sosial turizmlə bağlı xüsusi bir bənd salınıb. Sosial turizm dövlət büdcəsindən aztəminatlı təbəqələrin səfərlərinin, səyahətlərinin turizm xidmətlərinin ödənilməsinə aid olan bir məsələdir. Bu bəndin özü belə  ölkədaxili turizmin inkişafına təkan ola bilər.

-Turizm sahəsinə xarici yerli investorların cəlb edilməsi istiqaməti hansı səviyyədədir?

 -Ölkəmizdə xarici investorların cəlb edilməsi üçün münbit şərait mövcuddur. Digər sahələrdə olduğu kimi, turizm sahəsində   dövlət proqramında bu məsələnin qabardılması, onu göstərir ki, artıq dövlət turizm sahəsinə xarici investorların cəlb edilməsində maraqlıdır.Bu istiqamətdə bir sıra layihələr var. Məsələn, Kiçik Zirə (Nargin) adasının turizm bazasına çevrilməsi xarici investisiya hesabına olacaq, eləcə dəniz sahili zonalarda yeni istirahət mərkəzlərinin, Nardaran digər sahələrdə yeni, eyni zamanda dünya standartlarına  cavab verə biləcək turizm obyektlərinin yaradılması. Eyni zamanda daxili investorlarda bu istiqamətdə fəallıq göstərir. Belə ki, 2002-ci ildə mehmanaxana mehmanxana tipli obyektlərin sayı 94 idisə, artıq bu gün bu say 370 -dir. Bunun özü onu göstərir ki, artıq daxili investorlar bu sahəyə pul qoyur. Amma turizm sahəsi bu gün xarici investorlarında marağındadır. Əminəm ki, yaxın beş il ərzində biz şahid olacağıq ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bəzi, ölkələr var ki, büdcəsinin xeyli hissəsini turizmin hesabına formalaşdırır. Düşünürəm  ki, gələcək biz belə ola bilər.

Sözügedən proqramda bir məsələdə xüsusi olaraq vurğulanıb ki, ölkəyə gələn ölkədən gedən turistlərin sayı məqsədləri , xərcləri barədə statistik məlumatlar əldə edilsin. Belə məlumatların hazırlanması  Ümumdünya  Turizm Təşkilatının tövsiyələrində yoxdur. Bu gün statistika aparılmır. Biz turizm mütəxəssisi olaraq bu halı dönə-dönə tənqid etmişik. Bu məsələ dövlət proqramına salınandan sonra  Statistika Komitəsi Mədəniyyət Turizm Nazirliyinin mütəxəssisləri  birgə dünya  turizm təşkilatının tövsiyələrinə uyğun bir statistik metodika işləyib hazırlayacaqlar.

 

İlə 6 milyon rus turisti cəlb edə bilərik

 

-Beynəlxalq turizm bazarında Azərbaycan üçün prioritet  hesab olunan ölkələrin müəyyənləşdirilməsi üçün hansı işlər aparılmalıdır?

-Ümumdünya Turizm Təşkilatının mütəxəssislərinin hesablamalarına görə,  2020-ci ildə qonşu Rusiya dünya turizm bazarına 30 milyon turist çıxaracaq. Niyə biz o 30 milyon turistin ildə 5-6 milyonunu ölkəmizə cəlb etməyək?  Bunun üçün Rusiya turizm bazarında işləmək lazımdır. Ordakı səfirliyimizin işçiləri bu işdə fəal olmalıdırlar. Azərbaycanın Rusiyada böyük şəhərlərində turizm ofislərinin  yaradılması yaxşı olardı.

 

-ATİ-da bu il magistraturaya qəbul olacaqmı?

-Bu ildən artıq ATİ-da da magistratura pilləsi açılır.  Bu təhsil ocağının bilavasitə Mədəniyyət vəTurizm Nazirliyinin nəzdində olmasına baxmayaraq, ölkədə təhsili Təhsil Nazirliyi idarə edir. Ali təhsil müəssisələrinə qəbul  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasə tərəfindən aparılır. Baklavr pilləsi üzrə olduğu kimi, magistr pilləsi üzrə qəbul  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

-Tələbələrin turizm ixtisası üzrə dərsliklər əldə edilməsində vəziyyət necədir?

-  ATİ yarandığı gündən bu məsələ Mədəniyyət Turizm Nazirliyinin şəxsən cənab nazirin bilavasitə şəxsi nəzarətindədir . Nazirin təşəbbüsü ilə Moskvadan çoxlu sayda turizmlə bağlı dərsliklər alınıb   nəticədə bizim institutun kitabxanası formalaşıb. Bundan başqa cənab nazir öz şəxsi kitabxanasından xeyli sayda, təxminən 3 mindən artıq kitab hədiyyə edib. Müəllimlərimizin bizimlə əməkdaşlıq edən partnyorlarımızın bu sahədə bizə dəstəyi var. Artıq normal kitabxanamız formalaşıb. Respublikada olan hər hansı bir kitabxanada bizim kitabxanada olduğu qədər turizmlə bağlı vəsait yoxdur. Sadəcə problem ondan ibarətdir ki, Azərbaycan dilində kitablarımız azdır. Təbii ki, bizim kitabxanada olan kitabların çoxusu xarici ölkələrdən alındığı üçün rus ingilis dillərində kitablar çoxdur. Biz çalışırıq ki, Azərbaycan dilində çoxlu sayda  dərs vəsaiti hazırlayaq.

-Bu gün ölkəmizdə suvenir məhsullarının istehsalı sizi qane edirmi?

- Ölkə turizmi ilə bağlı olan kataloq bələdçi kitabları Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsi tərəfindən hazırlanır. Nazirliyin iştirak etdiyi bütün tədbirlərə bu əyani vəsaitlər aparılır. Eyni zamanda həmin materiallar CD variantlarda hazırlanır.  Ölkəyə gələn qonaqlara da bu tipli materiallar hədiyyə edilir. Qaldı suvenirlərin hazırlanması məsələsinə, təbii ki, SSRİ dağıldıqdan sonra ölkədə suvenir zavodu fəaliyyət göstərirdi. Bu gün o zavod bağlanıb   hazırda bu işlə məşğul olan müəyyən sexlər fəaliyyət göstərir. Lazımi səviyyədə olmasa da, ancaq  müəyyən suvenirlər hazırlanır. Təbii ki, proqramda o da nəzərdə tutulub ki, suvenirlərin çeşidi artırılsın. Bunun üçün sexlərin sayının çoxalması  vacibdir. Bu gün Bakı ilə bağlı suvenirlər sayı kifayət qədər olsa da,  regionlardakı  turizm obyektləri tarixi memarlıq abidələrinə həsr olunmuş suvenirlərin sayı azdır.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2010.- 13-14 aprel.- S. 5;11.