“Turizm haqqında” qanuna dəyişikliklər
ediləcək
Faiq Qürbətov: “Turizmin
inkişafı ilə bağlı dövlət
proqramının təsdiq olunması ölkəmizdə bu sahənin
yüksəlişinə böyük təsir göstərəcək”
Bu günlərdə ölkə
Prezidenti tərəfindən Azərbaycanda 2010-2014-cü illəri
əhatə edən “Turizmin inkişafına dair dövlət
proqramı” təsdiq olunub. Bu
proqramın əhəmiyyəti və orda yer almış məsələlər
bir neçə gündür ki, turizm mütəxəssislərinin
diqqət mərkəzindədir. Onlar hesab edirlər ki,
sözügedən proqramda yer almış məsələlər
icra edildikdə sonra, ölkəmizdə turizm sahəsində
müsbət istiqamətdə dəyişiklik və
inkişaf olacaq. BMT-nin
İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin
milli koordinatoru Faiq Qürbətov da hesab edir ki, yeni qəbul
olunmuş dövlət proqramı
vaxtında və yerində qəbul olunmuş sənəddir(yap.org.az)
Azərbaycanda
turizmin inkişafı ilə bağlı ilk dövlət
proqramının 2003-2005-ci illəri
əhatə etdiyini xatırladan
F.Qürbətov qeyd edib
ki, həmin
proqramının icrası tam
başa çatdıqdan sonra biz onun nəticələrini
ölkəmizə gələn turistlərin sayının
artmasında və turizm potensialının inkişaf etdirilməsində
gördük: ”Mövcud
potensialı daha da artırmaq üçün yeni proqrama
ehtiyac duyulurdu. Ən əsas məqamlardan biri də odur ki,
dövlət başçısı vurğulayıb ki, Azərbaycanda
qeyri-neft sektorunun əsas istiqamətlərindən biri də məhz
turizm sənayesidir. Bundan irəli gələrək, ölkə
Prezidenti nəinki Azərbaycanda turizm sahəsinin
inkişafına cavabdeh olan Mədəniyyət və Turizm
Nazirliyinə, həmçinin, digər aidiyyatı qurumlara da
müvafiq tapşırıq və göstərişlərini
verib. İnanıram ki, proqramın icra olunduğu dövrdə
qarşıya qoyulan bütün məsələlər yerinə
yetiriləcək. Aidiyyatı nazirliklərlə yanaşı,
turizm sahəsində çalışan sahibkarlar da bu
proqramın icrasına yardımçı olacaqlar və nəticədə
bundan Azərbaycan dövləti qazanacaq”. 2003-2005-ci illəri əhatə
edən proqramın icrası nəticəsində əldə
olunmuş nailiyyətlərdən danışan F.Qürbətov
xatırladıb ki, 2003-2005-ci illəri əhatə edən
dövlət proqramının əsas məqsədlərindən
biri Azərbaycanda turizm zonalarının müəyyən
edilməsi idi: ” Hesab edirəm ki, buna nail olduq və bu gün
də bu iş davam etdirilir. Artıq Azərbaycanda hansı
bölgədə hansı turizm formasının inkişaf
perspektivlərinin mövcud olduğu aydındır və
onların sənədləşdirilməsi prosesi gedir. Proqramda
əksini tapan ikinci mühüm məsələ kadr
hazırlığı ilə bağlı idi. Bu məqsədlə
Turizm İnstitutu yaradıldı və sevindirici haldır ki,
bu il artıq institut ilk məzunlarını buraxacaq. 300 nəfər
məzun müxtəlif turizm obyektlərində
çalışacaqlar, onların da əldə etdikləri
biliklər, təcrübələr də gələcəkdə
turizmin daha da inkişafına yardım edəcək. Bakıda
müvafiq infrastruktur qurulub və Azərbaycanın 8 turizm
potensiallı rayonlarında regional turizm informasiya treninq mərkəzləri
yaradılıb”. Ölkəmizdə turizmin inkişaf
potensialından danışan mütəxəssis bildirib ki, Azərbaycanın
ərazisi digər böyük turizm ölkələri ilə
müqayisədə o qədər də böyük olmasa da,
müxtəlif istiqamətli turizm sahələrinin
inkişafı üçün böyük potensialı var:”
Bu baxımdan ölkəmizin mədəni turizm
potensialını qeyd etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda
6600-dən çox qeydiyyatdan keçmiş tarixi abidələr
var və bunlar turizm marşrutlarının üzərində
yerləşirlər. Bilirsiniz ki, hazırda Qusarda
Şahdağ milli parkının ərazisində böyük
bir qış turizm bazası tikilir”.
“Maddi
mədəniyyətdən danışarkən, mətbəxi
və milli yeməkləri də vurğulamaq
lazımdır”-deyən F.Qürbətov bildirib ki, Azərbaycan
mətbəxi turistlərdə böyük maraq oyadır:”Azərbaycanın
hər bir bölgəsinin özünəməxsus mətbəxi
var. Eyni zamanda, sənətkarların əl işləri,
aşıq mədəniyyəti və digər tarixi mədəniyyət
və sənət nümunələri də turistləri
özünə cəlb edir”. Son
illər turizmin inkişafının
statistik göstəricisindən və ölkəmizə
gələn turistlərin sayıdan danışan F. Qürbətov
xatırladıb ki, 2009-cu ilin
statistikasına əsasən demək olar ki, 1.4 milyona yaxın
turist ölkəmizə səfər etdib:” Biz illər
arasında müqayisə aparsaq, bu prosesdə hər il 10-15
faiz artımın olduğunu görərik. Əgər bunu
bölgələrə bölsək, ən çox turist
Bakı şəhərinə gəlib. Burada da Quba, Qusar
rayonlarının adını çəkmək olar. Əgər
turistlər regional marşrut üzrə ölkəmizə gəliblərsə,
onlar Şamaxı, Şəki – Zaqatala zonalarına üz
tuturlar. Yay aylarında Bakı, Abşeron, Nabran ərazisində
yerləşən obyektlərə daha çox turistin gəlməsini
müşahidə edirik.”. Azərbaycanın
turizm potensialının xaricdə təbliğ olunması istiqamətində aparılan
işlərə toxunan Qürbətov
bildirib ki, 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin
sərəncamı ilə turizm sahəsinə cavabdeh olan
dövlət qurumu yaradıldı. Həmin nazirliyin ilkin vəzifələrindən
biri Azərbaycanın turizm ölkəsi kimi dünya ictimaiyyətinə
təqdim olunması, bu yöndə təbliğati işlərin
həyata keçirilməsi idi. İlkin olaraq, nazirlik tərəfindən
aparılan işlər nəticəsində, Azərbaycan
Ümumdünya Turizm Təşkilatının tam hüquqlu
üzvü seçildi.Həmçinin, ölkəmizin təbliğatı
məqsədilə dünyanın böyük turizm sərgilərində
Azərbaycanın da iştirakı təmin edilir. İlkin illərdə
5-6 sərgidə iştirak edirdiksə, bu gün artıq 16
böyük sərgiyə qatılmışıq və orada
ölkəmizin turizm potensialını nümayiş etdirməyə
çalışmışıq. Bundan başqa, bilirsiniz ki,
Azərbaycan dövlətinin dəstəyi ilə ölkəmizin
turizm imkanlarından bəhs edən bir neçə video-roliklər
çəkilib və onlar dünyada böyük
tamaşaçı auditoriyası olan BBS, CNN, “Euronews”,
“National Geographic”, “Travel Channel” kanallarında mütəmadi
olaraq nümayiş etdirilir. Görülən işlərin nəticəsi
olaraq, Azərbaycana turizm axını artır”.
Mütəxəssis turizm sahəsində qanunvercilik
probleminə də toxunub:” Ötən dövr ərzində
turizm sahəsinə aid qanunvericilik sənədlərinin də
təkmilləşdirilməsi üçün lazımi
işlər görülüb və görülür. Bunlar
turizm sahəsində fəaliyyət göstərən
şirkətlərin sertifikatlaşdırılması,
qeydiyyatı və digər məsələləri əhatə
edir. Əgər nazirlik yaradılarkən ölkəmizdə cəmi
30-a yaxın turizm şirkəti fəaliyyət göstərirdisə,
bu gün onların sayı artıq 200-dən çoxdur. Mehmanxanaların
sayına gəldikdə isə, bir neçə il öncə
20-yə yaxın mehmanxana var idisə, bu gün artıq 100-ə
qədərdir”. F.Qürbətov qeyd edib ki, hazırda «Turizm
haqqında» qanuna əlavə və dəyişikliklər
üzərində iş gedir. Bu məqsədlə xüsusi
bir komissiya yaradılıb və bu komissiya bütün təklifləri
topladıqdan sonra Milli Məclisə təqdim edəcək. Onun
sözlərinə görə, ötən dövr ərzində
turizm sahəsinə aid qanunvericilik sənədlərinin də
təkmilləşdirilməsi üçün lazımi
işlər görülüb və görülür. Bunlar
turizm sahəsində fəaliyyət göstərən
şirkətlərin sertifikatlaşdırılması,
qeydiyyatı və digər məsələləri əhatə
edir:” «Bu qanunda müasir dövrün tələblərinə
cavab verən məsələlər, dəyişikliklər
öz əksini tapacaq və mən inanıram ki, bundan sonra
daha yeni turizm obyektləri fəaliyyətə başlayacaq və
onların daha yeni formada, müasir standartlara cavab verən
iş üslubunda fəaliyyət göstərəcəyinin
şahidi olacağıq».
Azərbaycanda
turizmin inkişafı layihəsinin milli koordinatorı olan F.Qürbətov o layihə haqqında da məlumat
verib. O bildirib ki, Azərbaycanda turizmin inkişafı layihəsi
Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş
Millətlər Təşkilatının İnkişaf
Proqramı tərəfindən birgə həyata keçirilən
layihədir: ”Əsas vəzifəmiz turizmin inkişafı nəticəsində,
regionlarda və xüsusən, Bakı şəhərində
turistlər üçün informasiya mərkəzlərinin
yaradılması, həmçinin, bu informasiya mərkəzləri
vasitəsilə regionlarda turizm sahəsində yeniliklərin təbliği,
bu sahənin inkişafına yardımçı olmaq məqsədilə
təlimlərin keçirilməsidir”.
G.ƏSƏDOVA
Paritet.- 2010.- 17-19 aprel.- S. 4.