İstiqlal Muzeyi 1919-cu ildə yaradılmış muzeyin mənəvi varisi oldu

 

Muzeydə Xalq Cümhuriyyəti dövründən ATƏT-in İstambul və Lissabon sammitlərinədək istiqlal tariximizə aid eksponatlar sərgilənir

 

Muzeylərimizin bir çoxunda tarixin  müxtəlif dönəmlərində xalqımıza və  soydaşlarımıza qarşı  ermənilər tərəfindən törədilmiş misli görünməmiş vəhşilikləri özündə əks etdirən eksponatlar, tarixi sənədlər, kitablar, eyni zamanda vətən, torpaq yolunda canlarından keçmiş qəhrəman oğul və qızlarımıza məxsus olan əşyalar, onlara həsr edilmiş kitablar qorunub saxlanır və gənc nəsilə çatdırılır. Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən yaradılmış  Azərbaycan  İstiqlal Muzeyi öz zəngin fondunda tariximizin müxtəlif dövrlərinə aid olan sənədlərlə  yanaşı, erməni vandalizmini özündə əks etdirən çoxsaylı materiallar, o cümlədən tarixi faktlara əsaslanan arxiv sənədlərini   qoruyub saxlayır.

Muzeyin elmi ekpozisiya şöbəsinin müdiri Şərafət Məmmədova bizimlə söhbətində bildirdi ki, İstiqlal Muzeyi yaradılandan dərhal sonra sənədlərin işlənməsi və arxivlərin öyrənilməsi zamanı çox maraqlı və mühüm bir məqam aydın olub:” Azərbaycanın ilk rəsmi muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin egidası altında yaradılmışdı. O Azərbaycanın görkəmli sənətşünas-alimi Məmməd Ağaoğlunun (1896-1949) təşəbbüsü ilə təsis olunub və İstiqlal adını daşıyırdı. Birinci yaradılan muzeydən heç bir eksponat qalmasa da, 1991-ci ildə yaradılmış muzey “İstiqlaladını alaraq birinci muzeyin mənəvi varisi oldu. Muzeyin yaradılmasında  məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındaki mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizə mərhələlərini ardıcıl əks etdirməkdi”.

Muzey işçilərinin zəhməti nəticəsində 20 minə yaxın (7460-əsas fond) eksponat toplanıb”-deyən şöbə müdiri bildirdi ki, onlar nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardır”.

Qeyd edək ki, hazırda “İstiqlalMuzeyi Muzey Mərkəzinin 3-cü mərtəbəsində yerləşir və 6 zaldan ibarətdir. Ş.Məmmədova qeyd etdi ki, I zalda Azərbaycanda ən qədim zamanlardan başlayaraq XIX əsrin sonlarına qədər olan milli-azadlıq hərəkatının tarixi ilə tanış olmaq olar:” Yerin azlığına görə burada ən qədim dövrə, xürrəmilər hərəkatına, Səfəvilər dövlətinə, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasına, Azərbaycanın Rusiyaya birləşdirilməsinə aid bütün materiallar cəmləşib. II zal ölkə tarixindəki qısa, lakin öz mahiyyətinə görə çox zəngin olan bir dövrü XIX əsrin sonu- XX əsrin əvvəllərini əks etdirir. Bu mədəniyyət və elmin, neft sənayesinin inkişafı və bunun da nəticəsi kimi Z.Tağıyev, Ş.Əsədullayev və A.Nağıyev və başqa xeyriyyəçilər tərəfindən maliyyələşdirilən yeni binaların, məktəblərin, teatrların və xəstəxanaların tikilməsi dövrü idi. Bu zalda həm də XX əsrin birinci yarısında Azərbaycanı titrətmiş gur hadisələrlə də tanış olmaq olar. Rusiyanın tərkibinə daxil olmuş Azərbaycanın şimal hissəsində də XX əsrin əvvəllərində Rusiyanı bürüyən dəyişikliklər baş verirdi - bu ilk inqilabi dərnəklərin yaranması, fəhlələr içərisində inqilabi təbliğat və Azərbaycanda sovet hökumətinin qurulması idi. Lakin bundan başqa 1905-1918-ci illərdə Azərbaycan xalqı ermənilər tərəfindən soyqırıma da məruz qaldı. Dəhşətli qırğın və təcavüz faktları həmin illərin fotoxronikasında öz əksini tapıb. Həmin illərin parlaq faktı 1918-ci il mayın 28-də təsis olunmuş ADR-in fəaliyyəti idi. Cəmi 23 ay mövcud olmuş ADR bir çox demokratik dəyişikliklər həyata keçirib və  Şərqdə ilk demokratik dövlət olub”. O bildirdi ki, muzeyin ikinci zalında Azərbaycan tarixinin bu mühüm dövrü haqqında dolğun məlumat almaq olar:”Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasından sonra Azərbaycanın cənub hissəsi İrana birləşdirildi. Xalqı bu cür böldülər, lakin birləşmək, müstəqillik ideyası azərbaycanlıların Cənubi Azərbaycanda mübarizəsinin başlıca faktoruna çevrildi. Muzeyin III zalı məhz bu mövzuya həsr olunub. “21 Azərhərəkatıın iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə yığılmış materiallarda Cənubi Azərbaycanda XX əsrin birinci yarısında baş verən hadisələr - 1905-1911-ci illər Məşrutə hərəkatı, 1917-1918-ci illər Ş.M.Xiyabani hərəkatı və 1941-1945-ci illərdəki “21 Azərhərəkatı öz əksini tapır. Bu zal gələn iranlı qonaqların və dünyanın müxtəlif güşələrində yaşayan azəri diasporunun xüsusi marağına səbəb olur”.

Şöbə müdiri bildirdi ki, o zaman SSRİ-də baş verən bütün hadisələr Azərbaycanda da əks olundu:”  Azərbaycanın minlərlə ən yaxşı oğulları siyasi repressiyalara məruz qaldı. Ekspozisiyanın IV-cü zalının bir hissəsi bu mövzunu əks etdirir. Elə buradaca II Dünya  müharibəsi mövzusuna aid olan eksponatlarla tanış olmaq, azərbaycan xalqının düşmən üzərində qələbəyə verdiyi töhfəsi haqqında öyrənmək olar”.

Azərbaycan üçün ölkənin müstəqilliyinə gedən yol çox keşməkeşli olub deyən Ş. Məmmədova xatırlatdı ki, Ermənistanın başladığı müharibə, 1990-cı il qanlı 20 yanvar hadisələri, sonrakı illərin faciəli hadisələri günahsız qurbanlara səbəb oldu:” Şəhidlər, qaçqınlar, işğal olunmuş torpaqlar - bütün bunlar həmin dövrün reallıqlarıdır. Lakin buna baxmayaraq 1991-ci il oktyabrın 18-də ölkənin müstəqilliyi elan edildi. Azərbaycanın inkişafında yeni mərhələ 1993-cü ildə, ölkəmizin ümummilli lideri Heydər Əliyevin hakimiyyət sükanını ələ almasından sonra başladı. Ölkə tarixinin bu dövrünün fotoxronikasını, Qarabağ müharibəsinə aid eksponatları muzeyin V-ci zalında görmək olar”.

Nəzərə çatdıraq ki, VI zalda Azərbaycan tarixinin günümüzə qədər olan bütün sonrakı dövrünü əks etdirir. Burada müstəqil Azərbaycanın konstitusiyasının qəbul olunması, dövlət və ordu quruculuğu, iqtisadiyyat və neft siyasəti, xarici siyasət və beynəlxalq təşkilatlarda iştirak- BMT, ATƏT (Lissabon sammiti, ATƏT-in İstanbul sammiti) və başqa mühüm sahələrdəki  fəaliyyətlə bağlı fotoxronika ilə tanış olmaq olar: ”1993-cü il 6 may tarixində Füzuli rayon tarix - diyarşünaslıq  muzeyinin 711 eksponat, 1993-cü ilin 10 dekabr tarixində Cəbrayil rayon tarix - diyarşünaslıq muzeyinin 16 minə yaxın eksponatı İstiqlal muzeyin fonduna qəbul edilib. Bu eksponatlar bugünədək muzeydə saxlanılır və muzeydə keçirilən müxtəlif sərgilərdə nümayiş olunur”.

Muzeydə mütəmadi olaraq Azərbaycan tarixinin müəyyən tarixi hadisələrinə həsr olunmuş müxtəlif tədbirlər, görüşlər, sərgilər keçirildiyini deyən şöbə müdiri bildirdi ki ,Azərbaycan İstiqlal Muzeyinin fəaliyyətində gənclərin patriotizm və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, Azərbaycan dövlətçiliyinin təbliğatı, Azərbaycan tarixinin daha dərindən və incəliklərinə qədər öyrənilməsi çox böyük yer tutur:” Muzeyimizdə tariximizlə bağlı müxtəlif tədbirlər keçirməklə yanaşı,uşaqlara maraqlı formada dövlətimizin tarixindən bəhs edən müxtəlif tapşırıqlar verilir. Eyni zamandaBiz-Müstəqilliyimizin varisiyikadlı  dərnək fəaliyyət göstərir. Milli qəhrəmanlarımızla bağlı tədbirlər keçiririk, onlara məxsus olan və muzeyimizdə qorunub saxlanılan əşyaları nümayiş etdiririk və o zaman onların ailələrini də tədbirlərimizə  dəvət edirik. Qarabağ ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, polis işçisi olmuş  Eldar Tağızadənin hərbi forması bizim muzeydə bu gün qorunub  saxlanılır. Bundan başqa qəhrəman qızlarımız Gültəkin və Salatın  Əsgərovalara  məxsus olan şəxsi əşyalar muzeyimizdə  xüsusi olaraq mühafizə olunur”.

Məlumat üçün bildirək ki,  mayın əvvəllərində II dünya  müharibəsində faşizm üzərində qələbənin 65 illiyi ilə bağlı İstiqlal Muzeyində təntənəli tədbir keçiriləcək:” Bu  çox geniş bir tədbir olacaq. Tədbirimizə çoxsaylı qonaqlar dəvət etmişik. Qonaqlar arasında Sovet İttifaqı qəhrəmanları, dövlət rəsmiləri hərbçilər, gənclər,  eyni zamanda ölkəmizdəki bir sıra xarici  ölkələrin səfirləri də var”.

 

 

Günay

 

Paritet.- 2010.- 20-21 aprel.- S. 13.