Turizm müəssisələrinin idarə edilməsinə ekoloji üsulların tətbiq olunması turizm sənayesi üçün yeni bir işdir

 

Hər bir ölkədə turizmin  inkişafına təkan verən amillər var. Bu amillər arasında əsaslarından biri də ölkənin təbiətidir.  Çünki cəlbedici ladşaft, təmiz hava, göl və nohurlarda təmiz su, geniş və təmiz çimərliklər, meşə sahələri, gursulu bulaqlar və s. kimi  təbiət möcüzələri turizmin inkişafına təkanverəcək qüvvələrdir. Amma turizm sənayesi ölkənin təbii, mədəni və tarixi ehtiyatlarını istismar edir, tullantılar istehsal edir, havanı, suları və torpağı çirkləndirir, təbiətə güclü antropogen təsir göstərir. Bu səbəbdən də turizmin ekologiyaya olan zərərli təsirini tamamilə aradan qaldırmaq, bu mümkün olmadıqda isə minimuma endirmək üçün hazırda dünya mütəxəssisləri müxtəlif layihələr üzərində işləyirlər. Bəs yerli turizm müəssisələri ekologiya məsələlərini necə həll edir, onların həllində müəssisə rəhbərliyi nə dərəcədə maraqlıdır?. Sualını  turizm mütəxəssislərinə ünvanladıq.

Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun dediyinə görə, son on ildə maliyyə nəzarəti və bazar amilləri, həmçinin müəyyən qanunvericilik tədbirləri daxil olmaqla, ətraf mühitin mühafizəsi yeni səviyyəyə qalxıb: “Avropa İttifaqı “Ekoloji menecment və təftiş sistemində şirkətlərin könüllü iştirakı haqqında” EC 1893/93 saylı əsasnamə işləyib hazırlayb. Ekoloji menecmentin metodikasına uyğun olaraq, turizm fəaliyyətinin ekoloji aspektlərinin idarə olunmasını yaxşılaşdırmaq məqsədilə turizm müəssisələri öz qüvvəsilə və ya sifarişlə obyektiv ekotəftişlər apara bilər. Bir sıra Avropa ölkələrinin ekologiya menecmenti sistemi turizm müəssisələrində ekotəftişlərin aparılması zamanı səyahətlərin keçirilməsi şərtlərinə, ekoloji cəhətdən hazırlıqlı turistlərin tələblərinin nəzərə alınması, turizm müəssisələri tərəfindən xammal, su, elektrik və istilik enerjisinə qənaət olunmasına köməklik tədbirləri, “Tullantılar haqqında” Qanuna uyğunluğu təmin etmək məqsədilə tullantıların idarəedilməsi prosesinin mənimsənilməsi, spesifik turizm xidmətlərinin göstərilməsi zamanı turizm müəssisələrinin xüsusi xarakteristikaları kimi məsələlərə baxılmasını nəzərdə tutur”.

“Ekoloji menecmentin metodikasına uyğun olaraq, müəssisələr turizm xidmətləri göstərərkən, ərzağın və inventarların planlaşdırılması və alınmasından başlayaraq, gündəlik praktiki məsələlərin həllinə qədər, öz fəaliyyət dairəsinə ekologiya məsələlərini də daxil etməlidirlər”-deyən mütəxəssis bildirdi ki, turizm müəssisələrinin idarə edilməsinə ekoloji üsulların tətbiq olunması turizm sənayesi üçün yeni bir işdir:” Beynəlxalq səviyyədə ekoloji məsələlərin ardıcıl və münasib idarə edilməsinin təməlində bir sıra keyfiyyət sisteminin fəlsəfəsinə əsaslanan (operativ, qeydiyyat və nəzarət prosedurları) ekoloji menecment sistemi durur. Avropa ölkələrində ekoloji menecment sistemi, Britaniya standartlaşma təşkilatının (1992-ci ildə hazırlanıb) tələblərinə uyğun olaraq, rəsmi surətdə sertifikatlaşa bilər”.Rəhimov bildirir ki, bu gün Azərbaycanda turizm sənayesi müəssisələri tərəfindən ekoloji idarəetmə üsullarının tətbiqi Avropa ölkələri təcrübəsilə  haqqında”  qanun  və “Turist-ekskursiya xidmətləri” dövlət standartı ekologiya və müəssisələrin ətraf mühitə mənfi təsiri məsələlərinə praktiki olaraq toxunmur. Azərbaycan Respublikasının “Turist-ekskursiya xidmətləri. Turist xidmətləri. Ümumi tələblər” Dövlət standartının 4.2.2 bəndində qeyd olunur ki, turizm xidmətlərinin təşkili, ətraf təbii mühitin xarakteristikasının pisləşməsinə (ərazinin çirklənməsi, bitki örtüyünün tapdanması, ağac və kolların zədələnməsi və yandırılması və s.) təsir etməməlidir. 2010-cu ilin Azəbaycanda ekologiya ili elan edildiyini nəzərə aldıqda, bu tələbin təxirəsalınmaz həlli arzuolunandır”.

Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, turizmin  iqtisadi  səmərəsi hər kəs üçün aydın olsa da, çoxları  bu sahənin inkişafının ekologiya üçün mənfi təsiri haqqında məlumata malik deyil. Bu səbəbdən də böyük əksəriyyət turizmə büdcənin “xilaskarı”, işsizliyin aradan qaldırılmasında, gəlirlərin artırılmasında mühüm vasitə  kimi yanaşırlar: “Dünya təcrübəsinə diqqət yetirsək görə bilərik ki, hələ ötən əsrin 70-80-ci illərində tədqiqatçılar turizmin ekologiyaya mənfi təsiri barədə həyəcan təbili çalmağa başlayıblar. Məsələnin mahiyyəti ondan ibarətdir ki,  turizm fəaliyyəti prosesində ətraf mühitdə mütləq dəyişkənlik baş verir.  Acınacaqlı hal odur ki, mənfi dəyişkənlik yüksələn xətt üzrə inkişaf edir. Doğrudur, tez-tez təbiətə qayğı ilə yanaşmağa dair şüarlarla rastlaşırıq. Lakin təcrübə sübut edir ki, bu şüarların elə bir əhəmiyyəti yoxdur və təbiəti turizmin mənfi təsirlərindən qorumaq üçün daha təsirli tədbirlər həyata keçirilməlidir. Çünki “Yaxşı nədir (ekoloji baxımdan) və pis nədir” problemi dar iqtisadi çərçivədən kənara çıxır.

Bu problemin həlli təbii resurslardan turizm məqsədli istifadə zamanı  müxtəlif təsir vasitələrinə malik olan sistemli yanaşma tələb edir. Mütəxəssisin fikrincə, belə təsir vasitələri əlavə texniki, təşkilatı, sosioloji və ekoloji biliklərin  cəlb olunmasını nəzərdə tutur: “Dərk etmək lazımdır ki, təbiəti turizmdən qorumaq, onu turizm üçün saxlamaq günün ən vacib problemlərindəndir. Ekoloji tarazlığın bir çox pozuntuları xeyli zaman keçdikdən sonra özünü büruzə verir. Turizm məqsədilə ətraf mühitdən nəzarətsiz istifadə onun məhvinə gətirib çıxarır və təbiət gələcək nəsillər üçün itirilir. Fərdi ehtiyaclarını qısa müddətdə ödəməyə çalışan turistlər bu istəyi təbii sərvətlərdən uzunmüddətli istifadədən üstün tuturlar. Lazımi infrastruktura malik olmayan, lakin turistlərin daha çox toplandığı yerlər  ciddi risk mənbələrinə çevrilirlər”.

B.Bilalov dünya ölkələrinin təcrübəsinə nəzər yetirməyi məsələhət görür: “Böyük Kanyon Milli Parkı (ABŞ) turistlərin həddindən artıq gəlməsi səbəbindən çirklənib və öz cəlbediciliyini itirib. Şərqi Afrikadakı bir çox əyləncə parkları dördtəkərli arabalarda əylənən turistlər tərəfindən toz təpələrinə çevrilib. Sanitar normalara əməl edilməməsi və zibillik Tailanddakı çimərlik kurortlarına ciddi ziyan vurub. Kamçatkadakı çox nadir termal mənbələr nəzarətsiz turist axını səbəbindən temperatur balansının pozulması, bəzilərinin isə fontan vurmasının dayanması ilə üzləşib.

Tez-tez turizm və ekologiyanın qarşılıqlı münasibətində üstünlük iqtisadiyyata verilir. Hesab edilir ki, ətraf mühitin qorunması problemləri iqtisadi problemlərdən sonra həll edilməlidir. Əslində isə bu məsələ əksinə olmalıdır. Bir qayda olaraq turistləri məhz ekoloji təmiz regionlar cəlb edir, çünki burada onlar tam sağlam istirahət və təbiətlə təmasdan estetik təəssürat əldə edə bilirlər. Təbiətdəki hər hansı pozğunluq nə zamansa regionda turizmin iqtisadi sahə kimi məhvinə gətirib çıxarır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda ekologiyanın qorunması və təbiətə dəyən mənfi təsirlərin aradan qaldırılması üçün müəyyən qanunvericilik aktları və bir sıra qadağalar var: “Bizim vətəndaşlar elə hesab edirlər ki, təbiət qoynunda dincələndə hər şey eləmək olar. Meşədə tonqal qalamağı, ağacların budaqlarını sındırıb yandırmağı insanlar adi hərəkət hesab edirlər. Meşə əcəlləsində, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunda və bir sıra digər qanunvericilik aktlarında müəyyən qadağalar var. Məsələn, qoruq ərazisinə insanların girməsi qadağandır. Milli parkların ərazisinə isə vətəndaşlar yalnız xüsusi marşrutlar üzrə - turistlər üçün nəzərdə tutulmuş əraziyə girə bilər. Meşə ərazilərə turistlərin daxil olmasına icazə var, amma tonqal qalamasına yox. Bunların hamısı bizim qanunvericilikdə nəzərdə tutulub. Sadəcə, qanunlara əməl etmək lazımdır. Qorunmayan əraziyə bizim nazirlik nəzarət etmir. Biz yalnız qüvvədə olan qanunvericiliyin normalarına nəzarət edirik. Dünya praktikasında da ən əsas iş maarifləndirmədir”.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2010.- 20-21 aprel.- S. 12.