Azərbaycanda
mobil texnologiyanın yeni mərhələsi
“Ölkədəki
digər operatorlar da 3G texnologiyasını tətbiq etməyə
başlasa, onda həm bununla bağlı rəqabət mühiti
yaranar, həm də istifadəçilərin sayı
çoxalar”
Azərbaycanda
aparılan dövlət siyasəti İKT-nin yeni bir prioritet
sahə kimi inkişafına əlverişli şərait
yaradır. İKT müasir cəmiyyətin ən vacib
infrastrukturu, iqtisadiyyatın bir sektoru, əmək məhsuldarlığının
artım amili və müasir humanitar inkişafın katalizatoru
olaraq, Azərbaycanda energetika sektorundan sonra ən dinamik
inkişaf edən ikinci sahədir.
Bu gün bütün dünyada belə
bir zərb-məsəl özünə yer edib: “Ən qiymətli
kapital informasiyadır. İnformasiyanın sahibi dünyanın
ağasıdır”. Elə bunun nəticəsidir ki,
dünyanın iri kommunikasiya şirkətləri
informasiyanın ötürülməsində ən son
texnologiyalardan istifadə edirlər. Belə texnologiyalardan biri
də 3G texnologiyasıdır. 3G üçüncü nəsil
İnternet şəbəkəsi xidmətlərinə
yüksəksürtəli mobil çıxışı və
ötürmə kanalı yaradan radiorabitə
texnologiyalarını birləşdirən xidmətlər
toplusudur. 3G-dəki G (generation) hərfinin ingilis
dilindən dilimizə anlamı da “nəsil” deməkdir.
3G standartı Beynəlxalq Elektrorabitə
İttifaqı tərəfindən işlənib və
İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır.
3G üçüncü nəsil şəbəkələri
2QQç diapazonu tezliklərinə işləyərək məlumatları
saniyədə 2 Mbit/s sürəti ilə ötürürlər.
Dünyada 3G-nin iki standartı var: UMTS (yaxud W-CDMA) və
CDMA2000. UMTS əsasən Avropada, CDMA2000 isə Asiya və
ABŞ-da yayılıb. “Wireless Intelligence”in məlumatlarına
görə, 2006-cı ilin sonu üçün dünyada 364
mln. 3G abonenti olub. Onlardan 93.5 mln. UMTS, 271.1 mln. isə CDMA2000
şəbəkəsinə qoşulub.
Ölkəmizdə 3G abunəçilərinin
sayı gündən-günə artır
Göründüyü kimi
bütün inkişaf etmiş ölkələrdə bu proses
başlayıb. Sevindirici hal olaraq ötən ilin avqustunda artıq qonşu
Türkiyədə də 3G texnologiyası istifadəyə
verildi. Bu sistemin Azərbaycanda da reallığa çevrilməsini
çox gözləmək lazım gəlmədi. Prezident
İlham Əliyevin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə 3G mobil rabitə xidmətləri
göstərilməsi üçün lisenziya vermək səlahiyyəti
verilib. Prezidentin sərəncamına əsasən bu xidməti
göstərən şirkətlər 11 min manat rüsum
ödəyəcək. Artıq Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilk olaraq “Azerfon” şirkətinə 3G
texnologiyası üzərindən yeni xidmətlər təqdim
etmək üçün lizenziya verib. Ötən ilin dekabrında “Azerfon-Vodafone”
brendi altında Azərbaycanda
ilk dəfə 3G xidmətlərinin göstərilməsinə
start verildi. Xidmətlərdən istifadə etmək
üçün yeni SİM-kartların alınması tələb
olunur. Hazırda ilkin olaraq Bakı, Sumqayıt, Gəncə,
Şirvan, Naxçıvan, Mingəçevir, Şəki,
Tovuz, Şəmkir şəhərlərində və
Abşeron yarımadasında 3G xidmətlərindən istifadə
etmək mümkündür.
Bu gün əhalinin 3G
texnologiyasına münasibətinin necə olması
maraqlıdır. Bununla bağlı “Azerfon”un Korporativ Əlaqələr
üzrə meneceri Elşad Fərzəliyev qəzetimizə bildirdi ki, 3G xidməti abunəçilər
tərəfindən böyük maraqla qarşılanıb: “077
prefiksindən istifadə edən “Azerfon-Vodafone” abunəçilirinin
sayı 2009-cu ilin dekabr ayında 5000-dən artıq olub.
Hal-hazırda 3G texnologiyasından 60 000-dən çox abunəçi
yüksək sürətli məlumat ötürülməsi,
video zəng kimi xidmətlərdən yararlanırlar. Və bu
rəqəm gündən-günə durmadan artır”.
3G-nin
özünü necə doğrultmasına gəlincə , E.Fərzəliyev
dedi ki, bu xidmət abunəçilərə yerləşdikləri
məkandan asılı olmayaraq naqilsiz, rahat və
genişzolaqlı mobil İnternetlə təmin edir. “Bu gün
biz əminliklə deyə bilərik ki, çox qısa bir
zamanda 3G texnologiyasından istifadə edən abunəçilərin
sayı sürətlə
artması, 3G-nin özünü müsbət şəkildə
doğruldmasından xəbər verir”-deyə o əlavə
etdi..
3G
xidməti ilə bağlı aparılan maalifləndirmə
proqramlarında danışan mencer bir neçə istiqamətdə
işlərin aparıldığını vurğuladı.
Belə ki, jurnalistlər üçün xüsusi seminarlarlar keçirilib və
gələcəkdə daha bir neçə
görüşün keçirilməsi
planlaşdırılır: “Bundan başqa müvafiq forumlarda,
biznes görüşlərdə təqdimatlar təşkil
etmişik. Eyni zamanda əhalinin maariflənməsi
üçün TV verilişlər hazırlanır və efirə
verilir. Yaxın müddətdə bir neçə geniş
layihlər efirə buraxılacaq”.
Onun sözlərinə görə,
abunəçilər 3G texnologiyasının bütün
üstünlüklərindən istifadə edirlər. “Əsasən
də yüksəksürətli məlumat ötürülməsi,
görüntülü zənglər xidmətləri abunəçilər
tərəfindən çox sevilir”-deyə o bildirdi.
“Azercell” 3G texnologiyasının təqdimatına
artıq iki ildən çoxdur ki hazırdır
Qeyd
edək ki, “Azərfon”la yanaşı 3G xidmətinin istifadəyə
verilməsi üçün “Azercell Telecom” MMC də şəbəkədə
test işləri həyata keçirib. Şirkət bu təkliflə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə hələ
2005-ci ildə müraciət edib. “Azercell” in Korporativ Əlaqələr və
Sosial Məsuliyyət şöbəsinin rəhbəri
Ülviyyə Həsənzadə “Paritet”ə
açıqlamasında dedi ki,
şirkət 3G texnologiyasının təqdimatına
artıq iki ildən çoxdur ki hazırdır: “2008-ci ildə
İKT sahəsində Azərbaycanın ən vacib tədbiri
olan “BakuTel” sərgisində 3G texnologiyasını təqdim edən
“Azercell” builki sərgidə artıq
4G mobil texnologiyasını sınaqdan keçirib. Mobil rabitənin
əhatə dairəsinin genişlənməsi və yeni
texnologiyaların, xüsusilə 3G və daha qabaqcıl
olanların tətbiqi Azərbaycanda informasiya
texnologiyalarının gələcək inkişafı
üçün çox mühümdür. Məhz bu texnologiyalar
bütün iş adamlarının və sıravi vətəndaşların
informasiya məkanına qovuşmağına imkan yaradır.
Biliklərə əsaslanan cəmiyyətin əsas mühərriki
kommunikasiya xidmətləridir. Bu növ xidmətlər iqtisadi
artıma, sosial sahəyə və ətraf mühitə
töhvə verir, daxili və xarici sərmayələri cəlb
edir. Bütün operatorlar üçün bərabər
şərait yaratmaqla və innovativ texnologiyaların tətbiqinə
imkan açmaqla Azərbaycan, İT sahəsində
Qafqazdakı birinciliyini qoruyub saxlaya və həqiqi informasiya cəmiyyətinə
çevrilə bilər”.Ü.Həsənzadənin sözlərinə
görə, “Azercell” nəinki
3G texnologiyasının işə salınmasına, həmçinin
bu texnologiyanı dəstəkləyən müvafiq telefon
modellərinin, cihazların təminatı və onların
müştərilərə təqdimatına da
hazırdır: “Biz 3G lisenziyası üçün nəzərdə
tutulan müvafiq uyğunluq sertifikatlarını əldə
etmək üçün müxtəlif tarixlərdə
müvafiq strukturlara bir neçə dəfə yazılı
müraciətlər etmişdik və güman edirik ki,
çox yaxın gələcəkdə 3G lisenziyasını əldə
edib müştərilirimizi yeniliklərlə sevindirəcəyik”.
O
eyni zamanda bildirdi ki, Azərbaycanda həm siravi vətəndaşlar,
həm də iş adamları ən müasir
texnologiyaların bütün üstünlüklərindən
faydalanmaq hüquqlarına malikdirlər: “Təbii ki,
davamlı inkişaf və innovasiyalar böyük sərmayələr
tələb edir. Burada vurğulamaq yerinə düşərdi
ki, Azercell fəaliyyət göstərdiyi 13 il ərzində
ölkə iqtisadiyyatına təqribən 1 milyard ABŞ
dolları məbləğində sərmayə
yatırmışdır. Bildiyimiz kimi, İKT sektorunun
inkişafı ölkə Prezidenti tərəfindən əsas
prioritetlərdən biri kimi elan olunmuşdur ki, bunu da rəhbər
tutaraq, “Azercell Telekom” MMC öz tərəfindən Azərbaycanda
telekommunikasiya infrastrukturu və xidmətlərinin gələcək
inkişafına sərmayə yatırmaqda israrlıdır və
həm ölkəmizin, həm də xalqımızın
firavan gələcəyinə öz töhvəsini vermək əzmindədir”.
Ölkədəki
digər mobil operator “Baksell”in də 3G texnologiyasının tətbiqinə
nə dərəcədə hazır olduğunu öyrənmək
üçün şirkətlə nə qədər əlaqə
saxlasaq da, bu haqda məlumat verilmədi. Amma bu günlərdə
jurnalistlərə açıqlamasında rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu ilin
yayına qədər “Azercell Telekom” və “Bakcell”ə 3G
lisenziyası veriləcək. Ə.Abbasov deyib ki,
hazırda hər iki şikətin Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə lisenziya ilə bağlı
ünvanladıqları müraciətlərə
baxılır: “Radiotezliklər İdarəsi də bir
neçə sualın aydınlaşdırılmasını
istəyir. İstənilən halda bu proses bu ilin yayına qədər
yekunlaşacaq”
“Bu xidmətin üstünlüklərilə
bağlı aparılan maarifçilik işləri yetərli
deyil”
Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz hesab edir ki, 3G xidmətinin hələlik
geniş təbəqələr tərəfindən istifadəsi
ilə bağlı danışmaq çox tezdir: “Məncə
əhalinin geniş təbəqəsi hələ ki bundan
istifadə etmirlər. Bunun da bir sıra səbəblərini
demək olar. Birincisi əsas səbəb bu xidmətin qiyməti
ilə bağlı ola bilər. Nəinki 3G, ümumiyyətlə
mobil internet xidməti ilə bağlı xidmət Azərbaycanda
hələ kifayət qədər bahadır. Düzdür, son
dövrlərdə mobil operatorlar tərəfindən müəyyən
güzəştli paketlər təklif olunur”.
O.Gündüzün fikrincə 3G-nin Azərbaycanda kütləviləşməməyinin
ikinci əsas səbəbi maarifçilik məsələləri
ilə bağlıdır: “Doğrudan da, gözəl
texnologiyadır, amma elə insanlar var ki, imkanı
çatır bu texnologiyadan istifadə etməyə, sadəcə
bunun üstünlüyünü bilmir. Bu üstünlüklərlə
bağlı aparılan maarifçilik işləri, kampaniyalar
yetərli deyil. Məncə müəyyən ayrı-ayrı
təbəqələr, məsələn, jurnalistlər, QHT-lər,
sahibkarlar, elm-təhsil adamları və s. üçün
istiqamətverici terninqlərin aparılmasına ehtiyac var.
Bunları edəndən sonra müəyyən canlanma hiss edə
bilərik”.
AİF
rəhbəri qeyd etdi ki, 3G texnologiyasının geniş
yayılmasının qarşısını alan amillərdən
bir də bu xidmətin bir operator tərəfindən təqdim
olunmasıdır. “Məncə ölkədəki digər
operatorlar da bu texnologiyanı tətbiq etməyə
başlasalar onda həm bununla bağlı rəqabətli
mühit yaranar, həm də istifadəçilərin sayı
çoxalar”-deyə o əlavə etdi.
İKT İnformasiya Mərkəzinin
direktoru Fərid Kazımovsa bizimlə söhbətində
bildirdi ki, 3G Azərbaycanda mobil texnologiyanın yeni bir mərhələsidir:
“Bu texnologiya müxtəlif sahələrdə xidmətləri
tamamilə yeni müstəviyə qaldırmağa imkan verir. O
həm biznesdə, həm məişətdə, ümumiyyətlə,
insanların ünsiyyətində böyük imkanlar
yaradır”.
Cəmiyyətin 3G-yə
marağına gəlincə, o
hesab edir ki, burada insanların qavrama səviyyəsi də nəzərə
alınmalıdır: “Texnologiyada təkamül məsələsi
var. Dünyada belədir, insanlar get-gedə yeni texnologiyanı
qavrayırlar. Bu qavrama prosesində onlar hər bir
texnologiyanın istifadəsi üçün öz hazırlıqlarını
bildirirlər. Artıq məncə ölkəmizdə əhali
yavaş-yavaş bunu qavrayırlar. Bu da onların bu
texnologiyaya aludə olmağının göstəricisidir”.
“Bu
gün bütün dünya mobilliyə doğru gedir” deyən
direktor bildirdi ki, azərbaycanlılar yeni texnologiyaları tez
qavrayırlar: “3G cəmiyyətin özünü də mobilləşdirəcək.
Mobillik də insanları hər yerdə daha çevik edir”.
F.Kazımovun sözlərinə görə, 3G-yə tələbat
tədricən artacaqdır: “Bu kimə lazımdıra, o
istifadə edəcək. Məsələn kimsə bizneslə
məşğuldursa o mütləq mobil internet
toxnolgiyasından istifadə edəcəkdir”.
Onun
fikrincə, burada qiymətlər məsələsi problem ola
bilməz: “Məsələn bir necə il bundan qabaq internetə
qoşulmaq üçün insanlar əsasən Dial-up-dan
istidfadə edirdi. İndi qiymətlər ucuzlaşıb deyə
əksər insanlar ADSL-dən istifadə edir. Artıq
müşahidə edirk ki, 3G texnologiyasının da get-gedə
qiymətləri düşməkdədir. Əminəm ki, qiymətin
azalması davam edəcəkdir”.
Bəs, 3G
kimlər üçün
faydalıdır?
Yaxşı, gəlin görək bu
3G bizə nə verə biləcək? Kimlərə daha
çox gərəkdir? Bu sistemin texnoloji üstünlükləri
və bir sıra parametrləri haqda mütəxəssislərin
fikri belədir:
1.
3G-nin istifadəsi ilə istifadəçilər
danışarkən nəinki bir-birilərinin canlı səsini
eşidə bilər, həm də bir-birilərini canlı
olaraq görə də bilərər.
2.
Bu sistem mobil internet sürətinin azı 70 qat artması deməkdir.
Bu isə həm də mobil telefondan modem kimi istifadə edilməsi
imkanını əldə edilməsi deməkdir, harada olursansa
ol (bunun üçün telefonunuz modem funksiyasına malik
olmalıdır). Bu həm də ADSL, datakart, modem və digər
aksesuarların disket kimi muzey eksponatına çevriləcəyi
deməkdir.
3.
Bu yenilik cib telefonundan televiziyaya baxmaq imkanı yaratmaqla
yanaşı səhiyyə xidmətlərində də inqilab
sayıla biləcək yeniliklər gətirə bilər. Səhiyyə
xidmətləri ən ucqar kəndlərə qədər
gedib çata bilər. Bu texnologiyanın dəstəyi ilə
birlikdə həkim xəstənin cib telefonundan onu rentgen edə,
qeydə alınmış görüntüləri birbaşa
təhlil edərək nəticələr haqqında o andaca xəstəyə
məlumat verə bilər. Bu isə öz növbəsində
səhiyyəmizdə inqilabi dəyişiklik olardı. Bunun
Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada
nümunələri vardır.
4.
Bu texnologiya ilə jurnalistlərə hadisə yerindən həmçinin
canlı yayım aparmaq da mümkündür. Belə ki, 3G-nin
media mənsublarının da işini asanlaşdıran önəmli
xidmətlərindən biri də MeOnTV-dir. Bu, videoların
canlı və “on-demand” (sifarişlə) istənilən video
göstərə bilən cihazla ötürülməsi
platformasıdır. Bu texnologiya vasitəsilə videoları
istənilən yerə sürətlə ötürmək
mümkündür.
Daha
çox jurnalistlər, televiziya işçiləri
üçün önəmli olan bu xidmətdən istifadə
çox asandır. Jurnalistin canlı yayıma qoşulması
üçün sadəcə 3G-yə malik mobil telefonu
olmalıdır. Bundan sonra ən adi texniki bilgilər də
kifayət edir ki, görüntü mobil telefon vasitəsilə
studiyaya ötürülsün və birbaşa canlı
yayıma verilsin.
Xatırladaq
ki, hazırda CNN, BBC kimi nüfuzlu media qurumları bu xidmətdən
istifadə edir. 3G-yə qoşulan ölkələrin hər
birində televiziya şirkətləri bundan yararlana bilər.
Azərbaycanda da hazırda MeOnTV-dən istifadə etmək
mümkündür.
5.
3N dəstəkli 3G ilə evinizi, iş yerinizi, məktəb və
digərlərini hər yerdən izləyə bilmək
mümkündür.
6.
3G həm də iş dünyası üçün yeni bir nəfəslik
deməkdir. Belə ki, firmaların və iş
adamlarının işgüzar görüşlərini həyata
keçirə bilməsi üçün eyni otaqda
olmalarına lüzum yoxdur. 3G ilə tele-video konfransların
yerini mobil-konfranslar da əvəzləyə bilər.
7.
Portmone daşımadan hər cür alış-veriş
aparmaq imkanları mövcuddur. Bu kimi, kommunal xərclərin
ödənməsi və bənzəri bir çox bank əməliyyatlarını
da cib telefonundan bir başa həyata keçirmək olar.
8.
Ofisdəki bütün sənədlərə yüksək
sürətlə cib telefonundan diqqət yetirmək, lazım
olan işləri görmək olar.
9.
Bu sistemlə Ağıllı Ev İdarəetməsi (AEİ)
geniş tətbiq edilə bilər. Cib telefonundan evə gəlmədən
öncə yemək qızdırmaq üçün sobanı
yandıra, kondisioneri işlədə bilərsiniz. Evinizə
çatdıqda qarajın qapısını telefonla aça
və bunun kimi digər komandaları həyata keçirmək
olar.
10.
Kəşfiyyat xidmətlərinin video görünüş
arxivləməsi asanlaşacaq. Operatorlar vasitəsilə edilən
dinləmə fəaliyyətlərinə müşahidə fəaliyyətləri
də əlavə olunacaq
Bu ardıcıllığı bir qədər
də davam etdirmək olardı. 3G-nin təxminən 25-dən
çox üstünlükləri var. Amma əsas daha başqa
bir məqam da vardır. Bütün bunlar üçün isə
ya sizin mobil telefonunuz 3G sistemini dəstəkləməli, ya da
bu sistemi dəstəkləyən smartfon tipli
“ağıllı” cib telefonuna malik olmalısınız. Sonuncu
isə Azərbaycana həm də yeni nəsil mobil
telefonlarının axını
deməkdir. Yeni telefonların gəlməsi ilə birlikdə
köhnə telefonlar ya ikinci bazara çıxacaq, ya da
tullanacaq. Məsələn, Türkiyədə 94 milyon rəsmi
qeydiyyatdan keçmiş telefon var. Ancaq bunların
böyük bölümü yeni texnologiyaya yaxın deyil. Bu səbəbdən
də 2009-cu ildə təxminən 8 milyon insan köhnə
telefonlarını 3G ilə əvəzləyib. Əgər Azərbaycanda mobil
telefon istifadəçilərinin sayının çox
olduğunu nəzərə alsaq, deməli, mobil operatorlar
üçün qısa müddətdə 3G-yə keçməsi
sahəsində elə bir problem yoxdur. Unutmayaq ki, yeniləşən
dünyadan geri qalanlar həmişə uduzur.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.- 20-21 aprel.- S. 4;12.