Tariximizin “ağlayan” daş
ensiklopediyası
Hər bir daş abidə mənsub
olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsidir
Əsrlərin
qovğalarından, olaylarından salamat çıxaraq
bugünümüzə gəlib çatmış qalalara,
abidələrə, hasarlara, ibadətgahlara baxdıqca uzaq
keçmişdə yaşamış xəttat, nəqqaş,
bənna babalarımızın düşüncə tərzindən,
memarlıq üslubundan, təfəkküründən,
yaradıcılıq qabiliyyətindən, bir sözlə, sənət
dünyasından xəbər tuturuq. Tarixin yaddaşına
çevrilmiş bu abidələr əslində milli
memarlığın, incəsənətin, etnoqrafiyanın
daş ensiklopediyasıdır. Onun hər kərpicində
tarixi bir hadisənin izi yatır.
Sevindirici
haldır ki, dünya memarlığının inciləri
sırasına daxil olmuş Azərbaycan memarlıq sənətinin
bir sıra qiymətli nümunələri bu gün YUNESKO-nun
da diqqət mərkəzindədir. Azərbaycanın bu abidələri
təkcə bizim deyil, bütün Yaxın və Orta Şərqin
inciləridir. Xüsusilə, qədim tarixə və mədəniyyətə
malik Bakı şəhərinin abidələrini cəsarətlə
açıq səma altında muzey eksponatları
adlandırmaq olar. Qız qalası, Şirvanşahlar
sarayı, Karvansaray, Qala divarları, çoxlu hamam, bazar,
paytaxtımızın ayrı-ayrı guşələrində
müxtəlif vaxtlarda tikilmiş binaların inşasında
istifadə olunan üslublar, işlədilən üsullar,
vurulan naxışlar xalqın zövqünü, mənəvi
dünyasını, istək və arzularını
özündə əks etdirib.
Məlumdur ki, Qarabağ ərazisindəki
əhəmiyyətli abidələrimiz ermənilər tərəfindən
dağıdılır. Ermənilər
Qarabağda abidələri dağıdırlarsa, bəzi
“bizimkilər”də Bakıda abidələrimizi
dağıtmaqla məşğuldurlar. Təəssüflə
qeyd etməliyik ki, maddiyyatın mənəviyyatdan
üstün tutulması bu gün də ölkəmizdə
var. Tarixi abidələr sökülərək, yerində
hündür binaların tikilməsi də bununla
bağlıdı. Baxmayaraq Azərbaycanın
Konstitusiyasında, o cümlədən tarix və mədəniyyət
abidələrinin qorunması haqqında qanunlarda abidələrin
sökülməsi bilavasitə qadağandır, amma ölkədə
bu proses gedir.
Heç
uzağa getməyək: şəhərsalma sənətinin
nadir nümunələrindən biri kimi 2000-ci il dekabrın 2-də
YUNESKO-nun “Dünya irs Siyahısı”na daxil edilmiş
İçərişəhərdə bir sıra aidiyyəti
orqanların günahı, laqeydliyi və səriştəsizliyi
ucbatından bir vaxtlar aparılan “müasirləşdirmə”ni
xatırlayaq. İş o yerə çatmışdı ki, ərazi
“avropalaşdırılırdı”. Prezident İlham Əliyev
“İçərişəhər Dövlət
tarixi-memarlıq qoruğunun yaradılması barədə”
2005-ci ilin fevralında imzaladığı sərəncamı
ilə xalqın sərvətinin toxunulmaz olduğunu bir daha
göstərdi.
Düzdü,
İçərişəhərin mərkəzi hissələrində
tikintilər dayandırılıb. Amma kənar hissələrdə
“yüngül” tikintilər yenə də görünür. Məsələn,
Qüllə, Asəf Zeynallı, 1-ci Maqomayev küçələrində
hələ də söküntü və tikinti işləri
aparılır. İçərişəhərin
kənarlarında hündürmərtəbəli binaların
tikilməsi də başqa problem yaradır. Yəni belə
olanda Bakının dəniz tərəfindən baxanda
İçərişəhəri demək olar ki, görmək
mümkün deyil. Eyni zamanda İçərişəhərdən
də həmin istqamətdə baxanda artıq dəniz
panoraması itir.
İçərişəhərdə
tikilən artıq tikilib. Burada elə obyektlər tikilib ki,
onları sökmək çox müəmmalı məsələdir.
Bu, hətta dövlətlərarası siyasi
narazılığa kimi gedib çıxa bilər. Amma indi əsas
iş odur ki, bundan sonra tikinti dayandırılsın və
ümummilli vəzifə olaraq İçərişəhərin
qədimliyi qorunub saxlanılsın.
Ümumiyyətlə, bəzi
hündürmərtəbəli binalar tikilən yerlərdə
memarlıq və tarixi abidələr dağıdılıb.
Halbuki bu abidələr dövlət tərəfindən
qorunan mədəni irs siyahısına daxil idi. Məhz buna
görə də abidələrimizin sayı ilbəil
azalır. Xatırladaq ki, ekspertlər də abidələrin
sayının xeyli dərəcədə azalacağını
deyirlər. Məlumat üçün deyək ki, respublika ərazisində
dövlət mühafizəsinə
götürülmüş tarix və mədəniyyət
abidələrinin siyahısı ilk dəfə 1968-ci ildə
hazırlanıb. 1980-ci ildə bu siyahıya əlavələr
edilib, 1988-ci ildə isə Azərbaycan Respublikası Nazirlər
Soveti tərəfindən təsdiqlənib. 2000-2001-ci illlərdə
mədəni və tarixi irsimizin qorunmasının müasir səviyyədə
qurulması və təkmilləşdirilməsi
üçün isə abidələrin əhəmiyyət dərəcələrinə
görə bölgüsü aparılıb. Bu bölgü isə
2001-ci ildə təsdiqlənib. Hazırda isə yeni siyahı
hazırlanır.
Son
illər qəza vəziyyətində olması bəhanəsi
ilə şəhərin memarlıq fondunu təşkil edən
memarlıq tikililəri də sökülür, yerində
çoxmərtəbəli göydələnlər
ucaldılır. Hansı ki, Roma, Paris, London, Sankt-Peterburq və
digər şəhərlərdə memarlıq abidələrini
bərpa edib şəhərin görkəmini qoruyurlar. Xarici
turistlərin Bakının mikrorayonlarındakı, Əhmədli
və Yeni Günəşli massivlərindəki çoxmərtəbəli
şablon üslublu binalara maraqla tamaşa edəcəklərini
düşünmək mənasızdır.
Bu gün ən qəlbağrıdıcı
məsələlərdən biri də “abadlıq işləri”
adı altında bir çox arxitektur binaların
divarlarının “laqonda” ilə yonulub,
ağardılmasıdır. Şəhəri
bürümüş toz-dumanla
sanki daş abidələrin dərisini soymaqla tarixin
gözünü yaşardırlar.
Bir çox hallarda isə yonulmuş divarlara müxtəlif
rəngli boyalar vurulur. Bununla da köhnə binaların
divarları “yenilənir”. O dərəcədə “yenilənir”
ki, bəzən qədim, köhnə, tarixi binalarla yenilərini
ayırd etmək çətinləşir. Milli mədəniyyətimizin
zəngin ənənələrinin qorunması, qədim
tariximizin daş yaddaşının bərpası ilə
bağlı əlbəttə ki, mütəxəssislərin
fikri öyrənilməlidir. Azərbaycan Memarlar
İttifaqının vitse-prezidenti, professor, əməkdar memar
Nəriman Əliyev bununla bağlı bildirir ki, memarlıq
abidəsi xalqın gələcək nəsillərə
ünvanladığı əlyazma, məktubdur: “Bu daş
kitabə əsrdən-əsrə necə var eləcə,
heç nə artırıb-əskiltmədən
ötürülməlidir. Ancaq o da canlıdır, yaşa
dolur, qocalır, atmosfer çirklənməsinə məruz
qalır, əvvəlki vəziyyətini itirir. Gərək
gözümüzü abidələrin üstündən
çəkməyək, onları sıradan
çıxmağa qoymayaq, zədələnəndə “müalicə”
edək, təzədən quraq, bərpa edib özünə
qaytaraq. Abidələrin təmiri də bərpa şəklində
getməlidir. Yəni bu zaman binanın daxilində heç bir
dəyişiklik edilməməlidir, ilkin strukturuna
toxunulmamalı, konstruktiv quruluşu, bədii-estetik tərtibatı
olduğu kimi saxlanmalı, tozu da ehtiyatla silinməlidir ki, ləkə
düşməsin. Hər bina hansı inşaat
materialından tikilibsə, bərpası onunla
aparılmalı, hörgüsündə eyni
yapışdırıcı məhlul (əhəng, gəc və
sair) işlədilməlidir”.
Müstəqil
Memarlar Assosiasiyasının (MMA) prezidenti Zemfira Budaqova bizimlə
söhbətində dedi ki, qədim abidələrin qədimliyi
onların tikinti zamanı istifadə olunan materialların
köhnəliyindən asılıdır. Bu köhnəlik isə
onların - daşların üzərində olan korroziyaya
uğramamasından görünür: “Daşların üzərində
yağışdan, qardan, soyuqdan və s. səbəblərdən
sanki yaranın üzərində qaysaq bağlanan kimi analoji
hal müşahidə olunur. Elə daşlar var ki, üzəri
yosun bağlayır. Əlbəttə, yosun bağlayan
daşların yosununu təmizləmək lazımdır. Ancaq
bunu qaşımaqla, yonmaqla həyata keçirmək olmaz,
bunun öz üsulları var. Yosunları elə bir məhluldan
istifadə edərək təmizləyirlər ki, onlar
ölür, məhv olur”.
Ancaq daşları yonmaq,
qaşımaq olmaz. Z.Budaqova qeyd etdi ki, daş yonularsa, onun
korroziyadan mühafizə olunmuş hissəsi
aşağıda qalır: “Yuxarı hissə isə artıq
yağışa, qara və s. dözümlü hissəyə
çevrilib. Altdakı hissənin yosun bağlamaqdan,
parçalanmaqdan, qaralmaqdan üst hissədəki qaysaq
saxlayır. İllər keçəndən sonra daşı
mühafizə edən bir qat əmələ gəlir. Ancaq təsəvvür
edin ki, divarları yonanda, qaşıyanda həmin qat
qoparılır. Beləliklə, daşlar hər dəfə
yonulanda divarın vəziyyəti ağırlaşır - bir
növ nazilir”.
Bundan
başqa, arxitektur binalar yonularkən onun üzərindəki
sırf özünə aid ornamentlərin hamısı itir:
“Divarlar elə bir incəliklə yonulmalıdır ki, əvvəlki
forma saxlanılsın. Ancaq onu yonanda yup-yumru edirlər. Bununla
da köhnə ornamentdən əsər-əlamət
qalmır. Qədim memarların yaratdığı ornamentlər
çox gözəldir, onları korlamaq olmaz.
Korlanılırsa, bu, cinayətdir”.
Düzdür,
müəyyən hallarda divarları təmizləmək olar.
Lakin bu, hazırda həyata keçirilən üsullarla -
“laqonda” ilə deyil, məsələn, qum püskürtmək
yolu ilə olmalıdır: “Ancaq indi yeni-yeni yonucu alətlərdən
istifadə etməklə divarları yonub-tökürlər.
Fikirləri odur ki, təki bunların rəngi ağ olsun. Nə
olsun, 3 ildən sonra yenə də qaralacaqlar. Olmaz onlara
toxunmaq. Onların gözəlliyi qaralığındadır.
Təzə bina öz ağlığı ilə seçilirsə,
qədim bina da öz qaralığı ilə seçilməlidir”.
Arxitektur
binaların rənglənməsinə gəlincə, ekspertin
buna münasibəti belə oldu: “Bu tip binaların
divarlarını qətiyyən rəngləmək olmaz. Bu,
cinayətdir. Şəxsən mən bir memar, arxitektur kimi
bunun qəti əleyhinəyəm”.
Z.Budaqovanın
fikrincə, istənilən halda qədim, tarixi binalarla
bağlı addım atılarkən bu sahənin mütəxəssislərindən
soruşmaq lazımdır: “Hətta Qız Qalasının
başına belə oyunları gətiriblər. Yeni
daşları götürüb yapışdırıblar ki,
guya köhnə daşlara bənzəyir. Bu düzgün
deyil. Divarın deşik-deşik qalması bundan daha
yaxşı olardı. Qız Qalasının da, başqa
binaların da divarını düzəltmək olar. Ancaq bu
işləri qədimi daşlarla etmək lazım idi”.
Mütəxəssis onu da dedi ki, yeni
binalar tikilərkən öz milli ornamentlərimizdən istifadə
olunmalıdır: “Əksər tikililərdə bu baxımdan
aləmi qarışdırırlar, nəticədə eybəcər
bir şey alınır”
Bu abidələr milli
memarlığımızın yadigarları olsa da, bəşərin
mədəniyyət sərvətidir. Ölkəmizin
memarlıq irsinin qorunub saxlanılmasını
xalqımızın və vətənimiz Azərbaycanın mənafeyi,
əcdadlarımızın müqəddəs ruhu tələb
edir. Abidələr, memarlıq nümunələri hər bir
xalqın tarixini özündə əks etdirən monumental əsərlərdir.
Onları qoruyub saxlamaq vətənin tarixini, xalqın mədəniyyətini
nəsildən-nəslə ərməğan etmək deməkdir.
Hər bir vətəndaş tarix, memarlıq və mədəniyyət
abidələrimizi qorumağa borcludur. Bu borc hətta
Konstitusiyamızda da təsbit edilib. Həmin müqəddəs
borcu hərə özünün bacardığı kimi yerinə
yetirməlidir. kimi vəzifə və səlahiyyəti daxilində,
kimi maddi imkanları hesabına, kimi də bu sahədə təbliğat
aparmaq, onun xeyirxah mahiyyətini başqalarına başa
salmaqla. Unutmayaq ki, hər bir daş abidə mənsub
olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsidir.
Daş yaddaşımızı nə dərəcədə
qoruya, gələcək nəsillərə ötürə
biləriksə bir o qədər tariximizin zənginliyinə və
dəqiqliyinə zəmanət verərik.
Fuad
HÜSEYNZADƏ
Paritet.- 2010.- 22-23 aprel.- S.11.