“Yerli turizm sahəsində markalaşmanı təmin etməliyik”

 

Turizm mütəxəssisinin fikrincə, xarici ölkələrdə turizm bürolarımızın və səfirliklərin nəzdində turizm tədqiqat şöbələrinin yaradılması vacibdir

 

  Bu günlər turizmlə bağlı qəbul edilmiş dövlət proqramında yer almış müxtəlif məsələlərin icrası istiqamətində müzakirələr  aparılır və müəyyən işlər görülür. Sözügedən proqramda yer almış bəndlərdən biri də turizm sahəsində tanıtma və marketinq sahəsiylə bağlıdır. Tanıtım və marketinq tədbirləri haqqında ətraflı danışmaq üçün,  Dövlət Turizm İnstitutunun   turizmdə   menecment və marketinq kafedrasının rəhbəri   Sənan Əliyev bizimlə söhbətində dövlət proqramının  tədbirlər planında nəzərdə tutulmuş marketinq və tanıtma tədbirlərindən danışdı. Turizmin mahiyyətcə  qlobal bir biznes olduğunu deyən S. Əliyev bildirdi ki, turizm sərhəd tanımır:” Turizmin dünya miqyasında tanıdılması tədbirləri ilə yanaşı, bu sahənin həm də ölkə miqyasında tanıdılması və təbliğat, təşviqat işinin həyata keçirilməsi çox mühümdür. Xüsusilə beynəlxalq bazarda rəqabət edə bilmək üçün ilk növbədə daxili bazarda uğur əldə etmək lazımdır. Bu nöqteyi nəzərdən bu gün qarşımızda duran əsas məqamlardan biri insanlarımızın pisixoloji cəhətdən turizmə hazır olmaları üçün ölkə miqyasında geniş maarifləndirmə işlərini həyata keçirməliyik. Bir sözlə insanlarımızda turizm mədəniyyətini və turizm düşüncəsini formalaşdırmağı bacarmalıyıq. Hətta bu məqsədlə də ölkə miqyasında geniş tədbirlərin həyata keçirilməsi və turizm maarifləndirmə mərkəzlərinin qurulması işin daha da səmərəli nəticələnməsinə kömək edər”.

“Xüsusilə bir məqamı xatırlatmaq istərəm, 1945-80-ci illərdə Yaponiya hökuməti kefiyyət faktorunu insanlarına aşılamaq üçün ölkə miqyasında bütün qurumları bu işə cəlb etdi. Hətta Yaponiyada bəzi radio kanalları, öz verilişlərində ancaq kefiyyət və kefiyyətli məhsuldan danışırdılar”. Mütəxəssis qeyd etdi ki,  neft sənayesinə alternativ bir sənaye olaraq inkişaf etdirməyi nəzərdə tutduğumuz turizm üçün də buna bənzər təbliğat və ya təşviqat mexanizmi qurmağımız daha faydalı olardı:” Xüsusilə iki əsas məqama diqqət yetirmək lazımdır; 1-ci turizmin tanıdılmasında dövlət koordinator rolu oynamalı və buna paralel olaraq icraçı sektorlar da öz funksiyasını yerinə yetirməlidir. Yəni dövlət bu işi nəzarətdə saxlamalı və koordinasiya edərək, özəl sektor isə bu işin lazım olan tədbirlərinin həyata keçirilməsini təmin etməlidir. Amma burda başqa bir məqam da var ki, özəl sektor bu tanıtma tədbirlərində  dövlətin maliyyə dəstəyinə  ehtiyac duyacaq.  Bu hal da turizmdən əldə edilən gəlirlərin müəyyən hissəsinin bu işə sərf olunması və xüsusilə də ölkəmizin  turizm imkanlarının beynəlxalq bazarlarda tanıdılmasında rolu olan ayrı-ayrı turizm şirkətlərinin fəaliyyətinin stimullaşdırılması üçün  onlara müəyyən güzəşt və yardımlar edilə bilər. Bu məqsədlə də xüsusi bir büdcə ayrılmalıdır”.

Turizm sənayesi inkişaf etdikdə, digər sahələrində inkişafına təkan verdiyini deyən S.Əliyev qeyd etdi ki,  turizmin inkişafı insanlar üçün əlavə iş yerləri imkanları yaradır:”İstehsal olunmuş yerli məhsulların ixracını turizm təmin edir.  Yerli incəsənət əl işlərinin satışı üçün dövlət tərəfindən dəstəklənən bəzi şərtlər təmin edilməlidir. Məsələn, bilirik ki, ticarət və bizneslə məşğul olan insanların mərkəzləşdiyi bir ticarət palatası var. O qurum onların fəaliyyətini tənzimləyən bir qurum olaraq fəaliyyət göstərir. Məlumdur ki, ölkəmizdə hər bir regionun özünəməxsus sənətkarlıq üslubu var. Onların  fəaliyyətini koordinasiya edə biləcək müəyyən mərkəzlərin qurulması onların imkanlarını  geniş şəkildə inkişaf etdirmək üçün faydalı olardı. Bir məqam çox maraqlıdır ki, suvenirlərin, sənətkarlıq məhsullarının istehsalı, inkişaf etdirilməsi və turistlərə çatdırılması bir tərəfdən gəlir mənbəyidir. Digər tərəfdən isə suvenirlər turist və  səyahətçilərdə maraqlı xatirələrlə iz buraxır. Eyni zamanda başqa millətlərin ölkəmizi-Azərbaycanı tanımasını və bu haqda məlumat əldə etməsini dolayı şəkildə təmin etmiş olur”.

O,  Azərbaycan turizm sənayesi sahəsində marka yaradılmasına ehtiyac olduğunu bildirdi:” Bizim dünya turizm sahəsində yerimiz nədir və insanların şüurunda necə qalmaq istəyirik?. Bax, bu suallara cavab olaraq markalaşmanı təmin etməliyik. Müxtəlif turizm regionları, ölkələri müəyyən bir brendə və  ləqəbə sahib olurlar. Məsələn, bu gün Paris   moda dünyası, Misir piramidalarıyla, Argentina tanqo rəqsiylə, İspaniya öküz   yarışıyla, Hollandiya gül-çiçəyi ilə  dünyada məşhurdur. Qeyd etdiyim ölkələrə məxsus olan  bu əsas amillər insanların beynində müəyyən iz buraxaraq, hər hansı bir imic formalaşdırır. Belə olan hal da ölkəmizdə ayrı-ayrı regionlarda bu kimi tədbirlər görməyə ehtiyac var. Bu  gün boşluq hiss etdiyimiz sahələrdən biri də ölkəmizlə bağlı  tanıtım filmlərinin az olmasıdır”. Mütəxəssis xüsusi olaraq vurğuladı ki, Azərbaycanın  ayrı-ayrı regionları və yaxud da ayrı-ayrı şəhərləri üçün  tanıtım  tipli CD-lər  və filmlər hazırlanması çox vacibdir:”Amma  bu tanıtım  filmləri o qədər gözəl və mükəmməl hazırlanmalıdır ki, həmin filmə baxan insan orda olmaq ehtiyacını hiss etsin.  Ümumiyyətlə, turizm öz fəaliyyəti mahiyyəti etibarı ilə o qədər kompleksli bir fəaliyyətdir ki, bunu təkcə  Mədəniyyət və Turizm Nazirliyinin, Turizm İnstitutunun fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz. Bu işdə ölkədə fəaliyyət  göstərən bütün əlaqədar təşkilatlar  fəal olmalıdırlar, hətta taksi sürücülərinin də turizm sahəsi üzrə  maarifləndirilməsi vacibdir. Məsələn, Sinqapurda taksi sürücüləri ingilis dilini bilir,bu ölkəyə gələn hər hansı xarici vətəndaş bilir ki, o, taksi sürücüsü ilə ingilis dilində ünsiyyət yaradaca biləcək”.

Hər hansı bir ölkəyə turistlərin cəlbində iki əsas məqam olduğunu deyən S. Əliyev qeyd etdi ki, bu məqamlar qiymət və komfortdur:”Əgər biz turistə uyğun qiymət təklif ediriksə, amma rahat şərait yarada bilmiriksə, bu   fəaliyyətimizin effektivliyinə zərər vuracaq. Təcrübə göstərir ki, turistləri cəlb etmək üçün, ictimai xidmətlər, xüsusilə də təhlükəsizlik və nəqliyyat, kütləyə nəzarət və fövqəladə hallarda tibbi xidmətin göstərilməsinə hazırlıq, küçə təmizliyi kimi  sahələr diqqət mərkəzində olmalıdır. Ümumilikdə ölkədə fəaliyyət göstərən  bütün digər sahələr turizmin inkişafında məsuliyyət daşıyırlar və onlar öz məsuliyyətlərini hiss etməlidirlər. Ayrı-ayrı  təşkilatlar və idarə etmə orqanları turizmin inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirə bilərlər. Göyçay rayonunun rəhbərliyinin təşəbbüsü ilə hər il nar bayramı keçirilir. Hər bir rayonun rəhbərliyinin təşəbbüsü ilə həmin rayona məxsus olan xüsusi tədbirlər, yarışlar, bayramlar və ya insanları cəlb edə biləcək müxtəlif tədbirlər təşkil oluna bilər” .

Müasir turizm sahəsində tanıtma üsullarına gəlincə, bu gün informasiya kommunikasiya texnologiyaları çox böyük sürətlə inkişaf edir:” Belə olan halda elektron marketinq, elektron tanıtım, elektron turizm, elektron ticarət kimi məsələlərə xüsusi diqqət yetirməliyik. Bununla paralel olaraq, xarici ölkələrdə turizm bürolarımızı qurmağı bacarmalıyıq. Bizə hansı ölkələr turist göndərir, onlar daha çox hansı kütləvi informasiya vasitələrindən istifadə edir və  bunu müəyyən etməliyik. Və  öz tanıtma tədbirlərimizi onların daha çox istifadə etdiyi informasiya vasitəsi üzərində qurmalıyıq. Xüsusilə də marketinqdə reklam, ictimaiyyətlə əlaqələr,  informasiyanın ötürülməsi, yəni hər  hansı  turizm regionu haqqında geniş məlumatın ötürülməsi əsasdır.  Müasir marketinqdə çox böyük və sürətlə inkişaf  edən yeni bir tendensiya var; ağızdan-ağıza marketinq. Yəni məmnun olmuş müştərinin bir başqasına da öz məmnuniyyətini ifadə edərək onu da bu işə həvəsləndirməkdir.

  Bu gün müxtəlif xarici ölkələrdə dövlət xətti ilə minlərlə tələbəmiz təhsil alır. Onların da bu tanıtma işinə cəlb edilməsi və onların  imkanlarında istifadə edilməsi çox  faydalı olardı. Bizdə müsbət amil odur ki,  Mədəniyyət və Turizm Nazirliyi bərabərdir. Bunu üçün də mədəniyyətin imkanlarından- kinodan, musiqidən və yaxud da  bədii ədəbiyyatdan da istifadə edərək ölkəmizin təbliğatını apara bilərik. Beynəlxalq Muğam Müsabiqəsi çərçivəsində ölkəmizə çoxlu iştirakçılar gəldi ki, bu bizim ölkəmizin tanıdılmasında müsbət addımlardan biridir. “Cəsur ürək” filmi Şotlandiya turizmini 30  faiz artırıb. Yazıçılardan Den Braunun “Mələklər və şeytanlar” əsərində İtaliya o qədər ətraflı təsvir olunur ki, bu əsəri oxuyan  insanlar istər-istəməz o yerləri görmək istəyir. Məşhur xarici yazıçı, sənət adamı  və jurnalistləri ölkəmizə dəvət etməli, onları ölkəmiz haqqında məlumatlandırmalıyıq. Hansı təbliğat və təşviqat vasitəsini seçiriksə-seçək ölkəmizə gələn turistlərin Azərbaycandan məmnun qayıtmasını təmin etməliyik. Əgər turistlərin ölkəmizə təkrar gəlişinə nail olsaq, bu sahədə kifayət qədər müvəffəqiyyət  əldə etmiş sayılırıq. Həyata keçirilən hər bir təbliğat üsulu ölkəmizin milli  və ya sahib olduğu digər dəyərləriylə üst-üstə düşməlidir. Xarici ölkələrdə yerləşən dipolmatik nümayəndəliklərimizdə turizmimizi tanıtma və ya marketinq tədqiqat şöbəsi olması yaxşı olardı.  Bu şöbələr vasitəsilə bizim üçün potensial turistlərin arzu ehtiyacları araşdırıla  və bu istiqamətdə tədbirlər həyata keçirilə bilər”.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 24-26 aprel.- S. 10.