Yeni qızıl yatağı tapılıb

 

H.Bağırov: “Son 7-8 ildə geoloqlarımız tərəfindən 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağı aşkar edilib

 

Son 4-5 ildə Azərbaycanda ətraf mühitlə bağlı fəaliyyətdə ciddi irəliləyiş baş verib. Bunun məntiqi mərhələsi kimi 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunub. Bunu dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov söyləyib.  Azərbaycana qarşı xaricdən edilən təzyiqlərdə ekoloji amillərdən də istifadə olunduğunu deyən nazir bildirib ki, qaldırılan məsələlər obyektiv olunmadığından ciddi qəbul olunmur: “Əksinə, Azərbaycanda ətraf mühitin qorunması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Hətta onlar ölkəmizdə 2010-cu ilin “Ekologiya ili” elan olunmasını “Ekologiya ili yaşıl dünya naminə” devizi altında qəbul edirlər. Bunun obyektiv yanaşma kimi qəbul etmək olar.”.

“Ekologiy ili” ilə bağlı çoxsaylı layihələrin, tədbirlərin keçiriləcəyini deyən H.Bağırovun sözlərinə görə, 2010-2014-cü illər üçün əlavə tədbirlər planı hazırlanıb. Tədbirlər planı Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və ARDNŞ ilə birlikdə həyata keçiriləcək. Hazırda sənədin üzərində son tamamlama işləri aparılır.

 

Meşələrimiz 0,4 faiz artıb

 

Qanunsuz meşə qırılmasının minimuma endirilməsi, meşə əkini işinin genişləndirilməsi, yaşıllıq ərazilərin bərpası istiqamətində görülən işlər nəticəsində son 10-12 ildə Azərbaycanda meşə örtüyü 0,4 faiz artıb. Bunu peyk çəkilişləri də təsdiq edir. Çəkilişlər 52-55 min hektarlıq ərazidə meşələrin əmələ gəldiyini qeydə alıb: “ Meşələrin inkişafı üçün ən yararlı torpaqların böyük bir qismi insanlar tərəfindən meşəsizləşdirilərək kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Əgər meşələrin yaxşı inkişaf etdiyi ərazilərdə meşələrin inkişafına imkan verilərsə, Azərbaycanın ərazisinin 35-37 faizi meşə ilə örtülər”.

Nazir yaşıllaşdırma işlərinin ağacların çətin bitdiyi ərazilərdə də aparıldığını diqqətə çatdırıb: “Meşəsalma işləri tək meşələrin ənənəvi bitdiyi yerlərdə deyil, ağacların çətin bitdiyi ərazilərdə də aparılır. Abşeron yarımadası və onun ətrafında bu işə xüsusilə böyük diqqət yetirilir. Bu işin həyata keçirilməsində iki yanaşma var: Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün yaşıllıqların artırılması və yeni müasir yolların kənarlarında 10-15 cərgəlik meşə zolaqlarının yaradılması. Yeni ağaclara göstərilən qulluq və suvarma sisteminin yaradılması sayəsində yeni əkilən ağacların 80-85, bəzi yerlərdə isə 95 faizi inkişaf etməyə başlayır”.

H.Bağırov bildirib ki, əvvəlki illərdə Aeroport və Ələt-Astara yollarının, eləcə də Heydər Əliyev prospektinin ətrafında aparılan yaşıllaşdırma işinə əlavə olaraq 7-8 iri layihə həyata keçirilir. Bunlardan biri nazirliyin daxili imkanları hesabına aparıldı: “Binədəki ticarət mərkəzlərinin yeri 1,5 metr qalınlığında tullantılardan ibarət idi. Biz oradan təxminən 1 milyon kubmetrədək tullantı yığışdırmışıq. Əvəzində ora daxili imkanlar hesabına 1 milyon kubmetrə qədər münbit torpaqlar və gübrələr daşınıb. Hazırda həmin ərazidə çoxlu sayda ağac, o cümlədən zeytun ağacları əkilib. Suvarma sistemi qurulduğu üçün ora yaxşı qulluq göstərilir”.

 

Bayıl yamacında meynəlik salınacaq

 

Nazir Bayıl yamacında aparılan yaşıllaşdırma işlərindən də danışıb. O  qeyd edib ki, həmin ərazidə 60 hektarda yaşıllıq damcılı suvarma ilə suvarılacaq. Onun sözlərinə görə, hazırda həmin ərazidə geoloqların nəzarəti altında suvarma sistemi qurulur. Ərazidə həm də üzüm meynələri əkilib. Bakı-Qazax magistral yolunda, Atbulaq-Hacıqabul ərazisində yüksək səviyyədə yaşıllaşdırma işləri aparılıb. Ələt-Atbulaq ərazisində də işlər yekunlaşmaq üzrədir. Bununla belə nazir bildirib ki, Ələtdə kanalizasiya sistemi olmadığından yaşıllıqların suvarılmasında müəyyən problemlər var: “Amma iri binalar var ki, orada sular qeyri-mütəşəkkil şəkildə dənizə axır. Orada kanalizasiya şəbəkəsi qurulmasa kiçik binalardan axıdılan suyu bir yerə toplamaq çətindir. Lakin iri binalarda bunu etmək olar. Ona görə də biz özümüz modul tipli qurğular vasitəsilə binalardan dənizə axıdılan suyun qarşısını alacağıq. Həmin su təmizlənərək geriyə yönəldiləcək və Ələt-Atbulaq yolundakı yaşıllıqların suvarılmasında istifadə edəcəyik”. Nazir bunu Azərbaycan üçün çox unikal və yeni layihə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu tip layihələr Avropa ölkələri üçün ənənəvi olsa da, Azərbaycanda ilk dəfədir tətbiq olunur.

Qeyd olunub ki, Bakı-Astara yolunda da işlər sürətlə aparılır. Burada təxminən 50 hektarlıq ərazidə yeni ağaclar əkilib, suvarma sistemi yaradılır. Eyni zamanda Bakı-Quba yolunda da işlər davam etdirilir. Burada əlavə olaraq 80 hektarlıq ərazidə yaşıllıqlar salınacaq. İşlər Bakı-Şamaxı yolunda da davam etdirilir.

Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sınaq işlərinə də başlanıb: “Uzun illər neftayırma zavodlarının tullantıları gölün ərazisinə atılıb. Hazırda bu tullantılar Qaradağ rayonuna daşınır və bu tullantılardan gələcəkdə müxtəlif məqsədlər üçün istifadə olunacaq. Bundan əlavə buradakı göllərin və gölməçələrin bir çoxunun qurudulması, yerində isə yaşıllıqların salınması nəzərdə tutulub”.

 

Zooloji Park 55 hektarlıq ərazini əhatə edəcək

 

Zooloji Parkın yaradılması istiqamətində görülən işlərdən də danışan H.Bağırov bununla bağlı müxtəlif rəylərin səsləndirildiyini deyib: “Bizim mövqeyimiz belədir ki, mövcud zooloji park səviyyəsindəki park yaxşı hal deyil. Heyvanların qəfəslərin içərisində, 3-4 m2-lik yerdə saxlanması arzuolunmazdır. Kənardan baxan insanlarda da bu pis təsir bağışlayır. Dəfələrlə bununla bağlı xarici ölkələrdən məktublar almışıq. Bütün bunları nəzərə alaraq Güzdək kəndinin yaxınlığında 55 hektarlıq ərazidə yeni Zooloji Parkın yaradılması nəzərdə tutulub”.

H.Bağırov qeyd edib ki, hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Nazir onu da əlavə edib ki, parkda Azərbaycana məxsus olmayan bəzi heyvanların da saxlanılması mümkündür. Bunun üçün lazımi şərait yaradılacaq: “Bu zooloji parkın yaradılmasında birinci məqsəd Bakını heyvanxanadan xilas etməkdir. Yaxın Şərq, Ön Asiya və Mərkəzi Asiyada ixtisaslaşmış böyük zooloji parklar yoxdur. Bu cür zooloji park regionda ilk olaraq Azərbaycanda həyata keçiriləcək”.

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi barədə də məlumat verən H.Bağırov bildirib ki, belə bir layihənin həyata keçirilməsi heç də içməli su çatışmazlığı ilə bağlı deyil: “Azərbaycanın kifayət qədər su ehtiyatı var. Bizim su ehtiyatlarımız Cənubi Qafqazın ümumi su ehtiyatlarının cəmi 10-15 faizini təşkil etməsinə baxmayaraq, onlara ehtiyatla və qənaətlə yanaşılsa uzun illər ölkəmizin inkişafını təmin edəcək. Xəzər dənizi tükənməz su ehtiyatı olduğundan bu suyun şirinləşdirilib istifadəsinə hazır olmalıyıq. Xəzərin suyundan içmək üçün deyil, təsərrüfat ehtiyaclarını ödəmək üçün istifadə etmək nəzərdə tutulur. Buna nail olmaq üçün gücü sutkada 1000 m3 olan bir qurğu üçün tender elan olunub. Xıdırlı kəndinin ətrafında quraşdırılacaq bu qurğu burada yaşayan əhalinin təsərrüfat məqsədləri üçün suya olan ehtiyaclarını ödəmək üçün əhəmiyyətli rol oynayacaq. Şirvan parkında da analoji layihə həyata keçiriləcək. Bundan əlavə gündə 25-30 ton m3 dəniz suyunu şirinləşdirmək gücündə olan iki mobil qurğu da alınacaq. Bu qurğuların özəlliyi ondan ibarətdir ki, onlar Günəş enerjisi ilə hərəkət edəcəklər”.

 

Yeni qızıl yatağı tapılıb

 

H.Bağırov son 7-8 ildə geoloqlar tərəfindən 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağının aşkarlanaraq istehsalçılara təhvil verildiyini qeyd edib: “Regionların inkişafı ilə əlaqədar olaraq rayon icra hakimiyyətləri tərəfindən geoloji axtarışların aparılması üçün daha çox müraciətlər olur. Hazırda bizim geoloqlar tək Kiçik Qafqazda deyil, Böyük Qafqaz və Talış dağlarında da faydalı qazıntı yataqlarını axtarır, kəşfiyyat işlərini davam etdirirlər”.

Keçən il Göygöl rayonunda, hazırda “Göygöl” adlanan daha bir perspektivli qızıl yatağı  aşkar olunub. Yatağın proqnozlaşdırılan ehtiyatının nə qədər olduğunu deməsə də, H.Bağırov buranın Daşkəsəndəki “Çovdar” yatağından zəngin olduğunu vurğulayıb.

“Çovdar” qızıl yatağının istismarına 2012-ci ildə başlanacağını deyən H.Bağırovun sözlərinə görə, artıq yataqda kəşfiyyat işləri yekunlaşıb və işlənilməsi üçün sanksiya verilib.

 

Azərbaycanda vulkan gözlənilmir

 

H.Bağırov jurnalistlərin sualına cavab olaraq Azərbaycanda vulkan püskürməsinin gözlənilmədiyini də bildirib: “Azərbaycanda üç dağ silsiləsi var. Cənubdakı Talış dağ silsiləsi çox qədimdir, orada vulkan təhlükəsindən söhbət gedə bilməz. Böyük Qafqaz vulkanik dağlar deyil, iki layın bir-biri ilə sıxışması nəticəsində əmələ gəlib. Kiçik Qafqaz isə çox qoca dağlardır, orada vulkanik fəaliyyət vaxtilə olub və başa çatıb. Bu səbəbdən də Azərbaycanda güclü vulkan püskürmələrinin baş verəcəyi gözlənilmir və belə bir hal inandırıcı deyil”.

Palçıq vulkanlarına gəlincə, H.Bağırov deyib ki, dünyadakı belə vulkanların 60 faizdən çoxu məhz Azərbaycanda yerləşir. Amma palçıq vulkanlarının dərinliyi və fəaliyyəti tamamilə başqadır: “Düzdür, plitələrin hərəkəti reaksiyadır. Ancaq çox üst qatlarda, su sızmaların yuxarıdan gedib çata bilən qatlarında, 1-2-3-5-10 kilometrlik dərinliklərdə mantiyaların vulkan və zəlzələlərlə bağlılığı yoxdur”.

 

 

B.CAHANDAROV

 

Paritet.- 2010.-24-26 aprel.- S. 1; 4.