Tank əleyhinə raket sistemləri alınıb

 

Silahlı qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir

 

 Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində keçirdiyi müşavirədə deyib.

Prezident İlham Əliyev uzun müddətdir ki, danışıqların aparılmasına baxmayaraq indiyə kimi bir nəticə əldə olunmamasını Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq istəməməsi ilə bağlayıb: “Ermənistanın mövqeyi bir daha onu göstərir ki, onlar sülh istəmirlər, sadəcə “status-kvo” vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmağa çalışırlar. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Azərbaycan tərəfi bununla heç vaxt razılaşmayacaq. O da həqiqətdir və biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz”.

İşğal altında olan sərvətlərimizin ermənilər tərəfindən talan olunduğunu deyən dövlət başçısı müharibənin hələ bitmədiyini xüsusi vurğurayıb: “Bizim bütün mədəni, dini, tarixi abidələrimiz dağıdılıb. İşğal edilmiş bütün rayonlarda mövcud maddi sərvətlər talan edilib. Bizim bütün muzeylərdən tarixi eksponatlar erməni oğruları tərəfindən aparılıb. Bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək”.

Azərbaycanın bütün istiqamətlərdə çox uğurlu addımlar atdığını deyən dövlət başçısı ordu quruculuğuna xüsusi fikir verildiyini bildirib: “Biz son 5-6 il ərzində iqtisadi cəhətdən dünyada birinciyik. İqtisadi islahatlar sahəsində böyük işlər görülür, siyasi islahatlar aparılır. Ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir”.

Dövlət başçısı ölkəmizin iqtisadi, hərbi və digər sahələrlə yanaşı demoqrafiya sahəsində də Ermənistandan irəlidə olduğunu söyləyib: “Gələcəkdə Ermənistanla Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcək. Azərbaycanda əhalinin sayı ildən-ilə artır və bu il artıq 9 milyonuncu vətəndaş dünyaya gəlib. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. Bu gün - 2010-cu ildə vəziyyət belədir. Biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir”.

Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə prezidentə məlumat verən müdafiə naziri Səfər Əbiyev bildirib ki, regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş əraziləri azad etmək məqsədi ilə Silahlı Qüvvələrin döyüş imkanlarını artırmağı zəruri edir”.

Nazir cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət yüksəlişinə nail olunduğunu bildirib: “Birinci əməliyyat eşalonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilib”.

2009-cu ildə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədilə yeni müasir silahların alındığını deyən nazir bildirib ki, keçən ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib: “Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılıb, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılıb. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunub. Yaxın zamanlarda tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir”.

Keçən ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verildiyini deyən S.Əbiyev ordunun sosial təminatının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də danışıb: “Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Eyni zamanda, hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının inşası davam etdirilir”.

S.Əbiyev Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və texnikanın modernləşdirilməsi, bu sahədə yeni silahların tətbiqi istiqamətində aparılan işlərdən də söhbət açıb: “Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb”.

Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də tədbirlərin həyata keçirildiyini deyən nazir gəmilərdə müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri aparıldığını, döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üzrə tədbirlərin planlaşdırıldığını qeyd edib: “Gəmi inşa və təmiri sektorunda 200 tonluq patrul kateri inşa olunub. Bu 200 tonluq kateri biz öz qüvvəmizlə özümüz inşa edib istifadəyə vermişik. O, indi də bizim Hərbi Dəniz Qüvvələrindədir. Eləcə də, 21 gözətçi gəmisi əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilib”.

S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsi üçün konkret işlərin görüldüyünü də deyib: “Azərbaycanın dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrinin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən 2009-cu ildə hərbi sahədə dörd əsas sənəd imzalanıb. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında hərbi balansın rəsmi Bakının xeyrinə dəyişməsi xarici ölkə mətbuatlarının da diqqət mərkəzindədir. Bu yaxınlarda Rusiyanın tanınmış vpk-news.ru saytında getmiş yazıda bildirilirdi ki, Ermənistanın builki müdafiə xərcləri ümumi daxili məhsulun (ÜDM) 4,07 faizini təşkil edəcək. Azərbaycanda isə bu rəqəm 3,95 faizdir: “Diqqət çəkən məqam ondan ibarətdir ki, 2009-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 10 faizə çatıb, bu isə MDB-də ən yüksək göstəricidir. Ermənistanda isə bunu tam əksinə olaraq ÜDM-in 15 faiz azalmasına görə MDB-də lider olub”. Yazının müəllifi Aleksey

Matveyev hesab edir ki, maliyyə və hərbi qüdrətini xeyli artırması, hətta ayrıca müdafiə sənayesi nazirliyi yaratması hərbi potensialı 3-4 milyard dollar dəyərində qiymətləndirilən (ÜDM-in 9-10 faizi) Azərbaycana müharibənin başlayacağı təqdirdə öz hərbi potensialını artırmağa imkan verir: “Bu gün Azərbaycan 350 adda müdafiə təyinatlı məhsul istehsal edir. Bundan əlavə, kadrların hazırlanması da daxil olmaqla 28 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb”.

Rusiyanın digər nüfuzlu nəşri “Nezavisimaya qazeta”nın  MDM ölkələrinin hərbi büdcəsi ilə bağlı dərc etdiyi yazıda isə bildirilib ki, Ermənistanın hərbi xərcləri tanınmamış “Dağlıq Qarabağ respublikası”nın hərbi büdcəsi ilə birlikdə 600 mln. dollardır. Son illər hərbi büdcəsini bir neçə dəfə artıran, hətta ayrıca hərbi güc strukturu yaradan Azərbaycanın isə hərbi potensialı 3-4 milyard dollar məbləğində qiymətləndirilir.

 

 

B.CAHANDAROV

 

Paritet.- 2010.- 27-28 aprel.- S. 3.