Qəbələdə
II Beynəlxalq Musiqi Festivalı
açılıb
Mehriban Əliyevaya YUNESKO-nun “Qızıl
Motsart” medalı təqdim olunub
Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə Qəbələdə
keçirilən İkinci
Beynəlxalq Musiqi Festivalının iyulun
30-da təntənəli rəsmi
açılışı olub. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan
YUNESKO-nun baş direktoru
xanım İrina Bokova mərasimdə iştirak ebiblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva festivalın açılışında
çıxış edib(AzərTAc).
Qəbələdə qonaqları salamlayan M. Əliyeva Azərbaycanın ən qədim şəhərlərindən
biri olan Qəbələnin təkcə
Azərbaycanın yox,
dünyanın ən gözəl guşələrindən
biri olduğunu bildirib: “Zəngin tarixi və əsrarəngiz təbiəti
olan bu gözəl
şəhər dünyanın
ən qədim sivilizasiyalarından birinin
- Qafqaz Albaniyasının
paytaxtı olub və hər bir dövr, hər bir mədəniyyət
burada öz izini qoyub. Buraya
qədəm qoyan hər bir insan
əsrlərin nəfəsini
hiss edir. Qəbələ torpağına qədəm
qoyan hər bir insan tarixin
nəfəsini, əsrlərin
ruhunu duyub hiss edir. Zaman keçdikcə dövlətlər,
sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan
bu dağların möhtəşəmliyi, çay
və bulaqların aramsız axarı və əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır.
Qəbələnin füsunkar təbiətinin
özü elə bil ki, təkrarsız
bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət
edir”. Hazırda dünya xəritəsində
Qafqaz Albaniyası olmasa da, Qəbələ
mədəniyyətin paytaxtı
kimi çıxış
edir”- deyən Azərbaycanın birinci xanımı bildirib ki, bu günlərdə
hamımızı bir
amil - musiqi birləşdirir.
M. Əliyeva YUNESKO-nun baş direktoru İrina Bokovaya Azərbaycana gəldiyinə
və bu festivalda iştirakına görə təşəkkür
edib. O, Azərbaycan-YUNESKO əməkdaşlığının
əhəmiyyətini vurğulayaraq
bu əlaqələrin
çoxşaxəli olduğunu
deyib. Prezident İlham Əliyevə gərgin iş qrafikinə baxmayaraq festivalın rəsmi açılışına qatıldığına
görə minnətdarlıq
edən Azərbaycanın
birinci xanımı musiqiçiləri də salamlayıb və bu musiqi bayramının
ilk növbədə onların
sayəsində baş
tutduğunu diqqətə
çatdırıb.
Mərasimdə çıxış
edən YUNESKO-nun baş
direktoru İrina Bokova festivala uğurlar arzulayıb. Azərbaycana səfərindən məmnun
olduğunu deyən İrina Bokova bu beynəlxalq festival üçün Qəbələnin
möhtəşəm səhnə
olduğunu vurğulayıb:
“Qəbələ beynəlxalq
mədəni görüşlər
üçün ən
münasib yerdir. Biz Qafqaz Albaniyasının
qədim paytaxtının
yanındayıq. Vaxtilə bura
Asiyanın, ərəb
dünyasının, Avropanın
kəsişdiyi məkanlarda
dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi,
çiçəklənən region olub. Xalqların və mədəniyyətlərin
bu görüşünün
əsas nəticəsi
Azərbaycanın ustaddan
şagirdə, nəsildən-nəslə
keçən zəngin
musiqi ənənələridir.
YUNESKO belə hesab edir ki,
bu ənənələrin
bir qismi ümumdünya irsinin inciləridir. Onların qorunub
saxlanması və populyarlaşdırılması üçün bütün
tədbirlər görülməlidir”.
İ.Bokova xüsusən muğamın
dünyada yayılmasının
vacibliyini qeyd edib: “YUNESKO tərəfindən
tərtib edilən bəşəriyyətin qeyri-maddi
mədəni irsinin reprezentativ siyahısına
daxil edilmiş muğam fars, türk və ərəb ənənələri
əsasında klassik poeziyanı və improvizasiyanı özündə
birləşdirərək insanı
vəcdə gətirən
melodiyalar yaradır və nəticə etibarilə Azərbaycan ənənələrini təşkil
edir. Bu siyahıya
sizin ölkənin mədəni bənzərsizlik
rəmzlərindən biri
olan poeziyanı, dastanları, rəqsləri,
vokal və instrumental musiqini birləşdirən
Azərbaycan aşıq
sənəti də daxildir. Digər tərəfdən, Yeni il bayramı - hər il martın
21-də Azərbaycanda, habelə
Türkiyədə, Hindistanda,
İranda qeyd edilən Novruz bayramı əfsanələr,
rəvayətlər, rituallar,
dünyanın mədəni
dəyərlərini, ailələr
və icmalar arasında həmrəyliyi
inkişaf etdirən festivallarla bağlıdır”.
“Bu festival Azərbaycanın zəngin
musiqi irsi ilə tanışlığa
şərait yaradır”-
deyən Bokova YUNESKO prinsiplərini hər zaman yüksək tutduqlarına görə Azərbaycan prezidentinə
və Mehriban Əliyevaya təşəkkür
edib.
Qəbələ Beynəlxalq musiqi
festivalının əhəmiyyətindən
danışan YUNESKO-nun baş
direktoru deyib ki, bu bayram
Azərbaycan musiqisinin
ruhunu əks etdirir və gələcəkdə qəlblərin
və düşüncələrin
bir araya gəlməsi üçün
bu cür tədbirlər mühüm
əhəmiyyət daşıyır:
“Qəbələ festivalı
çərçivəsində gənc musiqiçilər
üçün ustad
dərsləri təşkil
edilir, ənənəvi,
klassik, müasir musiqini və cazı əhatə edən proqram həyata keçirilir. Bu festival Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir”.
“Azərbaycan
müxtəlif mədəniyyətlərin
qovuşduğu məkandır
və bu festival da həmin mədəniyyətləri
ən yüksək səviyyədə təqdim
edəcək”, - deyən
İ.Bokova M. Əliyevanın
mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki
xidmətlərini yüksək
qiymətləndirib.
Çıxışdan sonra İ.Bokova
YUNESKO-nun “Qızıl Motsart”
medalını M. Əliyevaya
təqdim edib. Qeyd edək
ki, bu medal 1991-ci ildən verilir. Medala indiyəcən bəstəkarlar,
müğənnilər, ifaçılar
və bir musiqi məktəbi layiq görülüb.
İlk dəfədir ki, medal tanınmış musiqiçi
olmayan şəxsə
verilir. Bundan qabaq medal - 2007-ci ildə Bakıda anadan olmuş dünya şöhrətli
ifaçı Mstislav Rostropoviçə verilmişdi.
Sonra Azərbaycan mədəniyyətinə həsr
olunan videoçarx nümayiş etdirilib, ardınca isə konsert proqramı olub. London Kral Filarmonik
Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının
əsərləri səslənib.
Konsertdə Dmitri Yablonski,
Yuri Başmet, Emilio Ponsı,
Xloe Hanslip, Fərhad Bədəlbəyli
çıxış ediblər.
Gecənin
sonunda atəşfəşanlıq olub.
B.CAHANDAROV
Paritet.- 2010.- 3-4 avqust.- S.3.