Regionlarımızda kənd turizmi inkişafdadır
Qaxda kənd yaşıl, müalicə və istirahət
turizmi daha geniş yayılıb
Son dövrdə Azərbaycanda müxtəlif turizm
istiqamətləri üzrə infrastrukturun
yaradılması Bakı ilə
yanaşı regionlarımızda da turizmin inkişafına təkan
verib və bu sahədə bir sıra müsbət dəyişikliklər
əldə edilib. Eyni
zamanda bu gün ölkəmizdə dünya turizm sənayesində
mühüm yer tutan kənd turizmi də inkişafdadır. Kənd turizmin inkişafı ölkəmizə
çoxsaylı əcnəbi turistlərin axınına təsir
edir.
Hazırda
regionlarda kənd turizminin inkişaf səviyyəsi ilə tanış olmaq üçün bir neçə
regionumuzun turizm şöbələri ilə əlaqə
saxladıq. İlk həmsöhbətimiz Qax rayon Mədəniyyət və
Turizm Şöbəsinin inspektoru Dilarə Əzizova bildirdi
ki, Qax rayonu turizmin
inkişafı üçün geniş imkanlara malik bölgələrimizdəndir:”
Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa
bulaqları, əsrarəngiz təbiəti, şəlalələri,
düzənlik və dağ meşələri,
çayları burada turizmin inkişafı, ilboyu fəaliyyət
göstərən istirahət və turizm mərkəzlərinin
yaradılması üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə
malik bu diyarın hər bir guşəsi turistlər
üçün əsl istirahət məkanıdır”.
Məlumat üçün bildirək ki, Qaxda qədim
yaşayış məskənlərindən olan bu ərazi
tarixi abidələri ilə də diqqəti cəlb edir. Rayonda 2-si dünya, 18-i ölkə və 48-i isə
yerli əhəmiyyətli olmaqla, 68 tarixi abidə mövcuddur.
Ləkit kəndindəki V əsrə aid məbəd, VI-VII əsrlərə
aid məbəd kompleksi, Qum kəndində V-VI əsrlərə
aid məbəd, İlisu kəndində “Sumuq qala”,
“Beşbulaq”, “Ulu körpü” abidələri, habelə məscid
və qalalar, Ağçay kəndində “Oğlan qala,
qız qala”, Oncallı kəndində Oğuz qəbiristanlığı,
Qax şəhərinin İçəri Bazar küçəsində
Qala qapısı və divarları, habelə rayon ərazisində
yerləşən onlarla digər abidələr tarixilik baxımından
ziyarətçilər üçün böyük maraq kəsb
edir.
D.Əzizova bildirdi ki, mədəniyyət və turizm
şöbəsi tərəfindən turistlərin abidələrə
səyahətini təşkil etmək üçün 6
marşrut müəyyənləşdirilib:”Hazırda rayonda
bir mehmanxana, “Şəfa” istirahət və müalicə
pansionatı, “İlisu” pansionatı, “Yaşıl park”, “Ulu
dağ”, “Ulu”, “İmproteks” turizm və istirahət mərkəzləri,
“Qafqaz” və “Eden park” mehmanxanaları turistlərə xidmət
göstərir. Turizm obyektlərində yerlərin
sayı artaraq 500-ə çatır. Turizm
mərkəzlərində qiymətlər 30-55 manat arasında
dəyişir”.
O,
xatırlatdı ki,
2009-cu ildə rayonun turizm obyektlərində 4 min nəfərdən
artıq turist istirahət edib:” 2010-cu ilin ilk 6 ayında isə
rayonda istirahət edən turistlərin sayı 2200-dən
çox olub. Rayonda kənd yaşıl,
müalicə, istirahət turizmi daha geniş yayılıb.
Bunlardan daha çox inkişaf etmiş kənd
yaşıl turizmi əsasən yerli turistlərin istifadə
etdiyi turizm növüdür. Rayonda həmçinin
mövsümi ovçuluq, atçılıq, dağ,
qış və digər turizm növlərinin inkişaf etdirilməsi
üçün də münbit şərait var”.
Qax rayon Mədəniyyət
və Turizm Şöbəsinin inspektorunun sözlərinə
görə, indiki məqamda insanları nə ulduzlu hotellər,
nə də bir-birinə bənzəyən mehmanxanalar, turizm
obyektləri maraqlandırır. Turistləri ən çox maraqlandıran
təbiətə daha yaxın olmaqdır. Bu
səbəbdən də onlar sadə kənd evlərində
qalmağa daha çox üstünlük verir, sakit təbiət
guşələrini özlərinə məkan seçirlər.
Belə evlərdə qalan turistlər yerli əhali ilə
sıx ünsiyyət yaradaraq bölgənin adət-ənənələri,
yaşayış tərzi ilə yaxından tanış
olurlar.
Qax rayonunda
turizmin bu növü - kənd yaşıl turizmi artıq
öz təsdiqini tapıb. Sadə kənd evlərində istirahət
etmək istəyənlərin sayı ildən-ilə
artır. İlisu, Ağçay,
Qaşqaçay, Çinarlı, Qum kəndlərində
hazırda bu turizm növündən onlarla ailə
yararlanır”.
D. Əzizova deyir ki, rayonun təbii sərvətləri,
zəngin fauna və florası burada ekoturizmin inkişafına
da böyük təkan verib:”Qaxda xüsusilə dağ,
qış və piyada turizmi inkişaf etməkdədir. Bundan əlavə, Qax rayonu kurort sərvətləri
cəhətdən də çox zəngindir. Lakin bu imkanlardan o qədər də geniş istifadə
olunmur. Bol mineral su ehtiyatlarının
varlığı rayonda iqlim-balneoloji kurort zonalarının
yaradılmasını zəruri edir. İlisu
və Sarıbaş kəndlərində yer üzünə
çıxan termal bulaqlar qədimdən xalq təbabətində
yel xəstəliyinə qarşı istifadə olunur. Hamam çayı sahilindəki Oğlan bulaq, Qız
bulaq və hamam adlanan hovuzlar oraya gedən yüzlərlə xəstəyə
şəfa bəxş edir. Əksər
hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi.
İndi həmin bulaqların suyu borularla “Ulu
dağ” istirahət mərkəzinə gətirilir. İnsanlar hər cür şəraiti olan rahat
otaqlarda bu müalicəvi sudan istifadə etməyə
başlayıblar”.
2006-cı ildən fəaliyyət göstərən Quba Regional Turizm İnformasiya Mərkəzinin
rəhbəri Könül Hacıyeva
isə bizimlə söhbətində bildirdi ki, Quba
TİM qısa müddətdə fəaliyyət göstərməsinə
baxmayaraq, bir sıra təşkilati tədbirlər həyata
keçirib: “Şimal bölgəsində, əsasən Quba ərazisində
yerləşən turizm təşkilatları, istirahət
zonaları və digər turizm qurumları ilə sıx əlaqələr
yaradılıb, onlarla mütəmadi olaraq informasiya mübadiləsi
aparılır. Demək olar ki, Quba bölgəsində
yerləşən əksər turizm müəssisələri
haqqında məlumatlar toplanılıb, onların həm
xaricdən, həm də daxildən fotoşəkilləri
çəkilib”.
“Bölgəmizdə 40-dan çox hotel və
istirahət obyekti fəaliyyət göstərir.Onların hər
biri müasir standartlara uyğun olmasa da, əksər hotel və
istirahət guşələrində normal şərait
mövcuddur”deyən K. Hacıyeva bildirdi ki, bu gün dəbdəbəli hotellərdən
çox turistləri
Qubanın gözəl
və füsunkar təbiəti daim cəlb edir və
maraqlandırır:” Bu səbəbdən də regionun səfalı
yerlərini gəzmək məqsədilə uyğun istiqamətlərdə
ekskursiya marşrutları təşkil edilib. Bundan
başqa, Qubanı turistlərə tanıtmaq məqsədilə
rayonun maraqlı görüntülərini əks etdirən
fotoşəkillər çəkilib və Quba rayonunun
görməli yerlərini təsvir edən açıqca
komplektləri hazırlanıb”.
O bildirdi ki, ümumilikdə Quba
haqqında dünyanın hər hansı bir ölkəsindən
məlumat almaq imkanı yaratmaq məqsədilə Quba TİM
tərəfindən www.guba.azeriblog.com bloq səhifəsi
hazırlanıb:” Bu səhifədə Quba haqqında, rayonun
tarixi abidələri, muzeyləri, istirahət mərkəzləri,
mənzərəli kəndləri və s. barədə
maraqlı məlumatlar var. Bloqdakı məlumatlar,
görüntülər tez-tez yenilənir və zənginləşdirilir”.
Bu gün Qubaya gələn turistlərin
hotellərdən daha çox təbiətə üz
tutduğunu deyən Könül xanım bildirdi ki, Qubaya gələn
turistləri Qubanın simvolu olan Şahdağ,
ucu-bucağı görünməyən sıx meşələr,
şəlalələr, Qubanın qədim tarixi,
nağıllar aləmini xatırladan Xınalıqla daha
çox maraqlanırlar:” Bundan əlavə, rayonumuzda hələ
də qorunub-saxlanan qədim xalçaçılıq sənəti,
Qubanı hər yerdə məşhur edən alma
bağları, bir də əlbəttə ki, tariximizin
qanlı səhifəsini əks etdirən, 1918-ci il
soyqırım qurbanlarının məzarlığı
rayonumuza gələn turistlərin diqqətini daha çox cəlb
edir. Qubada yəhudilərin qədim zamanlardan məskunlaşdığı
Qırmızı Qəsəbə adlanan məkan var. Bu da
xarici və yerli turistlərin marağına səbəb olur”.
Könül xanım qeyd etdi ki, bu il aprelin 28-də Bakıda, Heydər
Əliyev adına İdman-Konsert Kompleksində keçirilən “ATİF-2010” IX Azərbaycan Beynəlxalq
turizm və səyahətlər sərgisi Qubanın kənd
turizmini nümayiş etdirmək üçün yaxşı
bir fürsət idi:” Bizim stendimiz
sərgiyə gələn yerli və əcnəbi turistlərin
marağına səbəb olub. Bizdə bu sərgidə
iştirak etdik və öz turizm məhsullarımızı nümayiş etdirdik. Sərgidə
rayonumuzun ərazisində fəaliyyət
göstərən “Quba Olimpiya Mərkəzi”, “Nazlı bulaq”,
“Cənnət bağı”, “Spa Bərpa Mərkəzi”, “Aynur”
turizm obyektləri öz stendləri ilə iştirak edirdilər”.
Onu da qeyd edək
ki, builki turizm mövsümü xüsusilə Qubada canlanma
yaradıb. Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsindən mətbuata verilən məlumata
görə, ötən ilin müvafiq dövrü ilə
müqayisədə rayona turistlərin axını 10 faiz
artıb. Qubada turistlərin ən çox
istirahət etdikləri yerlərdən biri Təngə kəndidir.
Əsasən Bakıdan, eləcə də xarici
ölkələrdən olan turistlərin istirahətinin təşkili
məqsədilə rayonda Quba-Xınalıq və Quba-Afurca
istiqamətində iki turizm marşrutu yaradılıb. Mütəxəssislərin fikrincə, bu hal kənd
turizminin formalaşmasına təkan verib.
Bu
mövsümdə turistlərə göstərilən xidmətlərin
qiymətində də enmə müşahidə olunur. Bu isə bölgəyə
turist cəlb etməkdə başlıca amildir.
Azərbaycanda kənd
turizminin inkişaf səviyyəsi və perspektivlərinə
gəlincə, Turizm
İnstitutunun turizm biznesinin və texnologiyasının təşkili
kafedrasının müəllimi Qəhrəman Yusupov qeyd edir
ki, ölkəmizin iri sənaye mərkəzlərindən və
xaricdən gələn insanlarda adi kənd evində
yaşayıb istirahət etmək arzusu böyükdür. Belə
turistlər kənd həyatını dadmaqla yanaşı,
müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər:
“Bizim kənd evlərində isə əksər hallarda bu
cür şərait olmur. Doğrudur, turistlərin istəyinə
uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin
göstərilməsi müəyyən maddi xərclər tələb
edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə
qayıda bilər. Kənd evinin sahibi turistlərə hər
cür rahatlığı olan ev və yemək təqdim etməklə
bərabər, onlara bələdçilik, tərcüməçilik,
nəqliyyat xidməti göstəmək, ev heyvanları və
quşları bəsləmək üçün qısa
müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə
edə bilər”.
Q.Yusupov bildirir ki, kənd
turizminin inkişafında istənilən nəticəni əldə
etmək üçün kənd əhalisinin bu yöndə
maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb
edir: “Kənd turizminin inkişaf istiqamətlərinin müəyyən
edilməsi, xidmət müxtəlifliyinin təmini, meydana
çıxan maneələri dəf etmək, təcrübə
mübadiləsi həyata keçirmək məqsədilə
inkişaf etmiş ölkələrdə mütəmadi olaraq
kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə
turistləri qəbul etmək, onlara göstərilən xidməti
düzgün təşkil etmək, əlavə xidmətlər
və turistlərin sakit, rahat istirahətini təmin etmək
yollarını göstərmək məqsədilə təlimlərin
keçirilməsi önəmlidir”.
İsmayıllı rayon Turizm
şöbəsindən mətbuata verilən məlumata
görə, hazırda rayonda 17 turizm mərkəzi fəaliyyət
göstərir, ancaq rayonun gözəl təbiəti hottelləri
belə demək mümkündürsə arxada qoyur:” Bu il
rayona istirahətə gələnlərin sayı 23 mini
keçib. Bu isə ötən ilin ümumi göstəricisindən
çoxdur. Basqal və Lahıc kimi qədim və unikal kəndlər,
tarixi abidələr İsmayıllını valehedici məkana
çevirib. Rayonda müasir turizm mərkəzlərinin
sayı 4 dəfə artaraq 17-yə çatıb. Ötən
il İsmayıllıda 15 minə yaxın turist istirahət
etmişdisə, bu ilin 6 ayı ərzində rayona 4 mini əcnəbi
olmaqla 23 min 358 turist gəlib”.
Qeyd edək ki, İsmayıllıdakı istirahət mərkəzlərində
bu il qiymətlərdə endirimlər də müşahidə
olunur. Bunu istirahət obyektlərinin sayının artması və
sağlam rəqabətin yaranması ilə izah etmək olar.
G.ƏSƏDOVA
Paritet.- 2010.- 17-18 avqust.- S. 11.