Həmyerlimiz İsveçrə hökumətinin təsis etdiyi “Liderlik” mükafatı ilə təltif olunub

 

Sevindirici haldır ki,  fəallığı, intellekti, bilik və bacarığı ilə seçilən  gənclərimiz  Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin də təsis etdiyi mükafatlara layiq görülürlər. Budəfəki həmsöhbətimiz də Azərbaycanı təmsil olunduğu beynəlxalq qurumlarda və ölkələrdə layiqincə təmsil edən və  bu yaxınlarda İsveçrə hökumətinin təsis etdiyi “Liderlik” mükafatı ilə təltif olunan , Yoxsulluqla  Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının  koordinatoru  Sənubər Nəzərovadır. Sənubər xanım bizimlə söhbətə  özü haqqında məlumat verməklə başladı.

-Mən  Yoxsulluqla  Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının (YMQÇAMK) koordinatoru  vəzifəsini icra etməzdən əvvəl,  müxtəlif xarici təşkilatlarda və beynəlxalq agentliklərdə çalışmışam. Artıq beş ildir ki, (YMQÇAMK)-nın  koordinatoru  vəzifəsində çalışıram.  Sözügedən  koalisiya  2005-ci ildən fəaliyyət göstərir. Məlumat üçün bildirim ki, dünyanın 80-dən  çox ölkəsində eyni adlı koalisiyalar var. Bunların da əsas hədəfi Minilliyin İnkişaf Məqsədlərinin(MİM) yerinə yetirilməsi ilə bağlı vətəndaş cəmiyyətlərinin, müxtəlif birlikləri və şəbəkələri birləşdirərək yerli  hökumətlər həmçinin, dünya liderləri, müxtəlif maliyyə və siyasi qurumları ilə  2015- ci ilə qədər  MİM-nin yerinə yetirilməsi ilə bağlı vəkillik və ictimai maarifləndirmə işlərini aparmaqdır. Bildiyiniz kimi, Minilliyin İnkişaf Məqsədləri 2000-ci ildə BMT-nin zirvə toplantısında  149 -dan çox ölkənin rəhbərinin imzası ilə  qəbul edilib. O cümlədən Azərbaycan hökuməti adından  ulu öndər Heydər Əliyev minilliyin deklarasiyasını  imzalayıb. Bu deklarasiya  8 bəndən  ibarətdir. Bu əsas 8 bəndi 2002-ci ildən 2015-ci ilə qədər 150 çox dövlət rəhbəri öz ölkəsində yerinə yetirərsə, 15 il müddətində dünyada ifrat yoxsulluğun səviyyəsi yarıbayarı azalar. Bu bəndlərdə gender bərabərliyi, gündəlik gəlirlərin 1 ABŞ dollarından daha yuxarı qalxması,   səhiyyə  xidməti, uşaq evlərinin  sayının azadılması, ananın səhhətinin yaxşılaşdırılması, qlobal əməkdaşlıq, QİÇS və malyariya  və başqa xəstəliklərlə bağlı insanlara yardımların göstərilməsi və s. məsələlər yer alıb.

Biz həm Bakıda, həm  Bakı ətrafında və həm də  regionlarda yerli səhiyyə müəssisələri ilə çalışırıq. Ümumiyyətlə, biz üç istiqamətdə fəaliyyət göstəririk. Birinci  ictimai maarifləndirmə (müxtəlif festivalar, ictimai aksiyalar, forumlar daxildir), ikinci tədqiqatlar və araşdırmalar, üçüncü  lobbiçilik.

Parlamentlə əlaqələrimiz çox yaxşıdır. Parlamentin Sosial Siyasət Komissiyası ilə vaxtaşırı görüşürük. Parlament dostluq qrupu yaratmışıq. Bu qrup çərçivəsində regionlara səfərimiz olur,  insanlarla görüşürük, yerlərdə səhiyyə istiqamətində gedən irəliləyişlər və çatışmamazlıqlar sahəsində fikir mübadiləsi aparırıq.

Həmçinin, bizim koalisiya Avropa Yoxsulluqla  Mübarizəyə Qlobal Çağırış Koalisiya şəbəkəsinin 33 üzvündən biridir. Deyərdim ki, o üzvlər arasında  öz fəallığı ilə seçilir və  Azərbaycanı layiqincə təmsil edirik.

-Qeyd etdiniz ki sizin təşkilat üç istiqamət  (maarifləndirmə, tədqiqatlar, araşdırmalar və lobbiçilik) üzrə fəaliyyət göstərir.  Maraqlıdır siz,   bu istiqamətlər üzrə hansı işləri görmüsünüz?

-Qeyd edim ki,  ictimai maarifləndirmə sahəsində Bakı, Sumqayıt, Lənkəran, Füzuli, Bərdə, Tərtər kimi rayonlarda yerli icra orqanlarının dəstəyi ilə vətəndaş cəmiyyətinin, media mənsublarının, əhalinin  geniş formatda toplaşdığı  tədbirlər keçirmişik. Keçirdiyimiz tədbirlərin məqsədi kompaniya məhsullarının paylanmasıdır. Kompaniya məhsulları nədən ibarətdir? Ümumiyyətlə, Minilliyin İnkişaf  Məqsədləri nədir, bizim yerli  hökumətimiz beynəlxalq səviyyədə hansı öhdəlikləri götürüb və bu ümumbəşəri bəndlərlə bağlı  Azərbaycanın və dünyanın mənzərəsi necədir.  Eyni zamanda bu sahədə ictimai maarifləndirmə aparırıq. Yerli  icra orqanlarının, səhiyyə müəssisə rəhbərlərinin və əhalinin fikirlərini dinləyirik.  Azərbaycan hökuməti ilə  yerli və milli səviyyədə əməkdaşlıq edirik və çalışırıq ki, onlar 2015-ci ilə qədər daha ciddi addımlar atsınlar.

Ümumiyyətlə, MİM-nin  əksər  bəndləri ilə bağlı Azərbaycanda vəziyyət normaldır. Əsas həyəcan siqnalı səhiyyə istiqamətindədir. Bir yaşına qədər  beş yaşına qədər uşaq ölümü və ana səhhətinin  pisləşməsi.  Regionlarda  həyəcan təbili işsizliyin olması, maarifçiliyin çox aşağı olması ilə bağlıdır. Bunun kökündə yoxsulluq, maariflənmənin aşağı olması, mental problemlər   ənənələr durur. Bu gün regionlarda yoxsulluqdan anaların çoxu doğum evlərinə gec gedir və ya getmir. Bilirsiniz regionlarda əhali öz həyatyanı sahələrinin  məhsulunun gəlirindən asılı olur, ildə bir dəfə və iki dəfə həyatyanı  sahələrdən gəlir əldə edirlər. Bu gəlirlə onlar bütün ehtiyaclarını ödəməlidirlər. Bunun üçün də əsas qida və kommunal xərclər önə gəlir, nəinki təhsil və səhiyyə xərcləri. Yəni maliyyənin aşağı olması ilə bağlı çoxları evdə doğuşlara üstünlük verir. Ucqar kəndlərdə doğum evləri və feldşer mama məntəqələri yoxdur və çox pis vəziyyətdədir. Bu gün yerlərdə tibbi  xidmətin təşkil olunmaması əsas problemdi.

-Lobbiçilik fəaliyyətinizlə bağlı nə deyə bilərsiniz.

-  Millət vəkillərimiz vaxtaşırı regionlarda olurlar və seçicilərlə görüşürlər.  Ancaq regionlardakı problemlər, xüsusilə qadınların mövcud problemi  səhiyyəyə çıxışı ilə bağlı məsələlər  o dərəcədə də milli məclisin kürsüsündə səslənmir. Biz lobbiçilik çərçivəsində tədqiqat və araşdırmalar aparırıq. Zənginləşən dövlət büdcəmizdən yerlərə nə çatır və necə çatır? Bu istiqamətdə biz təhlillər aparırıq. O cümlədən əhalinin maddi durumunun   nə dərəcədə yaxşılaşdırılması, demoqrafiya, ana və uşaq sağlamlığı ilə bağlı mövcud olan dövlət proqramlarının təhlili və s. bağlı. BMT -nin Uşaq Fondunun  vaxtaşırı verdiyi hesabatlara istinad edilir. Ancaq biz istəyirik ki, bizim özümüzün milli hesabatlarımız olsun. Bunun üçün də yuxarıda qeyd etdiyim araşdırma və təhlilləri aparırıq. Və bu araşdırmalardan gələn tapıntıları biz ümumiləşdirib CD formatında və yaxud  kitabça formatında hazırlayıb Sosial Siyasət Komissiyasının  üzvlərinə çatdırırıq.  Onlarla daim fikir mübadiləsi aparırıq. Səhiyyə ilə bağlı hər hansı qanun layihəsi olursa və yaxud buna alternativ hər hansı  addiyyati dövlət aktları qəbul edilirsə ekspertlərimiz gördüklərimiz işlərə  əsasən təkliflər paketini hazırlayır və biz komissiyaya  təqdim edirik.Qeyd edim ki, ancaq lobbiçiliyimiz bununla tükənmir. Biz İqtisadi İnkişaf Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi   Səhiyyə Nazirliyi ilə də vaxtaşırı görüşlər keçiririk, problemləri diqqətə çatdırırıq.

-Bildiyimizə görə,  siz bu yaxınlarda İsveçrə hökumətinin təsis etdiyi “Liderlik” mükafatı ilə təltif olunmusunuz.  Bu barədə məlumat verməyiniz maraqlı olardı.

- İsveçrə hökumətinin Cənubi Qafqaz  üzrə təsis etdiyi “Liderlik” mükafatının 2010-cu il üzrə qalibi olmuşam.  Bunun üçün də mən  iyun ayının 25-dən iyulun əvvəllərinə qədər İsveçrədə  oldum.

Məlumat üçün bildirim ki,  İsveçrə hökuməti 1993-cü ildən başlayaraq  Cənubi Qafqazda  beynəlxalq münasibətlər çərçivəsində bilik və bacarıqların inkişaf etdirilməsi yönümündə dövlət qulluqçuları ilə sıx çalışırlar və hər il  üç respublikada  müxtəlif mövzularda çox mütəşəkkil proqramlar həyata keçirirlər.Bu proqramı ölkəmizdə Azərbaycan Diplomatiya Akademiyası və Prezident Yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirirlər.

Xatırladım ki,  2009-cu ilin oktyabrında Bakıda   İnsan Haqları və Beynəlxalq Humanitar Qanun üzrə keçirilən kursun qalibi və iştirakçısı olmuşam. Bu kursun iştirakçısı olduqdan sonra artıq digər mərhələlərə müraciət etmək olur, o cümlədən  Liderlik” mükafatına.  Azərbaycandan  ilk nümayəndə mən idim, Gürcüstan və  Ermənistandan da dörd nümayəndə.

İsveçrədə çox maraqlı və gözəl günlər keçirdik. Siyasi hakimiyyətin yerləşdiyi Bergen şəhərində olduq, xarici işlər nazirliyində, parlamentdə görüşümüz oldu. İsveçrə çoxmillətli bir ölkədir və burda 24-27 arası kiçik ştatlar var.   Ştatların hər birinin öz təmsilçiliyi var. İsveçrədə yaşayan  hər kəs ən azı dörd dili (ingilis, italyan, alman və fransız) bilməlidir. Həm dil bilmək qabiliyyəti , həm iş təcrübəsi, həm də bilik və təcrübəsi nəzərə alınaraq  18 yaşı tamam olan hər bir gənc parlamentdə təmsil oluna bilər. Yəni 18 yaşlı gəncin həm seçicilik və həm də seçilmək hüququ var. İsveçrənin Xarici İşlər Nazirliyində görüşdə bildirib ki, Cənubi Qafqaza  yardım çərçivəsində Azərbaycana daha çox önəm verilir enerji təhlükəsizliyi baxımından ölkəmizlə münasibətlər daha da yaxınlaşıb. Eyni zamanda  Azərbaycanda bu ildən başlayaraq Mərkəzi Aran  rayonlarında kənd təsərrüfatının inkişafı və fermerlərin bazarlara çıxışı ilə bağlı İsveçrə Əməkdaşlıq  və İnkişaf Fondu külli miqdarda maliyyə vəsaiti ayırıb. Bir faktı da qeyd edim ki,  Azərbaycana İsveçrə hökumətinin bu cür  yanaşması heç də orda təmsil olunan ermənilərin xoşuna gəlmirdi. Çünki onlar istəyirlər ki, İsveçrə hökumətindən Azərbaycana ayrılan sərmayələr qədər onlarda   qrant və yardımlar alsınlar. Amma, Azərbaycanın yerləşdiyi  coğrafi məkan, təbii resurslar, qərbə doğru götürdüyü yol, inteqrasiya daha önəmlidir və daha üstündür. Qərbdə bunu dəstəkləyir. Ümumdünya Ticarət Təşkilatında  bir neçə beynəlxalq institutlarda da görüşlərimiz oldu.

-Sizə təqdim edilən  Liderlik” mükafatınnın  hansı üstünlükləri var?

-Əvvələn, fəxr edirəm ki, istisna hal olaraq Vətəndaş Cəmiyyətinin təmsilçisi kimi  bu mərasimə qatıldım və mükafat aldım. Çünki İsveçrə hökumətinin  1993-cü ildən bəri tərtib etdiyi proqram çərçivəsində bu yeganə  və istisna bir haldır.  Bu proqram  əsasən dövlət qulluqçularına aid olur. Bu proqramda  belə bir  fəlsəfə yanaşma var ki, indidən hər üç respublikadan olan  gənc dövlət qulluqçularının bir araya gətirilməsi və onların bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcəkdə Qafqazda sülhün  daha uzun müddətli olmasına təminat verəcək. Orda olduğum müddətdə Azərbaycan haqqında,  Dağlıq Qarabağ problemi, ölkəmizin iqtisadi  sahədə həyata keçirdiyi siyasət və islahatlar,   Azərbaycanın qərbə inteqrasiyası və  demokratik dəyərlərin dəstəklənməsi istiqamətində aparılan işlər haqqında məlumatları bacardığım qədər orda təmsil olunan rəsmilərə çatdırdım. Bundan sonrakı fəaliyyətimdə də bu prinsipi əsas götürəcəyəm.

 

 

Günay

 

Paritet.- 2010.- 24-25 avqust.- S. 12.