Televiziya yaradıcılıq tələb
edən bir məkandır
Firudin Bünyadzadə: “Dövlət televiziyasında olan efir mədəniyyəti, üslub, efir ab-havası dəyişməyib”
Bu gün heç bir evi televiziyasız təsəvvür
etmək olmaz. Hər
gün evimizə mavi ekranlardan boylanan bu sirli məkanla Azərbaycan
tamaşaçılarının tanışlığı
düz 54 il bundan əvvəl ana
televiziyamız sayılan Azərbaycan Dövlət
Televiziyası ilə başlayıb. Yarandığı
gündən inkişafa doğru gedən bu məkan indi
özünün ən ali pilləsində durur.Lakin unutmaq da
olmaz ki, televiziyamız bu inkişafa zaman - zaman həmçinin öz sənətinə
vurğun olan, işinin peşəkarları sayılan
neçə -neçə insanların sayəsində nail
olub. Demək olar ki, elə yarandığı ilən 40 il Azərbaycan
Dövlət Televiziyasının
“Xəbərlər” verilişində rejissor işləyən
Firudin Bünyadzadə ilə söhbətimiz də bu
mövzuda davam etdi. Televiziyanın dünənindən
və bu günündən danışan Firudin Bünyadzadə
söhbətə Azərbaycan Dövlət Televiziyasına ilk
gəlişindən danışdı.
-Xatirlərimdə yaşayan o zəngin mənəviyyatlı
illəri necə unutmaq olar. İncəsənət
İnstitutunu bitirəndən sonra işləmək
üçün təyinatımı Mədənyyət
Nazirliyinə verdilər. O zaman 1956-cı il
idi. O illərdə televiziya Azərbaycanda ilk
addımlarını atırdı. Televiziya Mədəniyyət
Nzirliyinin bir idarəsi idi. İdarənin rəisi
də Ənvər Əlibəyli idi. Mədəniyyət nazirinin
müavini İsrafil Nəzərov məni qəbul edib bir qədər
söhbət edəndən sonra kadrlar şöbəsinə sərəncam
verdi ki, mən televiziya idarəsində
işləyim. İdarəyə getdim, bina hələ
inşa olunub qurtarmamışdı. Hər
tərəf qalaq -qalaq daşlar, palçıq gölməçələri
idi. Bir təhər binaya daxil oldum. Binanın aşağı mərtəbəsində
cəmi 3 otaq hazır idi. İdarənin rəisi, baş
redaktor və baş rejissor bir otaqda, qalan iki otaqda isə
başqa yaradıcı
işçilər əyləşmişdilər. Rəssamlar isə dəhlizdə dekorları divara
söykəyib işləyirdilər.İdarədə 30 m2
darısqal studiya fəaliyyət göstərirdi. Elə o zamandan həmin idarədə
çalışmağa başladım. Çətinliklər
çox idi. Lakin hamımızda
böyük ruh yüksəkliyi var idi. Rejissorlar
yaradıcılıq işləri ilə bərabər
televiziyanın texniki imkanlarını bilməli və veriliş
zamanı bu imkanlardan istifadə etməyi
bacarmalıydılar.İndinin televiziya imkanları
qarşısında o zamankı primitiv texniki
avadanlıqları çox vaxt rejissorlara imkan vermirdi ki, öz
yaradıcılıq potensialını tamaşaçılara
çatdıra bilsinlər. Televiziya yaradıcılıq tələb
edən bir məkandır.Texnika isə bir vasitədir.
-Televiziyanın ozamankı sadə
texnikasının yaratdığı çətinliklərə
toxundunuz. Azərbaycan
Televiziyası bu gün
dünya standartlarına cavab verən zəngin maddi
texniki baza ilə təmin olunub. Necə hesab
edirsiniz illər öncə bu imkanları olmayan televiziyada
çalışanların, yoxsa bu gün zəngin
texnologiyadan yararlanaraq işləyənlərin peşəkarlığı,
yaradıcılığı yüksəkdir?
- İlk
olaraq bunu deməliyəm ki, hər bir sahədə olduğu
kimi televiziya aləmində də peşəkarlıq tədricən
yaranır. İlk yaranan
televiziyada peşəkarlıq necə ola
bilərdi. Televiziya inkişafa doğru getdikdə
peşəkarlıq da əmələ gəlir. Gəlin təsəvvür edək, əgər o
zaman televiziyamız yeni yaranmışdısa və xaricdən
heç bir mütəxəssis dəvət
olunmamışdısa yerli əməkdaşlardan hansı
peşəkarlığı gözləmək olardı?
O zamanın işçiləri özləri hələ
televiziyanı öyrənirdilər. Bir müddətdən
sonra biz artıq işimizin peşəkarına çevrildik.
Lakin cəsarətlə deyə bilərəm ki, illər
öncə zəngin texniki imkanları olmayan ozamankı
yaradıcı kollektivdə məsuliyyət, estetik zövq, etika daha yüksək
idi. Bu gün xüsusilə özəl televiziya
verilişlərində rejissor peşəkarlığı
yoxdur. Pult arxasına əyləşən hər
bir rejissor bilməlidir ki, o peşəkar yaradıcı mədəniyyət
və incəsənət təbliğatçısıdır.
-Ötən illərdən Azərbaycan
Televiziyası uzun bir inkişaf yolu keçib. Bu
dəyişikliklər sizi qane edir?
- Əlbəttə,
qane edir. Dünyada
illər boyu hər bir şey inkişafda olduğu kimi
televiziya da inkişaf edir. O vaxt yeni yaranan, ilk
addımlarını atan milli televiziyamız da bu gün
özünün inkişaf etmiş bir pilləsində durur. Bu, tək məni yox, bütün televiziya
tamaşaçılarını qane etməlidir. Bu inkişaf televiziya əməkdaşlarının
yaradıcılığı baxımından da
özünü göstərir.
O zamankı
yaradıcılıqla indiki
yaradıcılıq müqayisə
olunmayacaq dərəcədədir. Çünki
yaradıcılığı göstərmək
üçün texnikanın olması da vacibdir. O vaxt
heç bir texnika yox idi. Bu da əvvəl
insanların nə qədər yaradıcı olmasına
baxmayaraq istər-istəməz verilişlərin keyfiyyətcə
aşağı səviyyədə olmasına gətirib
çıxarırdı. İlk televiziya fəaliyyətə
başlayanda informasiya proqramı ilə efirə
çıxmışdı. Cəmi 30- 40
nəfər işçinin çalışdığı
bu idarədə biz çalışırdıq ki, qısa
vaxt ərzində öncə daxili xəbərləri, sonra isə
Sovet məkanında olan xəbərləri çatdıraq.
Sonradan isə digər redaksiyalar yarandı.
Bütün bunlar ozamankı kiçik kollektivin maksimum
yaradıcılıq səylərinin nəticəsi idi. Mən
indi günün çox hissəsini AzTV verilişlərini izləyirəm.
Bu dəyişiklikləri o zamanın
televiziyası ilə müqayisə etmək düzü mənə
gülməli gəlir. Əgər biz o zaman gün ərəzində
2-3 saatlıq efir
ilə çıxırdıqsa, bu gün bu telekanalı 24
saat bütün dünya izləyə bilir. İnkişafdan
danışdıqda tək bunu demək kifayətdir. Bu
günün televiziyasının yaradıcılıq keyfiyyətinə
gəldikdə isə bu gün redaksiyalarda gənclərin
çalışmağı, onların geniş müasir texnologiyaları bilməsi
təbii ki, onların yaradıcılığına da
müsbət mənada təsir edir. Eləcə
də bu gün canlı verilişlərin çox olması televiziya
imkanlarının genişliyindən xəbər verir. Həmçinin səyyar televiziyaların olması
bu gün ölkənin istənilən nöqtəsində
baş verən hadisələri canlı olaraq
tamaşaçılara çatdıra bilir. Təbii ki, bütün bu qeyd olunanlar televiziyanın
dünənini, bir verilişi efirə vermək
üçün mövcud çətinlikləri görən
rejissor kimi məni necə qane etməyə bilər?
-Uzun illər Dövlət
televiziyasının “Xəbərlər” verilişində
rejissor işləmisiniz. Bu gün həmin
televiziyada yayımlanan eyniadlı verilişdə nə dəyişməyib?
- Ümumiyyətlə,
bu televiziyada olan efir mədəniyyəti, üslub, efir abı
havası deyərdim ki, dəyişməyib. İllər
keçsə də, ana televiziyamız öz səviyyəsini
saxlayıb. Bu “Xəbərlər”
proqramına da aiddir. Bu verilişdə olan
rəsmilik, ciddi ab- hava, efir mədəniyyəti illər sonra
da dəyişməz qalıb. Buna baxmayaraq bu illər ərzində
“Xəbərlər”in müsbət mənada qazandıqları
da az olmayıb. Bu müddət
ərzində “Xəbərlər” verilişi daha da operativlik,
professionallıq qazanıb.Yeniliklərə qoşulsa da lakin
öz çərçivəsindən çıxmayıb.
Biz bir zamanlar
Azərbaycanın hansısa bölgəsindən hər
hansı məlumatı əldə etmək üçün
günlərlə çalışırdıq. O informasiya
efirə getdikdə isə artıq öz
aktuallığını itirirdi. Bu gün isə yüksək
rabitə, internet
informasiyanı tamaşaçılara
çatdırmaqda daha operativ edib. Bu
günün “Xəbərlər”i köhnə məlumatları
təkrarlamır. Hər zaman yeniliklərlə
çıxış edir. Həmçinin
ötən illərdən fərqli olaraq bu günün xəbərləri
özünün yüksək səs effekti ilə, təsviri
iə seçilir. Bu gün informasiya
verilişi kimi tanınan “Xəbərlər” verilişi öncələr
bir neçə ad altında efirə gedib. Belə ki, 60-cı illərdə
televiziyanın “Son xəbərlər” redaksiyası
yarandı.Bir neçə ildən sonra “Yeniliklər”
adlandı.Hər iki ad günün tələblərinə
cavab verə bilmədiyi üçün yeni ad fikirləşməli
və başlıq çəkilməli idi. Onda mən
redaksiyanın rejissoru kimi təklif etdimki, informasiya proqamımız “Günün
ekranı” adlandırılsın. Komitənin rəhbərliyi mənim təklifimi
bəyəndi və redaksiyamızın da adi günün
ekranı adlandırıldı. Rəhbərlik
məni həmin redaksiyaya baş rejissor təyin etdi.
70-ci illər cəmiyyətimizin bütün sahələrində
dönüş illəri idi. Harada həyat
qaynayırdısa- “Günün ekranı” orada idi. Oprerativ verilişlər hazırlanır və həmin
gün də “Günün ekranı” proramında göstərilirdi.
Mən
televiziyada diktor və aparıcı məfhumuna da toxunmaq istərdim. Belə ki, əvvəlki illərdə
televiziyada yalnız
diktor görürdük. Diktor daha
çox rəsmi və quru tərzdə informasiyanı
çatdırırdı. Bu gün isə
müxtəlif verilişlərdə aparıcıların
olması tamaşaçı ilə televiziya arasında sanki
bir canlı ünsiyyət yaradır. Bu
gün televiziyamızda yeni bir uğuru da qeyd etmək yerinə
düşər. Belə ki İdman
Kanalının açılması bizlərə ümüd
verir ki, gələcəkdə digər müxtəlif sahəli
kanallar da açılacaq.
-Siz həmçinin televiziyada işlədiyiniz
müddətdə İncəsənət İnstitutunda da dərs demisiniz. Həm rejissor həm müəllim olaraq tələbələrinizə
tədrisdə əsas nəyə diqqət edirdiz?
- O vaxtı mən hələ gənc idim.
Ürəyimdə çox həvəs var idi.
Sevib-seçdiyim rejissor adı ilə həmişə
xüsusi fəxr edirdim. Gəncləri də
özüm kimi görmək istəyirdim. Əsas iş
yerim AzTV olmaqla
bərabər həm də İncəsənət
İnstitutunda teatr tarixindən dərs deyirdim. Azərbaycan, Rusiya və Qərb teatr tarixlərindən
mühazirələr oxumaq, tələbələri
xalqımızın zəngin mədəniyyəti, incəsənət
xəzinəsinin sirləri ilə tanış etmək mənə
xüsusi xoş idi. Sonrakı illərdə incəsənəti
bitirən tələbələrimin çoxu televiziya və
radioda işlədilər.Öz tələbələrim
sonradan həmkar kimi görmək mənə zövq verirdi.
G. RAMİZQIZI
Paritet.- 2010.- 26-27 avqust.-S. 10.