“Mehriban xanım millət vəkili kimi üzərinə düşən bütün vəzifələri şərəf və ləyaqətlə həyata keçirib”

 

Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri, bir sıra xeyriyyə və mədəni təşkilatların sədri Mehriban xanım Əliyevanın sabah doğum günüdür.

Mehruban xanım Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas olub. 1982-ci ildə Bakı şəhəri 23 ¹-li orta məktəbini qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir.

Mehriban xanım Əliyevanın əvvəllər də Heydər Əliyev ailəsinin üzvü, bir sıra ictimai təşkilatların rəhbəri, xüsusən Azərbaycan Mədəniyyəti Dostları Fondunun rəhbəri kimi bir sıra layihələrə imza atdığını deyən Milli Məclis sədrinin müavini Bahar Muradaova SİA-ya açıqlamasında bildirib ki, bütün bu layihələrin həyata keçirildiyi andan bir çox insan Azərbaycan mədəniyyətinə, zəngin tarixinə, gələcəyinə yeni bir baxışın ortaya qoyulduğunun fərqində idi: “Bu layihələr o vaxta kimi həyata keçirilən layihələrdən məzmununa və qarşıya qoyduğu məqsədlərə görə çox fərqlənirdi. Bunun özü göstərirdi ki, Azərbaycanın gələcək inkişafı dönəmində onun üzləşdiyi problemlərə yeni bir yanaşma ortaya qoyulacaq”.

Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətinə toxunan B.Muradova bildirib ki, ölkənin birinci xanımının fəaliyyəti ölkə hüdudlarını çoxdan aşıb və beynəlxalq xarakter alıb: “Həm millət vəkili, həm də ictimai xadim kimi fəaliyyəti Azərbaycan cəmiyyətinin formalaşmasına, bu cəmiyyətdə son on illiklərə qədər arxa planda qalmış bir sıra ideyaların, dəyərlərin qabardılmasına, ölkə vətəndaşına qayğı və humanizmin göstərilməsinə səbəb olmuşdur. Mehriban xanım millət vəkili kimi üzərinə düşən bütün vəzifələri şərəflə, ləyaqətlə həyata keçirib. Keçən müddət ərzində parlamentdə müzakirə olunan məsələlərlə əlaqədar, eləcə də parlamentin səlahiyyətləri çərçivəsində bir sıra qanunların qəbulunda iştirak etmiş və bir çoxlarının təşəbbüskarı olmuşdur. 2007-ci və 2009-cu illərdə onun təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul edilib. Bu vətəndaşlara diqqət və qayğı olmaqla yanaşı, Azərbaycanda cəza siyasətinin humanistləşməsi kimi bir dəyərin formalaşmasına, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ideyanın daha da möhkəmləndirilməsinə xidmət edən bir addım olmuşdur”.

Azərbaycan mədəniyyətinə verdiyi xidmətləri, bu mədəniyyətin dünyada tanıdılmasında Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirən vitse-spiker keçən müddət ərzində Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanda bir sıra simpoziumların, konfransların və sivilizasiyalararası dialoqa həsr olunmuş beynəlxalq tədbirlərin keçirildiyini söyləyib. O, bu tədbirlərin Azərbaycanda görülən işlərin beynəlxalq aləmdə tanıdılmasında, həm də beynəlxalq aləmin diqqətini nəinki Azərbaycanda, eləcə də dünyada olan bir çox problemlərə yönəldilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib: “Onun əsas fəaliyyət sahəsi mədəniyyətin təbliği, səhiyyə, təhsil, sosial həyatdakı, eləcə də Dağlıq Qarabağ probleminin həll edilməsi sahəsindəki görüləcək işlər, mənəvi və humanist ideallarının cəmiyyətdə özünə möhkəm yer tutması olmuşdur. Bu illər ərzində təhsil sahəsində görülən işləri sadalamaqla bitməz. Xüsusən gənc nəslə, uşaqlara, valideyn himayəsindən məhrum olanlara göstərilən diqqət, uşaq evlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, keçirilən proqramların zənginləşdirilməsi uşaqların əsl Azərbaycan vətəndaşı kimi yetişməsinə yönələn addımlardır. Bu diqqət Azərbaycanın gələcək həyatında özünü göstərəcək. Dağlıq Qarabağ həqiqətlərinin və musiqi mədəniyyətinin tanıdılması, Muğam Mərkəzinin açılması, muğam müsabiqələri və bu müsabiqələrdə istedadların üzə çıxarılması kimi işləri sadalamaqla qurtaran deyil. Bütün bunlar Heydər Əliyevin başladığı ideyaların davamıdır və bu ideyalar onun adını daşıyan Fondun prezidenti Mehriban xanım tərəfindən uğurla yerinə yetirilir. Heydər Əliyevin arzularının bir növ daha yaxşı həyata keçirilməsi təşkil olunur. Mehriban xanımın gördüyü bu işlər hesab edirəm ki, ölkə prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı istiqamətində reallaşdırdığı işlərə çox ciddi bir köməkdir. Bu eyni zamanda hər bir Azərbaycan vətəndaşına örnəkdir ki, öz xalqı, dövləti üçün hansı işləri görmək olar”.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan diasporunun güclənməsində gördüyü işləri də yüksək qiymətləndirən B.Muradova Fondun ölkədən kənarda olan nümayəndəlikləri, xüsusilə Rusiyadakı nümayəndəliyin cox ciddi fəaliyyəti ilə rəğbət qazandığını bildirib: “Rusiyada çoxsaylı soydaşlarımız, eyni zamanda ali təhsil alan gənclərimiz yaşayır. Onların potensialının bir araya gətirilməsi və Azərbaycan həqiqətlərinin müxtəlif instansiyalarda tanıdılması işinə onların cəlb edilməsi, yaşadıqları ölkənin ictimai-siyasi həyatına daha yaxşı inteqrasiya olunmaları üçün Fondun bu ölkədəki nümayəndəliyinin böyük rolu var. Azərbaycanlıların kompakt yaşadığı ölkələrdə, eləcə də bir çox Avropa ölkələrində çox ciddi işlər görülür. Bu ölkələrdə Azərbaycanla bağlı müxtəlif tədbirlərin keçirilməsi və bu tədbirlərə həmin ölkə vətəndaşlarının da cəlb edilməsi hesab edirəm ki, diasporun təşkilatlanması, qarşıda duran məqsədlərin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir”.

B.Muradova sonda Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edib: “Mən Mehriban xanımı ad günü münasibətilə təbrik edirəm. Ona həyata keçirdiyi bu işlərdə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Hər bir Azərbaycan vətəndaşını Mehriban xanımdan örnək götürməyə çağırıram”.

 

 

Paritet.- 2010.- 26-27 avqust.- S. 1-2.