Şahtaxtı sirri: “Taxt” sahibi “Şah” kim
olub?
İki məskunlaşma dövrü keçən bir kəndin
maraq və heyrət dolu tarixi...
Son vaxtlar istər
Azərbaycanda, istərsə də Azərbaycandan kənarda
Naxçıvan Muxtar Respublikasının Kəngərli
rayonunun Şahtaxtı kəndi haqda geniş məqalələr,
kitablar yazılır. Daha
çox Şahtaxtıdan çıxan tanınmış
şəxslərin özləri, ata-babaları barədə
xatirə üslubunda yazılan bu məqalə və kitablarda,
təəssüf ki, əksər məqamlarda kəndin
özünün tarixi və adının mənşəyi ilə
bağlı doğru olmayan, səthi xarakterli mülahizələr
üzərində dayanılır, tədqiqatçıları
yanlış istiqamətə yönəldən fikirlərə
rəvac verilir. Halbuki Azərbaycanın elmi-mədəni,
ictimai-siyasi həyatında fövqəladə rol oynayan şəxsiyyətlər
yetişdirməsiylə diqqət çəkən bu kənd
həm də Naxçıvanın mühüm tarixi hadisələrə
şahidlik edən ən qədim yaşayış məskənlərindən
biri olub. Elə məhz qədim ənənələrə,
deməli, həm də sağlam kökə, özülə
sahibliyi səbəbindəndir ki, Şahtaxtı kəndinin
adı Azərbaycanın, o cümlədən onun ayrılmaz
hissəsi olan Naxçıvanın tarixində silinməz izlər
qoyan yurd yeri kimi indi də seçilir, fərqlənir.
Araşdırmalar
göstərir ki, tarixən bu kənd Naxçıvandan
İrana, İrandan Naxçıvana gedib-gələn qədim
karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən
sayılıb. Üzərində taxta və dəmir körpülər
tikilənədək, at və dəvə karvanları Araz
çayının məhz bu hissəsindən – indiki
Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə
adlaya bilir, o tay-bu taya keçirdilər. Kəndin
yaşlı nəsil nümayəndələrinin söylədiklərinə
görə, Türkiyənin Bingöl dağlarından, təxminən,
3 min metr yüksəklikdən başlayan Araz
çayının suyu Şahtaxtının cənubundan
keçən hissəsində aramlaşar, xüsusən yay və
payızın ilk ayında isə heç atların dizlərinə
də çatmazmış.
Şahtaxtının
ibtidai insanların məskən saldığı ən qədim
yaşayış məntəqələrindən biri
olması ehtimalı hələ 1936-cı ildə arxeoloq Ə.
Ələkbərov tərəfindən aparılan arxeoloji
qazıntılar zamanı konkret dəlil-sübutlarla da təsdiqini
tapıb. Qazıntılar
zamanı tapılan Tunc dövrünün müxtəlif mərhələlərinə
aid maddi mədəniyyət nümunələrini analiz edən
alimlər bu qənaətə gəliblər ki,
Şahtaxtı hələ b.e.ə. VI-IV minilliklərdən
başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdən
isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş
yaşayış məskəni olub.
Qeyd edək
ki, həm 1936-cı ildə, həm də ondan sonrakı illərdə
aparılan tədqiqat və qazıntılar barədə istər
elmi ədəbiyyatda, istərsə də son dövrkü
kitab və məqalələrdə geniş bəhs edildiyindən,
təkrarçılığa yol verməmək məqsədiylə
biz bu haqda danışmayacağıq. Çünki Şahtaxtıdan bəhs edən əksər
yazıların girişi, demək olar ki, Azərbaycan Sovet
Ensiklopediyasının X cildində və Naxçıvan
Ensiklopediyasında bu kəndlə bağlı əks
olunmuş fikirlərin təkrarından başqa yeni bir şey
deyil.
Bizim üzərində
dayanmaq istədiyimiz məsələ isə daha çox
«Şahtaxtı» adının mənşəyi və bu kəndin
əsasını qoyan tayfalarla bağlıdır.
«Şahtaxtı» nə deməkdir?
Vaxtilə bir ucu Araz çayına gəlib
dirənən və «Qarahasar» deyilən böyük qala
divarlarının əhatəsində yerləşmiş bu qədim
yaşayış məskəninin sonralar niyə «Şahtaxtı»
adlandırılması haqda hazırda yerli əhali arasında
bir neçə maraqlı rəvayət, elm adamlarının,
ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların
əsərlərində isə konkret fikir və mülahizələr
var. Məsələn, Şahtaxtıda daha çox
yayılmış rəvayətlərdən birində
deyildiyinə görə, bu ad kəndə sonralar - Azərbaycan
Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin
1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra
verilib. Bildirilir ki, Şirvanı ələ keçirən
İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin
Naxçıvana 30 min nəfərlik qoşunla
yürüş etdiyi xəbərini alır və dərhal
özünün 7 minlik seçmə qızılbaş
süvarisiylə Naxçıvan istiqamətinə hərəkət
edir. İndiki Şahtaxtına yaxın yerdə
- «Şərur düzü»ndə qarşılaşan Səfəvilər
özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib
gəlirlər və bununla da qızılbaşların Təbrizə
yolu açılır. 1501-ci ilin
payızında Arazı keçərək Təbrizi tutan
qızılbaşlar İsmayılı taxta çıxararaq,
onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi
dövlətinin əsasını qoyurlar.
Şahtaxtıda əsrlərdir dildən-dilə
keçən rəvayətə görə, İsmayıl
Şirvandan Naxçıvana gələndə də və
«Şərur düzü»ndəki qələbəsindən
sonra da bu kəndin kənarında indi «İydəli Pir»
adlandırılan, əsasən iydə ağaclarından ibarət
meşəlikdə düşərgə salmış və
buna görə də kənd sonralar «Şahı taxta
çıxaran yer» - «Şahtaxtı»
adlandırılmışdır…
Başqa rəvayətlər isə Şah
Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd
Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz
bu hissəsindən keçərək şimal istiqamətində
hərəkət etmələri və müvəqqəti
dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə
bağlıdır. Demək olar ki, hər
üç şahla bağlı rəvayətlər mahiyyət
etibarilə eyni məzmunu ifadə edir və kəndin adı
da şah taxtlarının müvəqqəti olaraq bu ərazidə
qurulması ilə izah olunur.
Tədqiqatçılar - Naxçıvan ərazisinin
toponimlər sistemini araşdıran AMEA-nın
Naxçıvan bölməsinin İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun «Onomastika» şöbəsinin
müdiri, filologiya elmləri doktoru hörmətli Adil
Bağırov isə «Naxçıvanın oykonimləri»
adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm
də elmi etimologiyasını verib. O, xalq etimologiyasında
«Şahtaxtı» sözünün «şahın taxtı»,
«şahın oturduğu yer» mənasında işləndiyini,
elmi etimologiyada isə «hündür, uca yer» anlamını
verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin
«Şahtaxtı» sözünün farsca «şah» və Azərbaycanca
«taxt» sözlərinin birləşməsindən əmələ
gəlib, «dağ döşündə
çıxıntı», «dağ döşündə düzənlik»
kimi işləndiyi fikrinə istinad edən A.Bağırov
yekunda özünün «hündür yerdə olan taxt, düzənlik»
variantı üzərində dayandığını qeyd
edib. O, fikrini belə əsaslandırıb ki, «Əlincəqala»nın zirvəsindəki düzənliyə də
«Şahtaxtı» deyilir.
Digər tanınmış alim – hörmətli
akademik Hacı Qadir Qadirzadə isə Babək rayonunun Cəhri
kəndində «Şahtaxtı» adlı yerin olduğunu və Cəhridəki
yerin daha çox Nadir şahın burada daş üzərinə
çıxıb qoşununa müraciət etməsiylə
bağlı rəvayətə əsaslandığını
yazıb.
Azərbaycandakı yer və tayfa
adlarının mənşəyindən bəhs edən
üçcildlik topluda da «Şahtaxtı»nın
izahı «dağ döşündə düzənlik» kimi
verilib. Baxmayaraq ki, ərazini yaxşı
tanıyanlar Şahtaxtının heç də dağlıq ərazidə
yerləşmədiyini, daha çox maili təpəlik üzərində
qərarlaşdığını bilirlər.
Bəlkə də elə ziddiyyətli məqamların
çoxluğundandır ki, nə «Şahtaxtı»nın «dağ döşündə düzənlik»
kimi izahını verən tədqiqatçılar
yazdıqlarının həqiqət olduğunda israr ediblər,
nə də xalq etimologiyasına əsaslanaraq
«Şahtaxtı»nın «Şah taxtının qurulduğu yer» mənasında
işləndiyi arqumenti üzərində duranlar söhbətin
hansı şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki,
indiyə qədərki elmi mənbələrdə adları
çəkilən şahların Qafqaz istiqamətindəki
marşrutları və düşərgə yerləri haqda
kifayət qədər geniş məlumatlar, hətta xəritələr
olsa da, hələlik onların sırasından yalnız Səfəvi
Şahı İsmayılın «Şərur düzü»ndəki
döyüş öncəsi Şahtaxtı kəndinə
yaxın ərazidə düşərgə qurması
faktı qeydə alınıb.
«Şahtaxtı»
adının mənşəyi və tarixi haqda daha əsaslı,
fundamental araşdırmalara aparıb çıxaracaq və
indiyə qədərki rəvayətlərdən fərqli məlumata
isə xüsusən İran tarixinin mükəmməl
araşdırıcısı sayılan məşhur rus hərbi
tədqiqatçısı Nikolay Konstantinoviç Smirnovun
1934-cü ildə yazılmış «Naxçıvan
diyarının tarixi və etnoqrafiyasına dair materiallar»
kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu
üzə çıxan N.K.Smirnov bu kitabında
«Şahtaxtı» adının Şah İsmayıldan daha əvvələ
– əsası XIV əsrdə qoyulmuş «Nemətullahi» dərvişlərinə
gedib çıxdığını və kəndin
adının da məhz özünü «Şah» adlandıran dərvişin
təkyəsinin burada yerləşməsi ilə bağlı
olduğunu göstərib. O, həmçinin kəndin
yanında «Şah bağı» adlı yerin və
Arpaçayından Böyük-Düz istiqamətində
«Şah arxı» adlı köhnə kanalın olduğunu da
yazıb və bütün bunların hamısının eyni
kökdən qaynaqlandığı fikri üzərində
durub.
Təəssüf ki, rus tədqiqatçısının,
daha doğrusu, nəyi qeydə almağın vacibliyini
çox yaxşı bilən bu hərbi kəşfiyyatçının
gözəl bir elmi tədqiqat mövzusu olacaq qiymətli fikirləri
müstəqillik dövründə belə, hansısa səbəblərdən
Azərbaycan alimlərinin diqqətindən kənarda qalıb
və əslində, Naxçıvanın və
Şahtaxtının orta əsrlər dövründə
İslam dəyərlərinin təbliğində tutduğu çox
vacib əhəmiyyətə işıq salan olduqca
mühüm bir faktın üzərindən sükutla
keçilib.
Qeyd edək ki, biz də elə Şahtaxtının
adının mənşəyi ilə bağlı daha
çox məhz N.K.Smirnovun üzərində durduğu və
indiyədək araşdırılmamış variant istiqamətində
axtarışlar aparmaq qərarına gəldik və xeyli
maraqlı tarixi hadisələrlə, faktlarla rastlaşdıq.
«Şah» kimdir?
Məlumat üçün bildirək ki,
orta əsrlərdə el arasında dərviş kimi
tanınan şəxslər, əslindəsə sufi təriqətlərinin təmsilçiləri
öz ideyalarını yaymaq üçün mühüm
ticarət və karvan yollarının üzərini seçər,
orada özlərinin təkyə, xanəgah
adlandırdıqları məntəqə və mərkəzləri
qurardılar. Əsas yaşayış məntəqələrindən
nisbətən aralıda qurulan bu təkyə və xanəgahlar
sufi dərvişlərinin fövqəladə
qabiliyyətləri və mükəmməl dini-dünyəvi
bilgiləri sayəsində tez bir zamanda insanların
toplaşdıqları, inam, ümid yeri kimi baxdıqları
ünvanlara, onların ölümlərindən sonra isə
pirlərə çevrilərdi.
Yuxarıda
qeyd etdiyimiz kimi, indiki Şahtaxtı kəndi orta əsrlərdə
Şimal-Cənub və Şərq-Qərb istiqamətində ən
çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Kənd elə bir coğrafi
nöqtədə qərarlaşıb ki, cənubdan Araz
çayını keçib şimal istiqamətində hərəkət
edən karvan Şərqdən Qərbə gedən Qədim
İpək Yoluna çıxmaq üçün mütləq
şəkildə buradan keçməlidir.
Eyni zamanda, elmi mənbələr vasitəsilə
tam sübuta yetirilib ki, Naxçıvan sufizmin geniş
yayıldığı və məşhur sufi
şeyxlərinin yaşadığı və dəfn
olunduğu əsas məkanlardan olub. Bu haqda AMEA-nın
Naxçıvan bölməsinin Tarix və Etnoqrafiya
İnstitutunun direktoru, hörmətli professor Hacıfəxrəddin
Səfərli özünün «Orta Əsrlərdə
Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin
rolu» monoqrafiyasında ətraflı bəhs edərək,
Naxçıvanda «Səfəvilik», «Hürufilik», «Bəktaşilik»,
«Şeyxilik», «Nöqtəviyyə», «Qələndəriyyə»
və s. kimi sufi təriqət və
qardaşlıqlarının geniş
yayıldığını, hətta bir çox sufi şeyxlərinin
Naxçıvan ərazisində dəfn olunduqlarını
faktlarla göstərib.
Sonuncu səmavi kitab olan «Qurani-Kərim»in həm
zahiri, həm də batini mahiyyətinin, o cümlədən
şəriət hökmlərinin kamil biliciləri və
izahediciləri sayılan sufilər müxtəlif dərviş
ordenlərində, ayrı-ayrı qardaşlıq və birliklərdə
cəmləşsələr də, ümumən İslam
ideyalarının, mədəniyyət və
dünyagörüşünün daha geniş arealda
yayılmasında müstəsna rol oynayıblar. Xüsusən
də Məhəmməd Peyğəmbərin (s.ə.v.s.) əmisi
oğlu və kürəkəni Əli ibn Əbu Talibə, həmçinin
onun övladlarına – nəvə və nəticələrinə,
12 nəfərlik imamətə məhəbbətləriylə
və orijinal yanaşma tərzləriylə seçilən
sufilər bu xəttin qorunmasında və həm elmi, həm də
siyasi baxımdan tərəqqisində əvəzsiz xidmət
sahibləri kimi qəbul edilirlər. Təsadüfi deyil ki, istər
sünni, istərsə də şiə məzhəbindən
olan bəzi sufi birliklərinin
yaranmasının əsas məqsədi Əməvi xəlifələrinin
təqiblərinə məruz qalan Həzrəti Əli (ə.s.)
övladlarının qorunması və onların haqq
mübarizəsinin qələbə çalması istiqamətində
təşkilatlanma və təbliğetmə olub. Sonradan
get-gedə bu birlik və qardaşlıqlar konkret ideya və
şəriət məsələləri üzərində
sıx birləşən, özünəməxsus həyat tərzi
sürən təriqətlərə, həttə elmi-siyasi cərəyanlara,
məktəb və mərkəzlərə
çevrilmişdi…
Xatırladaq ki, sufi məktəblərinin
yaranmasında və genişlənməsində Həzrəti
Əlinin (ə.s.) oğlu İmam Hüseynin (ə.s.) nəvəsi
İmam Məhəmməd Bağır və onun oğlu
İmam Cəfər Sadiqin (ə.s.) tələbələrinin
müstəsna xidmətləri olub. İslam dininin batini mahiyyətini
mükəmməl bilməsinə və yüksək elmi
hazırlığına görə «Baqir» ləqəbini
daşıyan İmam Məhəmmədin (ə.s.) və
xüsusən də onun oğlu İmam Cəfərin (ə.s.)
tələbələri ayrı-ayrı sufi
qardaşlıqlarına rəhbərlik edərək, sonradan
özlərinin məktəblərini yaradıblar…
Elə N.K.Smirnovun Şahtaxtı kəndində
məskunlaşdıqlarını yazdığı «Nemətullahi»
təriqətinin yaradıcısı məşhur sufi Əmir Nurəddin Nemətullah ibn Mir
Abdullanın nəsil şəcərəsi də məhz 5-ci
İmam Məhəmməd Bağıra gedib
çıxır.
Xatırladaq ki, elmi mənbələrdə
Əmir Nurəddin Nemətullahın 1330-cu ildə Suriyanın
Hələb şəhərində doğulduğu, atası
Mir Abdullanın sufi mürşidi, anasının isə məşhur
fars zadəganlarından olduğu qeyd edilib. Sufi
mürşidinin oğlu Nemətullahın hələ gənc
yaşlarında İslam ölkələrinə səyahətə
çıxması, Məkkə ziyarətinə gedərkən
Şeyx Abdulla əl-Yəfi ilə tanış olması və
7 il ona müridlik etməsi haqda da yazılı mənbələrdə
məlumatlar var. Elə həmin mənbələrdə onun Məkkə
ziyarətindən sonra yenidən Şərq ölkələrinə
səyahətə çıxdığı, İraqda, Qahirədə,
o cümlədən də Azərbaycanda olduğu və
ömrünün son 25 ilini İranda – Kirman şəhərinin
Mahan kəndində keçirdiyi qeyd olunur. O da bildirilir ki,
1431-ci ildə - 101 yaşında dünyasını dəyişən
Nemətullah fitri istedadı və İslami bilikləri sayəsində
ətrafına xeyli mürid toplamağa və öz təriqətini
yaratmağa müvəffəq olub, ona «Vəli» - «müqəddəs»
adı verilib. Eyni zamanda, Nemətullah Vəli
sufizmdə ən yüksək mərtəbəyə – təriqət
başçısı səviyyəsinə
çatdığından, qaydalara uyğun olaraq, ona həm də
«Şah» titulu verilib.
Qeyd edək ki, sufilərdə «Şah»
titulu Həzrət Əlinin ünvanına işlədildiyindən,
əksər sufi təriqətlərinin
başçılarına onun şərəfinə «Şah»
deyə müraciət olunması o dövr artıq qayda
halını alıbmış. Elə indinin özündə
də xüsusən «Ələvilər» arasında Həzrəti
Əliyə «Şahım» deyə müraciət olunur, onun
qabiliyyət və istedadı geniş vəsf olunur.
Məlumatlara görə, XIV əsrdə
sünni təriqəti kimi yaradılan «nemətullahiyyə»
qardaşlığı XVIII əsrdə tam şəkildə
şiə qardaşlığına çevrilib və bu məsələdə
o vaxt İranda geniş kök atmış «səfəviyyə»
təriqətinin mühüm təsiri olub. Səfəvilər
dövrünün sonlarına yaxın İranda bütün sufi təriqətləri zəiflədiyi kimi,
«nemətullahiyyə» də zəifləyib və bu təriqət
yalnız məşhur sufi Məsum Əli Şahın
Hindistandan İrana köçməsi ilə yenidən
dirçəlib. Artıq şiə qardaşlığına
çevrilmiş bu təriqətə Məsum Əli Şah
yeniliklər də gətirib: o, hər bir təriqət
üzvünün adının sonuna «Əli Şah» titulunun əlavə
edilməsini zəruri bilib. Bu, həm də Peyğəmbərimizdən
sonra xilafətə rəhbərliyin – imamlığın və
şahlığın Həzrəti Əliyə
çatmasını ifadə edən sufi
simvolunun ictimailəşdirilməsi olub.
Ümumiyyətlə, araşdırmalar
göstərir ki, əksər sufi təriqətlərində
simvollaşdırılmış söz və ifadələrlə,
rəqəmlərlə danışığa və hərəkətlərə
çox böyük üstünlük verilib. Hər
bir simvol – hərf, söz, anlayış və ya rəqəm
İslam tarixində böyük bir hadisəni, fikir və ya
ideyanı ifadə edib. Bu səbəbdən də məşhur
sufi şair və
yazıçılarının əsərlərinin zahiri əlamətlərə
görə şərhi bir çox hallarda doğru
anlaşılmır, yanlış istiqamətlərə
yozulur. Məsələn, «nemətullahi»lərdə «Əli
Şah» Həzrəti Əlinin ilk xəlifə olması
haqqının tanınmasını ifadə edirdisə, bu təriqətin
digər görkəmli siması Nur Əli Şahın 12 nəsr
və 12 nəzm əsəri yazması təriqət üzvlərinin
12 imamı, onların haqq işini bu rəqəmdə
simvollaşdırılması anlamındadır.
Elə ətrafında «12» kəhrizin yerləşdiyi
bir «Pir»in mövcud olduğu «Şahtaxtı» adının sufi
simvolları və deyimləri ilə izahı verilsə, bu, təriqət
başçısının – «Şah»ın «taxt, məkan,
xanəgah, sığınacaq qurduğu yer» mənasına gəlir.
Böyük ehtimalla, N.K.Smirnovun
yazdığı kimi, «nemətullahi» təriqətinin banisi
Nemətullah Vəli və yaxud da onun «Şah» titulunu
almış müridlərindən hansısa biri Azərbaycana
məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisinə
yaxın hissəsindən keçərək gəliblər və
təbliğat üçün olduqca əlverişli mövqe
tutan bu qədim karvan yolu üzərində bir neçə
bulaqla əhatələnmiş iydəlikdə – indi «İydəli
Pir» adlandırılan yerdə məskunlaşaraq, öz xanəgahlarını
qurublar. Elə əvvəllər «Şah bağı» deyilən
bu iydəliyin sonradan pirə çevrilərək «İydəli
Pir», yaxınlıqdakı yaşayış məskəninin
isə «Şahtaxtı» adlandırılması da məhz burada
sufi «Şah»ın xanəgahının qurulmasıyla
bağlı olub.
Mümkün ehtimallardan biri isə budur ki,
səfalı yer olan bu iydəliyi sufi dərvişləri
«Şah», «Şahım» deyə müraciət etdikləri,
adını daim yaşatmağa
çalışdıqları Həzrəti Əlinin şərəfinə
«Şahtaxtı» adlandırıblar və bu ad sonradan
bütövlükdə fanat şiələr tərəfindən
yaxınlıqdakı yaşayış məskəninə
şamil edilib.
«İydəli Pir» - sufi xanəgahı,
seyid məkanı
Qeyd edək
ki, Naxçıvanın tarixi abidələrindən bəhs
edən kitabda Şahtaxtı kəndinin
yaxınlığında yerləşən «İydəli Pir»
qısaca olaraq, b.e.ə. II-I minilliyə aid olan və əhalinin
daş və su inanclarına bağlı abidə kimi göstərilib.
«İydəli Pir» barəsində
yazılı mənbələrdə çox az
məlumatlar yer alsa da, bu möcüzəli məkan haqda yerli əhali
və ətraf kəndlərin camaatı arasında hələ
heç yerdə dərc olunmamış xeyli əfsanələr,
rəvayətlər indi də dolaşmaqdadır. Məsələn,
deyilənə görə, elə 1501-ci ildə Şah
İsmayılın «Şərur düzü»ndəki
döyüş öncəsi düşərgə kimi
«İydəli Pir» ərazisini seçməsi də təsadüfi
deyilmiş, məhz bu yerin qədim tarixi, müsbət
aurası və düşərliliyi – Həzrəti Əli
adına bağlanan sufi xanəgahı olmasıyla
bağlıymış. Hətta belə rəvayətlər
var ki, İsmayılın 7 minlik qoşunla 30 minlik qoşun
üzərinə əmin şəkildə hücum çəkməsinin
kökündə də məhz öncədən qələbə
əldə edəcəyinə yüksək inamı olub və
bu inamı, əhval-ruhiyyəni də onda «İydəli Pir»də
gecələməsi yaradıb…
Doğrudur,
elmi mənbələrdə Şah İsmayılın «İydəli
Pir»də gecələdiy haqda yazılı olaraq konkret dəlil,
sübut yoxdur və bu, ancaq rəvayət şəklindədir. Ancaq ərazini yaxşı
tanıyanların, həmçinin orta əsr
dövrünün döyüşlərinin tədqiqatçılarının
söylədiklərinə görə, «Şərur düzü»
adlandırılan ərazini müşahidə etmək, eyni
zamanda fövqəladə situasiyada özünümüdafiə,
yaxud geri çəkilmək üçün ən münasib
məkan məhz «İydəli Pir»dir.
«İydəli
Pir»lə bağlı araşdırmalarımız zamanı
ortaya çıxan həqiqətlərdən biri budur ki, bu
yer illər uzunu yerli əhalinin xüsusi inam, məhəbbət
bəslədiyi müqəddəs ziyarətgah olub. Hətta məşhur «Əshabi-Kəhf»
ziyarətgahında olduğu kimi, işləri
dolaşığa düşən, qəlbində hansısa
niyyətin həyata keçməsini tutan kəslər bu yerə
gələr, qurban kəsər, yerdən xırda daşları
götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin
adamda niyyətinin qəbul olunacağına böyük inam
yaranarmış. Sonralar bu «daş
yapışdırma» adəti «şam yandırma» ilə əvəz
olunub və bu, indi də davam edir. Kənd
ağsaqqallarının və ağbirçəklərinin
dediklərinə görə, dəfələrlə
sınaqdan çıxarıldığından, «İydəli
Pir»in müqəddəs yer olduğuna artıq heç kimdə
şübhə yaranmazmış.
Xatırladaq
ki, indiki Şahtaxtı kəndinin təxminən 2 kilometrliyində
yerləşən bu ziyarətgah ətrafı qayalıqlardan
ibarət təpənin Araz çayına baxan hissəsində
qərarlaşıb. Qayalığın
çıxıntısının altındakı mağara
tipli yerdə indi də bir neçə nəfər rahat şəkildə
yağışdan, külək və qardan qoruna, gecələyə
bilər. Təpənin üstü hər hansı
düşərgənin təhlükəsiz yerləşməsi
üçün ideal şəraitə malik olmaqla bərabər,
həm də gözəl mənzərəyə
açılır: buradan dörd bir tərəf, o cümlədən
Araz çayının hər iki sahilində yerləşmiş
yaşayış məntəqələri, əkin yerləri
ovuc içindəki kimi aydınca görünür. Təpənin üstündə üç qədim
məzar, əhatəsində isə şiəlikdə
mühüm rəqəm sayılan «12» ədəd kəhrizin
yeri qalıb və bir neçəsindən hələ də
Araz çayı istiqamətinə su axır.
Qeyd edək ki, kəndin «Şahtaxtı»,
iydəliyin də pirə çevrilərək «İydəli
Pir» adlandırılmasının məhz bu məkanda sufi xanəgahının
yerləşməsiylə əlaqəli olduğu haqda
N.K.Smirnovun yazdıqlarını sonradan baş verən bir
sıra mühüm hadisələr – əraziyə Cənubi
Azərbaycanın Hərzən bölgəsindən nəsil
şəcərəsi Həzrəti Əlinin nəvəsi
İmam Zeynəlabidinə gedib çıxan «Böyük
Seyid» ləqəbli Mir Abdulla Ağanın qardaşlarıyla
birgə köçərək, buranı özünə
yaşayış məskəni seçməsi, böyük
bir tayfanın əsasını qoyması və elə burada
da dəfn olunmasını vəsiyyət etməsi də təsdiqləyir.
Şahtaxtı kəndində indi də dillər əzbəri
olan rəvayətə görə, Mir Abdulla Ağa «İydəli
Pir»ə ana tərəfdən babası olan Pirqulu xanın
qoşununda gəlib məskunlaşsa da, onu Şahtaxtına dəvət
edib kəndin daimi sakininə çevirən əsas şəxs
o vaxtlar Şahtaxtı kəndinin sahibi sayılan I İsa
Sultan olub…
Ümumiyyətlə, tarixi sənədlər
də təsdiqləyir ki, Şahtaxtı kəndinin ikinci
dövr məskunlaşmasında və kəndə rəhbərliyin
həyata keçirilməsində üç şəxsin – həm
də üç tayfa başçısının
böyük rolu olub: I İsa Sultan, Yüzbaşı Məhəmməd
Rza bəy və «Böyük Seyid» ləqəbli Mir Abdulla
Ağa.
Rus çarının fərmanına
uyğun olaraq, Naxçıvan ərazisində olan bəy,
sultan, axund, molla, seyid və keşişlərin 1842-ci ildə
ayrıca qeydiyyatının aparıldığı
siyahıda da o dövrdə Şahtaxtıda bir nəfər bəyin
– Hüseyn bəy Məmməd Rza bəy oğlunun, bir nəfər
seyidin – Mir Abdulla Ağa Mir Məhəmməd oğlunun və
bir nəfər sultanın – Məşədi Tağı Sultan
Hacı İsa Sultan oğlunun adları qeyd olunub.
Yeri gəlmişkən, 1831-ci ilin kameral
siyahıyaalınmasında Şahtaxtında olan 43 ailədən
19-nun Yüzbaşı Məmməd Rza bəy İmamqulu bəy
oğlu başda olmaqla, Kəngərli tayfasının «Cəmşidli»
qoluna aidliyi qeyd edilib.
Mir Abdulla
Ağa isə Şahtaxtıdakı ilk seyidlər sülaləsinin
əsasını qoymuş şəxsdir (Bu sülalə haqda
daha geniş və təfsilatlı araşdırmamız var -
E.Ş.).
Siyahıda Məşədi Tağı
Sultanın atası kimi adı çəkilən və Mir
Abdulla Ağanı Şahtaxtına dəvət edib ona torpaq
verdiyi bildirilən Hacı İsa Sultan isə sonradan
«Şahtaxtinski» soyadını daşıyan məşhur
tayfanın başçısı sayılır.
«Böyük köç» və Şahtaxtında ikinci məskunlaşma
dövrü
Qeyd edək ki, 1828-ci ildə imzalanan
«Türkmənçay» müqaviləsiylə Rusiyaya birləşdirilən
Naxçıvan ərazisində 1831-ci ildən başlayaraq, hər
10 ildən bir keçirilən əhali
siyahıyaalınmalarında Şahtaxtı kəndinin də
adı və əhalisinin say tərkibi haqda kifayət qədər
geniş məlumatlar var. Məsələn, 1831-ci ildə
Şahtaxtında 43 evdə 171 nəfərin
yaşadığı və onların da 91-nin kişi, 80-nin
qadın olduğu göstərilib.
1873-cü il siyahıyaalınmasında isə
Şahtaxtıda 83 ailənin (731) yaşadığı,
onların 371 nəfərinin kişi, 360 nəfərin
qadın olduğu göstərilib. Diqqət yetirsək,
görərik ki, 52 ildə fərq 40 ailə və 560 nəfərdir!
Deməli, bu rəqəmlər onu təsdiqləyir
ki, Şahtaxtında sürətli məskunlaşma XIX əsrin
ortalarından sonrakı dövrə təsadüf edir.
Belədə isə haqlı olaraq ortaya sual çıxır:
görəsən, e.ə. VI-IV minilliklərdən
başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdə isə
ətrafı qala divarlarıyla möhkəmləndirilmiş
bu qədim yaşayış məskənində XIX əsrin əvvəllərində
nədən bu qədər az adam
yaşayıb?
Qeyd edək
ki, araşdırmalarımız zamanı biz bu sualın da dəqiq
cavabını tapdıq. Məlum oldu ki, Şahtaxtının tarixində əslində
iki məskunlaşma dövrü olub. Birinci
mərhələ 1605-ci ilə qədərki dövrü,
ikinci mərhələ isə XVIII əsrin sonlarından ta XIX
əsrin sonlarınadək olan dövrü əhatə edir.
Tarixdən məlumdur ki, 1605-ci ildə Səfəvi
şahı Şah Abbas Osmanlı imperatorluğunun
hücumundan narahat olaraq, Arazın sol sahilinin tamamilə
yandırılması, dağıdılması, ərzağın
və əhalinin bölgədən çıxarılması
haqda fərman imzalamışdı və bu, Azərbaycan
tarixinə «Böyük sürgün» kimi düşüb.
Elmi mənbələrdə yer alan məlumatlarda
bildirilir ki, həmin vaxt Naxçıvan ərazisindən 70
minə qədər adam İranın cənub və şərq
vilayətlərinə köçürülüb. Elə sərhəddə
yerləşən Şahtaxtı kəndi də Səfəvi-Osmanlı
müharibələrində mühüm rol oynayan məntəqələrdən
biri kimi, 1605-ci ilin məşhur «Böyük
sürgün»ündən ən çox ziyan çəkən
və tamamilə dağıdılan, əhalisi isə
bütünlüklə köçürülən
yaşayış məskənlərindən olub.
Maraqlıdır
ki, Şahtaxtı kəndinin tarixindən bəhs edən rəvayətlərdə
də daha çox hansısa «köç hadisəsi»ndən
geniş bəhs olunur. Həmin
rəvayətdə deyilir ki, bu kəndin sakinləri əsas
etibarilə qan düşmənçiliyi əsasında
İrandan köçüb gələnlər olub, ancaq
onların qan düşmənləri olan «Zavallar» tayfası
hücum edərək, kənd əhalisini tamamilə
qırıb, sərvətini də talan edərək gediblər.
Guya hücum zamanı kənddən yalnız
çöldə cüt sürən iki nəfər – ata və
oğul sağ qalıblar ki, onlar da qorxularından
öküzlərini də götürərək, Məkkəyə
qaçıblar.
Həmin rəvayətə
görə, Məkkədə məskunlaşan bu ata-oğul
bir gün ziyarətə gələnlər arasında həmvətənləri
İsa Sultan adlı şəxsi görürlər və hətta
ona şahtaxtılıların toplayıb gizlətdikləri qənimətin
yerini də deyirlər. Şərtləri də bu olur ki, İsa Sultan həmin
qənimətin hesabına sağlamlıq rəmzi sayılan
hamamlar tikdirməlidir. İsa Sultan Məkkədən
qayıtdıqdan sonra qəniməti tapır və
sözünə əməl edərək, təkcə sahibi
olduğu Şahtaxtıda yox, hətta Naxçıvanda, Cəhri
və Yengicədə də hamam tikdirir.
Qeyd edək
ki, bu rəvayətdə kəndin tarixi ilə bağlı
müəyyən həqiqətlər olsa da, tam
reallığı əks etdirmir və qismən təhrif
olunmuş şəkildə çatdırılır.
Əsl həqiqətdə
isə rəvayətdə bəhs edilən köç və
talançılıq məhz tarixi sənədlərdə yer
almış 1605-ci ildəki «Böyük sürgün» hadisəsi
– Səfəvilərin Osmanlılara qarşı tez-tez tətbiq
etdikləri «yandırılmış torpaq» taktikası olub. Orta əsrlər dövründə rəqib
ölkələrin bir-birlərinə qarşı istifadə
etdikləri bu taktikanın əsas özəlliyi o idi ki,
hücum edən qoşunun ac-susuz qalması, yerli əhalinin
onları ərzaqla təmin etməməsi və əsir
alınmaması üçün qoşunların keçdiyi
marşrut boyu bütün əhali
köçürülür, ot-ələf
yandırılır, sığınacaqlar, qalalar
dağıdılır, hətta quyu suları da zəhərlənirdi.
Və tarixi mənbələr göstərir ki, I Şah
Abbasın Araz boyu Osmanlılara qarşı tətbiq etdiyi bu
taktika özünü doğruldub – Sığaloğlu Sinan
paşanın sərkərdəliyi ilə Naxçıvana yürüş
edən Osmanlı ordusu xeyli çətinliklərlə
üzləşərək, sonda məğlub olub…
Osmanlı-Səfəvi müharibələri
zamanı bütün Naxçıvan ərazisində sabitlik
yalnız 17 may 1639-cu ildə - «Qəsri-Şirin»də
imzalanmış sülh müqaviləsindən sonra
mümkün olub. Bu müqaviləyə görə,
Naxçıvan Səfəvilərin nəzarətinə
keçib, dağıdılmış ərazilərdə, o
cümlədən Arazboyu bölgələrdə təkrar məskunlaşma,
quruculuq işləri isə müqavilədən sonrakı illərdə
başlanıb və bu proses XVIII əsrin ortalarınadək
davam edib. Keçid məntəqəsi kimi ən çox dağıntıya
məruz qalan Şahtaxtıda da köçənlərin tədricən
öz yerlərinə qayıtması, təkrar məskunlaşma
və quruculuq işləri məhz bu dövrə təsadüf
edib, 1747-ci ildə İran şahı Nadirin ölümündən
və Kəngərli tayfasının başçısı
Heydərqulu xanın rəhbərliyi ilə Naxçıvan
xanlığının yaranmasından sonra proses daha sürətlə
aparılıb.
Xatırladaq
ki, Şahtaxtı kəndi də Naxçıvanın digər
əraziləri kimi, o vaxt bölgənin əsas hakim
tayfası olan Kəngərli xanlarına və bəylərinə
məxsus idi. Kəngərli xanları isə kəndi və idarəçiliyi
bu bölgənin ən məşhur adamı olan, həmçinin
Şahtaxtıdakı ən böyük tayfanın
başçısı İsa Sultana vermişdi.
Qeyd edək ki, 1603-cü ildən etibarən,
istər İran şahlarının, istərsə də
Osmanlıların işğalı dövründə
Naxçıvan əldən-ələ keçsə də,
bölgənin idarəçiliyi həmişə o
dövrün ən cəsur və igid tayfası sayılan Kəngərlilərə
tapşırılırdı. Ümumiyyətlə,
istər Səfəvilərin, istərsə də Əfşarların
və Qacarların dövründə Kəngərlilər
şah sarayında ən önəmli postları tutublar, sədaqətlərinə
və igidliklərinə görə, süvari qoşunun
özəyini təşkil ediblər. Bu səbəbdən
də, Naxçıvanın idarəçiliyi həmişə
Kəngərli tayfasının öhdəsində olub.
Öz
növbəsində, Kəngərlilər də bölgənin
idarəçiliyini İran şahlarıyla
razılaşdırmaqla, onların sədaqətlərinə
güvəndikləri nüfuzlu tayfa
başçılarının vasitəsi ilə həyata
keçirirdilər ki, şahtaxtılı İsa Sultan da belələrindən
sayılırdı. Onun özünün və babalarının İran
şahının qoşununda xidmət keçdikləri və
buna görə şah sarayında yüksək nüfuza malik
olduqları, «Sultan» titulunun da onlara məhz şah tərəfindən
verildiyi söylənilir.
İsa Sultanın doğum tarixi hələlik
bizə bəlli olmasa da, Naxçıvan Dövlət Arxivində
saxlanılan sənədlərdə onun ölüm tarixi kimi,
1839-cu il göstərilib. Şahtaxtinskilərin
nəsil şəcərəsini hazırlayan Naxçıvan
Dövlət Universitetinin rektoru, hörmətli akademik İsa
Həbibbəyli və AMEA-nın Naxçıvan Bölməsinin
əməkdaşı, yorulmaz tədqiqatçı Musa Quliyev
I İsa Sultanın atasının adının Şahsultan
olduğunu yazıblar. Ancaq təəssüf
ki, Şahsultanın ata-babalarının kimliyi haqda hələlik
tədqiqatçılar qəti söz deməyə çətinlik
çəkirlər.
Hazırda Naxçıvanda İsa
Sultanın tayfasını yerli Kəngərlilərin bir
qolunun törəməsi kimi qəbul edənlər də var, əslən
Cənubi Azərbaycandan gəldiyini iddia edənlər də…
İsa Sultanın nəslinin
davamçıları – övladları və nəvələri
Naxçıvanın Rusiyaya ilhaq edilməsindən sonra
Çar Rusiyasının «yeni zadəganlıq sinfi yaratmaq»
siyasətinə uyğun olaraq, XIX əsrin ortalarında
«Şahtaxtinski» soyadını alıblar və elə son 170
ildə də daha çox bu soyadla tanınıblar. Bu tayfa Məmmədağa
Şahtaxtinski, Behbudağa Şahtaxtinski, Əbülfət
Ağa Şahtaxtinski, II İsa Sultan Şahtaxtinski, Adilə
Şahtaxtinskaya, Elmira Şahtaxtinskaya, Leyli Şahtaxtinskaya, Zəhra
Şahtaxtinskaya kimi məşhur simaları Azərbaycana bəxş
edib və onların barəsində elmi ədəbiyyatda kifayət
qədər geniş materiallar var.
İki tayfa başçısının dostluğunun
açılmayan sirri…
«Şahtaxtinski»lərin əcdadının
– o vaxt kəndin sahibi olan I İsa Sultanın «İydəli
Pir»də məskunlaşan seyidləri - «Böyük Seyid»i və
qardaşlarını (1831-ci ilin arxiv sənədlərində
«Böyük Seyid»in qardaşları Mir Əsəd və Mir Fətulla
olaraq göstərilib-E.Ş.) kəndə dəvət etməsi
və yaşayış üçün torpaq sahəsi verməsi
daha çox onun Peyğəmbər nəslinə, Həzrəti
Əli övladlarına hörməti ilə izah edilsə də,
əslində bunun daha dərin – ciddi araşdırmaya
ehtiyacı olan kökləri, səbəbləri var. Daha
doğrusu, Naxçıvanda orta əsrlər dövründə
mövcud olan dini-siyasi cərəyanları araşdıran bəzi
tədqiqatçıların fikrincə, İsa Sultanın
babalarıyla «Böyük Seyid»in babaları vaxtilə eyni dini
təriqətin – «səfəviyyə»nin təmsilçiləri
olublar və bu ideoloji yaxınlıq sonradan onların
övladlarını da birləşdirib.
Hətta N.K. Smirnova istinad edən bəzi tədqiqatçılar
XIX əsrin əvvələrində Naxçıvanda mütərəqqi
şiə cərəyanı sayılan «şeyxilik»in geniş
yayıldığını və Kəngərli
xanlarından Ehsan xanın və onun oğlu İsmayıl
xanın, həmçinin əksər Kəngərli bəylərinin
bu təriqətin davamçıları olması haqda fikirləri
əsas gətirərək, Şahtaxtıdakı iki tayfa
başçısını birləşdirən xətt kimi,
«şeyxilik»in üzərində dururlar…
İsa
Sultanın «Böyük Seyid»ə xüsusi diqqət və
qayğı göstərməsinin, sonradan isə möhkəm
dostlaşmalarının səbəbləriylə
bağlı söylənən daha bir ehtimal isə hər
ikisinin əcdadlarının Hərzəndən olması və
yaxud aralarında hansısa qohumluq münasibətlərinin
mövcudluğu ilə bağlıdır. Belə ki, Cənubi Azərbaycan
tarixçiləri Şahtaxtı kəndinin ilk sakinlərinin
qan düşmənləri kimi qələmə verilən
«zavallar» tayfasının Hərzəndəki «rizallar»
tayfası olduğunu bildirirlər. Onlar deyirlər ki, təxminən,
5 əsr əvvəl Hərzəndə 5 qardaş tayfa - «Əhmədli»,
«Məmmədli», «Xudalu», «Şıxlu» və «Rizallar»
arasında qan düşmənçiliyi düşüb və
bu münaqişə illərlə sürüb. Tayfa davasının əsas baiskarı kimi isə məhz
«rizallar» – zavallar tayfası göstərilir. İranda
«zavallar» - «şuluq», «nadinc», «davakar» adamlara deyərlərmiş…
Deyilənə
görə, Hərzəndə başlanan qan düşmənçiliyi
on illərlə sürüb, son nəticədə bu
tayfaların bəzi tanınmış nəsillərinin
bütövlükdə kəndi tərk etməsi və
başqa yerlərdə yurd salmalarıyla nəticələnib.
O da ola bilsin ki, İsa
Sultanın ulu babaları ya hərzənli olublar, ya da 1605-ci
ilin «Böyük Sürgün»ü vaxtı
Naxçıvandan Hərzənə göçüblər,
ikinci məskunlaşma dövrü isə yenidən
Naxçıvana - Şahtaxtıya qayıdıblar.
Çünki Hərzən tanınmışları kimi,
İsa Sultanın da Şahtaxtıda və digər yerlərdə
hamam tikdirməsi, Şahtaxtı əhalisinin isə məşğuliyyətində
və yaşayış tərzlərində daha çox hərzənlilərsayaq
davranmaları və xüsusən də İsa Sultanla hərzənli
«Böyük Seyid» Mir Abdulla və eləcə də
onların sonrakı nəsilləri – övladları
arasında olan olduqca xoş, ilıq münasibətlər az
şey demir. Tarixi qaynaqlar şahidlik edir ki, Mir
Abdulla Ağanın özü və övladları ilə
Hacı İsa Sultanın özü və övladları
arasında çox möhkəm dostluq, bağlılıq
olub. Bu haqda Naxçıvan Dövlət
Arxivində o dövrün əmlak mübahisələri, məhkəmələrlə
bağlı saxlanan sənədlərdə kifayət qədər
geniş məlumatlar var.
Eyni zamanda, tədqiqatlar göstərir ki,
İsa Sultan təkcə «Böyük Seyid»ə ərazi və
su verməklə kifayətlənməyib,
Şahtaxtının dini işlərinə rəhbərliyi də
bütövlükdə ona həvalə edib, üstəlik,
1828-ci il Türkmənçay müqaviləsindən sonra
özü Rusiya təbəəliyini qəbul etdikdən sonra,
«Böyük Seyid»in də Rusiya himayəsinə keçməsində
əsas vasitəçi olub. Məhz Rusiya təbəəliyini
qəbul etməsi səbəbindən «Böyük Seyid»in
özünün və övladlarının əmlaklarına
toxunulmayıb, onların Şahtaxtında qalmalarına və
dini işlərə rəhbərlik etmələrinə
maneçilik törədilməyib.
Kəngərliləri çıxmaq şərtilə,
Şahtaxtı əhalisinin bir hissəsinin Hərzəndən
olması ehtimalını gücləndirən daha bir fakt isə
1842 və 1852-ci illərin kameral siyahıyaalınmalarında
Şahtaxtıya köçüb gələn sakinlərin bəzilərinin
adının qarşısında gəliş yeri kimi
«Çay Hərzən», «Daş Hərzən», «Mərənd»
və «Persiya» sözlərinin yazılmasıdır. Təəssüf ki, Şahtaxtının tədqiqatçıları
indiyədək bu faktları nəzərə almayıb, Hərzəndən
bu qədər insanın niyə məhz Şahtaxtıya
köçməsinin səbəblərini izah etməyiblər.
Bəlkə İsa Sultanın və yaxud Şahtaxtında «hərzənli»
kimi qeydə alınan adamların babaları elə 1605-ci ildə
Naxçıvandan İranın içlərinə doğru,
o cümlədən Hərzənə köçürülən
ailələrdən olublar və onlar sonradan – sabitlik
yarandıqdan sonra qan yaddaşı ilə təkrarən
öz doğma torpaqlarına – Şahtaxtıya qayıtmaq qərarını
veriblər?! Bəlkə də...
Cənubi Azərbaycanın «Qədim Hərzən»i…
Xatırladaq ki, həm Daş Hərzən,
həm də Çay Hərzən hazırda Cənubi Azərbaycanın
Mərənd bölgəsində bir-birinə yaxın ərazidə
yerləşən kəndlərdir. Hər iki kəndin
əhalisi vaxtilə «Hərzəni-ətiq», yəni «Qədim
Hərzən» deyilən yerdən köçüb məskunlaşanlardır.
Bəzi mənbələrdə «Qədim Hərzən»in
5, bəzilərində isə 7 min ilə yaxın
yaşının olduğu iddia edilir. Hazırda
Hərzəndə əhali eynilə Şahtaxtının qədim
sakinləri kimi, palçıq evlərdə yaşayır, əsasən
heyvandarlıq və əkinçiliklə məşğuldurlar.
Adətlərin çoxu isə, demək olar ki,
eynidir. Məsələn, orada da, Şahtaxtında
olduğu kimi, sürüyə qoçqatma adəti
böyük şadyanalıqla qeyd olunur…
Eyni zamanda, Hərzən ətrafındakı
bir neçə yerin adına eynilə
Şahtaxtında və ona yaxın ərazilərdə rast gəlinir:
məsələn, «İydəli Pir» Şahtaxtında da var, Hərzəndə
də; hazırda Şahtaxtının üst hissəsində
«Gavurqala» deyilən yer olduğu kimi, eynilə Hərzənin də
üst hissəsində «Gavurqala» mövcuddur...
Yeri gəlmişkən, uzun müddət mənfur
qonşularımız – ermənilər bu qalanın
adındakı «Gavur» sözünün onlara xitabən
deyildiyini iddia etsələr də, Hərzəndəki
araşdırmalarımız zamanı öyrəndik ki, bu
söz daha çox ərazinin müsəlmanlaşdırılmasından
sonra dağlarda məskunlaşmağa məcbur olmuş «zərdüştilər»lə
bağlıdır. Ümumiyyətlə, tarixi sənədlər
Şahtaxtının istər birinci, istərsə də ikinci
məskunlaşma dövründə bir nəfər də olsun
burada erməni millətindən olan şəxsin
yaşamadığını sübut edir.
Şahtaxtı kənd əhalisinin 1831-ci il
siyahısındakı 43 ailədən yalnız ikisi kürdmənşəli
olub ki, onların da qarşısında xüsusi qeyd - «ömərilər»
yazılıb.
Beləliklə, bizim
araşdırmalarımız zamanı üzə
çıxan faktlar göstərir ki, ən azı iki məskunlaşma
dövrü keçən Şahtaxtı kəndinin əsas
tayfaları İsa Sultanın törəmələri
«Şahtaxtinskilər», Mir Abdulla Ağanın törəmələri
olan Hərzən seyidləri və Məhəmməd
Rza bəyin başçılıq etdiyi Kəngərlilərin
«Cəmşidli» qolu olub.
Daha
bir maraqlı fakt isə hələ 1831-ci ildə kənddə
yaşayan əksər ailə başçılarının
və onların atalarının adlarının
qarşısında «Məşədi» və «Kərbəlayi»
sözlərinin yazılmasıdır. Bu faktın özü
də bir daha onun təsdiqləyir ki, Şahtaxtı kəndinin
ilk əhalisi Həzrəti Əli və onun övladlarına
xüsusi ehtiramla, hörmətlə yanaşan kəsim olub...
...Allah
doğru yolda olub, Onu Əlitək sevən hər kəsin
yolunu açıq etsin!
Elxan Şükürlü
jurnalist-tədqiqatçı
Paritet.- 2010.- 28-30 avqust.- S. 11