İşıqlı ömrün parlaq səhifələri
Bəşəriyyətin
tarixi təkamül prosesi göstərir ki, hər hansı
xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini
qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini,
özünəməxsusluğunu gələcək nəsillərə
ötürmək kimi çətin missiya onun taleyində
müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin
fəaliyyəti ilə bağlı olub. Nəcib əməllər sahibi olan belə
insanlar həmişə saf və ali məqsədlər
uğrunda mübarizənin önündə dayanıb, əlverişli
siyasi şansdan böyük məharətlə, ustalıqda bəhrələnib,
xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini
istənilən ictimai-iqtisadi formasiyada hifz edərək
möhkəm mənəvi təməl üzərində gələcəyə
doğru inamla addımlamışlar.
Azərbaycanın
XX əsrin sonları, XXI əsrin əvvəllərinə təsadüf
edən tarixi, şübhəsiz, xalqımızın
ümummilli lideri Heydər Əliyevin adı və ideyaları
ilə bağlıdır.
Ötən əsrin
altmışıncı illərinin sonunda respublikamıza rəhbər
seçilən Heydər Əliyevin bu vəzifədə
işlədiyi on üç il ərzində
həyata keçirdiyi milli inkişaf strategiyasının
uğurlu nəticələri sonralar xalqımızın
müstəqil dövlətçiliyinin bərpasında və
möhkəmləndirilməsində əvəzsiz rol
oynayıb. Azərbaycanın dövlət
suverenliyi və iqtisadi müstəqilliyinin təmin
olunması, onun xarici iqtisadi əlaqələrinin
formalaşması 1969-1982-ci illərdə ulu öndərimizin
təşəbbüsü və rəhbərliyi ilə
yaradılmış güclü potensiala əsaslanır.
Azərbaycanın enerji sisteminin
inkişafı
Tarixə nəzər
salsaq görərik ki, Azərbaycanın enerji sisteminin vüsətli
inkişafının əsası məhz Heydər Əliyevin
rəhbərliyi dövründə qoyulub. Ötən əsrin 1970-ci illərinin
sonunda Azərbaycanda 15,4 milyard kilovat-saat
elektrik enerjisi istehsal olunurdu. Lakin respublika iqtisadiyyatı
sürətlə inkişaf etdiyindən il ərzində
qonşu dövlətlərdən 2,9-3,5
milyard kilovat-saat elektrik enerjisi idxal etmək lazım gəlirdi.
Bu çatışmazlığı aradan
qaldırmaq üçün tez bir zamanda “Şəmkir” SES-in
və indiki Azərbaycan İES-in inşasına başlamaq qərara
alındı. Lakin bu stansiyaların
tikintisinə başlamaq o qədər də asan məsələ
deyildi. Yalnız ulu öndərin uzaqgörənliyi və gərgin əməyi
sayəsində keçmiş SSRİ rəhbərliyini bu
layihələrin icrasına lazımi vəsait ayırmağa
razı salmaq mümkün oldu. 1980-ci illərdə
gücü 380 MVt olan “Şəmkir” SES və Cənubi Qafqazın ən
böyük istilik-elektrik stansiyası sayılan, gücü
2400 MVt olan 8 enerji blokundan ibarət Azərbaycan İstilik
Elektrik Stansiyası istismara verildi.
Bununla da respublikanın enerji təhlükəsizliyi məsələsi
öz həllini tapdı.Birinci enerji blokunun işə
salınması ərəfəsində - 1981-ci il oktyabrın
20-də ulu öndər Heydər Əliyev Mingəçevirə
gəldi, stansiyanın vəziyyəti ilə tanış oldu,
energetiklərə və inşaatçılara öz dəyərli
tövsiyələrini verdi. Bu tarixi hadisə ilə
əlaqədar olaraq indi 20 oktyabr təqvimdə Azərbaycan
energetiklərinin peşə bayramı günü kimi qeyd
olunur.
1993-cü
ilin iyununda ulu öndərimiz Heydər Əliyev xalqın istəyi
və təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıtdıqdan, müstəqil Azərbaycan dövlətinin
sükanını öz qüdrətli əllərinə
aldıqdan sonra da respublikanın enerji sisteminə xüsusi
diqqət və həssaslıq göstərdi. Həmin ərəfədə
iqtisadiyyatın bütün sahələrində olduğu
kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti
yaranmış və sistemin ahəngdar işi pozulmuşdu.
Ümummilli liderimiz enerji sistemini böhrandan
çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək
və möhkəmləndirmək üçün məqsədyönlü,
genişmiqyaslı tədbirlər həyata keçirdi.
Əsrimizin möcüzəsi:
Baki-Tiflis-Ceyhan
Bakı-Tiflis-Ceyhan neft kəməri
müəllifi ümummilli liderimiz, görkəmli dövlət
xadimi Heydər Əliyev olan və vaxtilə dünyaya səs
salan məşhur “Əsrin müqaviləsi”nin
qanunauyğun məntiqi nəticəsidir. Ceyhan
limanına çatdırılan Xəzər nefti müstəqil
Azərbaycanda siyasətin və iqtisadiyyatın iri
addımlarla, böyük sürətlə irəliyə
doğru inkişaf etməsinin real və konkret göstəricisidir.
Bakıdan Ceyhana qədər keçilən
çətin və şərəfli yol həm də müstəqil
Azərbaycan dövlətinin ümummilli liderinin siyasi iradəsinin
məntiqi yekunu və parlaq qələbəsidir.
Bu baxımdan
kəmərə Heydər Əliyevin adının verilməsi
tam bir qanunauyğunluqdur. Azərbaycanın
Xəzər dənizindəki sektorundan çıxarılacaq
neftin Gürcüstan və Türkiyədən keçməklə
dünya bazarlarına nəqlini nəzərdə tutan bu layihənin
baş tutacağına inanmayanlar, onun həyata keçirilməsinə
mane olan qüvvələr də az deyildi. Lakin Heydər Əliyevin siyasi qətiyyəti və
cəsarəti sayəsində layihənin həyata
keçirilməsi uğurla başa çatdırıldı.
2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentlərinin,
ABŞ-ın energetika nazirinin iştirakı ilə kəmərin
təməli qoyuldu. 2005-ci ilin mayında kəmərin
Azərbaycan ərazisindən keçən hissəsi istismara
verildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında kəmərin
Gürcüstan hissəsi istifadəyə verildi. Ötən
il may ayının 28-də isə Azərbaycan
nefti Türkiyənin Ceyhan limanına çatdı və
iyulun 4-də neftlə yüklənmiş ilk tanker yola
salındı. Nəhayət, 2006-cı il
iyulun 13-də Türkiyənin Ceyhan şəhərində
Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərinin tam
istifadəyə verilməsi münasibətilə təntənəli
mərasim keçirildi.
Elm və təhsilin inkişafına
göstərilən diqqət
Ötən əsrin 70-80-ci illərində
Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin
şəbəkəsinin yaradılması və onların zəngin
maddi-texniki bazasının formalaşdırılması,
respublika hüdudlarından kənarda yüksək ixtisaslı
mütəxəssislərin, o cümlədən hərbi
kadrların yetişdirilməsi, Elmlər Akademiyasının
elmi-tədqiqat institutlarında fundamental elmin
inkişafının təmin olunması gələcəkdə
milli müstəqillik üçün zəruri intellektual zəmin
yaradıb. Məhz həmin illərdə respublikada məktəblərin,
ali və orta ixtisas müəssisələri
üçün yeni binaların tikintisi geniş vüsət
almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş,
ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri
açılıb. Respublikanın müxtəlif bölgələrində
800-ə yaxın məktəb tikilərək istifadəyə
verilib, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən
17-yə, tələbələrin sayı 70 mindən 100 minə
qədər artıb. O illərdə Azərbaycanın əldə
etdiyi mühüm tarixi nailiyyətlərdən biri də
xalqın uzaq gələcəyini nəzərdə tutan milli
kadr potensialının, o cümlədən nadir ixtisaslar
üzrə mütəxəssis kontingentinin
yaradılmasıdır. Bu məqsədi uğurla həyata
keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gəncləri təhsil
almaq üçün böyük qruplarla keçmiş
SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi
ənənəsinin əsasını qoyub. O dövrdə
SSRİ-nin 170 qabaqcıl ali təhsil
ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş,
hər il xaricə 800 tələbə yola salınıb.
Ümummilli
lider Heydər Əliyev öhdəsinə düşən
bütün işləri yüksək səviyyədə
görməyi bacarırdı. 1983-cü ildə SSRİ-də məktəb
islahatı Nazirlər Soveti sədrinin birinci müavini kimi ona
tapşırılmışdı. Heydər
Əliyev bu işin də öhdəsindən layiqincə gəlmişdi.
SSRİ-nin məktəb tarixində ilk dəfə olaraq 6
yaşdan birinci sinfə qəbul başlanmış, tədris
planında hesab riyaziyyatla əvəz edilmiş, ibtidai siniflərdə
“bərabərsizlik” və “çoxluqlar” anlayışı, həndəsi
elementlər, hətta beynəlxalq vahidlər proqrama və dərsliklərə
daxil edilmişdi. Azərbaycanda Naxçıvanski adına hərbi məktəb
açılmışdı.
Heydər
Əliyev gənclərin milli-mənəvi dəyərlər
zəminində yüksək səviyyədə tərbiyə
edilməsinə xüsusi qayğı göstərirdi. Ötən əsrin 80-ci illərində
Bakıda “Mənəvi tərbiyənin aktual problemləri”nə
həsr edilmiş elmi-praktik konfrans keçirilmişdi. Bu konfransa SSRİ-nin məşhur alimləri və
akademikləri gəlmişdilər. O zaman bu elmi məclisdə
qoyulan vəzifələr keçmiş SSRİ-nin
bütün pedaqoji ictimaiyyəti tərəfindən geniş
təhlil mövzusuna çevrilmişdi.
1993-cü
ilin iyununda Bakıya qayıdan ümummilli lider ictimaiyyət
nümayəndələri ilə ilk görüş yeri kimi
Elmlər Akademiyasını seçməklə intellektual
potensialın daşıyıcıları olan
ziyalıların cəmiyyətdəki roluna böyük dəyər
verdiyini göstərib. 1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil
sahəsində islahatlar üzrə dövlət
komissiyasının yaradılması haqqında” sərəncamı
imzalaması isə bu sahədə təkmil qanunverici
bazanın formalaşdırılması, təhsil
konsepsiyasının hüquqi əsaslarının
yaradılması məqsədindən irəli gəlib.
Çox qısa müddətdə komissiyanın hazırladığı
“Azərbaycan Respublikasının təhsil sahəsində
islahat proqramı” geniş müzakirələrdən sonra
1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minib
.
Mədəniyyətə qayğı
Tarixən zəngin
olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi
ulu öndərin adı ilə birbaşa bağlıdır. Heydər Əliyev mədəniyyəti
xalqın böyük sərvəti hesab edirdi. Buna görə də mədəni-mənəvi dəyərlərin
qorunması, təbliği və yeni estetik düşüncəyə
məxsus əsərlərin yaradılması
üçün nəinki mümkün, hətta mümkün
olmayanları da edirdi.
Heydər
Əliyevin böyük sənətkarlara qayğısı və
məhəbbəti, Azərbaycana, vətəninə nəhayətsiz
sevgisindən qaynaqlanırdı. Məhz hakimiyyətinin birinci dövründə onun təqdimatı
ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm,
Süleyman Rəhimov, Rəsul Rza və digərləri Sosialist
Əməyi Qəhrəmanı adına layiq
görüldülər.
Dövlət
müstəqilliyimizin ilk illərində bazar iqtisadiyyatına
keçidlə əlaqədar yaranmış sosial problemləri
uğurla həll edən Heydər Əliyev yaradıcı
ziyalıların əməyini yüksək qiymətləndirirdi. Onun təsis etdiyi Prezident təqaüdünü
incəsənətimizin inkişafının təmin edilməsində
tarixi addım kimi dəyərləndirmək olar. Bu
yüksək təqaüdlə təltif olunanlar
sırasında görkəmli elm xadimləri,
yazıçı və şairlərlə bərabər,
Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun,
Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın,
Hökumə Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun,
Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər
Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin,
Firəngiz Əlizadənin, Ramiz Mirişlinin, Musa Mirzəyevin,
Nəriman Məmmədovun, Oqtay Zülfüqarovun, Elza
İbrahimovanın, Oqtay Kazımovun, Yaşar İmanovun,
musiqişünas Elmira Abbasovanın, Ramiz Zöhrabovun və
başqalarının adlarını çəkə bilərik.
1995-2003-cü illər ərzində ulu
öndər Heydər Əliyevin sərəncamı ilə
görkəmli bəstəkarlarımızdan Tofiq Quliyev, Arif Məlikov,
Müslüm Maqomayev yüksək mükafata - “İstiqlal”
ordeninə layiq görülmüş, Azərbaycan
Respublikasının xalq artistləri Cövdət Hacıyev,
Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif
Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev,
Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev,
Ramiz Mirişli “Şöhrət” ordeni ilə təltif
olunublar.
Heydər Əliyevin ölkəyə rəhbərliyinin
ilk illərindən başlayaraq, onun iştirakı ilə
böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin
600 illiyi, Azərbaycan Dram Teatrının 100 illiyi, Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid
Ordubadi, Səməd Vurğun, Aşıq Ələsgər
kimi sənətkarların yubileyləri keçirilib. Yubiley tədbirləri Ümumittifaq, beynəlxalq
miqyasda əks-səda doğurur, Bakıda başlayıb
dünyanın mötəbər salonlarında
tamamlanırdı.
Heydər
Əliyev mədəniyyəti, onun bütün sahələrini
sevən insan idi. O, bu sahəyə
böyük töhfələr vermişdi. Milli
kinonun, eyni zamanda, çağdaş Azərbaycan ədəbiyyatının
formalaşmasında da bu əvəzsiz şəxsiyyətin
böyük rolu olub. Hamımıza məlumdur ki, hələ
sovetlər dönəmində “Nəsimi”, “Babək”, “Nizami”,
“Dədə Qorqud” və digər maraqlı ekran əsərləri
birbaşa Heydər Əliyevin təşəbbüsü ilə
çəkilib. O zaman bir sıra milli xüsusiyyətlərinə
görə nümayişi qadağan olunmuş filmlərin demək
olar ki, hamısı Heydər Əliyevin köməyi və
qayğısı sayəsində ekranlara yol tapıb. Ulu öndər müstəqillik dövründə də
mədəniyyətin digər sahələri kimi kinonun və ədəbiyyatın
inkişafına da böyük diqqət göstərib. Dövlət sifarişi ilə çəkilən
filmlərin sayının ilbəil artırılması, bir
sıra yaradıcı ictimai təşkilatlar kimi
Yazıçılar Birliyinin də fəaliyyətinə
yaxından kömək göstərməsi deyilənlərin əyani
sübutudur.
Heydər Əliyevin 1997-ci il aprelin 20-də
imzaladığı “Kitabi-Dədə Qorqud” dastanının
1300 illik yubileyi haqqında fərmanı, yubileyi keçirmək
məqsədilə komissiyanı yaratması və ona sədrlik
etməsi, bunu dövlət işinin tərkib hissəsinə
çevirməsi milli-mənəvi irsin qorunması,
yaşadılması, öyrənilməsi və gələcək
nəsillərə çatdırılması sahəsində
olduqca əhəmiyyətli bir hadisə
olub. “Kitabi-Dədə
Qorqud” abidəsinin YUNESKO kimi möhtəşəm beynəlxalq
mədəniyyət təşkilatında qorunan mənəvi
miraslar siyahısına salınması və bununla da onun
dünya mədəniyyəti inciləri arasında
özünəməxsus yer tutması Heydər Əliyevin iradəsi
sayəsində mümkün olub
Heydər
Əliyev sözün əsil mənasında, müstəqil
olan Azərbaycan dövlətinin əsaslarını
formalaşdırdı. Ölkəmizin
demokratik inkişaf yolunu müəyyənləşdirdi,
sosial-iqtisadi inkişaf xəttinin təməlini qoydu. Ən əsası
isə Azərbaycanın dövlət müstəqilliyinin
daimiliyini, əbədiliyini, dönməzliyini təmin
edən mükəmməl bir dövlətçilik
ideologiyası formalaşdırdı və Azərbaycan
Prezidenti cənab İlham Əliyevin şəxsində bu
ideologiyanı Azərbaycanıın uğur faktoruna çevirə
biləcək ən layiqli varisini yetişdirdi.
M.
ƏLƏKBƏROĞLU
Paritet.-2010.- 11-13 dekabr.- S. 7.