"Dünyanın ən müxtəlif ölkələrindən Atəşgaha ziyarətə gəlirdilər"

 

 

  Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni zərdüştiliyə sitayiş edirdi. Qədim Azərbaycan dövləti olan Atropatenanın dövlət dini də zərdüştilik idi. Abşeron yarımadasının yanardağları, alovlanan dəniz səthi daim zərdüştiləri özünə cəlb edirdi.  ŞabranNiyazabad şəhərlərinin süqutundan sonra  Xəzərdə əsas ticarət limanına çevrilmiş Bakıda dünyanın müxtəlif ölkələrindən gələn tacirlərin kiçik icmaları da məskunlaşmışdı. Bu icmaların içərisində ozamankı Baburilər dövlətinin Moltan əyalətindən olan(indiki Pakistanın Siraikistan vilayəti)  və azərbaycanlıların moltanı adlandırdığı tacirlər də var idi. Tarixi mənbələrə görə, moltanıların bir qismi pars-atəşpərəstlər idi.

Vaxtilə İslamın gəlişindən sonra indiki İran və Azərbaycan ərazilərini tərk edərək Hindistanda məskunlaşmış parslar(başqa adla gəbrlər) Suraxanı yaxınlığındakı təbii ocağın üstündə atəşpərəst məbədi inşa etmişdilər. 18-ci əsrdə inşa edilmiş və atəşgah adlanan bu tarixi abidə öz odu-alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilirdi. Onlar dünyanın ən müxtəlif ölkələrindən ocağa ziyarətə gəlirdilər.

 Zəvvarlar divar ətrafında oturub, saatlarla dua edir, gözlərini yerdən püskürən oda dikərək ona sitayiş edirdilər. İstər tacirlərin, istərsə də zəvvarların dincəlməsi və oda sitayiş etmələri üçün səcdəgahın ətrafında tikililərə ehtiyac vardı. Buna görə də Atəşgah yenidən 1713-cü ildə tikildi. 20 il ərzində (1713-cü ildən 1733-cü ilədək) orada iki gözdən ibarət daş ev tikildi, əvvəl isə burada yalnız kiçik ev vardı. Sonrakı dövrlərdə də tikinti işləri aparıldı və hücrələr XVIII əsrin sonlarında ümumi hasara alındı. Atəşgahdakı kitabələrin oxunmasından məlum olur ki, bizim dövrə gəlib çatan məbədi Multan vilayətindən (bu ərazi hazırda Pakistana məxsusdur) gələn hind tacirləri və zəvvarları tikib. İçərişəhərdə bugünədək qorunub saxlanılmış XV əsrə aid Multanı karvansarası da deyilənləri təsdiq edən faktdır. Mənbələrdə həmçinin Hindistandan Bakı yaxınlığındakı Suraxanıya əbədi oda sitayiş üçün pars zəvvarlarının gəldiyi qeyd edilir

 

Üstü gümbəzlə örtülən səcdəgahın divarında  kitabə var

 

“Sönməyən odlar” səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini xüsusilə cəlb edirdi. Möcüzəni görmək üçün atəşgaha Mendeleyev, Vereşşaqin, Düma-atabir çox səyyahlar gəlib.

            Xüsusilə Aleksandr Düma-ata gördüklərindən çox heyrətlənib. O, “Qafqaz səfəri” adlı əsərində Suraxanıdakı Atəşgahı çox gözəl təsvir edib. Düma-ata yazırdı:” Bakıdan atəşpərstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə alov zolaqları, dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür oyadırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi”. Gündoğan tərəfdəki qapıdan (Atəşgahın bir qapısı var) içəri girdikdə yazıçının diqqətini dördbucaqlı tikili-səcdəgah cəlb edir. Bu gün də həmin abidə yerindədir. Üstü gümbəzlə örtülən səcdəgahın divarında hind dilində kitabə var. Onun mərkəzində əbədi od yanır, sitayişlə əlaqədar burada müxtəlif dini ayinlər icra edilirqurbanlar kəsilirdi. Səcdəgahın yaxınlığında isə içərisində “müqəddəs odolan çala mövcuddur. Burada atəşpərəstliyə sitayiş edən insanların cəsədləri yandırılırdı. Sonralar səyyahların ibadətin gedişini izləməsi üçün giriş qapısının üstündə balaxana (Balaxana - bir sıra Şərq ölkələrində binanın üstündə tikilən otaqdır) tikildi.

Atəşgahın həyətində su üçün hovuz, azuqə saxlamaq üçün isə quyu olub. Quyuların içərisində ən dərini 18 metr idi. Bu gün həmin quyular doldurulub. Lakin ona yaxınlaşdıqda qaz iyini hiss etmək mümkündür.  Atəşgahın beşguşəli daxili həyəti hücrələrlə əhatə edilib. Hücrələrin girişi üzərində sanksrit dilində kitabələr həkk olunub. Belə kitabələrin sayı iyirmidir, onlardan yalnız biri farscadır.

 

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır.

 

 Oda sitayiş edənlər Atəşgahda yaşamaq üçün Hindistandan köçüb bura gəlirdilər. Onlar özlərini maddi nemətlərdən və yaşayış rahatlığından məhrum edir, oda tapınır, tərki-dünya həyat tərzi sürərək, cismani əzab çəkməklə ruhlarını əzab-işgəncələrdən xilas etmək istəyirdilər. Bəziləri çılpaq daş üstündə yatır, digərləri günlərlə girəc üstündə uzanırdılar. Tez ölmək üçün ac qalır, özlərini ağır dəmirlə bağlayırdılar. Onlar Atəşgahdakı “müqəddəs od”da yanmağı özləri üçün böyük xoşbəxtlik sayırdılar. Onların bəziləri yalnız öz günahlarını deyil, başqalarının da günahlarının bağışlanması üçün ibadətə gəlirdilər. Belələrinin ibadət müddəti günahları yuyulmalı olan adamların sayından asılı olurdu. İbadətə gələnlər belə əqidədə olublar ki, kim özünə nə qədər zülm etsə, günahlarının bağışlanması da o qədər dəqiq olar. Günahlarının bağışlanmasını arzu edən insan həm də yerdə sürünməli, günlərlə barmaqlarının ucu üstündə durmalı, uzun müddət oturub qalxmalı və özünə başqa zülmlər etməli idi. Guşənin (ibadət edənləri belə adlandırırlar) ilin isti fəsillərində qızmar günəş altında oturmalı, yağmurlu günlərdə yağışın altında lüt dayanmalı, ilin soyuq aylarında yaş paltar geyinməli idi. O, daim özünə əzab verməklə cismani ölümünə nail olmalı idi.

Suraxanı atəşgahında ölənləri dərhal məbədin həyətində yandırır, külünü isə havaya sovururdular. Bu günə qədər bu dinə pərəstiş edənlər hələ də az deyil. Hazırda atəşpərəstlərin sayı 150 min nəfərdən artıqdır ki, onların 100 min nəfəri Hindistanda yaşayır. Parslar adlanan atəşpərstlər ərəb işğalından sonra İrandan köçmüş və Qucarat əyalətində məskunlaşmış zərdüştilərin nəsilləridir. Dinləri zərdüştilikdir. Parslar məbədlərdə oda sitayiş edirdilər. Onlar ölülərin müqəddəs saydıqları od, su, hava və torpağı mundarlamamaq üçün cənazəni aparıb ölülər üçün tikilən sükut qüllələri adlanan xüsusi tikililərdə qoyurdular. Cənazəni gözləyən vəhşi quşlar meyitlərin sümüklərini ətdən təmizləyirdi. Bundan sonra ölü sahibi sümükləri yığıb həmin daxmanın ortasında qazılmış quyuya atırdı. Bu gün parsların icmasında endoqomiya (müəyyən ictimai qrup daxilində nikah adəti) üstünlük təşkil edir.

Atəşgahı müqəddəs ibadətgah hesab edənlər arasında gəbrlər də var. Oda sitayiş edən bu icma əsasən İranın Fars və Girman ostanlarında çox vaxt müsəlmanlardan ayrı icmalarda yaşayırlar. Onların dini icmalarına rəhbərlik edən kahinləri mobed və atravan adlandırırlar.

Beləliklə, Suraxanı Atəşgahına gələn zəvvarlar dörd qrupa bölünürdü: atəşilər-ölülərin odda yandırırdılar. Badilər - onların küllərini havaya sovururdular, abilər - külü suda axıdırlar. Xakilər - ölülərin sümüklərini basdırırlar.

 Yuxarıda qeyd etdiyimiz kimi, Suraxanı Atəşgahına gələn zəvvarlar “müqəddəs” qazı hətta dağarcıqlara dolduraraq, sovqat kimi vətənlərinə aparırdılar. Suraxanı Atəşgahı o qədər məşhur idi ki, bəzi parslarr öləndən sonra cənazələrini Suraxanı Atəşgahında yandırmağı vəsiyyət edirdilər. Suraxanı məbədinə gələnlərin sayı artıq XIX əsrin axırlarından etibarən ildən-ilə azaldı. Sonuncu pars isə Atəşgahı 1883-cü ildə tərk edib. Oktyabr inqilabından sonra Suraxanı məbədi kerosin zavoduna çevrildi. Gümbəzindəki od isə söndürüldü. Yalnız 70-ci illərin əvvəllərində İndira Qandi(onun əri Feruz Qandi pars idi-red.) müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra yerli rəhbərlik əl-ayağa düşdü. Məbədin ərazisi zir-zibildən təmizləndi, ora gedən yol asfaltlandı, tikili təmir edildi. Ən əsası isə məbəddə qaz yenidən yandırıldı. İndira Qandi səfərindən çox razı qaldı.

 

“Atəşgah” böyük turizm

 

obyektinə çevriləcək

 

 Məlumat üçün bildirək ki, son illər Azərbaycanda tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir.Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar dövlətin adıçəkilən sahəyə necə həssas yanaşmasının göstəricisidir. Dövlət başçısı ötən il  Suraxanı rayonunda yerləşən atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminati barədə sərəncam imzalayıb.Sözügedən sərəncama münasibət bildirən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi də ölkə prezidentinə və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Atəşgah kimi çoxəsrlik bir tarixə malik abidənin bərpasına belə xüsusi diqqət ayırdıqlarına görə təşəkkür etdibildirdi ki, bu onların çoxdan gözlədiyi bir sərəncamdır. R.Babayi sənədə əsasən qoruq ərazisində   konservasiya işlərinin həyata keçiriləcəyini dedi: Bura qoruğun işıqlandırma sisteminin yenidən qurulması, burada yaradılacaq muzeydə nümayiş etdirmək məqsədilə maraqlı eksponatlar əldə etmək üçün arxeoloji qazıntıların aparılması, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun turistlərin diqqətini cəlb edəcək maraqlı turizm obyektinə çevrilməsis. aiddir”.

Rəşid Babayi sərəncamı Azərbaycan mədəniyyətinə və mədəni irsinə verilən qiymət kimi qiymətləndirdi.

Xatırladaq ki, bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdı. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilib. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olub. Zərdüştiliyə görə, dünyada iki başlanğıc - Xeyir və Şər başlanğıcları mövcuddurbunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyr qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günahsavab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik Sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmışdı. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb edir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də olub(azerbaijan.az ).

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 16-17 dekabr.- S.9.