Öz adət-ənənələrinə
sadiq buduqlular
Rafiq Abdullayev: “Buduq kəndi uzun əsrlər boyu öz
varlığını qoruyub saxlaya bilib”
Qafqaz regionu dünya sivilizasiyasının ən qədim
ocaqlarından biri sayılır. Regionda
yerləşən Azərbaycan Respublikası etnik tərkibinin
müxtəlifliyi və onların inkişafına diqqətinə
görə daima fərqlənir. Əhalinin etnik tərkibi
baxımından maraq doğuran ərazilərdən biri
respublikamızın şimal-şərqində Quba,Qusar və Xaçmaz rayonlarıdır. Azərbaycanlılarla
bərabər ləzgilər, tatlar, yəhudilər,
Şahdağın ətəklərində yerləşdiyinə
görə etnoqrafiya elmində “Şahdağ etnik qrupları”
kimi məşhur olan
xınalıqlılar, qrızlılar, buduqlular, haputlular,
ceklilər, əliklilər, yergüclülərin
yaşadıqları bu rayonlarda muxtəlifdilli xalqların birgə
yaşayış tərzi nəticəsində
qarşılıqlı inkişaf prosesi gedir.
Bu yeddi etnoqrafik qrupun mərkəzi igamətgahları
Şahdağ yastanında(platosunda) yerləşir və
bir-birinə çox yaxın olmaqla hərəsinin
ayrı-ayrılıqda adına kəndə var. Qrız, Buduq,
Xınalıq, Haput, Əlik, Cek, Yergüc adlı bu kəndlərin
hər birisinin tarixi, maddi və mənəvi mədəniyyəti
haqqında qalın kitablar yazmaq olar. Say etibarıilə az olsalar
da , bu kəndlərin hərəsinin əhalisi
ayrı-ayrılıqda bir etnik
qrupdur. Biz bu yazımızda həmin etnik
qruplardan biri olan buduqlular haqda məlumat verəcəyik.
Qədim tarixə
məskənlərin bolluğu ilə seçilən
Qubanın topanimikasına nəzər salsaq, burada neçə-neçə
yüzillər bundan əvvəl xatırlanan
yeradlarının bolluğunu görərik. Buduq belə məskənlərdən
biridir. Qubanın 64 km cənubi-qərbində,
Qaraçayın sol sahilindən 2 km aralı,
Böyük-Qafqazın yan silsiləsinin yamacında yerləşən
Buduq kəndi buduqluların yaşayış məskəni
olmuş və indi də əsas yaşayış yerləri
olaraq qalmaqdadır. Buduq yastanında Gülxana (Güləxana)
karst mağarasının və eləcə də
Qaraçayın sağ sahilində Əmbərə
dağında insan əli ilə yonulmuş Qaşa
mağarasının olması həmin ərazidə ibtidai
insanların yaşadığından soraq verir. Meşəsiz dağlı yamacda yerləşən
Buduqun strateji əhəmiyyəti də böyükdür.
Buduq kəndində buduq dilində
danışan, buduqlular yaşayır. Buduq etnik qrupu,
tarixi və etnoqrafik tərəfdən çox az
araşdırılıb. Buduqluların mədəniyyətləri
də dilləri kimi qrızlıların mədəniyyətnə
çox yaxındır. Əldə olan məlumata
görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası
dövründə qoyulub. Əhalinin Sasani
qoşunlarının qəfil basqınlarından qorunması
üçün, kənd çətin keçilən yerdə
salınıb. (276-ci ildən 651-ci ilə
qədər şimali Azərbaycanın bir hissəsi İran
dövləti olan Sasanilər tərəfindən işğal
olunub).
Buduqlular kənd
yollarının keçilməsinin yalnız yay
mövsümündə mümkün olduğu, tam ayrı bir ərazidə
məskən salıblar. Buduqlular həmin ərazilərin ilkin sakinləridir.
Kəndin yaxınlığında yerləşən
Küləxana və Əmbərə dağında olan
mağaralar, burada qədim sakinlərin mövcud olmasından xəbər
verir.
“Buduq”
sözü qədim türk dillərində “dəliqanlı,
hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar,
etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad”
adlandırırlar.
Buduqlular Azərbaycanın milli etnik
nümayəndələridir
Buduqlulara dair əldə olunan ilk tarixi məlumat
Xlll əsrin sonu XlV əsrin əvvəllərində
yaşamış, Fəzlullah Rəşidəddinin “Came ət
- təvarix” (Tarixlərin toplusu) əsərində verilib. Müəllif öz əsərində qeyd edir ki, bu
qəbilə Tumbine xanın 5-ci oğlu Bat - Kulkinin nəslindən
şaxələnib. Çingiz xanın
dövründə onların başçısı Uriday idi.
Çingiz xan Tayciut qəbiləsi ilə
vuruşduğu vaxt, budatlar Çingiz xanla müttəfiq idilər
və onun qoşununa birləşmişdilər. Budatlardan çoxlu əmirlər olubmuş, lakin
hal-hazırda adları məlum deyil.
Buduqlularla
bağlı ilk rəsmi sənəd isə 1607 - ci ildə Səfəvi
hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə
XVlll və XlX əsrin əvvəllərində verilmiş
Quba xanlarının - Həsənəli xanın, Fətəli
xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət
kəsb edir.
A. A.
Bakıxanovun “Gülüstani-İrəm” əsərində
Buduğa və buduqlulara müəyyən yer verilib. XVlll əsrdə Buduq eyni
adlı mahalın mərkəzi olub.
Buduqlular tarixən
nəsillərə, böyük və ya kiçik ailə
birliklərinə bölünüblər və indi də həmin
nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında
hər bir nəslin öz yeri olub. Sosial-iqtisadi
şəraitlə əlaqədar olaraq sakinlərin çox
hissəsi kəndi tərk ediblər. Kənddə
9 illik təhsilli məktəb və kənd bələdiyyəsi
fəaliyyət göstərir.
Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat
tərzi keçirirlər. Onların əsas
yaşayış məskənləri Buduq kəndidir. Buduqun əhalisi payız gələndə öz
sürülərini orta zolağa, qışda isə daha
düzən yerlərə qışlaqlara aparır, yaya kimi
orada xüsusi hazırlanmış yerlərdə qalırlar.
Qışlaqlara adətən heyvanların
saxlanması üçün yerlər-tövlələr,
mağaralar olur.
Buduqda evlər
sıra ilə yaylanın yuxarı hissəsində yerləşir. Kənddən təxminən 2-3 km
yuxarı, alp çəmənliklərində Qazma Buduq kənd
sakinlərinin evləri var. Yastı sahələr az olduğundan evlər çox sıx yerləşdirilib.
Evlər qədim, yonulumuş daşdan, divarlara
taxtadan arakəsmələr salınıb, bu da evləri zəlzələyə
dözümlü edir. Əhali az
danışan, lakin qonaqpərvərdirlər. Buduq
sakinləri toy, dəfn və digər ailə təntənələrində
öz etnik adət - ənənlərinə sadiq qalırlar.
Evlərin içərisi əcdadlarının
toxuduqları xalça və palazlarla örtülüb.
İndiki dövrdə peşələrin bir
çoxu unudulub. Çətin vaxtlarda kənd
sakinlərinin çoxu qədim mis qabları və digər qədim
əşyaları satmışdılar.
Böyük
təntənələr zamanı açıq havada güləşmə
və digər milli oyunlar təşkil olunur. Kənddə yalnız iki bulaq var ki, sakinlər
mis səhənglər və gil qablarla
bunlardan evlərə su daşıyırlar. Buduqlular
çox təvazökarlıqla əkinçilik və
bostançılıqla məşğul olurlar. Maldarlıq çox inkişaf edib. Yayın ortalarında sakinlər heyvanlar
üçün yem tədarükü üçün
otlaqlara gedirlər.
“Buduq” Cəmiyyətinin
sədri Rafiq Abdullayev “Paritet”ə bildirdi ki, buduqlular Azərbaycanın
milli etnik nümayəndələridir: “Buduqluların ana dili
buduq dilidir. Buduqlular İslam dininə etiqad edirlər. Kənddə məscid və mədrəsə
mövcuddur”.
O qeyd etdi ki, aparılan tədqiqatlar Azərbaycanda
hazırda buduqluların 50-60 minə
çatdığından xəbər verir: “Zənnimcə
dünyada buduq türklərinin ümumi sayı 100-min
civarındadır. Belə ki, bu etnosun nümayəndələri
Azərbaycanın rayonlarında, Bakıda yaşamaqla yanaşı
dünyanın çox yerlərində, o cümlədən
qonşu Rusiyada, Dağıstan ellərində kompakt şəkildə
məskunlaşıblar. Ayrı-ayrı bölgələrdə
buduqlu ailələrin məskunlaşması istisna edilmir”.
Buduqda nə
görmək olar?
Buduq kəndindən
yuxarıda yerləşən Qazmalardan qədim zamanlarda Buduqa
saxsı süd boruları mövcud olub. R. Abdullayevin dediyinə görə, XX əsrin
əvvəllərinə qədər həmin borular vasitəsilə
kəndə süd ötürülərmiş: “Həmin
dövrlərdə Qazmalarda əsasən buduqluların
fermaları yerləşirdi. Saxsı borularla gələn
süddən sakinlər süd məhsulları düzəldirdilər”.
Buduqdan 10 km aralı, Qaraçay dərəsinin
əlçatmaz sıldırım qayalıqlarında qədim
“Yeddilər” qalasının qalıqları var. Həmin
Qaraçay kanyonunda, əlçatmaz qayalıqlarda yerləşən
mağarada əhali öz mal-qarasını qəfil
hücumlar və basqınlar vaxtı gizlədirmişlər. Qaraçay dərəsinin kanyon
başlandığı yerdə, sıldırımlı
qayalıqda mağaranın içində “Pir Bənövşə”
adlanan müqəddəs bir yer var.
Bu mağarada
böyük bir stalaktit var, içində sanki nəhəng
bir balıq qulağı salınıb. Buduq kəndinin
yaxınlığında, Qaraçayın əks istiqamətində,
böyk bir sıldırım qaya üzərində qədim
qala və zərdüştlərin dəfn üçün nəzərdə
tutduqları məbədi var. Bu qalanı “Daxma” və ya
“Sükut qalası” adlandırırlar.
Bu qala
tikilişi görünüşdən “8” rəqəmini
xatırladır. Kəndin yaxınlığında gözəl bir
şəlalə var, yerli adamlar bu şəlaləni
“Axçid” yəni, buduq dilindən tərcümədə
“hündürdən tökülən su” adlandırırlar.
Buduqda müqəddəs “Çərəkə”
dağına (2100 m.d.s.y), Qazma Buduq kəndi
yaxınlığında mağara daxili pirə, müqəddəs
sayılan “Pir Bənövşə” və mağaralar da daxil
olmaqla Qaraçay dərəsinə və s. maraqlı yerlərə
getmək olar. Turistlər həmçinin sıldırım
qayalıqda yerləşən “Daxma” (“Sükut qalası”)
qalasına da qalxa bilərlər
Qeyd edək
ki, buduq türklərini birləşdirən “Buduq” Cəmiyyəti
1994-ci ildə yaradılıb. Amma R.Abdulayevin rəhbərliyi ilə
buduq türklərinin fəaliyyəti daha əvvəl
başlayıb. R.Abdulayev dedi ki, Cəmiyyət buduq
türklərinin mərkəzi olmaqla daima hər vəchlə
Buduq kəndi və buduqluların inkişafına səy
göstərib, bu istiqamətdə müəyyən işlər
görüb: “Bu cəmiyyət hazırda da buduq türklərinin
təmsilçisi rolunu oynayır. “Buduq” Cəmiyyəti
təkcə buduğu türklərin deyil, həmçinin
köməyə ehtiyacı olan istənilən şəxsin fərdi
nicat yerinə çevirilib. Cəmiyyətdən
ehtiyacı olan minlərlə şəxslər, ailələr
yararlana biliblər. Uzun müddət 50
şəhid ailəsinə hər ay maddi yardımlar göstərilib. Bundan başqa
çox sayda şəhid ailələri, müharibə əlilləri,
məcburi köçkünlər, eləcə də ehtiyacı
olan digər ailələrə “Buduq” Cəmiyyətinin köməyi
dəyib”.
Cəmiyyət
rəhbərliyinin təşəbbüsü ilə “Fətəli
Xan” Fondu, “Qaçaq Mayıl” mükafatı, əlaçı
şagirdlər üçün “Bəylər” mükafatı
təsis edilərək öz sahiblərini tapıb. Həmsöhbətimiz bildirdi ki, “Buduq” Cəmiyyəti
ölkənin ictimai-siyasi həyatında da əhəmiyyətli
işlər görərək, baş verən neqativ hadisələrə
öz etiraz səsini ucaldıb: “Qondarma erməni
soyqırımının Fransa Senatında tanınması,
ABŞ-da bu fantasmaqoriya uydurmanın müzakirəyə
çıxarılması kimi absurd fəaliyyətə
qarşı bəyanatlar Cəmiyyətin iradəsinin ifadəsi
kimi həmin dövlətlərə göndərilib”, deyə
o əlavə etdi.
R.Abdullayev
respublikamızda mədəni-maarif, nəşriyyat işlərinin
inkişafına, idmanın tərəqqisinə töhfəsini
verə bilib. 1994-cü ildə
Cəmiyyətin mətbuat oqanı olan “Babadağ” qəzeti təsis
edilib. Qəzet nəşrindən başqa R.Abdullayev kitab nəşrinə böyük diqqət yetirib. “Buduq və
buduqlular” kitabı onun sərmayəsi hesabına nəşr
olunub. Cəmiyyət sədrinin sözlərinə görə,
hazırda buduq dili tədqiq olunur: “Artıq əlifba
hazırlanıb. Buduqca lüğət, buduqca
danışıq kitabının işıq üzü
görməsi istiqamətində işlər aparılır”.
“Buduq kəndi uzun əsrlər öz
varlığını qoruyub saxlaya bilib” deyən R.Abdullayevin
fikrincə, bunda buduğu türklərin əməyi
böyükdür: “İnanırıq ki, dövlət Buduq kəndinə
qayğısını artırsa, bura yol çəkilsə,
orta məktəb, tibb məntəqəsi bərpa edilsə,
imkanlı şəxslər tərfindən zəbt edilmiş
torpaqlar geri alınaraq kəndlilərə verilsə Buduq kəndində
yenidən həyat qaynayacaq. Nəticədə
buduq və buduğu türklər məhv olmaqdan qurtula bilərlər”.
FUAD
Paritet.-2010.-28-29 dekabr.- S.
9.