Caz musiqisində azadlıq və sərbəstlik var

 

Şahin Növrəsli: ”Azərbaycanda cazın inkişafı üçün Caz Akademiyasının olması əsasdır”

 

  Bu gün  Azərbaycanda  mədəniyyətimizin əsas  tərkib hissəsi olan  musiqinin   müxtəlif növləri ictimaiyyət arasında daha da populyarlaşaraq və geniş şəkildə təbliğ olunur.   Belə ki, son illər öz inkişaf dövrünü yaşayan musiqi janrlarından biri də cazdır.  Bu yaxınlarda ölkəmizdə Beynəlxalq Caz Festivalı keçirildi,  eyni zamanda gənc caz ustalarımız bu janrda yazılmış musiqimizi xaricdə müxtəlif müsabiqə və festivallarda layiqli şəkildə təbliğ edirlər. Belə gənc ifaçılardan biri də istedadlı cazmen Şahin Növrəslidir.  Biz də Ş.Növrəsli ilə həmsöhbət olub, onun yaradıcı dünyasında  baş verənlərdən xəbərdar olmaq istədik. Bizimlə  söhbətində musiqiçi  ilk olaraq caza  marağının yaranma səbəblərindən danışdı:

-Hələ uşaq yaşlarımdan məndə musiqiyə böyük maraq yaranmışdı. Xalq musiqiləri, muğam, klassik musiqi məni özünə bağlamışdı. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuduğum müddətdə klassik musiqi və caz ilə dərindən məşğul oldum. 18 yaşımda Raxmaninovun II konserti ilə çıxış etdim və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görüldüm. Bakı Musiqi Akademiyasında oxuyarkən özümü tamamilə caz musiqisinə həsr etdim. Cazı seçməyim də təsadüfi deyil. Bu elə bir sahədir ki, burada azadlıq, sərbəstlik var. Musiqiçi burada klassik musiqilərdə olduğu kimi çərçivələrdə yox, tam azad şəkildə improvizasiyalarla öz musiqisini ifa edir. Cazda musiqiçinin qəlbini, daxili hisslərini görmək mümkündür.

 Məlum olduğu kimi  gənc cazmen  Azərbaycanı bir sıra xarici ölkələrdə keçirilən  müxtəlif adlı beynəlxalq festivallarda  təmsil edir.   Onun sözlərinə , artıq  bir neçə ildir ki, müxtəlif festival və turnelərdə çıxış edir:” Bu vaxta qədər İtaliyada “Gruppe Dekadeniz”, ABŞ-da “Hot summer jazz Festivale”, Rusiyada (Soçi) “Black Sea Jazz Festivale”, İsveçrədə “Montreux Jazz” festivalı kimi mötəbər müsabiqələrdə, həmçinin Bakıda keçirilmiş Beynəlxalq caz festivalında iştirak etmişəm”.

Ş.Növrəsli  artıq bir neçə il bundan öncə öz triosunu  yaratdığını dedi və bildirdi ki,  daima yeniliklər axtarışında olduğu üçün trionun tərkibini tez-tez dəyişməli olur:” Bəzən ifa etdiyim caza başqa bir musiqi alətini əlavə edirəm, dəyişikliklər də bununla bağlı olur. Sonuncu dəfə Alim Qasımovla olan konsertdən sonra muğam ifa etmək fikrinə düşdüm. Trioda muğamı özüm ifa etdim. Bu da növbəti yeniliyim idi. Tamaşaçılar da bu ifamı çox yaxşı qarşılamışdılar. Hətta caz ifamla muğam ifamı eyni dərəcədə müqayisə edənlər də var idi. Bu da təbii ki, böyük stimuldur.

 

Ölkəmiz üçün çalışıb əldə etdiyim hər bir

uğur mənim üçün böyük şərəfdir”

 

Bakıda Caz Akademiyası yaratmaq ideyasının  onun uşaqlıq arzusu olduğunu deyən musiqiçi bildirdi ki, hər bir yeni layihə haqqında düşünərkən ilk öncə, təbii ki,  Azərbaycanı, yaşadığı ölkəni düşünür:” Azərbaycanda cazın inkişafı üçün Caz Akademiyasının olması əsasdır. Son zamanlar xarici ölkələrdə konsert proqramları ilə mütəmadi çıxış etdiyim üçün daha bu ideya haqqında ciddi düşünüb-daşına bilməmişəm”.  Onu xüsusi olaraq qeyd edim ki,  Azərbaycan cazı dünyada kifayət qədər qəbul edilir və tanınır. Lakin elə ölkələr olub ki, onların müasir Azərbaycan cazı haqda ümumiyyətlə məlumatı olmayıb. Həmin ölkələrdə mənim ifamdan sonra Azərbaycan cazı ilə tanış olublar. Təbii ki, belə hallarda mənim üzərimə düşən məsuliyyət yükü daha ağır olur. Ölkəmiz üçün çalışıb əldə etdiyim hər bir uğur mənim üçün böyük şərəfdir”.

 

“Xarici tamaşaçıların

bizim milli caza reaksiyası daha emosional olur”

Azərbaycan cazına müxtəlif xarici ölkələrdə olan münasibətdən danışan həmsöhbətim bildirdi ki, bütün dövrlərdə əcnəbilər Azərbaycan cazı haqqında yüksək fikirdə olublar. Həm də bizim musiqiçilər hər zaman caza yeniliklər gətirməklə əcnəbilərin diqqətini özlərinə cəlb edə biliblər. Məsələn, mən caz ifa edərkən qəzəl deyirdim və bu da zalda çox böyük maraqla qarşılanırdı. Hətta Fransada konsertin sonunda tamaşaçı qarşımda diz çökərək alqış edirdi. Bu onun mənim yox, Azərbaycan cazı qarşısında baş əyməsi idi. Ümumiyyətlə, xarici tamaşaçıların bizim milli caza reaksiyası daha emosional olur”.

 Xarici caz ustaları ilə birgə reallaşdırdıqları layihələrindən danışan  cazmen qeyd etdi ki, caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan “Əbədi yol” adlı layihə ərsəyə gəlib:”Daha bir layihə isə caz solo və klassik solonu birləşdirən “Clajamu” layihəsidir. Bununla yanaşı, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxış etmişəm, birgə albomlarım var”.

 Bir peşəkar caz ustası  kimi müxtəlif  musiqi məktəblərindən tədris aparmaq üçün dəvət aldığını deyən Ş. Növrəsli bildirdi ki, bir ilə yaxın dərs də deyib:” Lakin son zamanlar qastrol və turlar dərs deməyimə imkan vermir. Amma cazla maraqlanan hər bir tələbəyə yaxından kömək etməyə hazıram”.

“Caz musiqisi bu gün nə üçün digər musiqilərlə müqayisədə az dinlənir?” sualını müsahibim belə cavablandırdı:” Bilirsiniz, caz qəliz musiqidir. Onu Azərbaycanda sırf caz şəklində ifa etmək də olmur. Cazı mütləq muğam, xalq çalğı alətləri ilə sintez edib tamaşaçıya sevdirmək mümkündür. Dünyada da belədir. Bütün dövrlərdə caz musiqisinə tamaşaçı marağı o qədər də böyük olmayıb. Bu tamaşaçının cazı başa düşməməsi ilə əlaqədar deyil. Cazın öz dinləyicisi və auditoriyası var”.

 

“Cazı sevmək üçün həm də klassik musiqini

qəbul etmək və təbliğ etmək lazımdır”

 

  Şahin Növrəsli özünün dinlədiyi musiqiçilərdən də danışdı və bildirdi ki, uşaqlıqda Vaqif Mustafazadəni daha çox dinləyib:” Burda bir haşiyə çıxmaq istərdim, hər bir musiqiçi ilk addımlarında özünü kiməsə bənzədir. Təbii ki, mən də ilk dəfə Vaqif Mustafazadəni dinlədiyim üçün ondan ilham almışam. Keçmişdəki görkəmli musiqiçiləri, kökü unutmaq olmaz.

Bundan başqa  Kit Karleti çox dinləmişəm. Hətta bilmədən özümü dinlədiyim vaxt da olub. İnanılmaz səslənsə də, özümü bəyənib demişəm ki, “görəsən, bunu kim ifa edir?”... Sonradan müəllifin özüm olduğunu biləndə mənfi cəhətləri tapmağa çalışmışam”. Bakıda  bir müddət əvvəl möhtəşəm caz festivalının keçirilməsi  Azərbaycanda caza  maraq və xüsusi qayğının olduğunu göstərir.  Onun sözlərinə görə, cazı sevmək üçün həm də klassik musiqini qəbul etmək və təbliğ etmək lazımdır.

Məlumat üçün bildirək ki, Ş.Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb, 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən mənimsəyib ki, Amerika və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir musiqi bilicilərini və professionalları heyrətə salıb.   Azərbaycan muğamının melodiyaları və ənənəvi caz ritmlərini sintez edən musiqiçi iki mədəniyyəti - Qərb və Şərq musiqisini öz əsərlərində birləşdirir.

 

GÜNAY

 

Paritet.- 2010.- 16-17 dekabr.- S. 16.