Azərbaycan
Xalçaçılarının İctimai Birliyi adlı yeni
bir qurum yaradılıb
“Azərbaycan xalça sənətinin təhsil proqramına salınması yaxşı olardı”
Azərbaycan
xalça sənəti YUNESKO-nun “Bəşəriyyətin
qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edildi. Dövlətimizin
xalqımızın mədəniyyətinə, mədəni
irsimizin təbliğinə göstərdiyi diqqət və
qayğısı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban
Əliyevanın təşəbbüsü və əməyi
nəticəsində Azərbaycan muğam sənəti və
Azərbaycan aşıq sənəti və milli
bayramımız Novruzdan sonra
milli xalça sənətimizin bu siyahıda yer alması
ümumən mədəniyyətimizin beynəlxalq miqyasda
tanıdılması yönündə daha bir uğurlu
addımdır. Lətif Kərimov
adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya
Tağıyeva söhbətimiz də mədəniyyətimizin
bu, növbəti uğuru barədə oldu. O, bizimə
söhbətə Azərbaycan xalçasının dünəni və bu
günü haqqında danışmaqla başladı:
-Azərbaycan müstəqilliyini
qazandıqdan sonra öz mədəni irsini
daha geniş şəkildə təbliğ edərək, bu irsi qorumaq imkanı əldə
edib. Azərbaycan xalçaçılıq sənətindən
danışdıqda, hər zaman
bu sənəti Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Muzeyi ilə əlaqələndiririk. Belə bir muzey
yaradılmasaydı və orda
xalçaçılıqla bağlı kolleksiyalar
yığılmasaydı, heç bizlərin də
xalçaçılıq sənətinin
böyüklüyü və zənginliyi haqqında təsəvvürümüz
olmazdı. Bu səbəbdən də
xalçaçılıq sənətindən və muzeydən
danışanda hər zaman görkəmli sənətkar,
xalçaçı rəssam Lətif Kərimovun
adını çəkirəm. Çünki
xalçaçılıq sahəsində Lətif müəllimin
zəhməti və
əməyi böyük olub, eyni zamanda bugünkü
Xalça Muzeyinin yaranmasının
ilk ideyası onun tərəfindən irəli sürülüb.
Artıq 1967-ci ildə L.Kərimovun arzusu həyata keçib və
indiki Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Muzeyi açılıb. Muzeyin 1967-ci ildən bu
günə qədər olan bütün fəaliyyəti Azərbaycan
xalça sənətinin, xalq tətbiqi sənətini qoruyub
saxlamaq və təbliğ etməyə xidmət edir. Onu da
qeyd edim, bizim
muzey tanınmış və dünyada ən zəngin
xalça kolleksiyaya malikdir. Eyni zamanda muzeyimiz artıq elmi mərkəzə
çevrilib və elmi statusu var. Muzeydə 1983-cü ildən bu günə qədər mütəmadi olaraq
xalçaçılıqla bağlı beynəlxalq
simpozumlar keçirilir. Birinci simpozum 1983-cü ildə
YUNESKO-nun təşəbbüsü ilə keçirilib,
bundan başqa 1988-2003- ci illərdə və 2007-ci ildə isə
YUNESKO-nun iqamətgahında xalçaçılıqla
bağlı simpozumlar keçirilib. Bütün
bu simpozumlar Azərbaycan xalçasını
tanıtdırmaq, tədqiq və təbliğ etmək məqsədi
ilə keçirilmişdi. Onu da qeyd edim ki, bir sıra
xarici muzeylərində Azərbaycan xalçaları Qafqaz, İran və ya Şərq
xalçaları kimi təqdim olunurdu. Bunun səbəbi odur ki, xalça sənətinin tədqiqi
XVIII əsrdən başlanıb, o zaman da Azərbaycan hələ
müstəqillik əldə etməmişdi, bunun
üçün də özünü tanıtdıra
bilmirdi. Amma hazırda Azərbaycan müstəqil
dövlətdir, xalça sənətimizə dövlət tərəfindən
böyük diqqət və qayğı göstərilir.
Hazırda ölkə Prezidentinin göstərişi ilə Xalça Muzeyinin yeni binası
tikilir. Biz o binanı 43 il idi ki, gözləyirdik.
Bu ilin sonu üçün yeni binamız istifadəyə
veriləcək.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın səyi nəticəsində
Azərbaycan xalçası YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahsına daxil olub. Bu o deməkdir ki,
artıq Azərbaycan xalçasını biz bu gün
dünyada tanıtdıra bildik. Hər bir xalqın, millətin incəsənəti
mədəniyyəti o vaxt tanınır ki, o beynəlxalq
miqyasda dəstəklənir. Bu gün biz bu dəstəyi
almışıq, bu
hadisəni Azərbaycana xalçasının yeni beynəlxalq
doğumu kimi qeyd edərdim. Belə bir qələbəyə
görə hökumətimizə minnətdarıq. Bu bizim haqqımız idi, çoxdan gözləyirdik
və sonda buna nail olduq. Azərbaycan xalçası özündə
böyük dəyərlər kəşf edir. Bu sənət artıq eradan əvvəl
inkişaf edib. Müstəqillik əldə etdikdən sonra beynəlxalq
miqyasda bizim əlaqələrimiz genişləndi. Azərbaycan
muzeyləri və həmçinin də Lətif Kərimov
adına Azərbaycan Xalçası və XalqTətbiqi Sənəti
Muzeyi Beynəlxalq
Muzeylər Şurasına
(İCOM) daxil oldu. Bu da əlaqələrimizi
genişləndi. Belə
ki, Xalça Muzeyi ,
Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq
İnstitutu və Beynəlxalq Muzeylər Şurasının
Azərbaycan Milli Komitəsi (İCOM-Azərbaycan) birgə “Azərbaycanda
yaşlıların təhsili” layihəsini həyata
keçirib. YUNESKO-nun Moskva bürosu ilə birgə biz muzey təhsili
proqramı hazırlayırıq, bu da xalça sənətinin
qorunub saxlanması ilə bağlıdır. Bundan başqa bizim daim sərgilərimiz
keçirilir.
Bu
yaxınlarda yeni bir sərgidən qayıtmışam. Belə ki, görkəmli rəssamımız
olan Tahir
Salahovun bu dəfə Moskvada keçirilən sərgisi Azərbaycan xalçasına yeni
bir nəfəs verdi. T.Salahov tabloları xalçaya
köçürülüb. Bu adi köçürmə
deyil, sanki tablolara yeni bir həyat verilib və
xalçada olan surətlər də başqa bir anlamda əks
olunub.
YUNESKO-nun
siyahısına daxil olmaq bizim üçün çox əhəmiyyətlidir.
Artıq XXI əsrdə bəşəriyyət başa
düşüb ki,
milli mədəni təfəkkürdən kənarda heç bir yüksəliş
yoxdur. Qeyd edim ki, 2003-cü ildə YUNESKO-nun
qeyri-maddi mədəni irsin qorunması ilə bağlı
konvensiya qəbul edib. Bu çox möhtəşəm və vacib bir konvensiyadır. Hazırda inteqrasiya və qloballaşma gedir və
mühit dəyişir. Bu cür mühitdə ənənəni
necə qoruyub saxlamaq
və bu günə
adaptasiya edərək
yaşatmaq kimi məsələləri icra etməyi bu konvensiya qarşımıza məqsəd
kimi qoyub. Biz bu siyahıya daxil olmuşuqsa, bu o
demək deyil ki, sakit oturmalıyıq. Azərbaycan
xalçasının YUNESKO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil olması ilə bizim üzərimizə daha böyük
öhdəlik düşür. Yəni, xalça sənətinin
qorunub saxlanması və gələcək nəsillərə
çatdırılması istiqamətində çox
böyük iş aparılır. Hazırda Azərbaycan
Xalçaçılarının İctimai Birliyi adlı yeni və vacib qurum
yaradılıb.
- Birliyin nəzdində xalçaçılıq sənətinin tədrisi ilə bağlı kurslar olacaqmı?
- Bu birlik yeni yaradılıb və əlbəttə
ki, orda
xalçaçılıq sənəti tədris olunacaq. Eyni
zamanda ictimai birliyin nəzdində
təlim keçiriləcək. Bunun
üçün təhsil proqramı ilə bağlı layihə
hazırlanıb. Bu təhsil proqramını birliyimizin üzvləri icra və
tədris edəcək.
-İnternet
saytınız varmı və orda Azərbaycan xalçası
necə təbliğ olunur?
- Bəli muzeyimizin saytı(www.azcarpetmuseum.az)
var və hazırda da fəaliyyət göstərir. Muzeyimizdə
baş verən bütün yeniliklər, problemlər, həyata
keçirdiyimiz
layihələr saytda
öz əksini tapır. Yəni, bu elektron sayt bizim işimizin əksidir.
Əvvəllər saytımıza bir o qədər
də ciddi olaraq fikir vermirdik çalışırdıq ki,
orda ancaq ən vacib, mühüm və möhtəşəm
hadisələri yerləşdirək. Ancaq
bu gün gördük ki, bizim ən xırda işimiz belə
çox əhəmiyyətlidir. Belə qərar gəldik
ki, gündəlik
icra edəcəyimiz işlər və layihələri saytımızda yerləşdirək.
Saytımız Azərbaycan və ingilis dillərindədir.
-Muzeydə çalışan bələdçilərin
hazırlıq səviyyəsi necədir?
- Biz çalışırıq ki, bələdçilər
statistik mətnlərdən
çəkinsinlər və bugünkü məlumatları
da öz mətnlərinə salsınlar. Belə ki, artıq bələdçilərimiz muzey ziyarətçilərinə
Azərbaycan xalçasının YUNESKO-ya daxil olması və
hazırkı uğurları haqqında da məlumat verirlər.
Onu da qeyd
edim ki, muzeyimizə seyrçi qismində gələnlər
arasında əcnəbilərin axını daha çoxdur. İnanın, onlar muzeyə gələndə
çox hazırlıqlı olurlar və bəziləri hətta
xalçalarımızın adlarını da deyirlər.
Bu hal da bizi həm
sevindirir və həm də təəccübləndirir.
Azərbaycan xalçası və toxuculuq sənəti
ilə bağlı muzeyimizin virtual muzey diski və xalça sənətimizlə
bağlı geniş foramtlı disk var, bu disklər
üç dildə hazırlanır. Bundan
başqa kitablar da çap edilir. Onu da xüsusi olaraq
vurğulayım ki, Xalça Muzeyi Azərbaycanda yeganə muzeydir ki, elm- tədqiqi status alıb. Muzeyimizin nəzdində
fəaliyyət göstərən elmi şöbədə
çalışanlar
tanınmış akademiklər, sənətşünaslıq
doktorlarıdır
-Regionlarımızın bir çoxu
xalçaçılıq üzrə ixtisaslaşıb. Orda çalışan xalçaçılarla əlaqələriniz
varmı?
-Xalçalarımız regionlarımızda olan
bütün diyarşünaslıq muzeylərində
nümayiş olunur. Biz
beynəlxalq layihəmiz çərçivəsində Qubada bir layihə keçirdik. Abbasqulu ağa Bakıxanov adına
tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva bu layihənin
gerçəkləşməsində bizə köməklik
etdi. O, Quba zonasında olan xalçaçılığa aid bütün məlumatları
toplamağa imkan yaratdı. Bu il Qaxda, Balakəndə analoji
konfranslar keçirdik. İndi də Astarada
keçirməyə hazırlaşırıq.
Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü ilə 2009-cu ildə Azərbaycanda
xalça və
xalq tətbiqi sənətinə aid festival
bütün zonlarda keçirildi. Yekun festival isə Muzey Mərkəzində oldu. Bu bir il ərzində
bütün regionlarımızda
fəallıq vardı və hər kəs öz sənətini
göstərmək istəyirdi.
Bu cür sənətlə bağlı konfranslar Gəncədə,
Şəkidə, Lənkəranda, Qubada və başqa bir sıra
regionlarımızda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
keçirildi. Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev bildirib ki, belə tədbirlər silsilə
şəkilində mütəmadi olaraq keçiriləcək.
Onu da
xatırladım ki, belə bir möhtəşəm
və böyük tədbir 1975-ci ildə olub.
Bu yaxınlarda Londonda Azərbaycan
xalçalarına həsr olunmuş “Uçan xalça ilə nağıllara”
adlı sərgi keçirilib. Bu sərgiyə Xalça Muzeyi katoloqunu təqdim etdi və
çap olundu, CD diskini hazırladıq. Bu sərgi çox
geniş miqyasda təbliğ
olundu və çox böyük marağa səbəb oldu. Tədbirdə İngiltərənin ən mötəbər xadimləri iştirak etdi və fikirlərini söylədilər.
Bu da Azərbaycan xalçasının dünya miqyasında
geniş tanıtımı idi. Məlumat üçün
bildirim ki, sərgidə əsasən müasir xalçalar təqdim
edildi. Bu da Azərbaycan xalçasının bugünkü
gününü göstərir və
xalçaçılıq sənətinin qorunub
saxlanmasından xəbər verir.
Hazırda Azərbaycan
xalçası haqqında xarici ölkələrdə nəşr
edilən jurnallarda da məqalələr dərc olunur. Londonda nəşr edilən “Xalı”
jurnalında da Azərbaycan
xalçası haqqında məqalələr nəşr
edilib.
-
Azərbaycan xalçasının
təbliği üçün
diaspor təşkilatlarımızla birgə layihəniz
olubmu?
-İndi Azərbaycanın
xaricdə fəaliyyət göstərən diaspor təşkilatları
ilə əlaqələrimiz zəifdir. Mən istərdim ki, yaxın gələcəkdə diasporla əlaqələrimiz daha
da genişlənsin.Çünki
xalq sənətimizi xaricdə doğulan və
böyüyən gənclərə çatdıraq. Eyni zamanda xaricdə yaşayan gənclərimizin
Lətif Kərimov adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Muzeyinə gəlməsi
yaxşı olardı.
Ümumiyyətlə, Azərbaycan
xalça sənətinin təhsil proqramına
salınması yaxşı olardı. Gənclərimiz 18-19
yaşlarında bu sənət haqqında məlumat
almamalıdır.Uşaqlar birinci sinifdən, bu sənətlə
yaşamalıdırlar. Bunun üçün
xalçaçılıq sənətinin təhsil
proqramına salınması çox vacibdir.
GÜNAY
Paritet.- 2010.- 14-16 dekabr.- S. 13.