Mədəni müxtəlifliliyin qorunmasında III sektorun rolu

 

Azərbaycanda yaşayan dini, etnik, linqvistik və mədəni azlıqların, hüquqlarının müdafiəsi məqsədi ilə yaradılmış QHT-lər mövcuddur

 

  Ötən yazılarımızda vətəndaş cəmiyyətinin milli azlıqlar, tolerantlıq və ümumiyyətlə, insan hüquqları ilə bağlı həyata keçirdikləri layihələr  haqda məlumat vermişdik. Bu istiqamətdə QHT-lərimizin fəaliyyəti zəngindir deyə onları bir yazıya sığmaq olmur. Ona görə bu baxımdan yazılarımızı davam etdiririk. Zəngin demişkən “Zəngin Azərbaycan Uğrunda Mübarizə” İctimai Birliyinin də bu günə kimi əhali, eləcə də ökəmizdə yaşayan etnik azlıqlar arasında müxtəlif maarifləndirmə layihələri olub. Təşkilatın 2008-ci ildə həyata keçirdiyi “Milli azlıqların seçici hüquqlarını öyrənməsinə yardım” layihəsi bunlardan biridir.

Təşkilatın və layihənin rəhbəri  İradə Əliyeva   “Paritet”ə bildirdi ki, layihənin əsas məqsədi 2008-ci ildə ölkədə keçirilmiş prezident seçkilərində azsaylı xalqların qanunvericilik baxımından düzgün qərar qəbul etməsinə kömək göstərməkdən ibarət idi: “Ölkə əhalisinin 9,4%-ni etnik mənşəcə qeyri-azərbaycanlı olan vətəndaşlar təşkil edir.   Müstəqillik dövründə yaranmış demokratik qaydalardan bəhrələnməkdə olan bu əhalinin  kompakt  yaşadıqları bəzi ərazilərdəki orta ümumtəhsil məktəblərində  onların bir neçəsinin öz dilləri tədris edilir və ya tam öz dillərində məktəblər fəaliyyət göstərir  (məs: rus dilində orta məktəblər, kolleclər, universitetlər və s. vardır.)”. Bu liqvistik azlıqların nümayəndələri   öz aralarında  ünsiyyət vasitəsi kimi əsasən öz dillərində danışır, ancaq  dövlət işlərində qanunla müəyyən edilmiş dildən istifadə edirlər: “Tamamilə  və ya əsasən azsaylı etnik əhalinin yığcam yaşadığı bir sıra kəndlərdə daimi yaşayan və kənara çıxmağa çox da imkanı olmayanların   müəyyən hissəsi Azərbaycan dilinin qrammatikasını çox zəif bilir, sözün  çoxmənalı çalarlarını anlaya bilmirlər. Belə adamlar  eyni sözün  bir neçə məna kəsb etdiyi qanunvericilik dilini çox çətin anlayır və ya təhrif edilmiş şəkildə başa düşürlər. Prezident seçkiləri keçirilmiş  2008-ci ildə etnolinqvistik azlıqlar üçün    qüvvədə olan Seçki Qanununun seşicilərə aid olan hissəsinin onların öz dillərində izah edilməsinə ciddi ehtiyac duyulurdu”.

Bu məqsədlə   Zaqatala, Balakən, Qax , Oğuz,  Qəbələ, İsmayıllı rayonlarının  avar ,gürcü  və ləzgiəsilli azərbaycanlıların  məskunlaşdığı yaşayış məntəqələrində  seçki qanunvericiliyinin şərhinə dair onların ana dillərində seminarlar keçirilib. Əlavə olaraq adları çəkilən rayonların daha üç  kəndində isə  iki dildə yazılmış bukletlər yayılıb.

Qeyd edək ki,   Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihənin icrası dörd mərhələdən ibarət olub. Layihə çərçivəsində görülmüş işlərdən danışan İ.Əliyeva dedi ki, ilkin mərhələdə hüquqşünas-ekspert  tərəfindən seçki məcəlləsinin seçicilərə aid olan hissəsi üzrə  sadə insanların  qavrayacağı  şəkildə bukletin mətni  hazırlanıb: “Bu bukletlər  avar,   gürcü və   ləzgi dillərinə tərcümə edilib  iki dildə olmaqla çap edildi. İkinci mərhələdə hər rayondan  2 nəfər olmaqla  4 nəfər avar, 2 nəfər gürcü və 6 nəfər  ləzgiəsilli , dövlət dilini  və öz etnik dilini yaxşı bilən nümayəndə seçildi.  Seçilmiş nümayəndələrə  cəlb edilmiş  ekspertlər tərəfindən iki günlük təlim keçilərək onlardan seçki sahəsi üzrə  seminar apara bilən mütəxəssislər hazırlandı. Təlimlərin Qəbələ  şəhərində  keçirildi. Təlim iştirakçılarının hamısına sertifikat verildi   hazırlıq səviyyəsinə uyğun olaraq hər rayondan bir nəfəri əsas, digəri isə ehtiyat təlimçi kimi seçilərək layihənin üçüncü mərhələsinin icrasına  cəlb edildilər. Təlimçilərin seçilməsi ilə paralel yerli QHT-lərin rəyi nəzərə alınmaqla layihənin əhatə edəcəyi  kəndlərin  də siyahısı  müəyyən edildi”.

Sonra isə bu kəndlərin hər birində yerli fəallar, gənclər və  qadınlardan ibarət olmaqla 6 rayonun 12 kəndində 20 nəfərlik qruplara bir günlük seminarlar  təşkil olunub. Seminarlar  yerli təlimçilər tərəfindən milli azlığın öz dilində aparılıb. Hazırlanmış bukletlər  əhali arasında paylanmaq üçün seminar ictirakçıları arasında bölüşdürülüb.

 Dördüncü mərhələyə gəldikdə QHT sədri bildirdi ki, rayonların seminarla əhatə edilə bilməyən lakin maarifləndirilməsinə zərurət duyulan 18 kəndin də də (orta hesabla hər rayonun 3 kəndi olmaqla) bukletlərin yayılmasını təşkil ediblər: “Ümumi olaraq 4 aylıq layihənin icrasından 6 rayonda 30 kəndin əhalisi bəhrələnə bildilər”. Layihə rəhbəri təlim və seminarlara həsr edilmiş fotoalbomun da hazırlandığını qeyd etdi: “Layihənin icrası nəticəsində ölkə seçicilərinin 5,82 %-ni əhatə edən etnik və dini azlıqlardan 12000 nəfər insan seçki haqqında  ölkə qanunvericiliyinin seçicilərin hüquqlarına  aid olan hissəsi ilə öz dilində  tanış olaraq hüquqlarını daha ətraflı şəkildə anladılar. Onlar həm özlərinin, həm də ətrafdakıların qanunvericiliyə əməl etməsinə nəzarət etməklə   prezident seçkilər zamanı seçici hüquqlarını qorumaq üçün lazımi bilgilərlə maarifləndirilmiş oldular. Qalan əhali üçün ayrıca məlumatlandırma aparılmasa da, seminarların keçirilməsi haqqında xəbər yayıldıqca, digər vətəndaşlarda da  demokratik quruluşun mövcudluğuna bir daha inam yaranır. Nəticədə isə, hər kəs öz hüququnu daha mükəmməl öyrənməyə   onun qorunmasına çalışır”.

 

“Milli azlıqlardan olan qadınlar arasında  sahibkarlığın təbliği”

 

Eyni bölgədə Müstəqil Hüquq Mərkəzi də layihə həyata keçirib, amma fərqli mövzuda. “Milli azlıqlardan olan qadınlar arasında  sahibkarlığın təbliği” adlı bu layihəni Amerika səfirliyi maliyyələşdirib.

MHM-in rəhbəri Nigar Atabəyli bizimlə söhbətində layihənin keçilməsini zəruri edən amillərdən danışaraq yeni  iqtisadi  münasibətlərin və  bazar  iqtisadiyyatının  formalaşması, demokratik  cəmiyyətin   iqtisadi əsaslarının yaradılması sahibkarlıq  fəaliyyətinin  inkişafı  ilə  sıx  bağlı olduğunu dedi: Qadınların bu prosesə  fəal cəlb  edilməsi, qadın    kişilər  arasında  faktiki  hüquq  bərabərliyinə, qadınların iqtisadi  müstəqilliyinin   təmin  edilməsinə, regionlarda yoxsulluğun  azaldılmasına, yeni iş  yerlərinin açılmasına, qadınların  məşğulluğunun  təmin  edilməsinə,  qadınların tarixən formalaşmış  ənənəvi vəziyyətinin  dəyişdirilməsinə, və s.  kömək  edən  amildir. Aparılmış sorğu və müşahidələr, icra olunan müxtəlif layihələr  göstərdi  ki, qadınların sahibkarlıq  fəaliyyəti ilə  bağlı ən böyük  problem  onların  hüquqi və iqtisadi  biliklərinin  azlığı, yeni  iqtisadi  şəraitə  uyğunlaşa  bilməməsidir”.

Sahibkar qadınların öz  hüquq və  vəzifələrini  yaxşı bilmədiyini deyən N.Atabəyli onların eyni zamanda  bank,vergi və mühasibat  uçotunu düzgün qura bilmədiklərini, sahibkarlıqla  məşğul olmaq  üçün zəruri  olan vərdişlərə yiyələnmədiklərini də qeyd etdi: “Onlar təşkilatlanmayıb və  şəbəkələşməyib.  Xüsusən də,  bu  məsələ  mərkəzdən  uzaqda, etnik və dini  azlıqların  sıx  yaşadığı, kişilərin  çox  hissəsinin  işləmək  üçün  iri  şəhərlərə    başqa  ölkələrə  getdiyi   kənd  rayonlarında aktualdır. Xüsusilə, mərkəzdən  uzaq,  milli  azlıqların  kompakt  yaşadığı, kişilərin  böyük  əksəriyyətinin  işləmək  üçün  böyük  şəhərlərə və  başqa  ölkələrə  getdiyi  kənd regionlarında  qadınların sahibkarlıq  fəaliyyətinə cəlbi zəifdir.  Regionların sosial-iqtisadi inkişafı,  yoxsulluğun azaldılması  dövlət  proqramları, coxsaylı qanun, qərar, fərmanlar  qəbul  edilsə də,  qadın sahibkarlar və sahibkarlıqla  məşğul olmaq istəyən qadınlar arasında hüquqi və iqtisadi  maarifçilik işinin zəif aparılması, onların bu  prossesə hazır olmaması üzündən   regionlarda  problemlər qalmaqdadır. 

 Onun sözlərinə görə,  etnik  azlıqlardan olan qadınlara  bütün   bunlarla  yanaşı həm də, ənənəvi  həyat  tərzi, məişət, adət-ənənələr, informasiya  qıtlığı, təcrid olunma, dil  baryerləri və s. də mane olur: “Dediyim problemlərin  həll  edilməsi  üçün  regionda  yaşayan, etnik və dini azlıqlardan olan    sahibkar qadınlar  arasında hüquqi və iqtisadi   maarifçiliyin təşkili, sahibkarlıq  vərdişlərinin   yaradılması, əlaqələrin  güclənməsi  məqsədi  ilə  bu layihə icra olundu. Layihə     qadınlar  arasında sahibkarlığın  inkişafına,  qadın  sahibkarların hüquqi    iqtisadi  maariflənməsinə, qadın və milli  azlıqların hüquqlarının qorunmasına, ənənəvi həyat tərzinin və təcrid olunmanın aradan  qaldırılmasına, sahibkar qadınların bir-biri ilə  yaxından  tanış olub  problemlərini  birgə  həll  etməsinə, eləcə də,  korrupsiya və vergidən  yayınma  hallarının  azalmasına  kömək  etdi”.

Layihə çərçivəsində adı çəkilən rayonların hər  birində  müxtəlif  etnik  qruplardan olan 20  qadının  iştirak  etdiyi   iki  günlük  treninq-kurslar keçirilib. Bu treninqlərdə  iştirakçılara  sahibkarlıq üçün zəruri olan    məlumat  verilib,  sənədləşmələrin aparılması,  hüquqi  şəxslərin yaradılması, bank, vergi və  mühasibat  uçotunun aparılması, kreditin alınması, müqavilələrin  bağlanması, hüquqların müdafiəsi  və s. haqqında nəzəri və  praktiv  vərdişlər aşılanıb. Sonra seminarlarda  seçilmiş  müxtəlif etnik  qruplardan, hər rayondan 3 nəfər olmaqla,  cəmi 18 qadının  trener  kimi  hazırlanması üçün 3 günlük görüş-seminar kecirilib. N.Atabəylinin iddiasına görə, bu görüş-seminarda  qadınlar  sahibkarlıq haqqında  daha  dərin  biliklər əldə  etməklə  yanaşı  trener vərdişlərinə də yiyələnib,  digər  rayonlardan olan  həmkarları ilə  sıx əlaqələr  qurub, regionda sahibkar qadınların şəbəkəsinin formalaşıb: “Bunun üçün iştirakçılar  arasında  daimi əlaqələ rin təmin  edilməsi  üçün  onların adı, soyadı, ünvanı, fəaliyyət  sahəsi  haqqında məlumatın toplandığı buklet çap edilib və  iştirakçılar arasında paylanıb. Bu  fəaliyyətlərdə  məqsədimiz milli  azlıqlardan olan  qadınların  sosial və  iqtisadi  proseslərə fəal  qoşulmasına, qadın  sahibkarların hüquqi    iqtisadi  maariflənməsinə,  öz hüquqlarını  qoruma mexanizmini yaratmasına   kömək  etmək idi”.

Müxtəlif  rayonlardan    müxtəlif  etnik  qruplardan olan sahibkar və  sahibkarlıqla  məşğul olmaq istəyən  qadınlar əldə  etdikləri bilik, bacarıq və  vərdişləri  öz işlərində  tətbiq  etməklə  yanaşı  başqalarına da  öyrədiblər: “Treninqlərdə iştirakçılara və  trenerlərə  paylanmış  materiallar, nümunələr  əsasında  sahibkarlıqla  məşğul olmaq  istəyən qadınlar  müstəqil  şəkildə  öz  işlərini  qura bilirlər. Bu  layihə  əsasında  hazırlanmış    trenerlər  rayonlarda,  bir başa  milli  azılqların  yaşadığı  kəndlərdə  qadınlar  arasında  sahibkarlığı  təşviq  etmiş, bu  işdə  onlara kömək  göstəriblər. Həmin  rayonlardan  olan sahibkar qadınların sonrakı  əlaqələrini    əməkdaşlığı  möhkəmləndirib, onların   təşkilatlanmasına  yardım  edəcək  layihələr  həyata  keçiriblər”.

Yeri gəlmişkən Sosial Tərəqqi İctimai Birliyinin də 2008-ci ildə “Azsaylı xalqların miqrasiyasının qarşısının alınmasının əsas yolu sahibkarlığın inkişafıdır” layihəsi olub. Amma bu layihənin maliyyəsini Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası verib.

 

“Etnik qruplar arasında dialoq

 

 Humanitar Tədqiqatlar Cəmiyyətinin 2002-ci ildə Gənclik Turizm və İstirahət Mərkəzində “Etnik qruplar arasında dialoq” adlı 4 günlük seminar keçirib. Xatırladaq ki, HTC bu seminarı Azərbaycan Demoqraflar Assosiasiyası və Gənc Hüquqşünaslar Birliyinin tərəfdaşlığı, Avropa Şurasının maliyyə dəstəyi ilə keçirib. HTC-in sədri direktoru Əvəz Həsənov qəzetimizə bldirdi ki, seminar Avropa Şurasının İnamın artırılması proqramı çərçivəsində nəzərdə tutulub: “Seminarın əsas məqsədi Azərbaycanda yaşayan etnik və dini azlıqların problemləri ilə məşğul olan QHT-lərin yerli və regional mətbuat nümayəndələrinin dialoqunu təşkil etmək və gələcəkdə bu cür modelin yaradılması üçün zəmin yaratmaq idi. Seminarın işində Azərbaycanda yaşayan etnik qrupların üzvləri və azlıqlar problemi işləyən QHT-lər dəvət olunmuşdu. Bu tədbirirn Azərbaycanda etnik qrupların probleminə cəmiyyətin diqqətinin artırılması baxımından böyük rolu oldu”.

 Seminarın birinci günü “Etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq sənədlər, Azərbaycanda əsas hüquq və azadlıqların qanunvericilik təminatı” mövzusuna həsr olunub. Məruzəçilər əsasən etnik azlıqların hüquqlarının, onların mədəniyyəti, dili və ənənələrinin qournması üçün beynəlxalq sənədlərlə yanaşı Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş məqamlara diqqət veriblər. Almaniyalı məruzəçi Bernhard Klazenin məruzəsində əsasən ATƏT, Avropa Şurası, BMT, Beynəlxalq Aministiya, “Human Riqhts Vaths” təşkilatlarının insan hüquqlarının qorunması sahəsində təcrübəsindən danışıb. Həmin gün seminar iştirakçıları ilə Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov, Beynəlxalq Aministiya təşkilatının Azərbaycanda təşəbbüs qrupunun rəhbəri Zəlihə Tahirova görüşüb və yerli təşkilatların milli azlıqlarla apardığı işin mahiyyəti barəsində məlumat veriblər.

Əvəz Həsənov dedi ki, etnik qrupların mədəni irsinin qorunması, ana dilində ibtidai təhsil, radio verilişlərinin hazırlanması, etnik qrupların yaşadığı ərazilərdə məkan adlarının qorunub saxlanması və mədəniyyətinin inkişafı müzakirələrdə əsas mövzular olub. Seminar iştirakçıları  iki qrupa bölünürək “etnik qrupların yaşadığı bölgədə problemlərin müəyyən edilməsi və ictimai maraqların müdafiəsi üçün fəaliyyət” və “icmaların problemlərinin müəyyənləşdirilməsi və icma birliklərinin yaradılması” işçi qrupları ətrafında məsələləri müzakirə ediblər.

O qeyd etdi ki, çıxışlarda nəinki etnik azlıq ilə çoxluğun problemlərinə, eləcə də etnik qruplar arasında tərəfdaşlıq və onların mövcud problemlərinin həllində lobbiçilik fəaliyyətinə diqqət yetirilirdi: “Seminarın son iş günü iştirakçılar “mərkəzdə yerləşən hər hansı bir təhsil ocağının filialının etnik qrupların yaşadığı rayonda açılması üçün lobbiçilik fəaliyyəti” və “etnik qrupların yaşadığı ərazidə tarixi mədəniyyət abidəsinin bərpası üçün lobbiçilik fəaliyyəti” işçi qruplarında müzakirələri davam etdiriblər. Biz eyni zamanda yekunu kimi radioda etnik qrupların problemlərinə həsr olunmuş dəyirmi masa keçirdik. Seminarınsa yekunu olaraq kitabça çap etdik. Bununla da biz cəmiyyətdə etnik qrupların probleminə qarşı tolerant münasibətin yaradılmasının təbliğ olunmasını, milli azlıqların mədəni irsi, dilinə dövlətin diqqət yetirməsinə nail olmağa çalışdıq”.

 

“Milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu”

 

 Layihəni Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi 2008-2010-cu illərdə həyata keçirib. Layihənin meneceri Vüqar Orxanın sölərinə görə əsas praktik məqsədləri Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resirslarının hazırlanması və yayılmasıdır.

 Layihənin birinci mərhələsində (sentyabr-dekabr 2008-ci il) www.azerbaycanli.org veb-saytı yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi hazırlanmış və nəşr edilib. Layihənin ikinci mərhələsi - “Azərbaycanın dünya birliyinə inteqrasiyası: tarix və mədəni irsin təbliği” (www.azerbaycanli.org saytının əsasında yeni informasiya resurslarınn yaradılması) - 2009-cu ilin may-oktyabr aylarını əhatə edib. 3-cü mərhələsi (“Qarabağ tarixinin salnaməsi - elektron xronoqraf” layihəsi, aprel-iyul 2010) çərçivəsində saytda yeni bölmə - “Qarabağ - elektron xronoqraf” bölməsi yaradılıb.

V.Orxan dedi ki, layihədən həm Azərbaycanda, həm də xaricdə fərqli əhali qrupları, o cümlədən ölkəmizin mədəni irsi, tarixi, bugünkü inkişafı, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda tolerantlıq, etnomədəni inkişaf və s. məsələlərlə maraqlanan, Azərbaycan həqiqətlərinin dünyada tanınması və təbliğinə töhfə vermək istəyən hər kəs faydalana bilər. Layihə çərçivəsində Göygöl rayonu İcra Hakimiyyəti ilə birgə 2008-ci ilin avqusutun 23-24-də”Azərbaycanda alman icması: tarix, mədəni miras, tolerantlıq  mövzusunda beynəlxalq konfrans keçirirb.

 

Şahdağ qrupu Azərbaycanın tarixi yaddaşıdır

 

Nurlu Sabah İctimai Birliyinin “Milli azlıqların mədəni irsinin qorunması - Şahdağ qrupu Azərbaycanın tarixi yaddaşıdır”,  Sosial Strateji Tədqiqatlar və Analatik Araşdırmalar İctimai Birliyinin “Milli azlıqların prezident seçkilərinə təşviq olunması”,  Turan İstedadlar Birliyinin “ Azərbaycanın Şimal regionunda etnik azlıqları təmsil edən gənclərin seçkili orqanlarda iştirakının stimullaşdırılması”, Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzinn “Tolerantlıq məktəbi: gənclərin millətlərarası hörmət, inam və qarşılıqlı anlaşma ruhunda öyrədilməsi” və s.layihələrin adlarını çəkmək olar.

 Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  QHT-lərin vəziyyəti haqqında milli hesabatında bildrilir ki,   Azərbaycan etnik və dini azlıqların qorunması sahəsində istər dövlət, istərsə də QHT-lər səviyyəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkə ictimai fəallarının yaratdığı Milli Kampaniya Komitəsi Avropa Şurasının “Hamı fərqlidir-hamı bərabərdir” 132 kampaniyasına qoşulub. ATƏT, AŞ, Böyük Britaniyanın “Links”kimi təşkilatları yerli QHT-lərin əsas tərəfdaşlarıdır. Ahıska Türklərinin “Vətən” Cəmiyyəti Avropa Millətləri Federal Birliyi (FUEN) beynəlxalq QHT-nın assosiativ üzvüdür. “Links” təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında milli azlıqların Resurs Mərkəzi də Azərbaycanda fəaliyyət göstərir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda yaşayan ayrı-ayrı etnik qrupların mədəniyyətinin qorunması, hüquqlarının müdafiəsi məqsədi ilə yaradılmış QHT-lər mövcuddur. Ölkədə bütün insanların (irqi, dini və etnik  mənsubiyyətindən və s. asılı olmayaraq) bərabər hüquqlara malik olması səbəbindən, etnik və dini zəmində əmin-amanlığın mövcud olduğuna görə bu təşkilatlar, əsasən, maraqlarını müdafiə etdikləri xalqların, etnik qrupların milli mədəniyyətinin, folklorunun, adət-ənənələrinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərirlər.

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 14-15 dekabr.- S. 8-9.