Qədim xalq
sənəti olan keçəçiliyi yaşadan rəssam
“Xocalı soyqırımı”nın
ağrı- acısı keçə üzərində təsvir
ediləcək
Azərbaycanda
tarixi çox
qədim olan sənət nümunələri var.
Xalqımızın qədim məişət mədəniyyətinə
aid olan və indi tamamilə unudulmaqda olan keçəçilik
sənəti də bu qəbildəndir. Belə ki,
itib-batmaqda olan keçə sənətini Azərbaycanda
yaşadan yeganə rəssam ”Humay” milli
mükafatçısı, Azərbaycan Rəssamlar, eləcə
də Reklamçılar ittifaqlarının üzvü, əsərləri
sərhədləri çoxdan aşan Rauf
Əbdülhüseynoğludur. O, ölkədə keçəçilik
kimi ağır peşəyə yiyələnib, keçəni
peşəkar səviyyəli mədəniyyət nümunəsi
kimi beynəlxalq sərgilərə, dünya incəsənətinə
tanıdan peşəkar
keçə ustasıdır. Biz də onunla
görüşüb keçə sənəti və onun
yaradıcılığı haqqında ətraflı məlumat əldə
etdik. İlk olaraq Rauf müəllim
bu sənətə onu cəlb edən maraqdan
danışdı:
-Əvvəla,
onu deyim ki, məni heç kəs sənətlə, keçə
ilə məşğul olmağa məcbur etməyib. Daxilimdən mədəniyyətə,
incəsənətə, mənəvi dəyərlərə
doğan bağlılıq duyğuları nəticəsində
ömrümü sənətə həsr etmişəm.
Bildiyiniz kimi, keçə sənəti çox
ağır bir peşədir və mən keçəçiliyi
maddi qazanc mənbəyi hesab etməmişəm. Bu sənətin spesifikliyi, unikallığı məni
cəlb edib. Keçə sənətinə
80-ci illərdən marağım yaranıb. Uşaqlıq illərində
Zərdaba babamgilə gedəndə evdə yerə sərilmiş keçəni görmüşdüm. O zaman keçənin üstünə palaz,
xalça sərərdilər Həmin vaxtdan keçəyə
marağım yarandı və
onun haqqında məlumat əldə etməyə
başladım. Əvvəl Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirdim, sonra Sankt-Peterburqda təhsilimi davam
etdirdim və qayıdıb yenidən təhsilimi Bakıda davam etdirəndə artıq məndə milli ənənələrə
sadiq qalmaq özünü göstərdi. İndiki İncəsənət Universitetində
görkəmli xalçaçı rəssam Lətif
Kərimovun sinfinə düşdüm. Belə istedadlı rəssamdan
dərs almaq yaradıcılığıma yaxşı mənada təsirsiz
ötüşmədi. Belə ki, daxilimdə və
yaradıcılığımda milliliyin qorunub saxlanmasına
öz təsirini göstərdi
ki, bu da keçəçilik sənətinə keçidə məni çox
yaxınlaşdırdı. Düzdür, universitet illərində bizə
keçəçilik sənəti ilə bağlı dərs tədris olunmurdu,
çünki proqramda da yox idi.
Ancaq dərslərimizin birində sənətşünas
Kubra Əliyeva
keçə sənəti haqqında məlumat
verdi. Bu da daxilimdə
bu sənətlə məşğul olmağa həvəs yaratdı. 80-ci illərdən
başlayaraq bu işlə məşğul oldum və elə
həmin ildə
ilk sərgim təşkil edildi. Belə bir sərgilər
keçirilirdi ki, orda dahi rəssamlar iştirak edirdi və sərgidə
nümayiş olunan işlərə
baxıb qiymətləndirirdilər. Mənim həmin sərgidə
nümayiş olunan
işim bir il müddətinə hazır
olmuşdu. İlk
vaxtlar işləmək çətin idi, çünki
texnoloji prosesləri o qədər də yaxşı bilmirdim.
Sərgidə iştirak edən tanınmış sənətşünaslarımızdan
birinə dedim ki, gör mənim işim haqqında nə deyəcəklər.
O gəldi mənə dedi ki, deyirlər ki, “biz
belə işləri qəbul etmirik”. Bu hadisə 1986-cı ildə olmuşdu.
“Belə işləri qəbul etmirik”- cümləsi
mənə çox təsir etdi.
Bundan sonra qarşıma məqsəd qoydum
ki, sübut etməliyəm ki, belə bir sənət var,
yaşayır və yaşatmaq lazımdır.
-Keçənin hazırlanma prosesi
haqqında məlumat verməyiniz maraqlı olardı.
- Xalça və keçədə
hazırlanma prosesi fərqlidir. Belə ki, xalça saplardan
toxunur, eyni zamanda
onda əriş və arqaç var. Bu qeyd etdiklərim
xalçanı saxlayır, yəni özəli var. Keçədə
isə bunlar yoxdur, döymə üsulu ilə əmələ
gəlir. Keçənin
hazırlanma prosesinə gəldikdə, isə qeyd edim ki,
ağ yun daranır və təmizlənir, sonra yaradacağım əsərin
kiçik eskizini hazırlayıram. Ikinci mərhələdə eskiz böyük
hazırlanır, yəni edəcəyim işin
ölçüsü kimi olur, bu da
karton adlanır. Yəni bu kartonda hazır olacaq işin
özünü görürsən. Əsərdəki rənglərə
uyğun ağ yunu boyayıram. Boyanır, qurudulur, sonra isə yenidən daranır. Kartonda olan eskizə əsasən
yun düzülür. Yunun üstünə
isti su çilənir və xüsusi alətlə
döyülür. Döyüləndən sonra
baxıram ki,
hardakı bitişmə yaxşı getməyib, ora
yenidən yun əlavə edirəm. Normal hazır vəziyyətə gəldikdən
sonra qurudulur. Keçədə maraqlı cəhət odur ki,
özəli yoxdu,
döymə prosesində əmələ gəlir.
Rənglərə
gəldikdə isə, işlərimdə daima təbii rənglərdən
istifadə edirəm. Rəngləri otlardan, bitkilərdən alıram.
Qırmızı rəngi böyürtkən kolunun
kökündən,yaşıl rəngi əncir
yarpağından hazırlayıram. Onu qeyd edim
ki, yeni-yeni bu sənətlə məşğul olanda süni
rənglərdən istifadə etmişdim. Ancaq sonradan təbii rənglərdən
istifadə etdim. Süni rəngin təbiidən
fərqi odur ki, onun tərkibindəki kimyəvi maddələr
yunu yandırır.
-Keçəçilik sənətinin tarixi barədə nə deyə
bilrəsiniz.
- Keçəçilik sənətinin
tarixi I minilliyinə kedib çıxır. Birinci tuket kurqanından keçə
hissələri tapılıb ki, onun üstündə də pələng şəkili var. Hətta
xalqımızın mədəni tarixinə aid çoxsaylı
faktlarla zəngin “Kitabi Dədə Qorqud” dastanında keçə
haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların
tikilməsində, çobanların yapıncı kimi
keçədən istifadə etməsindən,
babalarımızın atlarını keçə ilə bəzəməsindən
geniş söhbət açılır.
Keçənin bir maraqlı xüsusiyyəti
də odur ki, yayda sərinlik , qışda
isə istilik verir. İndi də Türkmənistanda, İranda
alaçıqlar var. Alaçıq- ağaclardan
çadır düzəldilir, üstü isə keçə ilə
örtülür. Keçə insanlara yayda sərinlik,
qışda isə istilik verir. Üzərinə yağış və
qar yağsada axır gedir. Keçə qarı,
suyu buraxmır.
-Bildiyimizə görə sizin işləriniz
yerli muzeylərimizlə yanaşı, xaric ölkə muzeylərində
də saxlanılır...
-BMT-nin
keçmiş baş katibinin Bakıya səfəri zamanı
mənim keçə əsərim dövlət səviyyəsində
ona təqdim olundu. Bu işim indi BMT-nin daimi sərgi
salonunda saxlanılır Ən əsası mənim
üçün ən unudulmaz xatirə odur ki, sənət əsərlərim
dövlət səviyyəsində ulu öndər Heydər
Əliyevə və Türkiyənin keçmiş baş
naziri Məsud Yılmaza təqdim
edilib. “Ana məhəbbəti”, “Hünər meydanı, “Həsrətlə
bir gün”, “Güllərin rəqsi”, “Həyatın eşqi”,
“Dörd ünsür”, “Ruhların rəqsi”,
“Yarımçıq qalmış mahnı”, “İlahidən gələn
səslər” və digər sənət əsərlərim
ABŞ, İsveç, Hollandiya, Türkiyə, İran, Rusiya,
İsveçrə, İspaniya, İngiltərə, eləcə
də Baltikyanı ölkələrdə təkcə muzeylərdə
deyil, şəxsi kolleksiyalarda da
ən qiymətli eksponat kimi saxlanılır. Bu
yaxınlarda İndoneziyadan gəlmişdilər, onlar keçə
alıb apardılar.
Bundan başqa ölkəmizdə Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində, Müasir İncəsənət və Rüstəm
Mustafayev adına İncəsənət Muzeyində və s.
mədəniyyət ocaqlarında
işlərim nümayiş olunur.
-Ümumilikdə keçəçiliklə
bağlı nə qədər işiniz var?
-Heç vaxt say ilə işləməmişəm,
elə işim olub ki, bir ilə , eləsi
olur 6 aya hazır olur. Ancaq təxminən deyə bilərəm
ki, 250- 300
yaxın keçə əsərləri
hazırlamışam. Bu işlərdən özümdə
çox az qalıb, çoxusunu hədiyyə
etmişəm.
-Keçəçilik sənətinin tədris
edirsinizmi?
-Artıq 80-ci illərdən pedaqoji fəaliyyətlə məşğulam. 1991- ci ildən Ali Tətbiqi Elmlər Kollecində
rəsm və rəgarlıqdan dərs verirdim. Azərbaycanda
keçə sənəti haqqında nəinki ali
təhsil ocaqlarında, heç orta məktəbdə də məlumat
verilmir. Bu itmiş bir sənətdir, vacibdir ki,
dövlət səviyyəsində bu keçə sənətinin
təbliği ilə bağlı işlər
görülsün.
Hazırda İncəsənət və Qərb Universitetlərində
rəsm və rəngarlıq
üzrə tədris aparıram. Bizdə ali
təhsil ocaqlarında keçə sənəti haqqında məlumat
verilmir. Artıq deyərdim ki, bu sənət
tamamilə itmək üzrədir.
O ki qaldı bu sənətdə
davamçılara, gəlirlər tələbələr
öyrənməyə. Bu sənəti öyrənmək
üçün gələnlər, ilk növbədə,
işin maddi tərəfini düşünürlər.
Keçə sənəti ilə qazanmaq şansının
sıfıra bərabər olduğunu anladıqda, çətinliyini
gördükdə, qorxub qaçırlar
Mənim iki
oğlum var. Onların hər iki keçə sənəti ilə
məşğul olurlar. Övladlarımı məcbur
etməmişəm onlar, özləri istəyib, maraq göstərib
məndə öyrətmişəm. İstəyirəm ki, bu qədim xalq
sənətimiz itməsin və bu işi davam etdirən olsun.
-Yeni sərginiz olacaqmı?
-Bir müddət əvvəl L.Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyində “Ulu
xalq-Ulu sənət” adlı sərgimi sənətsevərlərə
təqdim etdim. Bu
sərginin təşkil olunmasında Xalça Muzeyinin
direktoru Röya Tağıyeva mənə çox dəstək
oldu. Bunun
üçün Röya xanıma minnətdarlığımı
bildirirəm.
Hazırda
“Xocalı soyqırımı” ilə bağlı sərgiyə
hazırlaşıram. Bu faciənin
və xalqın ağrı-acısını yun -keçə
üzərində göstərəcəm.Ölkəmizdə ilk dəfə belə bir sərgi
keçiriləcək. Azərbaycanda
keçirildikdən sonra bu sərginin xaricdə nümayiş
olunmasını istəyirəm.
-Azərbaycan xalça sənətinin
YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni
irsinin reprezentativ siyahısı”na daxil edilməsini bu sənətlə məşğul
olan peşəkar kimi necə dəyərləndirirsiniz?
-Bu
hal nəinki Azərbaycan xalçasının, ümumilikdə
mədəniyyətimizin
böyük nailiyyətidir. YUNESKO -ya Azərbaycan mədəniyyət nümunələrinin daxil
olması sənət əsərlərimizin
dünyada tanınmasına təkan verəcək. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın səyi və məqsədyönlü
fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti
YUNESKO-da təmsil olunur. Dövlətimiz həmişə mədəniyyətimizə
və sənət adamlarına xüsusi qayğı və
diqqətlə yanışır.
Bu da sənət adamlarına yeni əsərlər
yaratmaq üçün stimul verir.
Məlumat
üçün bildirək ki, “Humay” Milli
mükafatçısı, Azərbaycan Rəssamlar
İttifaqının, Reklamçılar İttifaqının
üzvü Rauf Əbdülhüseynoğlu Mingəçevirdə
anadan olub. Əzim
Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən
sonra İncəsənət Universiteti və Sankt- Peterburq rəssamlıq
institutunda təhsil alıb. Qədim dekorativ tətbiqi sənət
nümunələrini yaşatdığına görə bir
çox mükafat və diplomlarla təltif edilib. Hazırda isə
sənətkar gənc rəssamlar yetişdirməklə məşğuldur.
GÜNAY
Paritet.- 2010.-30
dekabr - S.13.