Milli
Məclisin yaz sessiyasının ilk plenar iclası
keçirildi
Təqvimə
“Analar günü” kimi yeni bayramın salınması və “Azərbaycanın
işğal olunmuş əraziləri haqqında” qanun layihəsinin
qəbul olunması təklif olunur
Dünən Milli Məclisin
yaz sessiyasının ilk plenar iclası keçirildi. Dövlət
himni səsləndirildikdən sonra plenar iclası giriş
sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov ötən
sessiyasının mühüm işlərindən, həmin
dövr ərzində qəbul olunan qərar və qanunlardan
söhbət açdı. Bildirildi ki, ötən sessiyada Milli Məclisin 13 iclası
keçirilib, 80 qanun və qərar qəbul olunub.
Daha sonra Milli Məclisin
2010-cu il yaz sessiyasının gündəliyinə təklif olunan məsələlər səsləndirildi.
Millət vəkili Cəmil
Həsənli Milli Məclisin yeni başlayan yaz sessiyasında ölkənin sosial, hüquqi, mədəni
həyatında müsbət dəyişikliklər
edə biləcək mühüm qanunların qəbul ediləcəyinə
ümidli olduğunu bildirdi. Mühüm, qəbulu vacib
olan qanunlardan birinin də “Neft
haqqında” qanunun olduğunu deyən millət vəkili hesab
etdi ki, belə bir qanunun qəbulu ölkənin bu günkü
həyatı üçün mühüm addımlardan ola bilər:
“ Hesab edirəm ki, neftdən istifadənin hüquqi əsasları
hazırlanmalıdır. Neft haqqında qanun layihəsi
yaxın vaxtlarda Milli Məclisin gündəliyinə
salınmalıdır” .
C.Həsənlinin
toxunduğu digər məsələ isə yeni tikili
binaların qazla təchizatının olmaması oldu:
“Artıq neçə illərdir ki,çox sayda yeni binalar
inşa olunur. Əhali yeni binalarda məskunlaşırlar. Belə
binalara 146 min sakin köçüb. Lakin həmin binaların
qazla təchiz olunmaması artıq əhali arasında
narazılıqların yaranmasına səbəb olur. Problemin əsası
isə həmin binalarda müəyyən
problemlərin olmasında göstərilir. Həmin problemlər
araşdırılmalı və binalar qazla təmin
olunmalıdır.”
Millət vəkili Mübariz Qurbanlı
işğal olunmuş torpaqların bütövlükdə
ümumiləşdirilərək onların statusunu müəyyən
edən, ümumilikdə “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin
işlənməsini təklif etdi. Bir çox ölkələrin
belə bir qanun layihəsinin olduğunu deyən millət vəkili
işğal olunan ərazilər haqqında qanun layihəsinin
həm hüquqi, həm siyasi baxımdan vacib olduğunu
bildirdi.
Cari məsələlər
haqqında danışan millət vəkilləri daha çox
yaxın günlərdə Daşkəsən rayonunda yerləşən
hərbi hissədə baş verən qanlı faciəli hadisəyə
münasibət bidirdilər.Millət vəkili İqbal
Ağazadə baş verən hadisənin Azərbaycan ordusunun
bugünkü vəziyyətinə dəlalət etdiyini
bildirdi.
Deputat İsrafil İkram isə həmin
ərazidəki hərbi hissəyə Milli Məclisin sədr
müavini Ziyafət Əsgərovun
başçılığı ilə deputat qrupunun göndərilməsini
və bununla da bir daha araşdırmanın nəticələrini
ictimaiyyətə çatdırmağı təklif etdi. Deputat
Siyavuş Novruz isə baş verən hadisəni ordunun vəziyyəti
ilə əqələndirməyin düzgün
olmadığını bildirdi. O həmçinin qeyd etdi ki,
bu gün Azərbaycan ordusundan yayınanların sayı
azalır, günü gündən ordu güclənir. Bu da
orduya olan inamın yüksək olmasından xəbər verir:
“Hər dəfə baş verən hansısa hadisə ilə
bağlı Müdafiə Nazirliyinin hansısa qurumunun
hesabatını tələb etmək düzgün deyil. Onlar
Ali baş komandan qarşısında məsuliyyət
daşıyırlar”.
Ziyafət Əsgərov isə
öz növbəsində bildirdi ki,
Daşkəsəndəki hərbi hissədə baş
verən hadisə hamını narahat edir, bunula bağlı ciddi iş
görülür: “Mən bu hadisədən sonra nazirlə
danışdım. Hadisə yerinə komissiya göndərilib.
Bu hadisə ilə bağlı ciddi tədbirlər
görüləcək”. Spiker Oqtay Əsədov da baş verən
hadisə ilə bağlı istintaqqrupunun
yaradıldığını və cəmiyyətə əlavə
məlumat veriləcəyini dedi.
Millət vəkili Pənah
Hüseyn cari məsələlər
haqqında danışdığı zaman əhalinin qaz
borclarının dövlət büdcəsi tərəfindən
ödənilməsi haqqında ölkə
başçısının sərəncamını gözlənilən bir
addımın atılması kimi qiymətləndirdi və
bildirdi ki, bu kimi sərəncamlar təkcə qaz sahəsində
deyil, elektrik enerjisində də tətbiq edilməlidir:
“Sayğaclar qoyulana qədər olan borclar istər dövlət hesabına və
yaxud hansısa başqa formada ödənməlidir. Bu məsələdə
irəliyə doğru addım atıldı, belə
addımların gələcəkdə də atılması əhalinin
sosial problemlərinin həlli ola bilər”. Deputat parlamentdə
Dağlıq Qarabağla bağlı məsələnin
müvafiq icra hakimiyyətlərinin iştirakı ilə
müzakirəsinin təşkil olunması təklifini də
irəli sürdü.
Millət vəkili Qüdrət Həsənquliyev
öz çıxışında həmkarları ilə birgə
yollandığı İtaliya səfəri
haqqında məlumat verdi: “Onlar da bu münaqişənin
öz həllini tapmamasından öz narahatlıqlarını
bildirdilər. Minsk qrupun
üzvü kimi bu proseslərdə daha fəal iştirak etmək arzusunda
olduqlarını diqqətimizə
çatdırırdılar. Biz orada
vurğulayırdıq ki, Minsk
qrupunun həmsdərləri hamısı ermənipərəst
mövqedən çıxış edirlər. Fransada,
Amerikada böyük erməni diasporu var bu ölkələrin
hökümətləri də müəyyən mənada
onların təsiri altındadırlar. Hər halda İtaliya
ilə bizim münasibətləri genişləndirmək
üçün çox böyük imkanlarımız var və
onlar bunu xüsusi olaraq vurğulayırdırlar.”
Millət vəkili son
zamanlar silahlı qüvvələrdə baş verən hadisələrlə
bağlı parlamentin öz reaksiyasını verməli
olduğunu bildirdi: “Milli Məclisin səlahiyyəti var ki, hər
hansı bir nazirliyin və yaxud səlahiyyətli şəxsi dəvət
edib dinləmələr aparsın. Bizə bu səlahiyyət
ona görə verilib ki, bu cür hallarda biz bu statusdan istifadə
edək”. Millət vəkilinin əfv fərmanlarının
verilməsinin tərəfdarı olmadığını
vurğuladı. Onun sözlərinə görə yüzlərlə insanların əfv
olunması ölkədə cinayətkarlığa
qarşı mübarizəyə çox pis təsir göstərir.
Deputat İkram
İsrafil Seçki Məcəlləsinə əlavə və
dəyişikliklərlə bağlı layihəni parlamentə
təqdim etdiklərini, bu sənədin müzakirəyə
çıxarılmasının zəruri olduğunu bildirib:
“Biz həmçinin təklif edirik ki, proporsional seçki
sistemi bərpa olunsun”.
Deputat Siyavuş
Novruzov isə həmkarına cavab verərək qüvvədə
olan Seçki Məcəlləsinin tam normal olduğunu, hər
hansı dəyişikliyə ehtiyac görmədiklərini
deyib.
MM sədrinin birinci
müavini Ziyafət Əsgərov deyib ki, proporsional seçki
sistemi ilə bağlı məsələni indi yox, referendum
zamanı qaldırmaq lazım idi: “Buna ehtiyac yoxdur. Düzdür, çoxlu partiyalar var. Amma bu proses
hələlik klassik sistem formasına gəlib çatmayıb. Niyə majoritar sistemdən qorxursunuz?”
Millət vəkili Elmira Axundova da həmişə olduğu kimi bir sıra sosial
yönümlü məsələlərlə
çıxış etdi. Gündəlikdəki
məsələlərin mühüm
qanunlar olduğunu deyən xanım millət vəkili yaz sessiyasının fəaliyyətində bir sıra qanun layihələrini də görmək istəyir: “Çox istərdim ki, bu sessiyada
“Sosial işçilər
haqqında” qanun layihəsini görək. Məlumdur ki, bu institut respublikada
mövcuddur.Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
nəzdində iki minə yaxın sosial işçi işləyir.Onların işlərinin
öz spesifikası vardır. Lakin yaxşı olardı ki, bütün bunlar bir qanunla
tənzimlənsin. Sosial işçilərə
tələbat böyükdür.
Həmçinin bu
sessiyada gənc ailələrin sosial müdafiəsi haqqında,
mərasimlər haqqında
layihələri görmək
istərdim.”
E.Axundovanın daha bir təklifi
isə təqvimimizə
daha bir yeni bayram gününün
əlavə edilməsi
ilə bağlı oldu. 8 mart beynəlxalq qadınlar gününün
bayram olaraq artıq sosialist məkanında yaranan müstəqil dövlətlərdə
qeyd olunmadığını
deyən millət vəkili həmin bayramın analar günü bayramı ilə əvəz edilməsi təklifi ilə çıxış
etdi: “Avropa ölkələrində və
ABŞ da bu bayram qeyd edilmir.
Onun əvəzinə bu ölkələrdə analar
günü qeyd edilir. Rusiyanın birinci xanımının
təşəbbüsü ilə Rusiyada iki ildir ki,
“Ailə, məhəbbət
və sədaqət günü” kimi qeyd edilir. Nümunəvi ailələr xüsusi
diplomlarla medallarla təltif olunurlar. Təklif edirəm ki, təqvimizə yeni bir bayram günü
“analar günü” əlavə edilsin. Bu bayramı
ana və ailə günü kimi qeyd etmək
olar. Bu bayramı 28 apreldə qeyd etmək yerinə düşər. Bildiyimiz kimi 28 aprel görkəmli alim, ictimai xadim, gözəl insan, ana akademik Zərifə
Əliyevanın ad günüdür.”
Millət vəkili Əli Əhmədov çıxışında
bəzi həmkarlarının
parlamentin səmərəsiz
fəaliyyəti ilə
bağlı səsləndirdikləri
fikirlərinə münasibət
bildirərək qeyd etdi ki, ötən
sessiyada parlament səmərəli
fəaliyyət göstərib,
növbəti sessiyada
da təklif olunan gündəlik əsasında
səmərəli və
faydalı fəaliyyət
göstərəcək: ”Bəzi
deputatlar tərəfindən
Milli Məclisin fəaliyyətinin yaxşı
olmaması ilə bağlı səslənən
fikirlərə öz
etirazımı bildirirəm.
Bəzi adamlar bütövlükdə
fəaliyyətin səmərəliliyinin
nədən ibarət
olduğunun aydın şəkildə görə
bilmir. Əgər milli məclisin
fəaliyyətinin səmərəliliyini
90-cı illərdə olduğu
kimi zalda siqaret tüstüsündə,
qalmaqallarda görürlərsə,
bu da fikirlərin
normal olmadığından xəbər verir. Parlament yetkinlik yaşındadır.
Təbii
ki, yetkinlik yaşında olan parlamentin fəaliyyəti bir sıra mühüm
dəyərlərə, prioritetlərə
söykənir. Bu prinsiplər əsasında
parlement Azərbaycanın
inkişafına özünün
töhfəsini verib, respublikanın inkişafı
üçün səmərəli
hüquqi baza yaradıb.”
Oqtay Əsədov bir
qrup deputatdan narazılığını bildirib. O deyib ki, yaz
sessiyası üçüncü çağırış
Milli Məclisin sonuncu tam sessiyasıdır: “Ona görə bu
sessiyasını indiyədək necə olubsa, gərək
bundan sonra da ləyaqətlə aparaq. Amma mən televiziyaya
baxanda, mətbuatı oxuyanda bəzən təəssüf
hissi keçirirəm. Bəzi deputatlar deyirlər ki, Milli Məclis
işləmir, səlahiyyəti yoxdur, olan səlahiyyətini də
yerinə yetirmir. Baxmayaraq ki, onlar öz aramızda oturublar,
amma belə danışırlar. Belə deputatlar mövqesiz
deputatlardır”.
Spiker bildirib ki, kimin
necə işlədiyini, qanun layihələri
hazırladığını hamı yaxşı bilir.
O.Əsədov qeyd
edib ki, belə deputatların işi yalnız populist şəkildə
Milli Məclisdən danışmaqdan ibarətdir: “Bir qrup
yaranıb ki, işləri yalnız Milli Məclisdən
danışmaqdır. Elə bil özləri Milli Məclisdə
işləmirlər, Amerikada yaşayırlar. Bunun
köklü səbəbləri var. Mən bunun səbəblərini
demək istəmirəm. Milli Məclis necə işləmir
ki, dörd ildə 938 qanun qəbul edib? Ona görə də
işimizdə diqqətli olaq və işimizi şərəf
və ləyaqətlə başa vuraq”. Müsavat deputat
qrupunun üzvü Pənah Hüseyn isə deyib ki, son illər
Milli Məclisin səlahiyyətləri xeyli azaldılıb,
iclaslarda deputatların çıxış müddəti dəfələrlə
kəsilib. Bu da parlamentin
işindən narazılıq
yaradır.
G.BÜNYADZADƏ
Paritet.-
2010.- 2-3 fevral.- S. 3.