Özünü səhnədə Koroğlu obrazında görmək istəyən aktyor

 

Ramil Qasımov: ”Həmişə çalışıram ki, bir gənc kimi Azərbaycan mədəniyyətini layiqincə təmsil edim”

 

Bu gün ölkəmizdə ifaçılıq baxımından gənclər arasında bir xaos yaransa da, amma  həqiqi istedadı ilə seçilən gənclərdə var. Belə istedadlı, gənc peşəkar ifaçılardan biri də Dövlət Musiqili Komediya Teatrının solisti və bu yaxınlarda milli və dünya klassik incilərinin yer aldığı “ Bu yaşıl sahildə” adlı diski işıq üzü  görmüş Ramil Qasımovdur. Bu gənc ifaçı öz ifası ilə nəinki adi tamaşaçıların, eyni zamanda peşəkar musiqiçilərində zövqünü oxşayıb və  xalq artisti, professor Ramiz Mirişli onun haqqında belə deyib: “ Ramil çox tərbiyəli, qanacaqlı, peşəkar sənətə məxsus olan bir şəxs kimi tanıyıram.  Oqtay Rəcəbov və Adil Babayevin “Şeytanın yubileyi” iki hissəli komediyasında Ramili çox maraqlı oyun nümayiş etdirdi.  Maraqlı və sərbəst  dinamik  şəxsdir.  Onun uğurlarına sevinirəm” . Biz də son zamanlar bir sıra uğurlu layihələrə imza atmış Ramil Qasımovla görüşüb həmsöhbət olduq. O bizimlə söhbətə həyat və sənəti haqqında  danışmaqla başladı.

- M.Müşfiq adına 18 saylı orta məktəbdə oxuyurdum.  Amma uşaqlıqda həmişə hüquqşünas olmaq istəmişəm. Lakin  məktəbin özfəaliyyət xorunda oxumağa həvəsim dahi Rəşid Behbudovun “Bəxtiyar” kinofilminə baxdıqdan sonra olub. O zaman 11 yaşım var idi. Musiqi müəllimi Şəfiqə Həsənova səsimin fərqliliyini görüb mənə solo oxumağı təklif etdi.  İlk ifam Tofiq Quliyevin “Qızıl üzük” mahnısı oldu. Bu mahnını Əbilov adına klubda oxudum və tamaşaçılar mənə əl çalanda doğrusu məni gülmək tutdu(gülür). 

Özüm-özümə  deyirdim ki, mənədə görəsən nə vaxtsa əl çalarlar. 1995-96-cı illərdə  məktəblərarası keçirilən müsabiqədə solo ifaçı kimi birinci yer, daha sonra bir çox müsabiqələrdə iştirak edib, layiqli yer qazandım. Məni uğura  və əsl sənət meydanına aparan yol elə burdan başladı. Və günlərin bir günü dostum,  adaşım Ramil mənə dedi: “gəl, gedək  Uşaq Filarmoniyasına orada bir vokal müəllimi var. Dövlət Uşaq Filarmoniyasına gəldik. Bizi  görkəmli bəstəkarımız Ramiz Mirişlinin oğlu Yusif Mirişli qarşıladı. O, səsimi yoxladı və Tofiq Quliyevin “Axşam oldu” mahnısını ifa etdim O mənə dedi ki, sənin güclü səsin var, amma estrada ifaçısı deyilsən.  Y. Mirişli məni  görkəmli sənətkarımız Mobil Əhmədovun yanına göndərdi. Mən sevinc və həyəcan içində M. Əhmədovun yanına getdim. Onu  görəndə gözlərimə inanmadım, şux qamətli,  iti baxışlı Mobil Əhmədov məni  görcək  səsin varmı?  Mən  dedim  deyəsən var. -   Adın nədir? Dedim Ramil. Bir bunu oxu. Azərbaycan professional vokal məktəbinin banisi Bülbül müəllimin səs məşqlərini göstərdi. Onları ifa edəndə dedi: - Sənin parlaq gələcəyini görürəm.

15 yaşım olanda müəllimim  məni Dövlət Musiqili  Komediya Teatrına solist düzəltdi.

- Necə 15 yaşında?. Bu barədə danışmağın  bizim üçün maraqlı olardı.

-Hə, 15 yaşında. Günlərin bir günü yay ayı idi.  Rəhmətlik Mobil müəllimlə İçərişəhərdə gəziridik birdən mənə  sual verdi Ramoş (o həmişə məni Ramoş deyə çağırardı)  teatrda mənim yanımda işləyə bilərsənmi? Doğrusu, bunu zarafat bilib dedim, əlbəttə, işləyərəm.  Müəllimim   baş dirijor Nazim Hacıəlibəyovdan  ifamı dinləməyi xahiş etdi. O, qulaq asdı. Mən “Arşın mal alan” operettasından Əsgərin ariyasını, bir İtalyan əsəri, və “Koroğlu”dan Aşıq mahnısını ifa etdim. Səsimi bəyəndilər, ancaq dedilər ki, uşaqdır və  yaşı  da azdır, bunun üçün xora getsin. Amma Mobil müəllim razılıq vemədi və dedi ki, Ramili teatra solist kimi götürün. O dedi ki, “Mən  Ramil Qasımovda eyni ilə öz gəncliyimi görürəm. Özümdən sonra Koroğlu rolunu Ramildə duyuram. Mən onun gələcəyinə inanıram”. Onda teatrın  direktoru və bədii rəhbəri, xalq  artisti Hacıbaba Bağırov  Mobil Əhmədovun sözünə inanıb məni işə qəbul etdi.  Bu, Azərbaycan teatr tarixində ilk hadisə idi ki, 15 yaşlı bir uşaq teatrda ştata qəbul olunub işləsin. On beş-on altı gün ərzində “Qızıl toy”-da Azəri hazırladım. Bu tamaşaya Lütfiyar İmanov, Tofiq Quliyev və başqa bir sıra sənətkarlar zalda oturub baxırdılar. Onların qarşısında tamaşa oynamaq  və oxumaq böyük bir məsuliyyət tələb edirdi. Bundan sonra “O olmasın, bu olsun”da Sərvər, “Həlilik”də Mürsəl, “Şeytanın yubileyin”də Akif və başqa tamaşalarda oynadım. Bunlar içərisində mənə şöhrət gətirən 2007-ci ildə  “Milyonçunun dilənçi oğlu” tamaşası oldu.  Bu əsər 1966-cı ildə müəllimin səsinə yazılıb və dövlət mükafatı alıb. Bu əsəri  ifa edibMuskomediyada  öz sözümü dedim və teatrın aparıcı solistinə çevrildim.

- Bu on ildə  Muskomediyada çalışmaq sizə nə verdi?

-Özümü xoşbəxt hiss edirəm ki, mən müəllimimin davamçısı kimi Muskomediyada çalışıram. Səmimi olaraq söyləyim ki, Muskomediyanı  çox sevirəm və burda işləməyimlə fəxr edirəm. Teatr  məbəddir. Məndə bu məbədgahda   çalışdığım uzun  illər ərzində  peşəkarlaşdım. Bu günləri teatrda gözəl atmosfer var.  Teatrın direktoru Əliqismət Lalayevə xüsusən təşəkkürümü bildirirəm ki, mənim simamda bütün gənclərə dəstəy olur. Yeketerenburqda Dünya ulduzlarının Festifalına  teatrın solisti İnarə Babayevanı və məni  Əliqismət müəllim ora apardı. Bizdə  layiqincə Azərbaycan mədəniyyətini  orda təmsil etdik. Amma  teatrda çalışdığım illərdə   bir az itirdiklərimdə olub.

- Nələri itirdiniz?

-Bilirsiniz, bu gün Azərbaycanda vokal janrı az təbliğ olunur. Yəni, bu gün mən vokalçı və muskomediyanın solisti kimi daha çox  tanınıram. Amma bəlkə də mən müğənni kimi daha çox parlaya bilərdim. Nəsə... Ancaq yenə də mən Muskomediyanın solisti  olmağımla fəxr edirəm.

- Siz ifaçı kimi az tanınırsınız, səbəb nədir?

- Bilirsiniz, deyərdim ki, bu gün musiqi bayağılaşıb. Vokal janrında təbliğat yoxdur. Azərbaycanda hazırda peşəkar ifaçılar yox dərəcəsindədir. Mənim sevdiyim ifaçılar:Azər Zeynalov, Samir Cəfərov, Teymur Əmrah, Aygün Bayramova, Aygün Bəylər - öz yolu olan peşəkar ifaçılardır. Harda təhsil almasından asılı olmayaraq  ifaçının  qanında vətənpərvərlik olmasa və  milli irsini, mədəniyyətini  təbliğ etməyi qarşıya məqsəd qoymadısa, ondan heç zaman  böyük ifaçı olmaz.

- Səhnədə oynadığınız rollardan sizə  hansı yaxındır?

- “Milyonçunun dilənçi oğlu” tamaşasında oynadığım (Yetim) obrazı mənə həyatda çox şeyləri öyrətdi. Və mən anladım ki, həyatda xoşbəxtlik pulda deyil. Eyni zamanda milyonlar qazanmaq üçün fırıldaq etməməlisən. Hər şeyə həyatda halallıqla nail olmalısan.

- Bu gün səhnəyə çıxanda ilk vaxtlarınızı necə xatırlayırsınız?

-Həmişə müəllimim (M.Əhmədov) teatrın lojasında oturub məni dinləyərdi. Bu gün səhnəyə çıxanda həmişə gözüm müəllimimin oturduğu lojada qalır. Fikirləşirəm ki, birdən yenə müəllimim orda oturar(susur).

- Son nailiyyətələrindən danışardın.

-2008-ci ildə Gənlər və İdman Nazirliyi tərəfindən mənə “İlin ən istedadlı gənc vokalçısı və aktyoru”  nominasiyası adı verilib. Bundan başqa Səbail rayonuda  gənclərlə iş sahəsində ən fəal gənc kimi mənə  fəxri fərman təqdim ediblər.

-  Qısa bir zamanda iki diskiniz işıq üzü görüb. Bu barədə  nə deyə bilərsiniz?

-Bu yaxınlarda hərbi vətənpərvərlik mahnılarından ibarət cd albomum işıq üzü görüb. Nə üçün mən hərbi vətənpərvərlik mahnılarına üstünlük verdim? Ona görə ki, Qarabağ mövzusu bizim ən yaralı yerimizdir. Bu günləri torpaqlarımızın 20 faizi işğal altındadır. Bu hal  həm ölkə rəhbərliyini, həm də biz gəncləri çox narahat edir. Mən  də Azərbaycan xalqının kiçicik bir ifaçısı kimi, istədim ki, hərbi vətəpərvəlik mahnılarından-marş ibarət cd albom hazırlayım. Və bu albomumu bütün dövlət orqanlarına payladım. Bundan başqa sənətdə  olmağımın on illiyi ilə bağlı müxtəlif yerlərdə solo konsertlərlə çıxışlarım nəzərdə tutulub. İkinci cd albomumda   isə Azərbaycan klassikası, estradası və  dünya klassik incilərindən əsərlər yer alıb. Bu disk” Bu yaşıl sahildə” adlanır. Mən hazırda  AzTV-nın Xor Kollektivinin solistiyəm, elə bu səbəbdən də üçüncü CD albomumda  dövlət televiziyasının musiqi kollektivlərinin ifası yer alacaq. Bir layihəm də var, unudulmuş və populyar olan  Azərbaycan operattalarından nümunələr. Bu isə dördüncü diskim olacaq.

Paralel olaraq AzTV-nin xor kollektivinin sədri Şəhla xanımla bir neçə silsilə əsər üzərində  işləyirik. Hətta estrada simfonik ansamblı ilə konsert verməyidə planlaşdırıram .

- Ramil, özünü aktyor, yoxsa  ifaçı kimi bəyənir?

-Mən bir az zəif aktyoram, ona görə ki, xarakterik aktyor deyiləm. Amma “Qısqanc ürəklər” tamaşasında (Don Juan) rolunu ifa etdim. Bu rolu oynamaqla dedim ki, mən belə rollarda oynaya bilərəm, amma istəmirəm.  Aktyor kimi fəaliyyət göstərməyimin bir o qədər də lehinə deyiləm. Daha çox teatrın baş qəhrəmanı və aparıcı solisti kimi fəaliyyət göstərirəm.  İfaçılığım aktyorluğumdan daha güclüdür. Bunların hamısandan güclü isə pedaqoji fəaliyyətimdir.

- Hazırda da pedaqoji fəaliyyətinizi davam etdirirsiniz?.

-Mən teatrda vokal müəllimiyəm, istedadlı tələbələrim var. Onlardan Rəşad Məmmədov “Azəristar 2008” -də I yerə layiq görülüb, İlkin Əhmədov Akademiya laureatı olub. Elgün, Nicat, Xəlil, Elçin  və s.  Mən onlara milli vokal anlayışını   öyrədirəm. Yəni, vaxtilə müəllimimin mənə öyrətdiklərini sənət varisi kimi indi məndə onlara deyirəm. Amma pedaqoji fəaliyyətə çox vaxt ayıranda ,öz yaradıcılığın arxa plana keçir.

-  Sənətdə arzun nədir?

-Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” operettasında və “Koroğlu” operasında oynamaq. Bir də  bir gənc kimi çalışıram ki, Azərbaycan mədəniyyətini layiqincə təmsil edim. Onun adını daim uca tutum. Eyni zamanda  əxlaqımla gələcəkdə quracağım ailəmlə  ifam  və savadımla daim fərqli olum.   Cıdır düzündə oxuyum,  amin....

 

 

Günay

 

Paritet.- 2010.- 11-12 fevral.- S. 12.