Xanlıqların
bərpa olunmuş bayraqları
sərgilənir
Milli Tarix Muzeyinin 90 illiyi ilə əlaqədar
silsilə sərgilərə start verildi
Dünən Milli Azərbaycan Tarix
Muzeyində 90 illiyi ilə bağlı bərpa olunmuş muzey
eksponatlarının yer aldığı “ Bərpa olunan muzey eksponatları” adlı sərgi nümayiş etdirildi, eyni zamanda “ Mədəni
irsin qorunmasında muzeylərin
fəaliyyəti və problemləri” mövzuzusunda seminar
keçirildi. 90 illiklə bağlı silsilə tədbirlərin
keçiriləcəyini qeyd edən Mili Tarix Muzeyinin direktoru, akademik Nailə
Vəlixanlı bildirdi ki, bu gün həmin silsilədən olan tədbirlərdən birini
keçirirlər: “Tarix Muzeyi 90
illik fəaliyyəti dövründə respublikamızın
müxtəlif bölgələrindən
daxil olan eksponatlarla zənginləşib. Bu eksponatların
böyük əksəriyyəti daxil olduğu vaxtdan indiyə
kimi nə konservasiya və nə
də bərpa edilib.
Muzeydə
elə eksponatımız var ki,
onun milyon yarım yaşı
var. Ən yaşlı eksponatımız Şamaxıdan
tapılmış daşlaşmış ağac kökləridir. Prezident İlham Əliyevin
muzey eksponatlarının bərpasına göstərdiyi diqqət
sayəsində 2009-cu il ərzində Arxeologiya fondunun 150-dən çox
sümük, saxsı, tunc, gümüş, dəmir,
şüşə, parçadan eksponatları bərpa və
konservasiya edilib. 2008-ci Prezidentin
Ehtiyat Fondundan muzeyimizə vəsait
ayrılıb. Eyni zamanda 2009-cu
ildə Nazirlər Kabinetinin Sərəncamı ilə 1 milyon
vəsait ayrılıb. Bu vəsaitlər hesabına müxtəlif tarixi dövrləri
özündə əks etdirən 2000-dən artıq eksponat almışıq”.
Muzeyə
dövlət tərəfindən bu cür
qayğının növbəti
illərdə də olmasını arzu etdiyini deyən direktor
bildirdi ki, muzeylərin təmiri və eksponatların bərpası
ilə yanaşı, muzeylərdə müasir texnoloji sistemin
də olması bu gün
çox vacibdir: “Bu gün hər
bir muzeydə kompüter sisteminə keçmək
lazımdır. Bundan əlavə onu da qeyd edim ki, muzeydə
bəzi portretlər və rəssamlıq əsərləri
var ki, onları bərpa və konservasiya etməklə yenidən həyata
gətirmək lazımdır. Baxmayaraq
ki, bu, uzun sürən bir prosesdir. Eksponatları konservasiya etmək
bərpaya nisbətən daha az
bir müddət tələb edir. Hər hansı tikmə və ya zərgərlik məmulatını bərpa etmək daha çətindir.
Çünki çox incəlik tələb edən bir
işdir. Bu gün üçün hər bir muzeydə
eksponatları bərpa etmək və onlara ikinci həyat bəxş
etmək çox vacibdir. Ona görə ki, eksponatların hər
biri ayrı-ayrılıqda özündə müxtəlif tarixi dövrləri əks
etdirirlər”. Nailə Vəlixanlı sərgidə bərpa
olunmuş 200-ə qədər müxtəlif dövrlərə
məxsus xalçalar, dəmir, mis qablar, şəkillər,
afişalar və digər qədim əşyaların
nümayiş olunduğunu qeyd edib: “Muzeyə alınan
eksponatların hər biri tarixi, elmi, əhəmiyyəti olan
arxeoloji, etnoqrafik eksponatlardır. Bundan əlavə tarixi sənədlər
də var. Bu il ərzində isə 1600-dan artıq eksponat bərpa
olunub. Bərpa işlərinə Mədəniyyət və
Turizm Nazirliyinin bərpa laboratoriyası, Yaradıcı
Qadınlar Assosiasiyasının əməkdaşları və
muzeyin öz işçiləri cəlb olunub. Bərpa olunan əşyalar
arasında metal əşyalar çoxdur. Çünki dəmirdən
olan əşyalar daha tez korroziyaya uğrayıb korlanır. Bəzi
eksponatları isə bərpa etmək mümkün
olmadığından konservasiya edilib. Buna XVII-XIX əsrin əvvəli
- Rusiyanın işğalı zamanı döyüş
meydanından götürülmüş xanlıqların
bayraqlarını göstərmək olar. Bayraqların
çoxunun parçası üzülmüşdü, üzərindəki
naxışları pozulmuşdu. Belə eksponatı bərpa
etmək çox çətin və əziyyətli işdir.
Bu eksponatların bərpası gələcək nəsillərə
çatdırılması üçün çox vacib
addımdır”.
N.Vəlixanlı
qeyd etdi ki, qarşıda yubileylə
bağlı böyük bir tədbirlər
planları var:” Belə ki, mart ayında Qarabağa həsr edilmiş sərgi nümayiş olunacaq. Bu sərgidə
Qarabağ ərazisindən
tapılmış müxtəlif eksponatlar (etnoqrafik,
arxeoloji, sənədlər,şəkillər) təqdim ediləcək.
Bundan sonra müharibənin qələbəsinin
65 illiyi ilə bağlı aprelin sonu mayın əvvəlində sərgi olacaq. Həmin sərgidə
İkinci Dünya Müharibəsinə həsr edilmiş
eksponatlar(sənətlər, görkəmli şəxsiyyətlərimizə
aid əşyalar )nümayiş olunacaq. Başqa bir sərgimiz isə Azərbaycanda dövlətçilik
ənənələrinə həsr
olunacaq. Muzey 1920-ci ildən fəaliyyətə
başlayıb. Bu muzey təkcə ölkənin muzey mərkəzi
deyil, həm də elmi maarif mərkəzidir. Və burada
arxeoloji və etnoqrafik
ekspedisiyalar nəticəsində əldə edilmiş çox gözəl və dəyərli materiallar var. Bunlar arasında Mingəçevir, Qəbələ,
Beyləqandan əldə olunmuş sənət nümunələri
yer alıb. Elə bu səbəbdən də oktyabr-noyabr aylarında sırf
muzeyin tarixi ilə bağlı son sərgimiz olacaq. Eyni zamanda beynəlxalq konfrans
keçiriləcək və bununla da
yubiley tədbirləri başa çatacaq”.
Mədəni
irsin qorunması və gələcək nəsilə
ötürülməsi üçün ən gözəl
bir vasitənin muzeylər olduğunu deyən Milli Tarix
Muzeyinin Fond işləri üzrə direktor müavini Məhfuzə
Zeynalova dedi ki, son iki il ərzində
muzeydə eksponatların bərpası istiqamətində
iş daha da intensivləşib. Muzey tərəfindən keçirilən tenderin nəticəsində
qalib olmuş iki təşkilat Yaradıcı Qadınlar
Assosiasiyası və Bərpa mərkəzi
tərəfindən 800 qədər eksponat bərpa olunub:
“Muzey laboratoriyasının işçiləri tərəfindən
isə il ərzindən 400-dən
artıq eksponat bərpa olunub. Bu sərgidə onların bir
hissəsi yer alıb:- metal əşya, parça, tikmələr,
xalçalar, bayraq, silahlar, arxeoloji qazıntılar nəticəsində
tapılmış ağac, saxsı
və dəmir məmulatları
yer alıb. Eyni zamanda bərpaçı
alim Məcnun Kərimov tərəfindən musiqi alətləri bərpa edilib, zərgərlik məmulatları
nümayiş olunur, sərgidə yer alan çox
maraqlı eksponatlardan biri də XIX əsrə aid olan parçadan olan kəbin
kağızıdır, bundan başqa afişa sənədlər,
şəbəkə burda yer alıb.
Bir sözlə məhv olma təhlükəsi
qarşısında olan muzeyimizin dəyərli sərvətləri
olan bu eksponatlara ikinci həyat bəxş edilib”.
Muzey
Sərvətləri və Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova bildirdi ki, onlar muzeyin keçirdiyi tenderin qalibi olub və bunun nəticəsində
eksponatların bərpasına başlayıblar: “İlk əvvəl onu qeyd edim ki, Milli Tarix Muzeyinin
müxtəlif tarixi dövrləri özündə əks
etdirən eksponatların yer
aldığı zəngin
fondu var. Biz bu muzeyin 216
eksponatını bərpa etmişik.
Bərpa prosesində biz hər bir eksponatın tarixini
çox dəqiqliklə araşdırırıq və onun
üzərində zərgər dəqiqliyi ilə işləyirik. Bundan sonar da bu istiqamətdə fəaliyyətimizi
davam etdirəcəyik”.
Sənətsevərlərin
nəzərinə çatdıraq ki, sərgi on gün davam edəcək.
Sərgidə nümayiş olunan
eksponatların bərpasını Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzi, Milli Azərbaycan
Tarix Muzeyinin bərpa
laboratoriyası, Yaradıcı Qadınların
Assosiasiyasının bərpa
üzrə mütəxəssisləri həyata keçiriblər.
Günay
Paritet.- 2010.- 13-15 fevral.- S. 11.