Prezident İlham Əliyevin uğurlu siyasəti və xalqın iqtidara sarsılmaz etimadı Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasıdır”

 

“Güclü iqisadiyyatları olan ölkələr böhrandan o qədər də uğurla çıxa bilmədikləri halda, gənc-iqtisadiyyatı olan Azərbaycan ili bütün sahələrdə böyük nailiyyətlərlə başa vurmağa nail ola bildi”

 

 Ötən hər bir il Azərbaycanın tarixində bir sıra müsbət dəyişikliklərlə yadda qalır. Ölkənin gələcək inkişafının təməlinin qoyulması isə bu gün də  davam etdirilir . Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədov yap.org.az saytına müsahibəsində respublikamızın ötənilki ictimai siyasi və iqtisadi yekunları ilə bağlı qənaətlərini bölüşüb.  2009-cu il də, əvvəlki illər kimi, Azərbaycanın inkişaf tarixinə şərəfli dövr kimi daxil olduğunu deyən Ə.Əhmədov bildirib ki,  ötən il bütün dünyada təlatümlü maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq,  dünyanın ən güclü iqtisadiyyatlarını lərzəyə gətirən qlobal böhran Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə, digər ölkələrlə müqayisədə, çox cüzi təsir göstərə bildi. Güclü iqtisadiyyatları olan ölkələr bu sınaqdan o qədər də uğurla çıxa bilmədikləri halda, gənc iqtisadiyyatı olan Azərbaycan ili bütün sahələrdə böyük nailiyyətlərlə başa vurmağa nail ola bildi.

 Ötən il böhranlı beynəlxalq şərait zəminində Azərbaycan iqtisadiyyatı 9-10 faizlik inkişaf nümunəsi göstərə bildi. Bunu  Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi xəttin və respublikamızın seçdiyi yolun düzgünlüyünün nəticəsi oduğunu deyən Ə.Əhmədov  2009-cu ilin yekunlarından danışarkən ən başlıca məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub: “2009-cu il danışıqlar və nizamlama prosesinin intensivləşməsi ilə yadda qaldı. Azərbaycan və Ermənistan prezidentləri arasında bir neçə görüşün keçirilməsi, xarici işlər nazirləri səviyyəsində və müxtəlif formatlarda intensiv məsləhətləşmələrin aparılması danışıqlar prosesinin əhəmiyyətli dərəcədə sürətlənməsindən xəbər verir. Münaqişənin nizama salınmasını 2009-cu ildə təmin etmək mümkün olmasa da, bu intensivlik Azərbaycanın mövqelərinin beynəlxalq aləmə və danışıqlar prosesində vasitəçilik rolunu yerinə yetirən tərəflərə daha yaxşı çatdırılması baxımından əhəmiyyətli rol oynayıb. Danışıqlar prosesində bir sıra yeni məqamları, xüsusilə də Rusiya tərəfinin vasitəçilik təşəbbüslərinin artmasını xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, 2009-cu ildə danışıqların gedişinin intensivləşməsi fonunda Azərbaycan həqiqətlərinin dərk olunması və bu həqiqətlərin danışıqlarda nəzərə alınması nizamasalınma prosesinin qeyd olunmalı tərəflərindəndir. 2009-cu ilin ictimai-siyasi prosesləri fonunda Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallığın artması 2010-cu ilin nizamasalma prosesinin ədalətli şəkildə yoluna qoyulmasında əhəmiyyətli mərhələ olacağına ümidi artırır.”

Ötən il  Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin ictimai siyasi həyatımıza edəcək təsirindən də danışan Ə. Əhmədovun sözlərinə görə, dünyada həm iqtisadi sistemə, həm siyasi sistemə baxışların əhəmiyyətli dərəcədə dəyişdiyi bir zamanda hər bir millətin özü üçün müəyyənləşdirdiyi iqtisadi və siyasi sisteminin özünümühafizə elementlərinin güclənməsi ön plana çıxır: “Dünyada baş verən proseslər nə qədər təsir etsə də, hər bir ölkə özünün yaratdığı və xalqının milli maraqlarına maksimum uyğun gələn iqtisadi və siyasi sistemi qorumağa məhkumdur. Əks halda, milli inkişafın, ümumi dövlət maraqlarının qorunmasının təmin edilməsi həddən artıq çətin olar. Bu mənada Azərbaycanın müəyyənləşmiş iqtisadi modeli fonunda, eyni zamanda siyasi modelinin də aydın parametrlərinin müəyyənləşdirilməsi və onun həyata tətbiq edilməsi ehtiyacı qabarıq şəkildə özünü büruzə verirdi. Referendumun müəyyənləşdirdiyi məsələlərlə əlaqədar ictimai ehtiyacın meydana çıxması da ilk növbədə bununla əlaqədardır. Ötən il referenduma çıxarılan məsələlər bir yandan Azərbaycanın Konstitusiya sisteminin və konstitusion quruluşunun təkmilləşdirilməsi kimi təbii bir prosesi nəzərdə tuturdusa, digər tərəfdən, yuxarıda qeyd etdiyim məqamları özündə ehtiva edən Azərbaycanın siyasi sisteminin daha etibarlı dayaqlar üzərində qərar tutması kimi məqsədləri qarşısına qoymuşdu. Azərbaycan vətəndaşları bunu aydın şəkildə dərk etdilər, sözün həqiqi mənasında, ölkəmizin inkişafına xidmət edən belə bir referendumun keçirilməsini birmənalı şəkildə dəstəklədilər”.

Yeni Azərbaycan Partiyasının  bu prosesdə yaxından iştirak etdiyini xatırladan millət vəkilinin sözlərinə görə  YAP-ın böyük potensialı referendumun uğurla keçirilməsində və nəticələrin əldə olunmasında ən vacib amillərdən biri kimi qiymətləndirilə bilər: “Malik olduğumuz bütün resurslar bu siyasi kampaniyanın uğurla həyata keçirilməsinə cəlb edildi. Səsverməyə çıxarılan məsələlərin vətəndaşlarımız tərəfindən başa düşülməsi üçün böyük təşviqat kampaniyası aparıldı. Bu, referendumda uğurlu nəticələrin əldə olunmasında az rol oynamadı.”

YAP-ın bələdiyyə seçkilərində ki, rolundan danışan Ə. Əhmədov partiyanın bələdiyyə seçkilərində  kimi böyük enerji, vaxt tələb edən siyasi kampaniyaların öhdəsindən uğurla gəldiyini bildirib: “ Nəticələr bəlli olduğundan məmnunluq hissi ilə vurğulamaq olar ki, bələdiyyə seçkiləri kampaniyası istədiyimiz şəkildə həyata keçirildi. Faktlara nəzər salsaq, sözlərimin həqiqət olduğunu görmək olar. Hazırda seçki nəticəsində formalaşan bələdiyyələrdə üzvlərin təxminən 67 faizi YAP təmsilçiləridir. Bu nəticənin əldə olunması, təbii ki, asan deyil. YAP bələdiyyə seçkilərində partiya kimi iştirak edən yeganə siyasi təşkilat idi. Qanunvericiliyə görə, bu və ya digər seçki kampaniyasında və konkret olaraq bələdiyyə seçkiləri kampaniyasında partiya kimi iştirak etməkdən ötrü respublika üzrə mövcud olan dairələrin yarısından çoxunda namizədlərin irəli sürülməsi şərtdir. 2009-cu ilin bələdiyyə seçkilərində bütün dairələr üzrə bələdiyyələrə 16 minə yaxın namizəd irəli sürülməli idi. Demək, təxminən 10 minə yaxın bələdiyyə üzvlüyünə namizəd irəli sürmək tələb olunurdu ki, ən azı, partiya şəklində seçki kampaniyasında iştirak etmək hüququnu qazanmaq mümkün olsun. YAP-dan savayı, Azərbaycanda mövcud olan heç bir partiya bu şərti yerinə yetirə bilmədiyindən siyasi təşkilat kimi bələdiyyə kampaniyasına qoşula bilmədi. Yalnız YAP Azərbaycanın bütün dairələri, bütün bələdiyyələr üzrə 16 minə yaxın namizəd irəli sürdü. Beləliklə, birinci mərhələdə, namizədlərin irəli sürülməsi mərhələsində YAP bu seçkilərə hazırlıq və iştirak etmək baxımından özünün digər partiyalardan, sözün yaxşı mənasında, nə qədər fərqləndiyini sübuta yetirə bildi. İkinci mərhələdə də  biz irəli sürdüyümüz namizədlərin təşviqat kampaniyasının uğurla aparılmasının öhdəsindən uğurla gələ bildik”. 

2009-cu ilin bələdiyyə seçkiləri ilə müqayisə aparan Ə. Əhmədov onu da bildirib ki, əvvəl aparılan təhlillər nəticəsində məlum olub ki, 2004-cü ildə seçilmiş bələdiyyələrdə gənclər və qadınlar bu demoqrafik qrupların cəmiyyətdə malik olduğu potensialdan əhəmiyyətli dərəcədə aşağı səviyyədə təmsil olunurlar. Qadınların bələdiyyələrdə təxminən 4 faiz, gənclərin isə 2,5-3 faiz civarında nümayəndələri vardı. Ona görə də həm qadınların, həm də gənclərin bələdiyyələrdə təmsilçilik səviyyəsinin artırılması YAP-ın  2009-cu ildə bələdiyyə seçkiləri kampaniyasının çox əhəmiyyətli məqamlarından biri olub. İrəli sürülən namizədlərin içərisində gənclərin çəkisi təxminən 30 faiz olub. Bir o qədər də qadın namizədlər yer alıb: “Apardığımız təşviqat kampaniyasının da çox vacib tərəflərinlən biri ondan ibarət idi ki, namizədliyini irəli sürdüyümüz gənclər və qadınlar bələdiyyələrdə təmsil olunsunlar. Hesab edirəm ki, biz buna nail olduq. Hazırda 2009-cu il seçkilərinin nəticələrində formalaşmış bələdiyyələrdə qadınlar təxminən 30 faiz təmsil olunurlar.  Bu, bütövlükdə 2009-cu ilin bələdiyyə seçkilərinin əvvəlki seçkilərdən fərqli tərəflərindən biridir.”

 

Qeyd edək ki, seçkidən sonra bir neçə nəfər partiyadan xaric olundu. Bu məsələyə aydınlıq gətirən YAP sədr müavini bildirib ki,  buna səbəb bəzi üzvlərin fərdi qaydada namizədliklərini irəli sürmələri bunun da  YAP-ın nizamnaməsinə və partiyanın seçkidə iştirak etməsi məntiqinə zidd olması olub.

 

Bu il üçüncü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. YAP üzvü olan deputatların bu çağırışda parlamentdəki fəaliyyətinə münasibət bildirən millət vəkili Ə. Əhmədov müsahibəsində qeyd edib  ki,  ölkədə həyata keçirilən hər bir islahat ictimai münasibətlərin hüquqi bazasının təkmilləşdirilməsi kimi əhəmiyyətli vəzifəni ortaya qoyur. Azərbaycan parlamenti bu islahatların təmin edilməsi kontekstində çox əhəmiyyətli fəaliyyət göstərir və onların hüquqi təminatı baxımından zəruri qanunlar, digər hüquqi-normativ aktların qəbul olunmasını təmin edə bilir: “Azərbaycan parlamentində çoxluq YAP-a mənsubdur. 64 deputat YAP-ın üzvüdür. Təbii ki, bütövlükdə Azərbaycan parlamentinin fəaliyyəti səmərəli olubsa, bu, əhəmiyyətli dərəcədə parlamentin çoxluğunu təşkil edən deputat korpusunun fəaliyyətinin səmərəliliyindən xəbər verir. Güman edirəm ki, Azərbaycan ictimaiyyəti də parlamentin səmərəli fəaliyyətinin təmin edilməsində YAP-ın deputat korpusunun kifayət qədər yüksək fəallıq nümayiş etdirdiyini görür və bizim fikirlərimizlə əsas etibarilə razılaşır.”

 

 

G.Bünyadzadə

 

Paritet.- 2010.- 18-19 fevral.- S. 6.