Muzeyin ən qədim eksponatı - Qrifon

 

 Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Azərbaycan ədəbiyyatı tarixi ilə yanaşı, ölkəmizin qədim mədəniyyəti - tarixi abidələri, incəsənət nümunələri, arxeoloji materialları da nümayiş etdirilir.

Belə arxeoloji materiallardan biri də 1931-ci ildə tunc dövrünə aid edilən (Sasanilər dövrü: III-VII əsrlər), Naxçıvan ərazisində keçmiş Əbrəqunuş rayonu, Zoğala kəndindən(indi həmin ərazi Şahbuz rayonuna aiddir) tapılmış 2 qrifondur. Bu qrifonlardan biri 1934-cü ildə rəssam İ.P. Şeblikin tərəfindən alınaraq  Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinə verilmişdi. 1945-ci ildə Nizami muzeyinin açılışı ərəfəsində həmin qrifon digər arxeoloji materiallarla birlikdə Muzeyin fonduna daxil olub.  İkinci qrifon isə Sankt-Peterburqda (Leninqrad) Dövlət Ermitajına göndərilərək, indiyə  kimi orada saxlanılır.

Muzeyə gələnlər Azərbaycanın qədim tarixinə həsr olunmuş I zalına daxil olarkən, onları mərkəzdə dairəvi vitrində nümayiş etdirilən qrifon özünün qeyri-adi, əfsanəvi görkəmi ilə ovsunlayır. Doğrudan da tamaşaçı maraqla bu qeyri-adi canlını hansı heyvanla müqayisə edirsə, heç birinə oxşamır. Diqqətlə baxıldıqda sifəti, xüsusilə dik qulaqları və iri gözləri iti, canavarı xatırladır. Burun və ağız hissəsi yırtıcı quşların, qartalın dimdiyinə oxşayır. Bədəni və 4 barmaqlı pəncəsi şirə bənzərdir. Boynunun üstündəki qabarıq zolaqdan hər iki yana çəkilən cizgilər isə at yalını xatırladır. Boğazının altından sinəsinə qədər yarpaq formalı nəbati naxışlar uzanır. Qrifon - yuxarı hissəsi dördkünc sütunlu, aşağı tərəfi alçaq dairəvi dayağa bərkidilib. Hündürlüyü - 34 sm, diametri - 11 sm-dir. Ehtimal edilir ki, taxt ayağının elementi olmuşdur.

Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.

Qrifon - qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma allahının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu “qor”, qədim misirlilər “xar”, “qar” və yaxud “xeru” adlandırırdılar. Bu da ərəblərin “huru” (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa “karibu” deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş “xuruvim” formasında keçmişdir.

 “Hürü” quşu ulu keçmişimizdən minillikləri adlayıb gəldikcə, müxtəlif formalar almışdır. Gah qartal; gah yarı-insan, yarı-qrif; ya da insan başlı, şir bədənli və qartal qanadlı təsvirlərlə qayaüstü rəsmlərdə, memarlıq abidələrinin dekorlarında, qədim incəsənət və tətbiqi nümunələrdə öz əksini tapmışdır. Əlbəttə, bu “hürüvimlər” həqiqi demonik varlıq ola bilməzdirlər.

Bildiyiniz kimi, qədim ibtidai cəmiyyətlərdə dinin ilk rüşeymlərindən biri kimi totemizm qəbilə icmalarında xüsusi yer tuturdu. Bu, müəyyən insan qrupları ilə hər hansı heyvan, quş, qismən də bitki və maddi əşya arasında fövqəltəbii qüvvənin olmasına inamdan ibarətdir. Totem həmin qəbilə və ya tayfanın hamisi sayılırdı. Qədim insanlar totemi ilahiləşdirməsələr də, onunla özləri arasında dərin qohumluq bağlarının olmasına inanırdılar. Ona görədir ki, çox vaxt qədim mifoloji varlıqlar özündə insana xas izlər daşıyır. Ola bilsin ki, qartalın daha çox yayıldığı arealda (məs., Böyük və Kiçik Qfkaz dağları, Orta Asiya çölləri) qədimlərdə döyüşkən bir xalq yaşayıb və bu xalq güclü, yırtıcı bir quşu özünə Allah-hami seçib. Təbii ki, bu tayfanın şamanları da baş geyimlərini və paltarlarını həmin quşun lələkləri ilə bəzəyib, özlərini hami-tanrıçaya bənzədərək mərasimlər keçirirdilər. Vaxt keçdikcə bu şamanlar xalqın yaddaşında, əfsanə və rəvayətlərdə vizual obraza çevrilib.

Qədim insan cəmiyyətlərini öyrənib anlamaq üçün bir çox Qərb alimləri artıq XIX əsrdən mifoloji mətnlərin öyrənilməsini zəruri sayırdılar.  Dünya xalqları içərisində ən çox yayılan qrifon obrazı da böyük maraq doğurduğu üçün təhlilə və açıqlanmaya ehtiyac duyur. 

Bibliya mətninə əsasən, Qabil Habili öldürəndən sonra, “Ədəm bağı”ndan (tədqiqatlar nəticəsində bu əfsanəvi bağın indiki Təbriz ərazisində yerləşdiyi güman edilir) qovulur. Onun bir daha geri qayıtmamağı üçün Ədəm bağının Şərq qapısında iki zəhmli karibi gözətçi qoyurlar. Sonralar qadağan edilmiş yerlərə daxil olmamaq üçün bu cür kariblərin qoyulması simvola çevrilir. Qüds məbədindəki Musa peyğəmbərin Allahdan nazil olan 10 qanunun yerləşdiyi qutunu da bir vaxtlar iki zəhmli xeruvim qoruyurdu. (Müasir yəhudi bayramlarında həmin qutunun rəmzi surətini nümayiş etdirərkən, onun üstünə sancılmış qrif-quşu özüm müşahidə etmişəm).

Qrifona bir çox qədim məbəd və saraylarda rast gəlinir. Məsələn, Mədain şəhərində şah sarayının sütunları bir vaxt qrifon-qartal heykəlləri ilə bəzədilmişdi. Şız şəhərində I Daranın sarayını şir bədənli, qartal qanadlı hürüvim qoruyurdu. Ninurta məbədinin divar relyefində isə əlində odlu qılınclar hərlədən, qartal lələkləri ilə örtülmüş şamanı xatırladan “İldırım allahı”nın təsviri çəkilmişdir. Bisutun (Bağistanun) dağındakı relyeflərin birində Günəş, işıq, həqiqət və xeyir allahı sayılan Ahura Məzda dairənin içində oturub uçan halda təsvir edilir. Dairənin hər iki tərəfindəki qanadlar, alt hissədə yelpik kimi açılmış quyruq və onun yanlarından sallanan caynaqlı quş ayaqları qartalın bədən üzvlərini xatırladır.

Məlumdur ki, Şərqdən Qərbə kimi bir çox xalqların, eləcə də qədim İran, Urartu, Aşşur, Babil, Misir və s. dövlətlərin hamısı üçün Günəş və Səma allahını təmsil edən xarakterik nişan - qanadlı Günəş diski olmuşdur. Bu qanadlı Günəş diski İran mifologiyasında Ahura Məzdanın və yaxud Hürmüzdün simvolu sayılırdı. İrandilli xalqlarda həmin “allah” ilk kamil insan, hami-əcdad kimi də çıxış edir. Misir mifologiyasında isə qanadlı günəş diskində hərəkət edən böyük, ulu və əbədi ruh kimi başa düşülən Ra-Atum sayılırdı. 

Beləliklə, görürük ki, bütün Şərq ölkələri ərazisində yaşayan xalqların mədəni həyatında qartal obrazı mühüm əhəmiyyət daşımış və bu quşa hami-allah, əbədi ruhun yerdəki simvolu kimi xüsusi hörmət aşılanmışdır. Bəzi mənbələrə görə, simvolu qrif-qartal olan Günəş və Səma allahına sitayiş kultunun əsasını Nuhun nəticəsi Meskiağaşir (atası Kuş, atası Ham, atası Nuh) qoymuşdur. Şumer hökmdarlarının siyahısında Meskiağaşir “Günəş allahının oğlu” adlanırdı. Rəvayətə görə ümumdünya daşqını bitəndən sonra, yer üzünü bürüyən zülmət çəkilir, gün çıxır. Gəmidən yerə ayaq basan babası insana işıq və istilik gətirən Günəşə üzü üstə səcdəyə düşür.

Şumer mədəniyyətinə məxsus bəzi daş kitabələrdə də şərqdən qərbə, şimala kimi yayılmış qədim döyüşçü şumerlərin bayraqları ucuna sancılan aypara üzərinə qonmuş qartal-hami Günəşi əvəz edirdi və yaxud bildirirdi. Yeri gəlmişkən, türk sözü olan “bayrıq” - şanlı qartal deməkdir. Qədim türklərdə “qarluq” tayfa adına rast gəlinir. Məlumdur ki, türklər qurda, qartala hami əcdad, xilaskar kimi baxırdılar. “Qor” sözünün “Qədim türk sözlüyü”ndə hörmət, ləyaqət, şan-şöhrət kimi mənaları var. Türk tayfalarının vətəni olan Ural-Altay ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış qrifon başının stilizə olunmuş formasına bənzər ritual nəzir camları qrifonun türk xalqları içərisində ilahi ipostas olduğunu göstərir.

Qrif-qartal obrazına həmçinin Misir incəsənətində dönə-dönə rast gəlinir. Nəkbət=qrif-Yuxarı Misirin, Vəcət-kobra Aşağı Misirin rəmzi olmuşdur. Misir birləşdikdən sonra, hər iki simvol qədim Misirin “allahlar panteonu”nda ilk yerləri tutmuşdur.

Misirin mifologiyasına görə, insan öləndən sonra ruhu (ka) quş kimi uçub səmaya  - Səma və Günəş allahına qovuşur. Firon Tutmosun sərdabəsi üzərindəki mətnlərin birində yazılmışdır: “Mən o biri dünyaya qartal obrazında can verdim, o dünyaya Günəşə, (Ra) səcdə edən benu quşu kimi qayıtdım”.

Misir freskalarında Günəş allahı insan bədənli, qrif başlı və başının üstündə aypara və günəş diski ilə təsvir olunur. Yazı mətnlərində isə bu “allah”, nəkbət-qrif (bu heroqlif A hərifini bildirir) obrazında həmişə hökmdar-fironların başı üzərində qeyd edilir. Bununla da anlatmaq istəyirdilər ki, həmin hökmdara Günəş və Səma allahı özü himayə edir. Bütün Misir fironları isə “Qorun ardıcılları”, yəni “Günəş allahı”nın bir başa nəslindən törəyənlər hesab edilirdilər.

Misir mifoloji mətnlərində “Qor”un anadan olması haqqında da rəvayət mövcuddur. Belə ki, yer allahı Heb və göy allahı Nutun 2 əkiz oğlu - Osiris, Set və 2 əkiz qızı İsida və Neftida adlı övladları var idi. Heb öz hakimiyyətini ilkin və sevimli oğlu Osirisə verir. Bundan paxıllığa düşən Set qəzəblənib qardaşını öldürür. İsida Osirisi sevdiyi üçün onu tapıb dirildir və ondan “Qor” adlı oğlan uşağına hamilə qalır. Lakin Setin qəzəbindən qorxaraq əllərini göyə açıb əbədi qayığında üzən ulu tanrı Atuma yalvarır ki, bətnindəki şahini Setin qəzəbindən qorusun, çünki Qor Osirisin varisi kimi bütün allahların başçısı olacaq... Misir freskalarının birində Osiris və Qorun müqəddəs ruhları Günəş diskinin qarşısında insan başlı şahin obrazında üz-üzə dayanmış şəkildə təsvir edilmişdir.  

Azərbaycan ərazisində də qartala hörmət və sitayiş izləri olmuşdur. Məlumdur ki, qartala sitayiş (Günəşə sitayişin rəmzi kimi) edən tayfalar ölülərini bir təpənin üstünə qoyub, kənardan müşahidə edərmişlər. Əgər vəhşi heyvan yaxınlaşıb parçalayardısa, onun ruhu yeraltı dünyaya gedərdi. Əgər birinci olaraq yırtıcı quş yaxınlaşardısa, deməli o, xoşbəxt adam imiş - ruhu Allaha qovuşardı.

Cənubi Azərbaycanda, Urmiya gölü yaxınlığında yerləşən Həsənli təpəsində arxeoloji qazıntılar nəticəsində tapılmış qızıl kasa, özünün nadir nümunəsi ilə heyrətamizdir. E.ə. IX-VIII əsrlərə aid olan, çəkisi 950 qramlıq bu kasa üzərində Mannalıların əsatir və eposu ilə bağlı bədii surətlər əks olunub. At və öküz qoşulmuş arabalarda hərəkət edən qrif başlı, qanadlı və öküz başlı “allahlar”, dəbilqəli cəngavərlər, digər əfsanəvi varlıqların mərkəzində qanadlarını geniş açmış 2 başlı qrifon özünün qeyri-adi görkəmi ilə nəzəri cəlb edir. Qeyri-adilik ondadır ki, qrifonun bir başı qartal, digəri isə ... şir başlıdır. Güman etmək olar ki, bu qrifon ikibaşlı qrifonların ən qədim nümunəsidir. (Həmin camın surəti Muzeyin I zalında nümayiş etdirilir.)

Azərbaycan ərazisi coğrafi şəraitinə görə bir çox xalqların, tayfaların miqrasiya etdiyi yürüş və müharibələrin, ticarət yollarının kəsişdiyi mühüm yerlərdən biri olmuşdur. Bu da bizim torpaqlarda müxtəlif mədəniyyətlərin, etiqadların, dillərin qovuşmasına, ümumi mifoloji təsəvvürlərin formalaşmasına səbəb yaratmışdır.

Söhbət açdığımız, ulu Naxçıvan diyarından tapılan qrifon da qədim Azərbaycan xalqlarının ümumiləşmiş mifoloji təsəvvürlərini və müxtəlif totemlərinin elementlərini özündə birləşdirmək baxımından son dərəcə unikaldır. Əvvəldə təsvirini verdiyimiz qrfonda 4 totemin elementi birləşmişdir:

Qrif-qartal. Söylədiyimiz kimi Yaxın və Orta Şərq ölkələrinin mifologiyasında Günəş və Səma allahının rəmzi sayılmışdır.

Şir. İran mifologiyasında Günəş şüalarının rəmzi nişanı kimi, xalqın iztirab və müsibətlərini yox edən varlıq olmuşdur.

 Canavar-qurd (böri). Türk mifologiyasında əcdadın ruhu, hami, xilaskar funksiyasını daşımışdır.

At. Türk xalqını atsız təsəvvür etmək çətindir. Qədim türklərin ictimai-siyasi-döyüş həyatında atın əhəmiyyəti, Günəşin yer üzünə bəxş etdiyi işıq qədər əhəmiyyətli idi. Buna görə də at, Şərqdən Qərbə hərəkət edən Günəşin rəmzi; şan-şöhrət, dövlət, ləyaqət anlayışlarını özündə birləşdirir.

 Deyilənləri ümumiləşdirib, belə qənaətə gəlmək olar ki, bu qrifon taxt ayağının yox, çox güman ki, taxt söykənəcəyinin çiyin hissələrinin elementi olmuşdur. Çünki, Günəş və Səmanın rəmzi kimi, xalqın iztirab və müsibətlərini yox edən; ilk əcdadın - kamil insan olan Adəmin ruhu, hami-xilaskar funksiyasını daşıyan; şan-şöhrət, dövlət, ləyaqət anlayışlarını özündə birləşdirən bir varlıq kimi, o mütləq uca, hündür yerdə qoyulmalı idi.

 Qrifon-qartal heraldik obrazına müasir dövrümüzdə də bir sıra gerblərin, bayraqların, pulların üzərində rast gəlmək olar. Bu onu göstərir ki, qrifonun qüdrətinə inam xalqların yaddaşında hələ də yaşamaqdadır.

 Taleyin qisməti ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qürurla yerini tutmuş 4 totemli qrifon, kim bilir, bəlkə də müasir standartlara uyğun yenidən qurulan və təkmilləşən 70 yaşlı muzeyimizin parlaq gələcəyinin rəmzi qarantıdır.

 

 

Səadət Bünyadzadə

 

Paritet.- 2010.- 18-19 fevral.- S. 12.