Sevinirəm ki, mənim musiqilərimə
ehtiyac var “
Smetada
nəzərdə tutulmadığından Azər Dadaşov bəzi
kinofilmlər üçün musiqini pulsuz yazıb
Tamaşaçıya mənəvi zövq bəxş edən gözəl
bir musiqinin meydana
gəlməsi uzun bir
prosesdir. “Məşhurlardan birinin
belə bir deyimi var ki, musiqi gərək insanları
paklaşdırsın, onlara xidmət etsin. Mən də
çalışıram bu deyimə həmişə əməl
edim” –deyən Bəstəkarlar İttifaqı İdarə Heyətinin
üzvü, bir çox Azərbaycan filmlərinə musiqilər
bəstələmiş Azər Dadaşovla yaradıcılığındakı
yeniliklərdən və
musiqimizin bugünkü durumu ilə bağlı həmsöhbət olduq .
- Rejissoru
Fariz Əhmədov və Nərgiz Bağırzadə
olan «Bir addım» filminin musiqilərini bəstələyib
qurtarmışam. Bu, sayca 20-ci filmimdir. Bunların arasına 3
sənədli və 5 cizgi filmi daxildir. Bundan başqa gənc
rejissorlar – İsmayıl Məmmədov və Fariz Əhmədov
məni «Qocalar» filminə dəvət etdilər. Çox
xoşbəxtəm ki, bu sahədə lazımam, musiqilərimə
ehtiyac var. Məşhur komediya filmi olan «Yuxu», Hüseyn
Mehdiyevin «Özgə vaxt», «Məkanın melodiyaları»,
«Şahid qız», Rüstəm İbrahimbəyovun «Ani
dönüş», yazıçı Anarın ssenarisi əsasında
mərhum rejissor Gülbəniz Əzimzadənin çəkdiyi
«İmtahan» filmlərinin musiqilərini bəstələmişəm.
- Azər müəllim,
saydığınız filmlərdən də
göründüyü kimi, həm yaşlı və təcrübəli,
həm də gənc və nisbətən təcrübəsiz
rejissorlarla işləmisiniz. Bu gün çəkilən filmlərin özünə yetəri
qədər tamaşaçı toplaya bilməməsinin səbəbi
nədir?
- Gənc rejissorların
işində çatmayan tək şey təcrübədir.
Filmin asan başa gəlməsi və keyfiyyətli
alınması üçün çəkiliş
üçün maliyyə vəsaitinin ayrılmasının
da əhəmiyyəti böyükdür. Hazırda Amerikada və
yaxud Hollivudun özündə hər hansı bir filmin çəkilişinə
neçə milyon dollar pul ayrılır. Bizdə isə bu vəsait
heç 1 milyon da deyil. Az vəsaitlə də keyfiyyətli
iş ortaya qoymaq mümkün deyil. Bəzən olur ki,
rejissorlar mənə utana-utana zəng edirlər ki, filmin layihəsində
bəstəkar üçün pul ayrılmayıb. Amma istəyirik
musiqini siz yazasız. Mən razılaşıram və əksinə,
sevinirəm ki, mənim musiqilərimə ehtiyac var. Gənc
rejissorlarla görüşmüşdüm.
Düşünürəm ki, istedadlı gəncliyimiz
yetişir. Nərgiz Bağırzadə, İsmayıl Məmmədov,
Fariz Əhmədov və bir çox başqa gənclərimiz
də bu sıradadırlar. Mənim istedadına və
bacarığına qiymət verdiyim üç nəfər
var ki, onları xüsusi qeyd etmək istərdim. Bunlardan biri
Ayaz Salayevdir. Çox qüdrətli rejissordur, az iş
görüb, amma inanıram ki, gələcəkdə biz onun
çoxsaylı işlərinin şahidi olacağıq. Qiymətləndirdiyim
ikinci insan Cəmil Quliyevdir. Taleyimdə böyük rol oynayan
şəxslərdən biri də Yusif Şeyxovdur. Bu insanların hər üçü savadlı və
istedadlı olmaqla yanaşı, həm də əsl
ziyalıdırlar. Düşünürəm ki, gənc rejissorlar bu insanların
arxasınca getsələr, çox böyük uğur
qazanacaqlar, irəli gedə biləcəklər.
- Gənc bəstəkarların
işi sizi qane edirmi?
- Kino işləri məni
qane eləmir. Niyə? Çünki heç bir rejissor gənc
bəstəkarlarla işləmir. Bunun da səbəbi odur ki,
onları tanımırlar. Bir qədər əvvəl
rejissorlardan biri mənə dedi ki, öz filminə bir nəfər
bəstəkar dəvət edib və iki musiqi yazdırıb.
Amma nə qədər fikirləşdisə, adını
yadına sala bilmədi. Bunların hamısı onu göstərir
ki, bəstəkarlarla rejissorlar arasında ünsiyyət
yoxdur.
- Bəs onların
ünsiyyətdə olması üçün nə etmək
lazımdır?
- Bunun üçün
biz bir layihə fikirləşmişik.
Planlaşdırmışıq ki, gənc rejissor və bəstəkarlarla
görüşək. İstəyirik ki, ünsiyyətdə
olaq, bir-birimizin əsərlərinə
qulaq asaq. Həm də tək ünsiyyətlə iş
keçmir. Bəstəkar filmlərə
baxmalı, ssenarilərlə tanış olmalı, öz əsərlərini
göstərməlidir. Həmçinin də rejissorlar. Əgər
istəyirlərsə, çəkdikləri filmlərin musiqiləri
yaxşı olsun, o zaman Bəstəkarlar İttifaqına gəlməli,
bəstəkarlarla tanış olmalı, onların musiqilərinə
qulaq asmalıdırlar. Bizim tez-tez filarmoniyada konsertlərimiz
olur. Həmin konsertləri dinləməlidirlər. Ümumiyyətlə,
bütün sahələrdə mütəxəssislər
bir-biri ilə yaxından əməkdaşlıq etməlidir
ki, ümumi işin nəticəsi də ürəkaçan
olsun.
- Əvvəllər
mahnılar efirə buraxılmamışdan qabaq onun musiqisi və
sözləri Bədii Şura adlanan qurum tərəfindən
baxışdan keçirilirdi. İndi isə kim nə istəyir,
necə istəyir elə də oxuyur. Maraqlıdır,
müasir mahnılara və ifaçılara münasibətiniz
necədir?
- Mən şairin və
şeirin vurğunu olmasam, o şeir məni tərpətməsə,
heç vaxt o sözlərə musiqi yaza bilmərəm. Məhəmməd Füzulinin, Məhəmmədhüseyn
Şəhriyarın, Səməd Vurğunun, Rəsul Rzanın sözlərindən
istifadə etmişəm. O ki qaldı dediyiniz
başı-ayağı bilinməyən şeirlərə,
onlara ancaq özfəaliyyət bəstəkarlar mahnı yaza
bilər. Onlar da ki, müəyyən vasitələrlə
kanallara yol tapıb özlərini reklam edə bilirlər. Amma
belə musiqilərin ömrü çox az olur. Şeirə,
musiqiyə qiymət verən xüsusi bir qurumun olması
mütləq lazımdır. Bu bizim ana diliində efirlərə
verilir axı. Əslində bütün telekanalların musiqi
redaksiyalarının rəhbərləri Bəstəkarlar
İttifaqı ilə mütəmadi olaraq əlaqə
saxlamalıdırlar. Üstəlik, onların özlərinin
də musiqi savadı olmalıdır.
- Sizə hansısa bir
telekanalın musiqi şöbəsindən hər hansı bir
musiqini efirə verməmişdən qabaq müraciət edən
olubmu?
- Şəxsən mənə
olmayıb. Heç Bəstəkarlar
İttifaqına da belə müraciətlərin olduğunu
eşitməmişəm. Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadənin belə
təklifi var ki, radiolar və telekanallar bu qurumla əməkdaşlıq
etsinlər. Hesab edirəm ki, yalnız bundan sonra keyfiyyət
haqqında danışmaq olar və nəğmələrimiz
uğur qazanar.
Bilirsiniz, elə indicə
başıma belə bir fikir gəldi ki, Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində Bəstəkarlar
İttifaqının, Yazıçılar Birliyinin və digər
aidiyyəti qurumların nümayəndələrinin
iştirakı ilə bir növ telekanallara bu sahədə
kömək etmək məqsədilə bir qurum
yaradılsın. Yaxşı olardı ki, bu qurum həm də
məxfi olsun. Artıq getdikcə zövqlər də
korlanır. Mən əsasən simfonik janrda işləyirəm.
Adamın az qala ağlamağı gəlir ki, simfonik musiqi
konsert salonuna gələndə görürsən ki, zalın
yarısı boşdur. Amma səsi olmayan birinin konsertində
baxırsan ki, zal ağzınacan doludur.
- Bəs insanların
klassik musiqiyə marağının azalmasının səbəbi
nədir?
- Hər şey bir-biri
ilə bağlıdır. Burada hamımızın
günahı var. Ola bilər ki, hələ bu işlə məşğul
olmağa vaxtımız çatmır. Amma mütləq
insanlarda adıçəkilən musiqi janrına maraq oyatmaq
üçün işlər görülməlidir.
- Gənc
ifaçılardan sizə mahnı yazdırmaq
üçün müraciət edən olubmu?
- Mən demək olar ki,
mahnı yazmıram. Cəmisi 5-10 mahnım var, onları da uzun
illər əvvəl təsadüfən yazmışam. 30-40 əvvəl
«Qaya» vokal ansamblı «Dümağ şəhər»imi, Cavan Zeynallı «4 nəğmə», Züleyxa Mirismayılova
«Üç nəğmə» mahnılarımı oxuyub. Amma indi ümumiyyətlə
mahnı yazdırmaq üçün mənə müraciət
etmirlər. Qismət belə gətirib ki, mən ciddi musiqilər yazıram.
Çoxları təsdiq edər ki, mahnı demokratik janr
olduğundan onu yazmaq nisbətən asandır. Amma çox məsuliyyətlidir,
yüksək zövq tələb edir.
- İndiki bəstəkarlardan
kimin mahnılarını daha çox bəyənirsiniz?
- Bir neçə nəfər
var ki, onların musiqiləri mənim çox xoşuma gəlir.
Bunlardan biri Səyavuş Kərimidir. Onun həm
aranjimanlarını, həm də mahnılarını
çox bəyənirəm. İkincisi isə Vaqif Gərayzadədir.
Bu insanların heç birinin bəstəkarlıq təhsili
yoxdur və heç Bəstəkarlıq İttifaqının
üzvü də deyillər. Bunlardan başqa, Şahin
Növrəsli, «Rast» qrupunun rəhbəri Rəşad
Haşımov kimi gənclərimiz də var ki, onların da
mahnılarında yüksək professionallıq hiss olunur. Amma
bu uşaqların da bəstəkarlıq təhsili yoxdur.
- Aranjimandan söz
düşmüşkən,
klassik və xalq musiqilərimizin aranjimanları necə,
sizi qane edirmi?
- Əgər aranjiman
xalq mahnısını korlamırsa, zövqsüz hala
salmırsa, əksinə, üstünə nə isə gəlirsə,
mahnını bəzəyirsə, daha da zənginləşdirirsə,
bunun nəyi pisdir ki? Amma bir şərtlə ki,
mahnının əvvəlki variantı da saxlanılsın.
Kökə söykənməyən aranjiman tezliklə unudulub
gedir. Əgər insan yuxarıda dediyim qaydalara uyğun olaraq
aranjiman etməyi bacarırsa, niyə də eləməsin. Hər
dövrün, zamanın öz tələbi var. Yenilikləri tətbiq
etmək lazımdır, bir şərtlə ki, bu, istedadlı
insanlar tərəfindən həyata keçirilsin.
- Hansı filmlərə
musiqi yazırsınız?
- Mən həmişə
işləyirəm. Boş
dayandığım gün yadıma gəlmir. Az yazıram,
amma çalışıram ki, keyfiyyətli
çıxsın. Baxın, «Cücələrim»
mahnısı görün neçə illər öncə
yazılıb, amma indi də dinləyici sevgisinin mərkəzindədir.
Elə bəstəkar da var ki, 100-ə yaxın sonata, simfoniya
yazıb. Allah ona ömür versin, amma sabah
dünyasını dəyişəndə
yazdıqlarının yarısından çoxunu özü
ilə aparacaq. Bunu həmişə düşünmək
lazımdır. Mənim müəllimim Qara Qarayev olub. Bunun məsuliyyətini
isə həmişə hiss edirəm. Onun mənim
otağımda elə bir şəkli var ki, ondan heç bir
yerdə yoxdur. Düyünə düşəndə o şəklə
müraciət edirəm, elə bilirəm ki, ordan mənə
yol göstərir. Həmişə elə bil ki, onun ruhu ilə
danışıram və kömək istəyirəm. Əgər
o, «hə desə», elə bil ki, həmin iş uğurlu
alınır. Və bir şeyi də qeyd edim ki, mənim
müəyyən bir proqramım yoxdur ki, 5, 10 əsər
yazmalıyam. İstəyirəm ki, 1-2 mahnım olsun, amma millətimə
lazım olsun, tezcə unudulub getməsin.
- Bir bəstəkar
kimi Azərbaycanın beynəlxalq
yarışlarda- «Avroviziya» musiqi yarışmasında
iştirakını necə qiymətləndirirsiniz?
- Əlbəttə
ki, hər imkandan istifadə edib müxtəlif istiqamətli
beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək
lazımdır. Amma gərək
elə təmsil edilək ki, utanmayaq.
İfaçılarımız zəif çıxış
eləməsinlər. Gərək musiqilərimiz də,
aranjiman da yerində olsun. Yüz dəfə
ölçüb-biçəndən sonra belə
yarışlarda iştirak məsləhətlidir.
Günay
Paritet.-2010.-
20-22 fevral.- S. 11.