Beşik” nəşriyyatı uşaqlar üçün maraqlı kitab layihələr hazırlayır

 

Nərgiz Cabbarlı: ”Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən bu nəşrləri dünya arenasına çıxarmaq arzusundayıq”

 

Ötən ilin  ölkə prezident İlham Əliyev tərəfindən “Uşaq ili” elan edilməsi və dövlətin gələcəyimizin əsas təminatçısı olan   uşaqlara belə qayğı ilə yanaşması istər hökumət, istərsə də müstəqil qurumlara  stimul vermiş oldu. Bu sırada ötən il  üçün  uşaq nəşrlərinin sayının artmasını xüsusi qeyd etmək lazımdır. Belə ki, uşaq nəşriyyatları sırasına yeni qoşulmasına baxmayaraq, keyfiyyətli uşaq ədəbiyyatı nümunələri ilə maraq kəsb edən,  fəaliyyətə “Mən və mənim dünyam” adlı geniş layihənin icrası ilə başlayan nəşriyyat uşaqların  milli  ruhda, vətənpərvər insan kimi yetişməsində öz nəşrləri ilə yaxından iştirak edir.  Bizdə “Beşik” nəşriyyatının layihələrindən və  gələcək planlarından xəbərdar olmaq üçün  sözügedən nəşriyyatın direktoru Nərgiz Cabbarlı ilə həmsöhbət olduq. Nərgiz xanım bizimlə söhbətə bu gün  kiçik yaşlı uşaqların latın qrafikası ilə  nəşr edilən kitablara maraqlarının   hansı  səviyyədə olduğundan danışmaqla başladı.

-Deməzdim ki, bu maraq bizim arzuladığımız səviyyədədir. Marağı adətən kitab-satış sərgilərində, özümüzün keçirdiyimiz satış-sərgilərdə, müəyyən mərkəzi kitabxanaların rəhbərləri ilə təşkil edilən görüşlərdə müşahidə edirik, bir də təbii ki, satışın nəticələrindən bilirik. Amma indi heç kəsə sirr deyil ki, Azərbaycanda, ümumiyyətlə, kitaba maraq əvvəlki illərlə müqayisədə həddindən artıq azalıb. Ancaq  son 4-5 ili müşahidə etdikdə bu sahədə  cüzi də olsa irəliləyişi görmək olur. Nəşriyyatımızın üstünlüyü ondadır ki, başqa nəşriyyatların əldə etdiyi nəticələrdən daha yaxşı nəticə əldə etmişik. Bu da onunla bağlıdır ki, əvvəla, bizdə indiyə kimi çap olunmamış elə mövzulara müraciət edilir ki, bu gün orta məktəblərdə ona tələbat var. Məsələn, tarixi şəxsiyyətlərlə bağlı uşaqlara tarixi əsərləri oxumaq tapşırılır. Amma bu mövzuda uşaqların qavraya biləcəyi dildə yazılmış, səviyyəli tərtibat verilmiş nümunələr demək olar ki, yoxdur. Amma bizim dərc etdiyimiz “Güvəncin nağılları” seriyasında Mətə xan, Hüseynqulu xan, Şeyx Şamil, Babək, Tomris və s.-dən tutmuş bir çox tarixi şəxsiyyətlərimiz, Azərbaycanın tarixi əraziləri, yer adları ilə bağlı fərqli nağıllar oxumaq mümkündür.

Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən bu nəşrləri dünya arenasına çıxarmaq arzusundayıq.

- Bizim üçün maraqlı olardı bilmək ki, “Beşik” nəşriyyatı digər uşaq kitabları çap edən  nəşriyyatlardan nə ilə  fərqlənir?

- Məncə, əsas fərq bu işə kommersiya kimi yanaşmamağımızla bağlıdır. Bu işin ideya müəllifi - təsisçi Qoşqar Qarayevdən, layihənin məsləhətçisi xalq yazıçısı Elçin Əfəndiyevdən  tutmuş ən sıravi əməkdaşımıza kimi hər kəs buna yaradıcılıq işi kimi yanaşır, uşaqların dünyagörüşünün düzgün formalaşdırılması istiqamətində məsuliyyətli addım kimi dəyərləndiririk. Ümumiyyətlə, bu ifadəni işlətməkdən xoşum gəlmir, amma indi “uşaq ədəbiyyatı bazarı”nda kommersiya ilə məşğul olanlar daha çox “at oynadırlar”. Çünki hamı bilir ki, valideynin cibinə girmək üçün ən yaxşı vasitə uşaqdır.

- Sizin fikrinizdən belə başa düşmək olur ki, artıq nəşriyyatlar arasında   uşaq nəşrləri üzrə rəqabət yaranıb?

- Əslində bu, rəqabət də deyil. Çox az nəşriyyat var ki, müəyyən nəşrlərində rəqabətin varlığı hiss olunsun. Ədəbiyyatdan, kitabdan bir az xəbərdar olanlar kitabların fərqini görə bilirlər. Yenə də təəssüf ki, bizdə bəzi oxucular o səviyyədə deyil ki, bu müqayisəni apara bilsinlər. Yalnız onu deyə bilərəm ki, biz daha çox professionallarla iş görürük və eyni zamanda gənclərin arasında yazıçı, şair və ya rəssam seçəndə də onlara tənqidi nöqteyi-nəzərdən yanaşıb, yaradıcılığı həqiqi mənada nə isə vəd edən yazıçılara üz tuturuq. Çünki uşaqların dünyagörüşünün formalaşmasında iştirak etdiyimizi unutmuruq.

- Daha çox hansı yaşda uşaqlarda kitaba maraq var?

- Məktəbəqədər uşaqlar üçün nəşr etdiyimiz kitablara maraq daha böyükdür. Bunun əsas səbəbi də odur ki, bu yaşda olan uşaqların diqqətini cəlb etmək üçün estetik görünüşlə seçdiyimiz bədii nümunələr arasında bütövlüyə, tamlığa, balansa nail olmuşuq. Yəni uşaq seçim özünə qalanda rəngə, gözəlliyə qaçır. Biz də bunu nəzərə alaraq çalışırıq ki, rəssam işində uşaqların ruhuna yaxın olan rəsmləri seçək. Eyni zamanda mətnlər də oynaq, yumşaq, rahat oxunan və az həcmli olmalıdır. Bunları nəzərə aldığımız üçün də məktəbəqədər uşaqlara aid olan nəşrlərimizdə daha çox uğur qazanmışıq.

-  Bir nəşriyyat kimi,  kitabxanalarla əlaqələriniz hansı səviyyədədir?

- Kitabxanalarla əlaqə yaratmaq üçün müxtəlif cəhdlər göstəririk. Axundov adına Mərkəzi Kitabxana ilə özümüzün təşəbbüsümüzlə müəyyən əlaqələrimiz var. Bizimlə münasibət qurmaq baxımından Firudin Köçərli adına kitabxananın rəhbərliyinin, direktor Füzurə xanımın əməyini xüsusi qiymətləndirmək istəyirəm. Onlar bizim kitablarımızı nəinki alırlar, hətta məktəblərə hədiyyə və təbliğ də edirlər. Ötən il - “Uşaq ili” çərçivəsində reallaşdırdıqları bütün tədbirlərdə bizim nəşriyyatın adı ön cərgələrdə olub. Bu, sırf onların öz maraqlarının nəticəsində baş tutur. Bu marağın arxasında da bizim nəşrlərimizlə kitabxananın istəyinin üst-üstə düşməsi dayanır. Başqa heç bir kitabxanadan hələ ki, təkliflər almamışıq. Bundan başqa, özümüzün təşkil etdiyimiz satış sərgilərindən sonra valideynlər zəng edirlər, ya iradlarını bildirirlər, ya da ki, təşəkkür edirlər. Bu mənada oxucu ilə aramızda müəyyən mənada əlaqə yaranıb. O ki qaldı kitabxanaların nəşriyyatlarla əlaqələr qurmaqda maraqlı olmamasına, bu baxımdan mən onları qınamıram, çünki kitabxanalar özləri-özlərini maliyyələşdirmir. Onlara müəyyən miqdarda vəsait ayrılır, onu da bölüşdürəndə uşaq ədəbiyyatına ayrılan qism ya az olur, ya da hansısa əlaqələr hesabına başqa nəşriyyatlara yönəlir. Sualınızla bağlı bir şey də qeyd etmək istəyirəm ki, bizim nəşriyyat cəmi bir ildir ki, fəaliyyət göstərir. Bu bir ildə də 4-5 aydır ki, ictimaiyyətə açılmışıq. Bu müddətdə hesab edirəm ki, çox şeyə nail olmuşuq

-  “Mən və mənim dünyam” adlı layihə çərçivəsində 72 adda kitabın təqdimatını keçirmişdiniz. Bu barədə məlumat verməyiniz bizim üçün maraqlı olardı və bu layihənin davamı olacaqmı?

- “Mən və mənim dünyam” ümumilikdə nəşriyyatın həyata keçirdiyi layihədir. O layihənin içərisində müxtəlif seriyalar var. Yəni bu işi elə geniş əhatədə nəzərdə tutmuşuq ki, hələ 7-8 il bundan sonraya qədər davam edəcək. Ümid edirik ki, dövlət tərəfindən də bu layihəyə dəstək olacaq. Çünki Azərbaycanda sırf uşaq ədəbiyyatı üzrə ixtisaslaşmış nəşriyyat yoxdur. Biz də yeni yaranmışıq və fəaliyyətimizi başqa istiqamətlərə yönəltmək fikrimiz yoxdur. Məncə, bu işə qoyulan sevgi, yanğı, vətəndaşlıq və söz adamı məsuliyyəti diqqətdən kənar qala bilməz.

-  Hazırda nəşrlərinizin oxuculara çatması və onların  bu kitabları mütaliəsi sizi  qane edirmi?

-Amma  nəşrlərimizin oxucuya çatmaq problemi hələ ki, həll olunmayıb. Həm də bu, təkcə bizim deyil, bütün nəşriyyatların problemidir. Məncə, hamıya bəlli olan bir həqiqətdir ki, uşaq ədəbiyyatı məsələsində dövlətin nəzarəti və dəstəyi mütləqdir. Bu nəzarət oxuculara nəyin çatdırılması və nəyin çatdırılmaması məsələsində olmalıdır. Hər bir nəşriyyat isə gördüyü işin keyfiyyətinə, peşəkarlığına görə dəstəklənməlidir. Çünki elə insanlar var ki, bu işi kommersiya məqsədilə yox, içərisində olan həvəsə, yanğıya görə görür. Məsələn, təsisçimizin ədəbiyyatla, kitabla bağlı sevgisi, marağı, bu işə genetik bağlılığı olmasaydı, yəqin ki, heç riskə gedib nəşriyyatı təsis etməzdi.

İstəyirəm onu da qeyd edim ki, həyata keçirdiyimiz ən böyük layihənin məsləhətçisi Elçin Əfəndiyevdir. Bunun özü də nəşriyyatımızın üstünlüyüdür. Çünki bu işdə ən vacib cəhətlərdən biri nəşriyyata kimin rəhbərlik etməsi, reallaşdırılan layihələrin müəllifinin kim olması, redaktorun peşəkarlıq səviyyəsidir. “Beşik”də rəssamlarımızdan tutmuş müəlliflərimizə qədər hər kəs nəinki uşaq ədəbiyyatı, ümumiyyətlə, ədəbiyyat və rəssamlıq sahəsində öz sözünü demiş insanlardır. 

 

 

G.Əsədova

 

Paritet.- 2010.- 23-24 fevral.- S. 16.