Meksikadakı səfirliyimiz “Xocalıya Ədalət!”
beynəlxalq kampaniyası çərçivəsində
bir sıra tədbirlər həyata keçirib
Xocalı
soyqırımının növbəti
ildönümünün qeyd olunması ilə əlaqədar
“Xocalıya Ədalət!” beynəlxalq kompaniyası çərçivəsində
Azərbaycanın Meksikadakı Səfirlik tərəfindən
bir sıra təbliğat-informasiya xarakterli tədbirlər həyata
keçirilib. Belə ki, M.Ələkbərzadənin müəllifi
olduğu “Azərbaycanda Xocalı soyqırımı” adlı
sənədli film ispan dilinə tərcümə edilmiş və
səsləndirilib. Bundan əlavə, ispan dilində Xocalı
soyqırımına həsr edilmiş iki internet səhifəsi
hazırlanıb istifadəyə verilib (www.justiciaparajodyali.org,
www.justiceforkhojaly.mx). İnternet səhifələrində, Ermənistan–Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı
soyqırımının təfərrüatları barədə
audioyazı, həmçinin Toni Bləkmən və “Dəyirman”
qrupunun birgə ifa etdiyi musiqi klipi də yerləşdirilib. Qeyd
etmək lazımdır ki, Latın Amerikası regionunda internet
istifadəçilərinə ilk dəfə olaraq, Ermənistanın
Azərbaycana qarşı həyata keçirdiyi
işğalçılıq və etnik təmizləmə
siyasətinə həsr olunmuş ispan dilində audio və
video materiallar, internet səhifələri, həmçinin
ispan dilli istifadəçilər üçün məşhur
www.facebook.com saytında “Justicia para Jodyali” şəbəkə
qrupu yaradılıb.
Səfirliyin mətbuat
xidmətindən “Paritet”ə verilən məlumata görə, fevral
ayının 23-də “Xocalıya Ədalət!” kompaniyası
çərçivəsində Meksikanın paytaxtı Mexiko
şəhərində Latın Amerikası regionunda ən məşhur
ali təhsil ocaqlarından biri və qədim tarixə malik
olan Meksika Milli Avtonom Universitetində (UNAM) Xocalı faciəsinin
18-ci ildönümü münasibəti ilə konfrans
keçirilib. Konfrans, sözügedən Universitetin müəllimi,
“Xocalıya Ədalət!” beynəlxalq kompaniyasının
Meksika üzrə koordinatoru Luiz Felipe Peres və Azərbaycanın
Meksikadakı Səfirliyinin birgə səyləri ilə təşkil
edilib.
Tədbirdə,
ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts, Səfir
İ.Muxtarov, UNAM-ın professoru Karlos Bayesteros və Latın
Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri
N.Atakişiyev çıxış etmişlər. Çıxış
edənlər, münaqişənin tarixi və nəticələri,
indiyədək Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalının davam etdirilməsi və Xocalı
soyqırımının təfərrüatları barədə
tədbir iştirakçılarına ətraflı məlumatlar
vermişlər. Tədbir zamanı, Səfir İ.Muxtarovun
xahişi ilə Xocalı və digər Azərbaycan ərazilərində
Ermənistan silahlı qüvvələrinin qətlə
yetirdiyi şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.Konfrans zamanı, ispan dilində səsləndirilmiş
“Azərbaycanda Xocalı soyqırımı” sənədli
filmi nümayiş etdirilmiş, ispan dilində “Xocalıya Ədalət!”
internet səhifələri təqdim edilmiş, habelə Toni
Bləkmən və “Dəyirman” qrupunun birgə ifa etdiyi
“Justice for Khojaly” mahnısı səsləndirilib.
Konfransdan sonra
iştirakçılar, “Justicia para Jodyali” (Xocalıya Ədalət)
yazılı köynəklər geyərək rəsmi
fotoşəkil çəkdirmiş, “Xocalıya Ədalət!”
şüarı altında başlanmış xüsusi imza
toplama kompaniyasına qoşulmuş və Azərbaycana
qarşı davam edən ədalətsizliyə etinasız
qalmadıqlarını nümayiş etdirərək, beynəlxalq
etiraz aksiyasında dəstək vermişlər.
Konfransda, ümumilikdə
150 nəfərdən artıq
UNAM-ın müəllim və tələbələri,
Meksikada akkreditə olunmuş diplomatik korpus üzvləri,
Meksikada yaşayan həmyerlilərimiz və yerli kütləvi
informasiya vasitələri nümayəndələri iştirak
etmişlər. “Xocalıya Ədalət!” beynəlxalq
kompaniyası çərçivəsində Xocalı faciəsi
və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həqiqətləri barədə
Meksika ictimaiyyətinin məlumatlandırılması istiqamətində
Səfirlik tərəfindən müvafiq tədbirlər davam
etdiriləcək.
SƏBUHİ
Paritet.-
2010.- 25-26 fevral.- S. 7.