Azərbaycan Prezidenti Rusiyada “İlin Adamı” seçilib
Rusiyanın “RBK”
İnformasiya Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevi 2009-cu ilin personası seçib. Belə ki, fevralın
25-də Kremldə “İlin
Personası” beynəlxalq
mükafatının laureatları
təltif edilib. Mükafatın təsisçiləri
bildirirlər ki, “İlin adamı” öz ölkəsinin inkişafının mühüm
meyillərini təcəssüm
etdirən, onun gələcəyini formalaşdıran
insanlardır. Mükafatın
laureatlarını müəyyənləşdirən
nüfuzlu ekspertlər
şurasına tanınmış
siyasətçilər, ictimai
və siyasi xadimlər, ən iri şirkətlərin rəhbərləri, elm və
mədəniyyət xadimləri,
KİV nümayəndələri daxildir. Ekspertlər şurasının üzvlərinin
çoxu öz ölkəsinin inkişafına
sanballı töhfə
vermiş insanlar kimi “İlin adamı” seçilmiş şəxslərdir. Onların
arasında Sergey Lavrov,
Arkadi Dvorkoviç,
German Qref, Vladimir Yakunin,
Aleksey Miller, Aleksandr Şoxin,
Yuri Lyubimov, Mark Zaxarov,
Qalina Vişnevskaya, İosif Kobzon, Konstantin Ernst, Vladislav Tretyak və başqaları var.
İctimai-siyasi və biznes sahələrində, habelə
xüsusi nominasiyalarda
təqdim edilən “İlin adamı” mükafatının ali dərəcəsi Qran-pridir.
Qran-priyə layiq görülənlər “Slava
oteçestva” ordeni ilə təltif edilirlər.
Builki laureatların seçimi iqtisadi böhran fonunda keçib və qaliblərin tərkibi də çox cəhətdən
bu amilə əsasən müəyyən
edilib. Laureatların çoxunun qələbəsi
məhz onların böhrana qarşı uğurlu mübarizəsi sayəsində təmin edilib(AzərTAc).
“RBK” agentliyinin
verdiyi açıqlamaya
görə, “İlin adamı” mükafatı il ərzində ölkənin dövlət,
ictimai, siyasi maraqları baxımından
özünü daha parlaq göstərən şəxslərə verilir.
Azərbaycan
prezidentinin daxili
və xarici siyasəti Azərbaycan millətinin ali mənafelərinə xidmət
etikasından irəli
gələn qarşılıqlı
əlaqəli məsələlər
kompleksindən ibarətdir.
Prezidentin siyasi xətti millətin mənafelərindən irəli
gəldiyi üçün
dünyada siyasi vəziyyətin obyektiv şəraitini, xarici siyasi amillərin suveren dövlətlərin
həyat fəaliyyətinə
misilsiz təsirini nəzərə alır. Ölkə başçısının
xarici siyasətində
sabitliyin möhkəmlənməsinə,
bölgədə əməkdaşlığın
dərinləşməsinə, sülhün bərqərar
olunmasına yönəlib:
“Azərbaycan həm əhali baxımından, həm də ərazi baxımından böyük ölkə deyil. Dünyanın aparıcı ölkələri
ilə bizim çox səmərəli
münasibətlərimiz, bir
tərəfdən, əlbəttə
ki, Azərbaycanın önəmindən xəbər
verir, digər tərəfdən, şübhəsiz
ki, Azərbaycanın düşünülmüş xarici siyasət prinsiplərindən irəli
gəlir. Bir daha demək istəyirəm ki, bütün ölkələrlə
münasibətlərimiz qarşılıqlı
surətdə faydalı
şəkildə aparılır
və biz bu prinsiplərə sadiqik”-deyə
dövlətimizin başçısı
bəyan edir.
Prezidet İlham Əliyevin bu mükafata layiq görülməsi onun Rusiyanın ictimai, siyasi və dövlət maraqlarına xidmət edən şəxs kimi tanınması deməkdir. Rusiya ilə Azərbaycanın tarixən
müttəfiq dövlətlər
olub. Yanvar ayında Bakıda Humanitar Əməkdaşlıq
üzrə I Azərbaycan-Rusiya
birgə forumunun keçirilməsi də iki ölkə arasındakı münasibətlərin
yüksək səviyyədə
inkişaf etdiyini bir daha sübut
edir. Bu, dostluq və mehribanlıq şəraitində keçmiş
çox ciddi forum idi. Forumda çıxış
edən Prezident Adminstrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin
kifayət qədər
dərin olduğunu və tarixi xarakter daşıdığını
qeyd etdi.Rusiya ilə münasibətlərin
inkişafı və bunun hərtərəfli olması Azərbaycanın
bugünkü və gələcək maraqlarına
tamamilə cavab verir. Rusiya Azərbaycan
üçün həm
də iqtisadi cəhətdən sərfəli
və çox böyük bir bazardır.
İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə
görüşlərində daim Azərbaycan və Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğu
qeyd olunur. Bu gün iki ölkə
arasında ikitərəfli
münasibətlər strateji
əməkdaşlığın yeni mərhələsinə
qədəm qoyub. İki ölkə arasında münasibətlər dinamik inkişafa, qarşılıqlı
əməkdaşlığın genişləndirilməsi və
möhkəmləndirilməsi istiqamətinə yönəldilib.Prezidentlər
arasında görüşlər
kifayət qədər
müntəzəm, intensiv
xarakter daşıyır
və bu, ölkələrimiz arasında
münasibətlərin inkişaf
səviyyəsini əks
etdirir. Əlaqələr
bir çox istiqamətlərdə - həm
siyasi qarşılıqlı
fəaliyyət, həm
də iqtisadi planda inkişaf edir. Azərbaycan prezidentinin Rusiyada “İlin Adamı” seçilməsi
elə Rusiyanın Azərbaycanı sevməsi
və ölkəmizə
yaxşı münasibət
bəsləməsinin sübutudur.
Bu eyni zamnda iki ölkə və iki xalq
arasında çox mehriban münasibətlər
təzahürünü göstərir.
SİA agentliyi
isə öz təhlilində qeyd edir ki, İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən
biri elan olunması onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir.
Nüfuzlu beynəlxalq
təşkilatların hesabat
və sorğularında
daim Azərbaycan Prezidenti liderlər sırasına düşür.
2008-ci ildə “WorldPublicOpinion.org”-un dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına
görə, 20 ölkədə
20 minə yaxın
respondent arasında keçirilmiş
reytinq sorğusu nəticəsində Azərbaycan
prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional
lider seçilib.
Son illər
Azərbaycanda müşahidə
olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün
sahələr üzrə
sürətli inkişafın,
milli maraqların, bəşəri ideyaların
və demokratik prinsiplərin əksər
dövlətlər üçün
bir nümunə ola biləcəyini deməyə əsas verir. İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar,
ölkəmizin liderlik
zirvəsini qoruması
bunu təsdiqləyən
başlıca amildir.
“Ölkəmizin gələcəyi
təkcə iqtisadi amillərlə ölcülmür.
Əgər Azərbaycanda
müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə
bərqərar olunmasa,
bizim uğurlarımız
müvəqqəti xarakter
daşıyacaq”-deyən Prezident iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının
bugünkü uğurlarda
mühüm rol oynadığını bir
daha diqqətə çatdırır.
Demokratik cəmiyyətin mövcudluğunu
şərtləndirən amillərin
ölkədə bərqərar
olmasına çalışan
dövlətimizin bu istiqamətdə atdığı
addımlar göz önündədir. Söz
və mətbuat azadlığının ölkəmizin
demokratik inkişafı
üçün böyük
əhəmiyyət kəsb
etdiyini qeyd edən ölkə Prezidenti eyni zamanda jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına,
peşəkarlıq səviyyələrini
artıracaqlarına, milli-mənəvi
dəyərlərə, insanların
şərəf və
ləyaqətinə hörmətlə
yanaşacaqlarına ümid
etdiyini bildirir.
Demokratiyanın vacib elementlərindən biri də sivil
mübarizədir. “Əlbəttə
ki, müasir ölkə olmaq üçün biz istər
iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda
təbiq etməliyik”-deyə
İlham Əliyev qeyd edir. Seçki
praktikasının ildən-ilə
təkmilləşməsi, Seçki Məcəlləsinə
əlavə və dəyişikliklərin edilməsi
də ölkə Prezidenti İlham Əliyevin bu fikrinin reallığa söykəndiyini təsdiqləyir.
Seçki Məcəlləsinə və
Sərbəst toplaşma
azadlığı haqda
qanuna dəyişikliklərlə
bağlı mühüm
işlər aparılıb.
Bu həmin qanunların
daha da təkmilləşdirilməsinə,
ölkədə hər
cür azadlıqların
təmin olunacağına
dövlət qarantiyası
verilməsinə əyani
sübutdur. Azərbaycanın
demokratik inkişaf baxımından bölgə
dövlətlərinə nümunə
olduğunu şərh
etməyə ehtiyac yoxdur. Gürcüstanda və Ermənistanda mövcud duruma diqqət yetirmək kifayətdir. Bu gün Ermənistandakı böhranlı
durum beynəlxalq aləmin
diqqət mərkəzindədir.
Bu ölkədə də
demokratik inkişafla bağlı beynəlxalq təşkilatlar mütəmadi
iradlarını bildirirlər.
Azərbaycanda isə
durum tamamilə fərqlidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
ölkəmiz müxtəlif
beynəlxalq təşkilatlara
könüllü şəkildə
üzv qəbul olunub. Məqsəd meyarlarımızı Avropa
dəyərlərinə uyğunlaşdırmaqdır.
Beynəlxalq təşkilatlar
qarşısında götürdüyü
öhdəlikləri yüksək
səviyyədə yerinə
yetirən dövlətimiz
eyni zamanda atdığı hər bir addımında, siyasətində müstəqil
olduğunu da nümayiş etdirir. Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə
malik olur. Onun beynəlxalq nüfuzu möhkəmlənir.
Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil
və demokratik yol tutub. Ölkənin
iqtisadi qüdrətinin
artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti
də yüksəlir.
Xüsusilə Yaxın
Şərqdə baş
verənlər Azərbaycanın
vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol da Azərbaycandan
keçir. Bunlar təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır.
İlham Əliyevin xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində
daxili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır.
Ölkənin bütün
sahələrinin inkişafı
cəmiyyəti motivasiya
edir və ölkə rəhbərliyinin
aktiv surətdə xarici siyasət yeritməsinə şərait
yaradır. Azərbaycan
Prezidentinin çox fəal xarici siyasəti buna əsaslanır.
F.HÜSEYNZADƏ
Paritet.-
2010.- 27 fevral.- 1 mart.- S. 2.