"Vətən həsrəti və sönməyən ümidlər ..." adlı film 7 xarici dildə yayımlanıb

 

Film qaçqın və məcburi köçkünlərin mövcud problemlərinə, tarixi köklərinə həsr olunub

 

Xalqımıza qarşı ermənilərin əsrlər boyu davam edən təcavüzü Azərbaycanın istər dünənində, istərsə də bu günündə özünün ürəkağrıdan nəticələrini göstərməkdədir. Bu gün öz doğma el obalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat şəraiti nə qədər yaxşılaşdırılsa da onların simalarında əks olunmuş vətən həsrəti, el-oba dərdi bu problemin aktullağından bir daha xəbər verir. Bu gün qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, doğma torpaqlardan didərgin düşən həmyerlilərimizin problemlərinin dünyaya tanıtmaq üçün son dövrlər az işlər görülmür desək  doğru olar. Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Komitənin bu sahədəki təbliğat işlərindən və son illər qaçqn və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışdı.

-Bilirik ki, XX Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olub. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-20, 1948-53 və 1988-93-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnib. Ermənistanın 1988-1993-cü illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovularaq   Azərbaycana pənah gətiriblər.Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska  türkü də Azərbaycanda sığınacaq tapıb. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edildi. Beləliklə, 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış mənətəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşıblar. Bu müddət ərzində məcburi köçkünlərin böyük əksəriyyəti çadır düşərgələrində, fin tipli yığma evlərdə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələri binaları və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və s. kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə yaşamışlar. Bu gün qaçqınlar üçün  xüsusi yaşayış məntəqlərinin olmasına baxmayaraq onlar əgər hələ də qaçqın statusu daşıyırlarsa, bu onların bir nömrəli problemidir.

-Komitənin bu sahədə təbliğat xarakterli işləri haqqında məlumat verərdiniz..

-Ölkə prezidentinin 1 iyul 2004 – ci il  298 saylı sərəncamı ilə təsdiq  edimiş sərəncamı ilə “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması  üzrə Dövlət Proqramı”nın 3.7- ci bəndində Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı müxtəlif dillərdə təbliğat materiallarının hazırlanması  və yayılması,  dünya ictimaiyyətinə çatdırılması yer alıb.Komitə də bu sahədə fəal olmağa çalışır. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə bu sahədə görülmüş bütün işləri əhatə edən kitab 4 dildə nəşr olunub. Həmçinin  xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib. Ölkəmizdə səfərdə olan nüfuzlu nümayəndə heyətlərinin məcburi köçkünlərlə görüş məqsədi ilə rayonlara səfəri təşkil edilib.

Eyni zamanda məcburi köçkünlər haqqında iki dildə " Ümid və inam" adlı film hazırlanıb, filmlə bağlı müvafiq bukletlər və " Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı"  adlı kitab nəşr edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə görülmüş tədbirləri əhatə edən hesabat toplusu və 10 dəqiqəlik film hazırlanıb. Eləcə də Ulu Öndər Heydər Əliyevin  fəaliyyəti dövründə qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri əks etdirən kitab da işıq üzü görüb.  Bu qəbildən olan işlərə problemin tarixi köklərinə , qaçqın və məcburi köçkünlərin mövcud problemlərinə və onların aradan qaldırılması üçün görülən işlərə həsr olunmuş genişhəcimli, 52 dəqiqəlik " Vətən həsrəti və sönməyən ümidlər ..." adlı filmi də qeyd etmək olar. Həmin film  hazırlanaraq bütün telekanallarda nümayiş etdirilib,  xarici ölkələrdə yayılması məqsədi ilə isə 7 dildə 10 dəqiqəlik qısametrajlı filmi yayımlanıb. Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2 dildə vebsaytı fəaliyyət göstərir ki, bu da bütün dünya ictimaiyyətinə açıqdır.

- Bir neçə müddət öncə Almaniyanın bir qrup jurnalist nümayəndəsi  baş nazirin  müavini Əli Həsənovla görüşüblər. Görüşdə  Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı problemlərə toxunulmuşdu.

-Avropa –Azərbaycan Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniyanın “ Redakçion und altaq(Redaktion und Altag)” informasiya agentliyinin redaktoru Tobias Asmus, “ Neue çürxer çaytunq(Neue Zürcher Zeitung)” qəzetinin redaktoru Daniel Veçlin,” Berliner çaytunq(Berliner Zeitung)” qəzetinin xarici siyasət məsələləri üzrə redaktoru Damir Fras , müstəqil jurnalist Klaus Heymaç, peşəkar fotoqraf Tomas Qrabka iyunun 7-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkün problemi, bu sahə ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər, bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verilib. Görüşdə həmçinin qonağı maraqlandıran müxtəlif məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.  Almaniyalı qonaqlar ölkədə bu sahədə aparılan işlərdən məmnun olduqlarını bildirdilər. Səfər proqramı çərçivəsində Almaniyanınn kütləvi informasiya vasitələrinin təmsilçiləri iyunun 8-9 da məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq məqsədi ilə onların müvəqqəti məskunlaşdıqları Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfər də etdilər.

-Fransa senatının Azərbaycanda səfərdə olan üzvü xanım Natali Quli də məcburi köçkünlərin məskunlaşdığı Xocavaənd qəsəbəsində səfərdə olub. Bu barədə mümkünsə..

-  Səfərdə olan xanımı burada Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonağa məlumat verib qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açıb.Bildirilib ki,   Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərfindən işğal olunub Xocavəndli məcburi köçkünlər üçün 4 qəsəbə salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.Səfərdə olan qonaq özü şahidi oldu ki, xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. O, təəssüflə qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Onlar həmçinin   Qaradağlı kənd sakini Sevil Əzimovanın mənzilində oldular. Ev sahibəsi Fransa senatının üzvünə bildirdi ki, kəndin  77 sakini  bir gündə qətlə yetirilib, kənd sakinlərinin haqq səsinin dünyaya çatdırılmasını istəyib.     Səfərdə olan xanım nümayəndə bildirdi ki, Fransa senatına və Prezidentinə məktub göndərib. Qarabağ məsələsində Azərbaycanə dəstəklədiyini, Azərbaycan tərəfinin haqlı olduğunu dəfələrlə qeyd etdi. Hesab edirəm ki, xarici qonaqların ölkəmizə bu cür səfərləri problemimizi dünya səviyyəsində tanıtmaqda mühüm rol oynaya bilər.

 

 

Günay BÜNYADZADƏ

 

Paritet.- 2010.- 1-2 iyul.- S. 10.