Turizm
sahəsində orta-texniki təhsilli kadrlara ehtiyac var
Amma elə işlər də var ki, orada sadəcə, kurs keçməklə çalışmaq olar
Hər bir sahənin yüksək inkişafı və müasir standartlara cavab verməsi orda çalışanların peşəkarlığından
asılıdır. Bunun üçün
də ilk əvvəl hər hansı sahə üzrə ixtisaslı kadrlar hazırlanmalıdır. O cümlədən də ölkəmizdə turizm sahəsi üzrə ixtisaslı kadrların
hazırlanması vacib məsələlərdən biridir.
Turizmi inkişaf etdirmək üçün
ali təhsilli mütəxəssislərlə yanaşı, orta-texniki təhsilli kadrlara da
böyük ehtiyac
var. Xatırladaq ki, “2010-2014-cü
illərdə Azərbaycan Respublikasında
turizmin inkişafına dair Dövlət Proqramı”nın mühüm istiqamətlərindən biri
ölkədə turizm üzrə mütəxəssis hazırlayan təhsil müəssisələrinin fəaliyyəti, onların tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlıdır.
Turizm İnstitutunun Turizm biznesinin təşkili və
texnologiyası kafedrasının müdiri, dosent Bahadur
Bilalovun dediyinə
görə, bu sahənin inkişafında marağı olan
hər bir ölkənin əsas
strategiyasında
kadr hazırlığı durur.
Çünki istirahət məkanlarının, yerləşdirmə yerlərinin sayı
nə qədər çox olsa
da, ölkənin turizm
imici ilk
növbədə xidmətin səviyyəsindən asılıdır: «Hələ 2002-2005-ci
illəri əhatə edən dövlət proqramında
turizm sahəsində kadr təminatı məsələsi öz əksini
tapmışdı.
Bu məsələ indi də aktualdır.
Ofisiant, hotellərdə müxtəlif xidmət işlərində
çalışmaq üçün ali təhsil
almağa ehtiyac yoxdur. Bu kadrlar peşə məktəblərində
hazırlanmalıdır. Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra sovet dövründən qalan texniki
peşə məktəbləri bir müddət diqqətdənkənar
qaldı, əksəriyyətinin isə maddi-texniki bazası
köhnəldi, normal kadr hazırlamaq mümkün olmadı.
Dünya təcrübəsi də göstərir ki, turizm sahəsində
çalışmaq üçün heç də ali təhsi almaq mütləq deyil. Hətta elə işlər var ki, sadəcə, kurs
keçməklə orada çalışmaq olar. Məsələn, aşpaz, barmen, ofisiant işləmək
üçün peşə təhsili kifayət edir».
B.Bilalov deyir ki, Azərbaycanda
müxtəlif peşə məktəblərində bu tipli kadrlar
hazırlanır: «Məsələn, Qəbələdə
Turizm və Hotelçilik Mərkəzi yaradılıb,
İsmayıllıda turizm və hotelçilik üzrə
peşə məktəbinin açılması
üçün işlər görülür. Lakin Azərbaycan turizminin ən zəif yeri ondan ibarətdir
ki, kadr hazırlığı ilə məşğul olacaq ixtisaslı
mütəxəssislərin sayı kifayət qədər
deyil. Odur ki, bu istiqamət üzrə
müəllimlər hazırlanmalıdır». Xaricdən mütəxəssislər
dəvət etməyə gəlincə isə həmsöhbətimiz
bunları dedi: «Xarici mütəxəssislər dəvət
olunur. Amma bunun üçün böyük həcmdə
maddi vəsait lazımdır. Buna görə
də mütəxəssis hazırlığıı prosesini
özümüz aparmalıyıq».
B.Bilalovun sözlərinə
görə, Azərbaycanın digər ali
təhsil ocaqlarında da turizm təhsili verən fakültələr
var. Amma bu məktəblərin məzunlarının turizm
üzrə hazırlığı kifayət deyil: «Bakı
Dövlət, İqtisad, Gəncə Texnologiya və Kooperasiya
universitetlərində turizm fakültələri var. İlk
vaxtlar bu fakültələrdə dərsləri coğrafiya
müəllimləri tədris edirdi. Amma turizm
sahəsində çalışacaq kadrlara bu sahəni
bilavasitə bilən mütəxəssislər dərs
keçməlidir. Çalışırıq
ki, turizm sahəsində çalışan təcrübəli
mütəxəssisləri Turizm İnstitutuna cəlb edək.
Çünki biri var ki, kitabdan nəsə oxuyub
auditoriyada danışasan, biri də var ki, gündəlik fəaliyyətdə
bildiklərini, gördüklərini tələbələrə
çatdırasan. Digər tərəfdən,
ilk vaxtlar tədris vəsaitləri standartlara cavab vermirdi.
İndi isə digər ölkələrin ali
məktəblərinin təcrübəsinə uyğun tədris
standartları cilalanıb. Ölkəmizdə
turizmin inkişafı savadlı kadrlara tələbatı da
artırıb. Bu səbəbdən bu sahə
üzrə təhsil almağa axın da var».
B.Bilalov onu da bildirdi ki,
Şahdağda inşa edilən yay-qış turizm mərkəzində
gələcəkdə 5 minədək insan işləyəcək:
«Bu işçilərin heç də hamısının
bakalavr və yaxud magistr təhsilli olması vacib deyil. Buna görə də peşə təhsilli
işçilərin hazırlanması üçün Mədəniyyət
və Turizm, Təhsil nazirlikləri və Turizm İnstitutu
birlikdə peşə məktəbi yaratmaq layihəsi üzərində
işləyir».
Turizm İnstitutunun turizm işinin təşkili
və idarə edilməsi fakültəsinin dekanı Nəsir
Nəsirli isə bildirdi ki, turizm sahəsinin inkişafını
təmin edən əsas amillərdən biri də bu sahədə
çalışanların peşə hazırlığının
artırılmasıdır. O bildirdi ki,
elə bu məqsədlə də 2006-cı ildə
Azərbaycan Turizm İnstitutu yaradılıb: ”Avropa təhsil
sisteminin mütərəqqi təcrübəsindən istifadə
etməklə müxtəlif tədbirlərin həyata keçirilməsi,
turizm bazarına rəqabətə davamlı kadr hazırlığı
görülən işlərin əsasını təşkil
edib. Nəzəri və praktiki təcrübənin vəhdəti prinsipi əsasında
22 həftəlik istehsalat təcrübəsinin həyata keçirilməsi
gələcək kadrların peşə hazırlığı
səviyyəsinin yüksəldilməsinə və məzunların əməyə
hazırlığı istiqamətinə yönəlib. Həm
təhsil və həm də peşə təhsili istiqamətlərində
Avropa təhsil sistemindən yararlanmaq məqsədilə Avstiryanın Krems
Tətbiqi Elmlər Universiteti ilə imzalanmış ikitərəfli
müqavilə əsasında Azərbaycan -Avstriya turizmi qrupu yaradılıb və qrupda
təhsil ingilis dilində həyata keçirilir. Bu qrupun tələbələri müvəffəqiyyətlə
təhsillərini başa vurduqları təqdirdə ATİ ilə yanaşı,
Avstriyanın sözügedən universitetinin diplomunu da
alacaqlar ki, bu onların xaricdə işləmə şanslarını
artıracaq. Bu proses həm də
ATİ –nun beynəlxalq miqyasda tanınması üçün
bir vasitə olacaqdır”. Beynəlxalq təcrübənin
ölkəyə gətirilməsi və tətbiq edilməsi
istiqamətində ATİ tərəfindən həyata keçirilən tədbirlərdən
biri də tələbələrin istehsalat təcrübələrinin
xaricdə keçirilməsidir: ”Tələbələrimiz Türkiyənin,
Şimali Kiprin, Yunanıstanın, İsrailin müxtəlif
turizm müəssisələrində
təcrübə öyrənirlər. Qazanılmış
təcrübə isə ölkəmizin turizm sahələrində
tətbiq edilmək üçün, müxtəlif konfrans və müzakirələrdə
elmi cəhətdən əsaslandırılaraq, tövsiyələr,
buraxılışlar və kurs işləri şəkilində
hazırlanır və çap edilir”. ATİ-nin hazırda
turizmin müxtəlif xidmət sahələri üçün,
doqquz ixtisas üzrə işini davam etdirdiyini deyən N.Nəsirli
qeyd etdi ki, cari tədris ilində isə daha iki –beynəlxalq münasibətlər
və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis
hazırlığını həyata keçirməyi planlaşdırırlar:”Digər
ixtisaslarda olduğu kimi, bu ixtisasların standartları, tədris
planları hazırlanması
istiqamətində işlər davam etdirilir. Sərəncamdan
irəli gələn vəzifələrin həyata keçirilməsi
istiqamətində öz məsuliyyətini dərk edən
institut əməkdaşları bu ilin 9 aprel tarixində müşavirə
təşkil edərək öz vəzifələrini müəyyənləşdirib
və müxtəlif istiqamətlərdə təkliflərin
hazırlanması üçün komissiya yaradıb. Komissiyalar
turizm sahəsi üçün kadr hazırlığı və
ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici
ölkələrdə məqsədli təhsil üzrə layihələrin hazırlanıb həyata
keçirilməsi, Azərbaycanın milli, tarixi, mədəni,
mənəvi irsinin, ayrı-ayrı rayonların tarixini əks
etdirən materialların hazırlanması və nəşr
etdirilməsi, eyni zamanda bunların yayılması və marketinq
işlərinin planlaşdırılması və həyata
keçirilməsində müasir informasiya və kommunikasiya
texnologiyalarının tətbiqinin
genişləndirilməsi və s. bu kimi proqramda nəzərdə
tutulan işlərin icrasında
Mədəniyyət və Turizm Nazirliyinə öz köməkliyini
göstərir və göstərəcək”.
Təhsil Nazirliyinin
internet saytının «Texniki peşə təhsili» bölməsindəki
məlumatlar da isə qeyd edilib ki, hazırda ölkə ərazisində
fəaliyyət göstərən 50-dən çox peşə
məktəbinin yalnız birində - Zaqatala Peşə Məktəbində
mehmanxana inzibatçısı ixtisası var. Mütəxəssislərin
fikrincə, turizm sahədə orta-texniki təhsilli kadrlara tələbat
70 faiz həcmindədir. Nazirliyin Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov isə mətbuata
verdiyi məlumatda qeyd edib ki,
2007-ci ildə qəbul olunmuş «Texniki peşə təhsilinin
inkişafı üzrə» dövlət proqramında bütün
sahələr üzrə peşə təhsili müəssisələrində
ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub. Nazirlik təmsilçisi onu da
bildirib ki, Azərbaycanın texniki peşə məktəblərində
turizm və xidmət sahələri üzrə ixtisaslı kadrların
hazırlanması nəzərdə tutulub: «Avropa Komissiyası
ilə həyata keçirilən layihə çərçivəsində
bir sıra ixtisaslar üzrə peşə standartları, təhsil
qaydaları və yeni kurrikumlar işlənib hazırlanıb.
Həmçinin bu yaxınlarda xidmət sahələrinə
kadrların hazırlanmasında istifadə edilə biləcək
dərsliklərin çapı başa çatıb. Bu istiqamət üzrə texniki peşə məktəblərinin
maddi-texniki bazası genişlənir. Bakıda
11 və 12 saylı peşə liseylərində müasir
tipli emalatxanalar yaradılır. Əsas məqsədimiz
isə Azərbaycanın hər bir guşəsində xidmət
edə biləcək və işəgötürənlərin
tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına
nail olmaqdır».
G.ƏSƏDOVA
Paritet.- 2010.-
1-2 iyul.-S.8.